Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1205/2022 04.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Bəkirov Yusif Şücaət oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsində qarşı “hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsin tərəfindən verilmiş 26 oktyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli elektron qaydada təqdim edilən hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, 2009-cu ildə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq üçün torpaq sahəsi almaq istəmişdir. Ona məlum olmuşdur ki, Cavabdeh2 Şəki rayonu, Birinci Biləcik kəndində yerləşməklə mülkiyyətində olan torpaq sahəsini satmaq istəyir. Cavabdehlə görüşüb torpaq sahəsini almaq istədiyini bildirmişdir. Cavabdeh də onunla razılaşmışdır. 2009-cu ildə aralarında şifahi razılaşma olmuş və həmin torpağı cavabdehdən alaraq oranı təmizləyərək orada fındıq bağı salmışdır. Lakin sonradan yəni 2015-ci ildə cavabdehin mülkiyyətində olan Şəki rayonu, Birinci Biləcik kəndində yerləşən 0,4388 ha torpaq sahəsinin alqı-satqı müqaviləsi üzrə rəsmiləşdirilməsi üçün notariat kontoruna getmişlər. Nəticə etibarı ilə Şəki rayonu 1 saylı dövlət notariat kontorunda 23 noyabr 2015ci il tarixdə Cavabdeh2 mülkiyyətində olan 0,4388,11 ha torpaq sahəsinin ona satılmasını təsdiq edən AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlamışlar. Həmin müqavilənin 6-cı bəndində qeyd edilmişdir ki, müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. Göstərmişdir ki, o, satın aldığı torpaq sahəsini kiməsə satmaq, kiməsə icarəyə vermək, kiməsə bağışlamaq fikrində olmadığı üçün, yəni torpaq sahəsi ilə bağlı hər hansı bir sərəncam vermək fikri olmadığı üçün həmin torpaq sahəsinə öz adına hüquqların dövlət qeydiyyatı haqqında çıxarış almamışdır. Bu vəziyyətdən sui-istifadə edən Cavabdeh2 Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi haqqında məlumatı gizlətmiş, ona satdığı torpaq sahəsinə 26 oktyabr 2021-ci il tarixdə ********** qeydiyyat nömrəli elektron qaydada təqdim edilən hüquqların dövlət qeydiyyatı haqqında çıxarış almışdır. Bildirmişdir ki, 23 noyabr 2015-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin 7-ci bəndində qeyd edilmişdir ki, alqı-satqı müqaviləsi təsdiq olunduqdan sonra satıcı daşınmaz əmlaka aid sənədləri alıcıya verməyə borcludur. Cavabdeh2 alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsinə dair Kod 40404068, JN48 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktını da ona təqdim etmişdir. Ona görə də o, tam əmin olmuşdur ki, rəsmi alqı-satqı müqaviləsi ilə aldığı torpaq sahəsinə cavabdehin və ya qeyrisinin adına hər hansı bir sənədləşmə aparıla bilməz. 27 oktyabr 2021-ci il tarixdə rəsmi qaydada cavabdehdən aldığı torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ərizə ilə Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarənin 19 noyabr 2021-ci il tarixli cavab məktubundan ona məlum olmuşdur ki, cavabdehin ona satdığı torpaq sahəsinə 26 oktyabr 2021-ci il tarixdə öz adına hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Rəsmi qaydada cavabdehdən aldığı torpaq sahəsinin cavabdehin adına dövlət qeydiyyatına alınması onda müəyyən narahatçılıqlar yaradır. Belə ki, cavabdeh həmin torpaq sahəsini başqa səxsin adına dövlət qeydiyyatına aldırıb gələcəkdə onun həmin torpaq sahəsi ilə bağlı hüquqlarının həyata keçirilməsinə maneçilik törədə bilər. Bildirmişdir ki, o, sözü gedən torpaq sahəsini 2009-cu ildə cavadehdən almış, 2015-ci il tarixdə rəsmiləşdirmişdir. Həmin torpaq sahəsində özü üçün fındıq bağı salmışdır. O, cavabdehə torpağa dair çıxarış aldığını bildirdikdə, cavabdeh ona həmin çıxarışı səhvən aldığını bildirmişdir. Daha sonra cavabdehə bu barədə bildirdikdə, cavabdeh ona demişdir ki, o, sosial müdafiə fonduna müraciət etdikdə, məlum olmuşdur ki, onun adına torpaq sahəsi var. O da düşünmüşdür ki, bəlkə ona miras qalmış başqa torpaq sahəsidir. Ona görə də, öz adına çıxarış almışdır. Göstərdikləri ilə bağlı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 İddiaçı ilə eyni məzmunlu olan izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 28 may 2022-ci il tarixdə məhkəməyə elektron qaydada etiraz ərizəsi göndərərək bildirmişdir ki, Cavabdeh2 İddiaçı ona qarşı hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi barədə iddia tələbini qəbul etmir. Cavabdeh2 iddiaçıya özünə məxsus torpaq sahəsinin satılması barədə razılığa gəlməmişdir. Atasına məxsus torpaq sahəsini iddiaçıya satarkən dövlət aktında ailə üzvləri kimi onların adları olduğundan onların da razılığı tələb olunduğu demişdir. O, sahədə işləyərkən onun yanına gələrək özünə məxsus maşında həmin razılıq sənədinə imza etdirmişdir. O, heç bir notariat xidmətinə getməmiş, özünə məxsus heç bir əmlakın satılması barədə iddiaçı ilə razılığa gəlməmişdir. Müqaviləyə nəzər yetirəndə 4388,11 kv/m torpaq sahəsinin satış qiymətinin 350 manata satıldığı görsənir. Bu isə o deməkdir ki, torpağın 1 hektarı 100 manatdan da aşağı qiymətə satılmışdır. Halbuki həmin dövrdə onun maddi imkanı var idi və heç bir halda 350 manat müqabilində 0.44 ha torpaq sahəsini 350 manata satmazdı. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Göründüyü kimi, dövlət yalnız qeydiyyata alınan hüquqların toxunulmazlığına təminat verir. İddiaçı Cavabdeh2 qarşı hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi barədə iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 izahat verərək göstərmişdir ki, o, Şəki rayonu Birinci Biləcik kındində yaşayır. Təxminən 20 olar ki, İddiaçı onların qonşuluğunda yerləşən torpaq sahəsində fındıq əkib becərir. O, İddiaçı həmin torpaq sahəsini X3 aldığını bilmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X7 izahat verərək göstərmişdir ki, İddiaçı onun həmkəndlisidir. Onunla münasibətləri yaxındır. Bildirmişdir ki, İddiaçı istifadə etdiyi torpaq sahəsini X3 almışdır. Təxminən 2009-2010-cu il tarixdən İddiaçı həmin torpaq sahəsini istifadə etmişdir. İddiaçı həmin torpaq sahəsindən fındıq sahəsi və ot sahəsi kimi istifadə edir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 izahat verərək göstərmişdir ki, o, 2010-cu il tarixdən öz şəxsi təsərrüfatı ilə məşğul olur. Onun torpaq sahəsinin qonşuluğunda İddiaçı torpaq sahəsi vardır. Bildirmişdir ki, o, sözügedən torpaq sahəsində ancaq İddiaçı istifadə etdiyini görmüşdür. Həmin torpaq sahəsində heç vaxt Cavabdeh2 görməmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 21 noyabr 2015-ci il tarixli, 744 saylı arayışdan görünür ki, Şəki rayonu Birinci Biləcik kəndində yerləşən torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 99 nömrəli reyestr kitabının 69 vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 23 noyabr 2015-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmmiş surətindən görünür ki, Cavabdeh2 Şəki rayonu, Birinci Biləcik kəndində yerləşən JN-0048, KOD 40404068 nömrəli dövlət aktına əsasən ona məxsus olan 0,49 ha torpaq sahəsini 350 manat məbləğə İddiaçı satmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki şəhər İHB-nin Biləcik kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 oktyabr 2021-ci il tarixli, 386 saylı arayışdan görünür ki, Şəki rayonu Birinci Biləcik kənd sakini Cavabdeh2 soyadı, adı, atasının adı Cavabdeh2dur. Torpağa mülkiyyət hüququna dair JN-0048 saylı KOD 40404068 nömrəli dövlət aktında X1 qeydə alınmışdır. Hər iki adda olan vətəndaş eyni vətəndaşdır və əsil adı Cavabdeh2dur. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş JN-0048, KOD 40404068 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar islahat komissiyasının 09 sentybar 2022-ci il tarixli, 06 saylı qərarına əsasən Şəki rayonu, Birinci Biləcik kəndi ərazisində cizgidə göstərilən sərhədlər daxilində X4 0.49 ha torpaq sahəsi verilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 22 oktyabr 2021-ci il tarixli, AN 654410 saylı torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Birinci Biləcik kəndində yerləşən, **********93 reyestr nömrəli, 0.4388 ha torpaq sahəsi Cavabdeh2 adına qeydə alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş, 26 oktyabr 2021-ci il tarixli, **********93 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Birinci Biləcik kəndində yerləşən 0.4388 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 99 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Şəki şəhər İHB-nin Birinci Biləcik kənd bələdiyyəsi tərəfindən verilmiş, 11 iyun 2022-ci il tarixli, 011 saylı arayışdan görünür ki, Daşınmaz Əmlakın AN-İN nömrəli ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 aldığı 0.43 ha torpaq sahəsini 2015-ci ildən İddiaçı istifadə edir və yuxarıda qeyd edilən dövrdən bu günkü dövrə qədər olan müddət də torpağın torpaq vergisi İddiaçı tərəfindən bələdiyyəyə ödənilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, İddiaçı qanunla qorunan mülkiyyət hüququnun pozulduğunu əsas gətirərək, pozulmuş hüququnu bərpa etmək üçün məhkəmə müdafiəsindən istifadə edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”-nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. -152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. -568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Azərbaycan Respublikası MM-nin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlaka sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmədə iddiaçının izahatı, cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsi, şahidlərin ifadələri və işdə olan sübutların təhlili nəticəsində müəyyən olundu ki, iddiaçı 2009-cu ildə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq üçün torpaq sahəsi almaq qərarına gəlmiş və həmkəndlisi Cavabdeh2 Şəki rayonu, Birinci Biləcik kəndində yerləşməklə mülkiyyətində olan torpaq sahəsini satmaq istədiyini bilmişdir. Cavabdehlə görüşüb torpaq sahəsini almaq istədiyini bildirmiş, cavabdeh də onunla razılaşmışdır. 2009-cu ildə aralarında şifahi razılaşma olmuş və həmin torpağı cavabdehdən alaraq oranı təmizləyərək orada fındıq bağı salmışdır. Lakin sonradan yəni 2015-ci ildə cavabdehin mülkiyyətində olan Şəki rayonu, Birinci Biləcik kəndində yerləşən 0,4388 ha torpaq sahəsinin alqı-satqı müqaviləsi üzrə rəsmiləşdirilməsi üçün notariat kontoruna getmişlər. Nəticə etibarı ilə Şəki rayonu 1 saylı dövlət notariat kontorunda 23 noyabr 2015ci il tarixdə Cavabdeh2 mülkiyyətində olan 0,4388,11 ha torpaq sahəsinin ona satılmasını təsdiq edən AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlamışlar. Qeyd edilən mübahisəli torpaq sahəsi 2009-cu ildən hal-hazırkı vaxtadək iddiaçının istifadəsində və sahibliyində olmuş, həmin torpaq sahəsinin saxlanma və digər xərcləri də iddiaçı tərəfindən çəkilmişdir. Cavabdeh aralarında bağlanmış 23 noyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qeyd olunan torpaq sahəsini iddiaçının sahibliyinə, istifadəsinə və sərəncamına verməyini dərk etmiş və həmin torpaq sahəsini iddiaçıya təhvil vermişdir. Lakin cavabdeh sonradan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi üzrə satmış olduğu torpaq sahəsi haqqında məlumatı gizlətməklə torpaq sahəsinə 26 oktyabr 2021-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış almışdır. Göründüyü kimi cavabdehlə iddiaçı arasında mübahisə predmeti olan torpaq sahəsi üzrə alqı-satqı müqaviləsi mövcuddur. Satıcı olan cavabdeh alqı-satqı müqaviləsinin müddəlarına görə torpaq sahəsini faktiki olaraq 2009-cu, rəsmi olaraq isə 2015-ci ildə iddiaçı olan alıcının mülkiyyətinə vermiş, iddiaçı da torpaq sahəsini qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) cavabdehə ödəmişdir. Cavabdeh alğı-satqı müqaviləsində nəzərdə tutulan torpaq sahəsini də de-yure olaraq iddiaçıya vermişdir. Beləliklə də Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən iddiaçının daşınmaz əmlak olan qeyd edilən mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlmişdir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də məxsusdur. Bütün bunlardan başqa məhkəmə həmçinin qeyd edir ki, iddiaşı qeyd edilən torpaq sahəsini gələcəkdə daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyata aldıraraq sərəncam hüququ əldə etməklə tam mülkiyyətə “gözlənilən” hüququ vardır. Belə ki, Avropa Məhkəməsi «Önəryıldız Türkiyəyə qarşı» qərarında xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində «mülkiyyət anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır. Həmin qərarda Avropa Məhkəməsi həmçinin vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur və ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyət»ə bərabərdir. Həmçinin Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. X9 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, X10rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenimununun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi xx.xx.2002-ci ildən konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasını tanıyır. İnsan və vətəndaş hüquqları və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən insan hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüqüq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüqaqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqları üzrə Avropa məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 26 oktyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilməlidir. Tələb edilməməsi nəzərə alınaraq iddiaçının dövlət büdcəsinə ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 227.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 26 oktyabr 2021ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1205/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1205/2022
04.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver