Məhkəmə qərarları › İş №e-2(075)-1243/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1243/2023

01.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1243/2023 01.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı cavabdeh «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X8 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “sərhədlərin müəyyənləşdirilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mülkiyyətimdə olan ünvan 1 ünvanında yerləşən əmlakın 8/12 hissənin rəsmi şəkildə hüdudlarının müəyyən olunmasının və sərhədlərinin göstərilməsi vəzifəsinin məhkəmə qaydasında “Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri” publik hüququ şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən mənzildə dünyaya gəlmiş və hal-hazırda da həmin evdə yaşayır. Həmin ev daşınmaz əmlakın xüsusi növünə aiddir, evin ümumi sahəsi 137.5 kv.m, torpaq sahəsinin ölçüsü isə 0.07 ha təşkil edir. Sözügən əmlak üzərində onunla birlikdə X2 və X3 paylı mülkiyyəti var. Hər iki şəxs dünyasını dəyişmişdir. Sözügedən mülkiyyətin 2/12 hissəsi X4, 2/12 hissəsi X1 və 8/12 hissəsi isə ona məxsusdur. ünvan 1 ünvanında yerləşən əmlaka Azərbaycan Respublikasının Əmək məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti hüquqlarının dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən mülkiyyətə çıxarış verilimşir. Çıxarış hüququnu rəsmiləşdirən şəxs kimi O qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Əmək məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti 12 saylı Şəki Ərazi İdarəsinin fərdi yaşayış evi üçün verdiyi Texniki Pasport **********43-10301 reyestr nömrəlidir. X6 sənəd üzrə torpaq sahəsi 0.070 ha, faktiki sahə 0.121 ha, tikinti altında olan sahə 0.0345 ha, digər sahələr 0.0865 ha göstərilmişdir. O hal-hazırda ona paylı mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus olan 8/12 hissəsi üzərində təmir-tikinti işləri aparmaq istəsə də bunu həyata keçirə bilmir, nəticədə o əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququnu itirir və Azərbaycan Respublikası Konstutisyasının 29-cu maddəsinin 3-cü bəndi ilə müəyyən olunmuş öz kostutisyon hüquqları pozulur. Belə ki, ünvan 1 ünvanında yerləşən əmlaka onunla birlikdə paylı mülkiyyət hüququ olan X7 və X9 dünyalarını dəyişsələr də həmin şəxslərin ailə üzvləri tərəfindən öz əmlakı barəsində müstəqil şəkildə sərəncam vermək hüququ məhdudlaşdırılır. Qeyd etdiyi məsələ ilə bağlı Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri” publik hüququ şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmiş və ona paylı mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus olan 8/12 hissəsinin sərhəd hüdudlarının müəyyən edilməsi ilə bağlı xahiş etmişdir. Lakin sözügedən orqan məsələnin həlli ilə bağlı heç bir müsbət tədbir həyata keçirməmiş əvəzində ona qanuni əsassız və absurd cavab məktubu ünvanlamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri” publik hüququ şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı hazırki iddiası yolverilməz olduğuna görə, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, 01 yanvar 2011-ci il tarixdən qüvvədə olan “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ında inzibati orqanların siyahısı verilmişdir. Həmin siyahının V bəndində göstərilir ki, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan kimi göstərilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Məhkəmə hesab edir ki, inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri” publik hüququ şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi ilə İddiaçı arasındakı münasibətlər xüsusi hüququn deyil, ümumi (publik) hüququn nizama salma predmetinə aiddir. Belə ki, xüsusi hüquq onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, inzibati orqanlar ilə fizki və hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirmiş, digər tərəfə münasibətdə yalnız ona xas olan hakimiyyət səlahiyyətlərini tətbiq etmiş və İddiaçı Mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlakın 8/12 hissənin rəsmi şəkildə hüdudlarının müəyyən olunmasının və sərhədlərinin göstərilməsi vəzifəsinin məhkəmə qaydasında “Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri” publik hüququ şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə həvalə edilməsini ondan tələb edir. İnzibati orqanın müəyyən hərəkətləri etmək vəzifəsi qaytarılmasını tələb etməsi isə, hüquq münasibətinin xarakterini dəyişdirmir. Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 2.2.2-ci mаddəsinə əsаsən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Qanunvericiliyin tələbinə görə, inzibati orqan üzərinə hüdudlarının müəyyən olunmasının və sərhədlərinin göstərilməsi vəzifəsinin qoyulması ilə bağlı qərar (inzibati akt) qəbul etməlidir. Belə vəziyyətdə İddiaçı həmin qərarı (inzibati aktı), qərar qəbul edilmədiyi halda isə inzibati orqanın faktiki xarakterli hərəkətlərini müvafiq inzibati məhkəməyə müraciət etməklə mübahisələndirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının 15.4-cü bəndində göstərilir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi inzibati mübahisələrin həlli ilə bağlı olduğundan, həmin iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı deyildir. Buna görə də iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibati məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 263 və 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: İddiaçı cavabdeh «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X8 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “sərhədlərin müəyyənləşdirilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə qaytarılsın. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Vəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar