Məhkəmə qərarları › İş №e-2(075)-1188/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1188/2024

01.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1188/2024 01.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, Ərizəçi İddiaçı maraqlı şəxs 10 nömrəli Tibbi Sosial Ekspert Komissiyası olmaqla “uşaqlıqdan sağlamlıq imkanının məhdud olması hüquqi faktının müəyyən edilməsi” tələbinə dair məhkəməyə daxil olmuş ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi Ərizəçi İddiaçı maraqlı şəxs 10 nömrəli Tibbi Sosial Ekspert Komissiyası olmaqla ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqlıqdan sağlamlıq imkanının məhdud olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1972-ci ildə Şəki rayonunun Şin kəndində anadan olmuşdur. Onun uşaqlıqdan 18 yaşınadək sağlamlıq imkanı məhdud olmuşdur. Lakin TSEK tərəfindən uşaqlıqdan sağlamlıq imkanının məhdudluğu müəyyən edilməmişdir. Yalnız 18 yaşına çatdıqdan bir müddət sonra, yəni 1992-1993-cü illərdə ona İİİ qrup uşaqlıqdan əlillik təyin edilmiş və o, 150 manat sosial pensiya alır. X1 pensiyaçı idi və 327 manat pensiya alırdı. O, xx.xx.2023-cü ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialına müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.2-ci maddəsinə əsasən 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxslər ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Mərkəzi Filialın 31 oktyabr 2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, sosial müavinət ödənişinə dair sənədlərinizin içərisində 18 yaşadək sağlamlıq imkanlarınızın məhdudluğunu təsdiq edən Tibbi Sosial Ekspert Komissiyasının sənədi aşkarlanmamışdır. Göründüyü kimi uşaqlıqdan sağlamlıq imkanı məhdud olmuşdur. Uşaqlıqda o, həm Azərbaycanda, həm də Rusiya Federasiyasının Moskva şəhərində xəstəliyi ilə bağlı müalicə və müayinələr olunmuşdur. Lakin TSEK tərəfindən sağlamlıq imkanının məhdudluğu müəyyən edilməmişdir. Bu səbəbdən də ailə başçısını itirməyə görə əmək pensiyası hüququndan məhrum olmuş, öz hüququnu həyata keçirə bilmir. Çünki 18 yaşadək sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən sənədi başqa qaydada ala bilmir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Mülki Prosessual Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla zəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin qərarın 3.1-ci bəndində qeyd edilir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin qərarın 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarının 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 14.1.1.2-ci maddəsinə əsasən 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxslərin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 34.1-ci maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Həmin qanunun 34.2-ci maddəsinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndində qeyd edilmişdir ki, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur; Məhkəmənin mövqeyi Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçı qeyd edir ki, ona əlillik təyin edilmişdir və o, hazırda pensiya alır. Atasının vəfat etməsi səbəbi ilə ailə başçısını itirməyə görə pensiya təyin edilməsi ilə bağlı müraciət etdikdə ona bildirilmişdir ki, onun 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən sənəd mövcud deyil. Yuxarıda qeyd edilən qanunvericilik normalarından da göründüyü kimi 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizəçiyə “18 yaşınadək sağlamlıq imkanlarının məhdud olmasının müəyyən edilməsi” ilə bağlı müvafiq Tibbi-sosial ekspert komissiyasına müraciət edilməli, imtina verildiyi təqdirdə ona hazıkı tələblə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-in 114.1.2-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 153, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi İddiaçı maraqlı şəxs 10 nömrəli Tibbi Sosial Ekspert Komissiyası olmaqla “uşaqlıqdan sağlamlıq imkanının məhdud olması hüquqi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. İddiaçı tərəfindən ********** saylı qəbz üzrə ödənilmiş 90 manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar