Məhkəmə qərarları › İş №e-2(075)-106/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-106/2023

02.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-106/2023 02.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, avabdehlər X13, Cavabdeh2 və onun nümayəndəsi X5, üçüncü şəxs X8 iştirakları ilə İddiaçı cavabdehlər cavabdehlər X22, Cavabdeh2 və Şəki “Asan xidmət" Mərkəzində Notariat Ofisinə qarşı miras əmlakda payın müəyyən olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0.07 hektar torpaq sahəsi və onun üzərində tikilmiş ümumi sahəsi 89,6 kvadrat metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 15 dekabr 2015-ci il tarixli, 40401,3066488-103301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mərhum atası X6 adında açıq saxlanılmış əmlakın ½ hissəsinin onun tam şəkildə qəbul etməsi faktının müəyyən edilməsi, cavabdehlər X13 və Cavabdeh2 mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən buraxdıqlarına görə onların hənin miras əmlaka vərəsəlik hüquqlarının tanmmaması və Şəki “Asan xidmət" Mərkəzinin Notariat Kontorunun xüsusi notariusu tərəfindən onun vərəsəlik hüququ tanınaraq adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılarkən X23, X14 və X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən 0.07 hektar torpaq sahəsi və onun üzərində tikilmiş ümumi sahəsi 89,6 kvadrat metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evi Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 15 dekabr 2015-ci il tarixli, **********88-103301 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən daşınmaz əmlak ½ hissədə onun adına qeydə alınmış, ½ hissədə isə mərhum atası X6 adında açıq saxlanılmışdır. Bu barədə Şəki rayon 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 504 saylı vərəsəlik işi açılaraq 01 oktyabr 2018-ci il tarixdə 2V-559 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X3 və anası X16 1945-ci ildə qeyri-rəsmi nikah bağlayaraq ailə qurmuş, birgə yaşamış, 19 fevral 1957-ci ildə isə rəsmi nikaha daxil olmuşlar. Birgə yaşadıqları müddətdə onların xx xxxxxxx 1946-cı il tarixdə X17,15 mart 1951-ci il tarixdə X24, xx xxxxxx 1953-cü il tarixdə X28, xx xxxxxx 1956-cı il tarixdə İddiaçı, 17 noyabr 1958-ci il tarixdə X14, 05 fevral 1962-ci il tarixdə isə X9 adlı övladları anadan olmuşdur. X3 24 aprel 1990-cı il tarixdə vəfat etdikdən sonra, ondan miras qalmış ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin ½ hissəsi atasının adında açıq saxlanılmış olsa da, əmlakı faktiki olaraq o, tam qəbul etmiş və idarə etmişdir. Atasının dəfn mərasimində ailəliklə iştirak etmiş və dəfn xərclərini də özü çəkmişdir. Atasından miras qalmış yaşayış sahəsini müntəzəm təmir etdirmişdir. Atasının digər övladları, X23, X14, Şahmanova (Ağabaleyeva) Xanım Yolçu qızı miras qalmış əmlaka dair heç bir iddialarının olmaması barədə rəsmi qaydada Şəki 2 saylı Notariat Kontorunun xüsusi notariusuna ərizə yazmışlar. Digər vərəsələr, X17 və X29, vərəsəlik ilə bağlı notariat kontoruna müraciət etməmişlər və bu günə kimi də susmuşlar. Əmlakın ½ hissəsini də öz adına rəsmiləşdirmək üçün Şəki regional "ASAN xidmət" mərkəzində notarian ofisinə müraciət etmiş, lakin notarius ona 02 sentyabr 2022-ci il tarixli, 3354 nömrəli imtina məktubu verərək atasının digər vərəsəsi olduğu üçün əməliyyatın aparılmasının mümkün olmamasını və məhkəməyə müraciət etməsini məsləhət bilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mübahisə predmeti olan evi 1963-cü ildə atası almışdır. Həmin evin ½ hissəsi onundur. ½ hissəsi isə qardaşı Vəlinindir. Evin yarısında, o, yaşayır, digər yarısı, yəni mübahisəli hissə isə boşdur. Həmin hissənin açarı qardaşı Vəlidədir və onun əmlakı da oradadır. O, əmlakı tam şəkildə qəbul edərək Bacısı Xətayiyə bağışlayacaq ki, böyük olaraq o, evin kimə qalmasını müəyyən etsin. Ona görə də, iddia tələbinn təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X30 iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisəli evi 1963-cü ildə atası almışdır. Onlar dörd qardaş, iki bacı olmuşlar. Qardaş-bacıların hamısı həyatdadırlar. Onlar həmin evdə böyümüşlər. İddiaçı, onun və bacısı Xətayinin razılığı olmadan evin ½ hissəsini öz adına rəsmiləşdirmişdir. Habuki 1/3 hissəsi onun payına düşməli idi. Evdən ona düşən payı iddiaçıya deyil, bacısı Xətayiyə verməyə razıdır. O, həmin evin yaxınlığında yaşayır, lakin anadan olandan mübahisəli evdə qeydiyyatdadır. Evin ½ hissəsinin açarları də ondadır və həmin evə, o, nəzarət edir. Evdə qardaşı Vəliyə məxsus əşyalar var. Vəli Rusiyada yaşadığından evə, o, nəzarət edir. Mübahisəli evdən ona düşən payı tələb edir. Ona görə də, qanuni qərar qəbul edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisəli ev qardaşı Vəlinindir. Həmin evə dair o, öz payından imtina etməyib. Ev onun olmalıdır və o özü müəyyən etməlidir ki, ev kimə verilsin. Ona görə də, qanuni qərar qəbul edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X1 Xətayi Yolçu qızının qeyd etdiyi xüsusatlara uyğun izahat verərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmdən xahiş etmişdir. Müstəqil tələb etməyən üçüncü şəxs X23 məhkəmə iclasında bildirmişdir ki, mübahisəli ev atasının olmuşdur. O, qardaşları və bacıları həmin evdə böyümuşlər. Atası ona başqa ev almışdır. Ona görə də, mübahisəli evdən pay istəmir. Ev qardaşları Şəmsəddinin və Vəlinindir. Evin ½ hissəsi ilə Şəmsəddinin heç bir bağlılığı yoxdur. Ona görə də, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmdən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X14 bildirmişdir ki, atası sağlığında qardaşlarının iştirakı ilə akt tərtib edərək mübahisəli evi ona bağışlamışdır. Məcbur olaraq evin iddiaçıya verilməsi ilə bağlı notarial qaydada ərizə yazmışdır. Evin sənədini iddaçıdan ala və onu evdən çıxara bilmir. Mübahisəli evin yarısı ona məxsusdur və həmin hissədə onun əmlakı vardır. Ona görə də, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 bildirmişdir ki, o, 18 yaşında mübahisəli evdən çıxmışdır. Həmin ev iki hissəyə bölünmüş, bir hissəsi qardaşı Şəmsəddinə, bir hissəsi isə digər qardaşı Vəliyə məxsusdur. Evin Vəliyə məxsus olan hissəsi boşdur. Həmin hissədə Vəliyə məxsus əmlaklar vardır. Odur ki, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmdən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 03 may 1990-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 24 aprel 1990-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş 07 aprel 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 02 fevral 2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş ünvan 4 ünvanlanmış 7E-5505 reyestr nömrəli ərizədən görünür ki, X14, X3ndan miras qalmış ünvan 5 ünvanda yerləşən evdən ona düşən irs payını qəbul etməmiş və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş ünvan 6 ünvanlanmış ərizədən görünür ki, X19, X3ndan qalmış miras payını qəbul etməmiş və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş ünvan 6 ünvanlanmış ərizədən görünür ki, X25, X3ndan qalmış miras payını qəbul etməmiş və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 01 oktyabr 2018-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, X7 vərəsəsi İddiaçı miras əmlak olan ünvan 2 ünvanda, 0.07 hektar torpaq sahəsi və onun üzərində tikilmiş ümumi sahəsi 89,6 kvadrat metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə dair hər birinə ½ hissə olmaqla mirası qəbul etmişdir. Evin ½ hissəsi mərhum X7 adına açıq buraxılmışdır. İş materiallarına əlavə edilmiş **********88-10301 reyestr, 7267 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının “Bağbanlar” məhəllə nümayəndəsi tərəfindən verilmiş 20 fevral 2017-ci il tarixli, 89 nömrəli arayışın surətindən görünür ki, ünvan 2 ünvanda yaşamış X7 vəfatından sonra X24 (oğlu), X28 (oğlu), İddiaçı (oğlu), X14 (oğlu) və X2 (qızı) ibarət vərəsələri qalmışdır. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki şəhəri, Cəlil Hüseynov küçəsi, 25 ünvanda yerləşən fərdi yaşayış evinin ½ hissəsi İddiaçı, ½ hissəsi isə X7 xüsusi mülkiyyətindədir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında müəyən olunmuşdur ki, ünvan 2 ünvanda yerləşən 0.07 hektar torpaq sahəsi və onun üzərində tikilmiş ümumi sahəsi 89,6 kvadrat metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evi iddiaçının atasına məxsus olmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 15 dekabr 2015-ci il tarixli, **********88-103301 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən daşınmaz əmlak ½ hissədə onun adına qeydə alınmış, ½ hissədə isə mərhum atası X6 adında açıq saxlanılmışdır. İddiaçı, evin X6 adında açıq saxlanılmış ½ hissəsi üzrə cavabdehlərin isə mirası qəbul etmə müddətini ötürdüklərini iddia edərək onların hənin miras əmlaka vərəsəlik hüquqlarının tanmmaması, onun mirası faktiki qəbul etdiyini və bu barədə vərəsəlik hüququ tanınaraq onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, hazırkı tələb üzrə işə baxarkən ilk növbədə iddiaçının miras qoyana münasibətdə vərəsəlik hüququnun mümkünlüyü məsələsi, həmin hüququn mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edib-etməməsi, iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması məsələsi, eləcə də tətbiq ediləcək qanunvericilik normaları araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması məsələsinə (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxs X20 24 aprel 1990-cı il tarixdə vəfat etmiş, lakin ondan miras qalmış əmlaka dair vərəsəlik 2018-ci ildə açılmış və miras əmlakın ½ hissəsi onun oğlu İddiaçı tərəfindən qəbul olunaraq, sonuncuya Şəki şəhər 2 saylı dövlət notariat kontoru tərəfindən 01 oktyabr 2018-ci il tarixli, 2V-559 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə hesab edir ki, miras qoyan şəxs X20 1990-ci il tarixdə öldüyündən və notarius tərəfindən şəhadətnamənin rəsmiləşdirmə tarixindən asılı olmayaraq hazırkı vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyada) müddəaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyada) 101-ci maddəsinin 2-ci hissəsinə əsasən bir yerdə yaşayan ər-arvadın və onların həddi-buluğa çatmayan uşaqlarının şəxsi mülkiyyətində onlardan birinə məxsus olan və ya onların hamısının ümumu mülkiyyətində olan bir yaşayış evi və ya onun müəyyən hissəsi ola bilər. Həmin maddənin ikinci hissəsində göstərilən vətəndaşlardan birinin və ya bir neçəsinin evin bir hissəsinə olan mülkiyyət hüququ, bu vətəndaşların qalanlarını həmin evin digər hissəsinə (hissələrinə) olan mülkiyyət hüququndan məhrum etmir. Həmin Məcəllənin 527-ci maddəsinin 1-ci hissəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə həmin Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Qeyd olunan Mülki Məcəllənin 530-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə-miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinin tələbinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur.Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəslər olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bi müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Həmin Məcəllənin 555-ci maddəsinə əsasən vərəsə, digər vərəslərin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. Həmin Məcəllənin 556-cı maddəsinin 3-cü hissəsinə əsasən vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina, vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Həmin Məcəllənin 563-cü maddəsinə əsasən miras əmlakın bölünməsi qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır. Beləliklə, məhkəmə hesab edir ki, miras qoyan X20 1990-cı il tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır (1964-cü il redaksiyalı Mülki Məcəllənin 528-ci maddəsi). Miras qoyan Şəki şəhərində yaşadığından mirasın açıldığı yer Şəki şəhəridir (həmin Məcəllənin 529-cu maddəsi). Miras əmlaka X6 öldüyü məqamadək malik olduğu ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi daxildir. Məhkəmə tədqiqi zamanı həmçinin müəyyən edilmişdir ki, miras qoyan X6 6 nəfər birinci növbə vərəsəsi olmuşdur. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, X20 1990-cı il tarixdə öldükdən sonra ondan miras qalmış ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin ½ hissəsi oğlu Şəmsəddin tərəfindən 1990-cı ildən 2018-ci ilədək faktiki qaydada qəbul edilməklə, sonradan isə 2018-ci ildə ünvan 6 rəsmi qaydada müraciət edilməklə öz adına rəsmiləşdirmişdir. Miras əmlakın ½ hissəsi İddiaçı adına rəsmiləşdirilərkən vərəsələrdən X19, X25 və X14 mirası qəbul etmədikləri barədə notarial qaydada təsdiq edilmiş ərizə vermişlər. Vərəsəlik işi açılarkən digər vərəsələr, hazırkı iş üzrə cavabdehlər isə nəzərə alınmamışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh2 atasının sağlığından başqa ünvanda yaşamaqla miras qoyanla birgə təsərrüfat aparmamış, hətta atasının ölümündən sonra da miras əmlakın onun tərəfindən rəsmi və ya faktiki qaydada qəbul edilməsi və ya faktiki idarə etməsini şəksiz nümayiş etdirməsinə dair bir hərəkət edilməmişdir. Lakin digər cavabdeh X30, mübahisəli evin digər ½ hissəsində qardaşı Vəliyə məxsus əmlakların olmasını, həmin hissədə evin açarlarının onda olmasını, mütəmadi olaraq evə nəzarət etməsini qeyd etmişdir. Həmçinin məhkəmə qeyd etməyi vacib bilir ki, iddiaçı atasının ölümündən etibarən mirası faktiki qəbul edərək sahiblik etdiyini, onu qoruyub saxladığını qeyd etsə də, o, mirasın onun özünə məxsus olan ½ hissəsini qəbul etmişdir. Belə ki, qalan ½ hissədə miras əmlakı faktiki idarə etməsini şəksiz qaydada nümayiş etdirməsinə dair hərəkət etməmiş, buna dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə mirasın qalan hissəsinin açarlarının cavabdeh X21 olması, evə onun nəzarət etməsi, həmin evdə X11 məxsus əşyaların olması iddiaçının həmin hissədə mirası qəbul etməsini təkzib edir. Eyni zamanda digər vərəsələrlə bərabər İddiaçı da məhkəmə iclasında verdiyi izahatında mübahisəli miras əmlakın böyük bacısı Xətayiyə verilməsini istəyir. Bu hal da iddiaçının, mübahisəli hissədə mirası qəbul etməməsi nəticəsinə gəlməyə əsas verir. Məhkəmə iddiaçı tərəfin mübahisəli miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsi və ya faktiki idarə olunması ilə bağlı bildirdiklərinə dair aşağıdakıları qeyd etməyi zəruru hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiysının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Yuxarıda qeyd olunan maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Məhz göstərilənlərə əsasən məhkəmə iş üzrə müəyyən edilmiş hallara, İddiaçı tərəfindən miras əmlaka qalan ½ hissədə sahiblik edilməməsinə, əmlakı idarə etməyə faktiki başlanmamasına və sair bu kimi iradə ifadələrinə hüquqi qiymət verərək qanunvericiliyin tətbiqi baxımından iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddətinin ötürülməsi qənaətinə gəlmişdir. Belə ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər cavabdehlər X22, Cavabdeh2 və Şəki “Asan xidmət" Mərkəzində Notariat Ofisinə qarşı ünvan 1 ünvanda yerləşən 0.07 hektar torpaq sahəsi və onun üzərində tikilmiş ümumi sahəsi 89,6 kvadrat metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 15 dekabr 2015-ci il tarixli, 40401,3066488-103301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mərhum atası X6 adında açıq saxlanılmış əmlakın ½ hissəsinin onun tam şəkildə qəbul etməsi faktının müəyyən edilməsi, cavabdehlər X13 və Cavabdeh2 mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən buraxdıqlarına görə onların hənin miras əmlaka vərəsəlik hüquqlarının tanmmaması və Şəki “Asan xidmət" Mərkəzinin Notariat Kontorunun xüsusi notariusu tərəfindən onun vərəsəlik hüququ tanınaraq adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər cavabdehlər X22, Cavabdeh2 və Şəki “Asan xidmət" Mərkəzində Notariat Ofisinə qarşı ünvan 1 ünvanda yerləşən 0.07 hektar torpaq sahəsi və onun üzərində tikilmiş ümumi sahəsi 89,6 kvadrat metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 15 dekabr 2015-ci il tarixli, 40401,3066488-103301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mərhum atası X6 adında açıq saxlanılmış əmlakın ½ hissəsinin onun tam şəkildə qəbul etməsi faktının müəyyən edilməsi, cavabdehlər X13 və Cavabdeh2 mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən buraxdıqlarına görə onların hənin miras əmlaka vərəsəlik hüquqlarının tanmmaması və Şəki “Asan xidmət" Mərkəzinin Notariat Kontorunun xüsusi notariusu tərəfindən onun vərəsəlik hüququ tanınaraq adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar