Məhkəmə qərarları › İş №e-2(075)-1296/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1296/2024

11.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1296/2024 11.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rüfət oğlundan 8000 (səkkiz min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Tərtər rayon Şıxarx kəndində məskunlaşmışdır. Cavabdeh ilə münasibəti yaxşı olmuşdur. Ona bir insan kimi hörməti olmuşdur. 25 yanvar 2021-ci il tarixdə Cavabdeh ailəsində xəstə olduğu üçün ondan 8000 manat borc pul istəmişdir. Ona inanıb həmin məbləğdə pulu borc olaraq vermişdir. Cavabdeh ondan pul alması ilə bağlı qəbz yazıb vermiş və həmin pulu 20 dekabr 2021-ci il tarixə qədər qaytaracağına söz vermişdir. Beləliklə o, Cavabdeh ilə aralarında olan razılaşmaya əməl etməklə ona 8000 manat pulu vermişdir. Lakin Cavabdeh razılaşmaya əməl etməmişdir. Pulu vaxtında qaytarmadığı üçün Cavabdeh vediyi borc pulu istəmiş, o daha sonra qaytaracağını bildirmişdir. O, bir daha pulunu geri istəyəndə cavabdeh ona yenə yalan vədlər verərək qaytaracağını bildirmişdir. Artıq onunla əlaqə saxlamaq istədikdə Cavabdeh onunla danışmaq istəməmişdir. O, Cavabdeh pulu verməsə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etsə də, yenə müsbət nəticə olmamışdır. Pulunu ala bilmədiyindən və o cümlədən hüquqlarının qorunması üçün məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, iddianı müdafiə edir. Cavabdeh evin xəstəsi olduğu üçün ondan 8000 manat məbləğində borc almışdır. Borcunu 1 il müddətində tam ödəyəcəyinə söz versə də, sözünə əməl etməmişdir. Borcundan 200 manat məbləğində ödəniş etmişdir. Bütün bunları nəzərə alaraq iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdehn izahat verərək bildirdi ki, iddianı qəbul edir. Anası xəstə olduğundan iddiaçıdan 8000 manat məbləğində borc almışdır. Yaxın zamanda borcunu ödəyəcəyinə söz verir. İşin halları; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; Cavabdeh tərəfindən yazılmış iltizamdan görünür ki, onun evində xəstə olduğu üçün onun pula ehtiyacı olmuşdur. Onun tanıdığı, həmdə özünə yoldaş bildiyi Əsədli Etibara 8000 manat pula ehtiyacı olduğunu bildirmiş və ondan borca pul almışdır. O, Etibara borcundan 1 il ərzində hər ay 800 manat ödəniş edəcəyinə söz vermişdir. Pulu ödəməsə onu məhkəməyə verərək məhkəmə tərəfindən onun maaşından 50 % pulun tutulmasına razıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında 20 dekabr 2021-ci ildə yazılmış iltizam qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla cavabdehin İddiaçıdan yuxarıda qeyd edilən 8000 manat məbləğində pulu aldığı müəyyən olunur. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında pul məbləğlərinin cavabdehə verilməsinə dair yazılı müqavilə bağlanmış olmasa da, cavabdehin həm məhkəmə iclasında verdiyi izahatı həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pul məbləğlərinin verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğlərinin ödənilməmiş hissəsini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddia tələbində göstərilən pul məbləğinin tam olaraq iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə iclasında İddiaçı etirafedici izahatı ilə də cavabdehin ona olan 8000 manat borcundan 200 manat məbləğində pul vəsaitinin verilməsi öz təsdiqini tapmışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 7800 manat məbləğində pul alınaraq İddiaçı verilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 7800 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar