Məhkəmə qərarları › İş №e-2(075)-103/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-103/2023

21.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-103/2023 21.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Oba Market” MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh 4413 manat borcun, mediasiya xərci kimi ödənilmiş 50 manatın və ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 dekabr 2016-cı il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və iddiaçı təşkilatla cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. 15 noyabr 2019-cu il tarixli, 509-K saylı əmrlə isə Cavabdeh işdən azad edilmişdir. Cavabdeh, iş vaxtı ərzində bilavasitə iş yerində inzitzam xətasına yol vermişdir. Belə ki, 19 avqust 2019-cu il tarixdə Oba mağazasında çalışdığı zaman aparılmış inventarizasiya yoxlamaları nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, bununla əlaqədar tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair” akta əsasən zərərin ümumilikdə 5981 manat məbləğində olduğu məlum olmuşdur. Dəymiş ziyanın 1567 manat hissəsi şirkət tərəfindən güzəşt edilmiş, Cavabdeh İddiaçı MMC-yə ümumi qalıq borc məbləği 4413 manat təşkil etmişdir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilməsinə baxmayaraq, onun tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Odur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 dekabr 2016-cı il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. 15 noyabr 2019-cu il tarixli, 509-K saylı əmrlə isə Cavabdeh işdən azad edilmişdir. 19 avqust 2019-cu il tarixdə Oba mağazasında çalışdığı zaman aparılmış inventarizasiya yoxlamaları nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmişdir. Vurulmuş zərərin ümumi məbləği 5981 manat olmuş, həmin zərərin 1567 manat hissəsi şirkət tərəfindən güzəşt edilmiş, yekun olaraq Cavabdeh İddiaçı MMC-yə 4413 manat məbləğində borcu qalmışdır. Ona görə də, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş 13 dekabr 2016-cı il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh həmin tarixdə 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə «OBA MARKET” MMC-yə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarına əlavə edilmiş «OBA MARKET” MMC ilə Cavabdeh arasında imzalanmış 13 dekabr 2016-cı il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Cavabdeh «OBA MARKET” MMC-dən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi tam maddi məsuliyyəti ilə üzərinə götürür. Eyni zamanda ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı, ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir. İş materiallarına əlavə edilmiş 15 noyabr 2019-cu il tarixli, 509-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh həmin tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş İnventarizasiya yoxlamalarına dair 19 avqust 2019-cu il tarixli İddiaçı MMC tərəfindən tərtib edilmiş aktlardan görünür ki, Cavabdeh İddiaçı MMCyə 5981 manat çatışmazlığının olması müəyyən edilmişdir. Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş 20 fevral 2023-cü il tarixli ilkin müdiasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMCnin nümayəndəsi ilkin mediasiyasında iştirak etmiş, mediasiya xərci olan 50 manat onun tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması (vaxtında icra edilməməsi, mallrda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu madəsinin 1-ci bəndinin a) yarımbəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyalarının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Göründüyü kimi Cavabdeh «Oba Market” MMC tərəfindən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməsi, ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalması, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmaması, ziyankarlığa qarşı mübarizə aparması, ona etibar edilmiş maddi sərvətərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparması üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh İddiaçı MMC tərəfindən ona etibar edilmiş maddi sərvətlərdən mal çatışmazlığının olması 19 avqust 2019-cu il tarixli inventarizasiya yoxlamasına dair tərtib edilmiş aktla da təsdiq edilmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməməklə və iddia ərizəsinə etiraz göndərməməklə həmin aktı və məbləği mübahisələndirməmişdir. Həmin akt üzrə Cavabdeh İddiaçı MMC qarşısındakı mal çatışmazlığının 5981 manat olmasına baxmayaraq iddiaçı təşkilat tərəfindən ümumi dövriyyə nəzərə alınaraq cavabdehə 1567 manat güzəşt tətbiq olunmuş və həmin inventarizasiyanın nəticəsi üzrə cavabdehin iddiaçı təşkilata qalıq borc məbləğinin isə 4413 manat təşkil etməsi müəyyən edilmişdir. Odur ki, iddiaçı həmin məbləğin cavabdehdən alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 4413 manat ziyan məbləği, mediasiya xərci üçün ödənilmiş 50 manat və ödənilmiş 15 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 4413 manat ziyan məbləği, mediasiya zərci üçün ödənilmiş 50 manat və ödənilmiş 15 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar