Məhkəmə qərarları › İş №e-2(075)-1143/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1143/2025

02.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1143/2025 02.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı, 3-cü şəxs "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" KB ASC, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə (3-cü şəxs "xxxx" ASC) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdehlər "xxxx" KB ASC, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən aparılmış 06 sentyabr 2024-cü il tarixli 8İ – 15087 № reyestr nömrəli İcra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırmışdır ki, onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2959micSHEK/23 saylı kredit müqaviləsinə əsasən ona 30000 manat kredit verilmişdir. O da müqaviləyə əməl edərək mütəmadi ödənişlər etmişdir. Lakin buna baxmayaraq cavabdeh "xxxx" ASC 06 sentyabr 2024-cü il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisininə müraciət edərək icra qeydinin aparılmasını xahiş etmiş və Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisininin xüsusi notariusu X7 tərəfindən 06 sentyabr 2024-cü il tarixdə icra qeydi aparılmış və reyestrdə 8İ – 15087 № ilə qeyd edilmişdir. Həmin icra qeydində ondan və zaminlərdən 31134 manat 22 qəpik pulun tutulması qeyd edilmişdir. Lakin Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisininin xüsusi notariusu X7 icra qeydi apararkən həmin kredit müqaviləsi üzrə borcun qaytarılıbqaytarılmamasını araşdırmamış, onu notariat ofisinə dəvət etməmiş, həmçinin kredit verən tərəfindən ona icra qeydinin aparılacağı barədə bildiriş göndərilməmişdir. Həmin icra qeydi qanunsuz və əsassızdır və ona görə də ləğv edilməlidir. Belə ki, həmin kredit müqaviləsi üzrə onun cavabdehə həmin məbləğdə borcu qalmamışdır. Məhkəmə tərəfindən "xxxx" ASC iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh "xxxx" KB ASC tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddia tələbini qəbul etmirlər. Belə ki, icra qeydinin aparılması barədə notariat orqanına müraciət etməmişdən əvvəl tərəflərindən cavabdehlərin hər birinə borcun ödənilməsi barədə bildiriş göndərilmiş və prosessual müddətlər gözlənilmişdir. Sübut üçün göndərilən bildiriş və xəbərnamələr elektron kabinetə yüklənmişdir. İddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddia tələbinə qarşı 3-cü şəxs tərəfindən yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin mətnində borcla razı olmadığı deyilsə də, bu həm əsaslandırılmayıb, həm də iddianın tələb hissəsində borca dair heç bir qeyd yoxdur. Yalnız notariusun hərəkəti mübahisələndirilir. Təqdim edilən sübutlar da borcun olmasına və ya məbləğinə aid deyil. Bu, məhkəmə araşdırmasının predmeti üçün çox vacib məqamdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununu, icra qeydi ilə bağlı xüsusi normalarında (XV Fəsil,madə 76) borclu üçün nəzərdə tutulmuş icra qeydi aparılmış tələbi məhkəmə qaydasında mübahisələndirmək hüququndan deyil, notariusun hərəkətlərindən şikayət vermək kimi ümumi hüquqdan istifadə edir. Bununla yanaşı, borclu (iddiaçı) notariusun hərəkətlərindən iddia vermək kimi hüququndan növbəti dəlillərə görə sui-istifadə etmişdir. Borclu iddia ərizəsində borc məbləğinin araşdırılmadığını, mütəmadi olaraq ödənişlər etdiyini və borcunu tam şəkildə ödədiyini bildirir. Lakin götürdüyü kredit 30.000 manat, illik faizi 23 olduğu halda, bu günə ancaq 7.567,45 manat ödəmiş, 30.734,22 manat isə hələ də ödənməmiş qalır. Qanuna görə, notariusun borcu müzakirə etmək, borcluya bildiriş göndərmək, müzakirə açmaq kimi səlahiyyətləri yoxdur. O, yalnız Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə sənədlərin tamlığını, sənədlər üzrə məbləğin təsdiq edildiyini, borcluya bildiriş göndərildiyini və poçt sənədində çatdırılma qeydinin olduğunu yoxlamalıdır. Onu ixtiyarı çatmayan əməliyyatlar aparmadığına görə irad tutmaq qanunsuzdur. Məlum olduğu kimi, icra qeydinin təyinatı maddi hüquq münasibəti üzrə icra edilməmiş pul öhdəliyinin icrasını təmin etmək üçün, qanunvericiliklə müəyyən edilmiş zəruri materialları toplayıb, məcburi icra orqanlarına ötürməkdir. Bu institutun məqsədi sadə öhdəlikləri lüzumsuz uzun-uzadı çəkişmə prosedurlarına məruz qoymadan, çevik olaraq icra edilməsini təmin etməkdir. Buna görə də notariusun toplamalı zəruri sənədlər siyahısı və görəcəyi hərəkətlərin çeşidi qısa və konkretdir, müddətlər azdır. Bu konteksdə yanaşdıqda, tələbkarın borcluya göndərməli olduğu bildirişin pretenziya xarakteri daşıdığı məlum olur. Belə ki, bildirişlə borcun könüllü ödənilməsinə bir daha şərait yaratmaq və gələcəkdə notariusu və icra orqanlarını əlavə yükləməmək məqsədi güdülür. Məhkəməyədək nizamlama üsullarının (pretenziya, mediasiya) hüquqi mahiyyəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyində də əksini tapmışdır (AR Konstitusiya Məhkəməsi Plenumunun AR MPM-in 155-ci maddəsinin həmin Məcəllənin 4.3‒4.6, 55.2, 152.1.6 və 156.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarı). Məhkəməyə qədər nizamlamanın məqsədi tərəflərin və məhkəmənin vaxtına, məsrəflərinə və zəhmətinə qənaət etməkdən, yalnız tərəflərin razılığa gəlmədiyi təqdirdə məhkəmədə həmin mübahisələr üzrə işə baxılmasından ibarətdir. Bildirişin həmin hüquqi mahiyyətini nəzərə alsaq, onun əsas mübahisə həlli prosesində köməkçi rol oynadığı, borcu könüllü ödəməyə şərait yaratmalı olduğu şübhəsizdir. Borclunun iddia ərizəsindəki iradı, tələbkarın məcburi icra üsullarına (məhkəmə, icra qeydi) müraciət edəcəyi haqqında bildirişindən (oxu: sonuncu xəbərdarlığından) bixəbər olmasındandır. Sanki, xəbərdar olsa idi, vəziyyət dəyişəcəkdi. Belə ki, bankın informasiya sistemində borclu ilə danışıqların nəticələrinin əks edildiyi qeydlərdən çıxarışdan da göründüyü kimi, borclu ilə hələ icra qeydindən təxminən 1 il əvvəldən ona borcu bağlamalı olduğu dəfələrlə bildirilmiş, borcun çox gecikdirilməsi, nəticələri barədə xəbərdarlıq edilmiş, borclu isə ödəyəcəyini vəd etmişdir. Lakin bu xəbərdarlıqlar nəticəsiz qalmışdır. İndi də borclu bildirişi almadığını israr etməklə, borcun bundan sonra da ödənilməsindən yayınmağa cəhd edir. Bildirişi borclu özü yaxud ailə üzvü qəbul etmiş ola bilər. Buna əsaslanaraq ödənilməsindən bilərəkdən yayınılan borcun tutulması üçün görülmüş bütün tədbirləri ləğv etmək düzgün deyildir. İddianın verilməsindən bu günədək artıq demək olar ki, 1 il keçmişdir. Lakin borc üzrə könüllü yox, icra məmurunun tutması ilə aylıq orta hesabla 200 manat ödəniş olunmuşdur. Yəni borclu tələbkarın iradəsindən xəbərdar idi, lakin heç nə dəyişməmişdir. Burdan da təxmin etmək olur ki, icra qeydi ləğv olunsa və yenidən icra qeydi aparılsa belə, borclu öhdəliyini lazımınca icra etməyəcək. Bu da tələbkar üçün vaxt itkisinə və vəziyyəti pisləşdirəcək halların ortaya çıxmasına səbəb ola bilər (pulun dəyərdən düşməsi, borclunun əmlaklarının adından çıxarılması, əlavə xərclər və s). Bundan başqa, borclu pul öhdəliklərini lazımınca icra etmədikdə və ya ümumiyyətlə icra etmədikdə məcburi icra üsullarına müraciət edildiyini həm bu məsələ ölkədə və dünyada olan ümumi kredit münasibətlərində işgüzar adət kimi təşəkkül tapdığından, həm də bağladığı kredit müqaviləsindəki şərtlərə görə bilməli idi. Borclunun qeyd etdiyini əksinə olaraq, tələbkar bildirişin məqsədinə yönəlmiş bütün hərəkətləri etmişdir. Qoşmada təqdim edilən arayışdan da göründüyü kimi "xxxx" MMC X10 Filialı da bildirişi ünvana çatdırmışdır. Lakin tələbkar Bankın borclu ilə ünsiyyət xronologiyasından və ödənişlər statistikasından görünür ki, o, hələ icra qeydinin aparılmasından və ya bildirişin göndərilməsindən xeyli əvvəl tələbkarın məcburi icra üsullarına müraciət edəcəyindən xəbərdar olmuş, şüurlu surətdə buna qarşı etinasız olmuş, hətta cavablarında borcunu məhkəmə ilə ödəyəcəyini bildirmiş, daha sonra əlaqəsini kəsmişdir. Bütün bunlardan aydın olur ki, borclunun bildirişdən və icra qeydindən xeyli əvvəl və bunların ərəfəsində, bildirişdən icra qeydinədək və icra qeydindən sonrakı dövrlərdəki davranışı (vədlər, açıq imtina, borcunun mühüm hissəsini ödəməməsi, köməkçi xarakterli sənədə (bildirişə) irad tutmaqla, borcu müzakirəyə çıxarmamaqla uzun sürəcək məhkəmə mübahisəsi açması və s.) borcdan yayınmaq niyyətini, şikayət hüququndan borcunun ödənilməsindən yayınmaq məqsədi ilə sui-istifadə etməsini aşkar təsdiq edir. Mülki Məcəllə mülki hüquq subyektlərinə vicdanlı davranış tələbi qoymuşdur. Əgər borclu borcu qaytarmaqda əvvəlki passivliyini, vicdansız davranışını saxlayırsa, hesab edirik ki, prosesin yenidən başladılmasının əhəmiyyəti yoxdur. Belə ki, Borclu əvvəlki “fəndinin” uğurlu olduğunu görüb, bu dəfə daha səylə icra qeydi prosesini dolaşdırmağa çalışacaq və nəticədə borclu özünün vicdansız davranışında məhkəmə müdafiəsi hüququnu da alətə çevirmiş olacaqdır. İddiaçı icra qeydinin ləğvi barədə iddia ərizəsinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini və icra qeydinin ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdehlər, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, cavabedehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarına əlavə ediməklə məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, 2559micSHEK/23-EM nömrəli müqaviləyə əsasən İddiaçı, X3, X4 30533 manat 44 qəpik (otuz min beş yüz üç manat qırx dörd qəpik), 575 manat 78 qəpik (beş yüz yetmiş beş manat yetmiş səkkiz qəpik) məbləğində cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 31134 manat 22 qəpik (otuz bir min yüz otuz dörd manat iyirmi iki qəpik) pul tutulsun. - "xxxx" KB ASC tərəfindən verilmiş ərizədən görünür ki, "xxxx" KB ASC “Notariat icra qeydi haqqında” ərizə ilə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. - "xxxx" KB ASC tərəfindən İddiaçı göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixli 2559micSHEK/23 saylı kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 2715.54 AZN əsas, 3387.90 AZN faiz və 575.78 AZN cərimə olmaqla, cəmi 31109.22 AZN məbləğində borc məbləği tərəflərindən ödənilməlidir. - 31 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı 2559micSHEK/23 saylı kredit müqaviləsinə əsasən 27145.54 manat əsas borc, 3387.9 manat faiz borc, 575.78 manat cərimə, ümumilikdə cəmi 31109.22 manat borcu mövcuddur. - X10 Filialı tərəfindən ünvanlanmış 29 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanda qeydiyyatda olan İddiaçı adına ünvanlanmış TT017095943AZ saylı poçt göstərişi xx.xx.2024-cü il tarixində çatdırılma vərəqəsinə imza olunmaqla ünvançıya təqdim olunmuşdur. - xx.xx.2024-cü il tarixli EMS çatdırma xəbərnaməsindən görünür ki, TT017095943AZ saylı poçt göndərişi xx.xx.2024-cü il tarixdə çatdırılma vərəqəsinə imza olunmaqla ünvançıya təqdim olunmuşdur. Tətbiq edilən hüquq; “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun; 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə, iddiaçının və 3-cü şəxsin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" KB ASC arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən "xxxx" KB ASC İddiaçı 30000 manat məbləğdə borc pul vermişdir. Müqavilənin şərtlərinə əsasən İddiaçı borc məbləğini xx.xx.2026-cı il tarixədək qaytarmalı olmuşdur. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 06 sentyabr 2024-cü il tarixli 8İ-15087 reyestr nömrəli icra qeydinə əsasən 2559micSHEK/23-EM nömrəli müqaviləyə əsasən İddiaçı, X3, X4 cəmi 31134,22 manat pulun tutulması qərara alınmışdır. İddiaçı Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 06 sentyabr 2024-cü il tarixli 8İ-15087 reyestr nömrəli icra qeydinin əsassız olduğunu, onun borc məbləğlərinin çox hissəsini ödədiyini, bildirişin alınması ilə bağlı qəbzə onun imza etmədiyini əsas gətirərək icra qeydinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh "xxxx" KB ASC tərəfindən məhkəməyə elektron qaydada müraciət edilərək, qeyd edilən icra qeydi üzrə tələb hüququnun "xxxx" ASC-yə keçdiyini əsas gətirərək, iş üzrə cavabdeh "xxxx" KB ASC-nin "xxxx" ASC ilə əvəz edilməsini xahiş etmişdir. Lakin iddiaçı, cavabdehin əvəz edilməsinə etiraz etdiyindən "xxxx" ASC iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan cavabdeh "xxxx" KB ASC ilə "xxxx" ASC arasında imzalanmış 18.07.202-ci il tarixli 02/22 UB saylı müqavilə və həmin müqaviləyə xx.xx.2024-cü il tarixli 30 nömrəli əlavədən görünür ki, İddiaçı ilə bağlanmış 2559micSHEK/23 saylı kredit müqaviləsi üzrə tələb hüququ "xxxx" ASC-yə ötürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008-ci il tarixli qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Bununla bağlı məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Qeyd edilənlərdən də görünür ki, iddiaçının ödəməli olduğu kredit müqaviləsi üzrə yaranmış borc məbləği ilə əlaqədar tələb hüququnun "xxxx" ASC-yə keçməsinə baxmayaraq iddia tələbi həmin tələbə cavab verməli olmayan şəxslər "xxxx" KB ASC və Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə qarşı da yönəlmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsi məhkəmə və digər qurumlar tərəfindən verilmiş icra sənədlərinin icrasını həyata keçirən müvafiq qurumdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər "xxxx" KB ASC və Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə qarşı subyektiv hüququn mövcud olmamsı səbəbindən təmin edilməməlidir. İddia tələbinin digər cavabdeh Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı olan hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə, cavabdeh İddiaçı icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İş materiallarından görünür ki, cavabdeh İddiaçı icra qeydinin verilməsi ilə bağlı notariat orqanına müraciət edilmədən öncə poçt vasitəsilə TT 017095943AZ nömrəli xəbərnamə ilə İddiaçı bildiriş ünvanlamışdır. Eyni zamanda məhkəmə tərəfindən TT 017095943AZ kodlu, xəbərnaməli məktubun İddiaçı çatdırılması ilə bağlı Şəki rayon Mərkəzi poçtuna sorğu ünvanlanmış, sorğuya cavab olaraq İddiaçı adına ünvanlanmış TT 017095943AZ saylı məktubun ünvan 5eydiyyatda olan İddiaçı xx.xx.2024-cü il tarixində çatdırılma vərəqinə şəxsən imza olunmaqla ünvançıya təqdim edildiyi bildirilmişdir. İddiaçı onun notariat hərəkətlərindən məlumatının olmadığı bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iş materialları ilə qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya borcun qaytarılması ilə bağlı bildiriş göndərildiyi, eyni zamanda həmin bildirişin iddiaçıya çatdırıldığı öz təsdiqini tapmışdır. Göründüyü kimi, Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisi icra qeydini təsdiq edərkən “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə uyğun olaraq borclunun, yəni İddiaçı məlumatı olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" KB ASC, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə (3-cü şəxs "xxxx" ASC) qarşı “icra qeydinin ləğv edilməsi” barədə iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" KB ASC, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə (3-cü şəxs "xxxx" ASC) qarşı “icra qeydinin ləğv edilməsi” barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar