Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-904/2025 07.08.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, iddiaçı Elmir Akhmedovun iştirakı ilə, iddiaçı Elmir Akhmedovun Cavabdeh qarşı əmlak və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Elmir Akhmedov Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus generator 9 kv və qaynaq aparatının cavabdehdən alınaraq, ona qaytarılması və həmin avadanlıqların cavabdehdə qaldığı müddətdə dəymiş maddi zərərin Cavabdeh alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı Elmir Akhmedov iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, generator və qaynaq aparatının dəyəri olan 1950 manat məbləğində pul və 5760 manat dəyərində maddi ziyan olmaqla, cəmi 7710 manat məbləğində pulun Cavabdeh alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə generator və qaynaq aparatını 1 gün müddətinə icarə verilməsinə dair 2025-ci ilin fevral ayında müqavilə bağlamışdır. Cavabdeh hər iki avadanlığın 1 günlük icarə haqqını ödəmişdir. Lakin, cavabdeh sonradan icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və müqavilənin müddətinin bitməsinə baxmayaraq, 1 ədəd generator və qaynaq aparatını özündə saxlayaraq, ona qaytarmamışdır. Cavabdeh ilə telefon vasitəsilə əlaqə saxlamağa çalışmış və o, generator və qaynaq aparatını ona qaytarmaqdan imtina etmişdir. Telefon yazışmalarını özündə saxlamışdır. Sonradan ona məlum olmuşdur ki, bu Cavabdeh ilk belə əməli deyilmiş. Belə ki, həmin şəxs bir sıra adamları aldadaraq, əmlaklarını qaytarmaq adı ilə götürür və geri qaytarmır. Cavabdeh tərəfindən generator və qaynaq aparatının ona geri qaytarılmamasına görə, ona xeyli miqdarda maddi zərər dəymişdir. Məhkəmə iclasında iddiaçı Elmir Akhmedov iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçın izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Elmir Akhmedov ilə Cavabdeh arasında 09 fevral 2025-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin şərtlərinə görə, icarəverən Elmir Akhmedov razılaşdırılmış əmlakı icarəçi Cavabdeh təhvil verməli, icarəçi isə qeyd edilən əmlakı qəbul etməlidir. Müqavilənin 3.1-ci bəndinə əsasən, icarəçi bu müqavilədə qeyd edilmiş və icarəyə alınmış əmlakın (əmlakların), 1 gün müddətinə icarəsi üçün icarəyəverənə 60 manat məbləğində icarə haqqı ödəyir. Müqavilənin 5.2-ci bəndinə əsasən, icarəçi qanunvericildə müəyyən olunmuş qaydada, icarəyə alınmış əmlakın (əmlakların) qorunması və saz olunması üçün icarəyəverən qarşısında tam maddi məsuliyyət daşıyır. Əmlaka (əmlaklara) dəyən hər hansı zərəri bərpa edərək, tam saz vəziyyətdə icarəyəverənə təhvil verməlidir. İş materiallarında olan 09 fevral 2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh “Neva DB 9003E 8,5 kvt” markalı generatoru və “PİT” markalı invertor qaynaq aparatını Elmir Akhmedovdan təhvil almışdır. İşin araşdırılmış hallarından aydın görünür ki, iddiaçı Elmir Akhmedov ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı bir ədəd generator və bir ədəd qaynaq aparatını cavabdehə təhvil vermişdir. İcarə müqaviləsinin şərtlərinə görə, icarəçi müqavilədə qeyd edilmiş və icarəyə alınmış əmlakın (əmlakların) 1 gün müddətinə icarəsi üçün icarəyəverənə 60 manat məbləğində icarə haqqı ödəməlidir. Cavabdeh həmin əmlakların 1 günlük icarə haqqını ödəmiş, lakin müddət bitdikdən sonra əmlakı sahibinə qaytarmamışdır. Göründüyü kimi, icarəyəverən (iddiaçı) öz üzərinə düşən vəzifələri yerinə yetirsə də, icarəçi (cavabdeh) üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və bununla da, cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. “İcarə haqqında” Azərbaycan Respublikası Qanunun 5.7-ci maddəsinə əsasən, icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Qeyd olunan qanun normalarının mənasını əsas tutaraq, iddia ərizəsində göstərilən əmlaklar cavabdehdən alınaraq, iddiaçıya qaytarılması üçün iddiaçıya məxsus olan əmlakın cavabdehin qanunsuz sahibliyində olması halı sübut olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqlarının və X1 haqqında” Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Məhkəmə hesab edir ki, bu qanun norması üzrə iddiaçının öz əmlakını cavabdehin qeyri-qanuni sahibliyindən tələb etməsi üçün vacib olan 3 dispozitiv şərtin 3-ü də mövcuddur. Belə ki, həmin əşyalar üzərində iddiaçının mülkiyyət hüquqları vardır, həmin əşyalar cavabdehin sahibliyindədir və cavabdehin bu əşyaya sahibliyi qeyri-qanunidir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən dəymiş zərərin əvəzi olaraq 5760 manat məbləğində pulun ödənilməsini tələb etsə də, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, əmlaklar cavabdehin icarəsinə 09 fevral 2025-ci il tarixdə verilmiş, cavabdeh 1 günlük icarə haqqı olaraq 60 manat ödəmiş, lakin sonradan əmlakları qaytarmamış və iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün 17 aprel 2025-ci il tarixdə müraciət etmişdir. Belə olan halda, cavabdehdən 66 günə görə iddiaçıya dəymiş zərəri tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1650 manat dəyərində “Neva DB9003E 8,5 kvt” markalı generator, 300 manat dəyərində “PİT” markalı invertor qaynaq aparatı və ya onların dəyəri və dəymiş zərərin əvəzi olaraq 3960 manat məbləğində pul tutularaq, iddiaçı Elmir Akhmedova verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1650 manat dəyərində “Neva DB9003E 8,5 kvt” markalı generator, 300 manat dəyərində “PİT” markalı invertor qaynaq aparatı və ya onların dəyəri və dəymiş zərərin əvəzi olaraq 3960 manat məbləğində pul tutularaq, iddiaçı Elmir Akhmedova verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-904/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-904/2025
07.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver