Məhkəmə qərarları › İş №e-2(075)-1325/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1325/2025

30.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1325/2025 30.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 2639 manat məbləğində pulun və 47 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, xx.xx.1959-cu il tarixdə Lənkəran rayonu, Mamusta kəndində anadan olmuşdur. Özü kafel-metlax ustasıdır. Onun həmkəndliləri onu Sibrisə kafel-metlax işinə çağırmışlar. Orada bəzi yerlərdə işlədikdən sonra orada iş üzrə cavabdeh Tale Məmmədov ilə tanış olmuşdur. Cavabdeh ona demişdir ki, “gəl, mənim yanımda işlə, mənim obyektimdə kafel-metlax düz, iş bitən kimi sənin pulunu verərəm”. (O hamamdan və tualetdən başqa digər yerlərə kafel-metlax vuracaqdı). O, 7 mərtəbəli binaların mənzillərində pola metlax düzürdü. 3 dənə mənzilə metlax düzmüş, 2 mənzilin hər biri 63 kv.m, biri isə 96 kv.m, ümumilikdə 222 kv.m metlax düzmüşdür. Kvadratını da 12 manatdan hesablayanda 2664 manat eləyir. Onun üçün əlavə işlər görmüşdür. 200 manat da əlavə işlərin pulu eləmişdir. 100 manat həmin puldan kafellərin arasın doldurmaq üçün çıxmışdır. Onda özünün 2764 manat pulu qalmışdır. Həmin puldan Cavabdeh ona 885 manat vermiş, 1879 manat pulu qalmışdır. Cavabdeh ona avqustun 20-nə kimi pulunu verəcəyini, əlavə də başqa iş də verəcəyini bildirmişdir. O da Cavabdeh avqustun 20-nə kimi gözləmişdir. Ancaq cavabdeh nə ona iş verməmiş, nə də onun pulunu verməmişdir. O, Cavabdeh obyektlərində 2024-cü ilin iyun ayının əvvəllərindən avqustun 2-nə kimi işləmişdir. Avqustun 2-dən də avqustun 10-na kimi gözləmişdir ki, ona iş verəcək. Cavabdeh ona demişdir ki, “bu gün 500 manat verərəm, gedərsən rayona, qalan pulu da avqustun 20-nə kimi kartına ataram”. Sonradan isə gəlib, ona 30 manat pul vermişdir, demişdir ki, “bu pulu fəhləyə verərəsən, sabah sənin kartına 500 manat ataram”. Cavabdeh isə onun kartına 150 manat pul göndərmiş, demişdir ki, “pulu ala bilmədim, avqustun 20-nə kimi pulu tam ödəcəyəm”. Avqustun 28-nə kimi ona zəng edərək, pulu almadığını, alan kimi verəcəyini deyirmiş. Lakin pulunu verməmişdir. Avqustun 29-da Bakıya getmiş, onunla görüşmək üçün zəng etmiş, lakin o, gəlməmişdir. Daha sonra DİNnin 102 xidmətinə zəng eləmiş. 102 xidmətindən onu Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə istiqamətləndirmişlər. Polislər Cavabdeh sentyabr ayının 09-da tapıb, polis bölməsinə gətirmişlər, Cavabdeh isə ona borcu olmadığını bildirdi. Polis ona demişdir ki, “o, dələduzdur, sənə indi 500 manat verir, sən şikayətini geri götür.” O, onlarla razılaşmamış, iş üzrə cavabdeh Tale Məmmədov ondan yanvara kimi möhlət istəmiş, pulunu verəcəyini bildirmişdir. O, fevralda məktub üçün polisə getmiş, polis Cavabdeh çağırmış, lakin sonuncu, polis bölməsinə gəlməmişdir və Cavabdeh ona zəng edərək pulunu hissə-hissə verəcəyini bildirsə də, lakin verməmişdir. Bundan sonra polis bölməsində ona məsləhət gösmüşlər ki, məhkəməyə müraciət etsin. O, eyni zamanda cavabdehin hərəkətlərindən maddi ziyan çəkmişdir. Belə ki, cavabdeh onun pulunu vaxtında vermədiyinə görə 2024-cü ilin avqust ayının 1-dən avqust ayının 10-na qədər Bakı şəhərində kirayədə qalaraq günə 5 manat olmaqla 50 manat kirayə pulu ödəmişdir. Qaldığı müddət ərzində yeməyinə də günlük 15 manat pul xərcləməklə cəmi 150 manat da yeməyə pul xərcləmişdir. Cavabdeh pulunu dediyi vaxtda vermədiyi üçün 29 avqust 2024cü il tarixdə Bakıya getmiş, Cavabdeh zəng eləmiş, o, zənglərə cavab vermədiyi üçün DİN-nin 102 xidmətinə zəng eləmiş və cavabdehdən şikayət etmişdir. Onu polis bölməsinə dəvət edib, izahatını almışlar, cavabdehi 2024-cü ilin sentyabr ayının 9-na kimi tapa bilmədikləri üçün o vaxta kimi Bakıda kirayədə qalmış və yenə də onun 180 manat pulu çıxmışdır. Sonra cavabdehlə görüşəndən sonra ona pulunu hər ay hissə-hissə ödəyəcəyini dediyi üçün evə qayıtmışdır. Cavabdeh onun pulunu vermədiyi üçün 2025-ci ilin fevralın 09-da yenidən Bakıya getmiş, fevral ayının 13-nə kimi yenə də Bakıda qalmış və 4 günə 80 manat xərci çıxmışdır. Həmçinin o, Lənkərandan Bakı şəhərinə getmək üçün və Bakı şəhərində olarkən cavabdehin axtarışı zamanı taksilərə ümumilikdə 300 manat pulu çıxmışdır. Odur ki, o hazırkı, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: -Bakı şəhər Sabunçu RPİ-nin 15-ci Polis Bölməsində toplanmış materialdan görünür ki, İddiaçı ərizə ilə müraciət edərək, Taleh adlı şəxsin 885 manat əmək haqqını verməkdən imtina etdiyini bildirərək qanuni tədbir görülməsini xahiş etmişdir. - Bakı şəhər Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı Elmir İslamov tərəfindən tərtib edilmiş arayışda göstərilmişdir ki, daxil olmuş araşdırmanın nəticəsində xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh ilə telefon vasitəsilə əlaqə saxlanılaraq izahatı alınması üçün bölməyə dəvət olunsa da, sonuncu bölməyə gələ bilməyəcəyini və borcunu qısa müddətə qaytaracağını bildirmişdir. İddiaçı şikayətlə bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. - xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 46,39 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı 2639 manat məbləğində pulun və 47 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh obyektində gördüyü işlərin müqabilində sonuncunun ona 2764 manat borcu olmuş, Cavabdeh həmin puldan ona 885 manat vermiş, 1879 manat pulu qalmışdır. Həmçinin, bildirmişdir ki, cavabdehin hərəkətlərindən maddi ziyan çəkmişdir. Belə ki, cavabdeh onun pulunu vaxtında vermədiyinə görə 2024-cü ilin avqust ayının 1-dən avqust ayının 10-na qədər Bakı şəhərində kirayədə qalaraq günə 5 manat olmaqla 50 manat kirayə pulu ödəmişdir. Qaldığı müddət ərzində yeməyinə də günlük 15 manat pul xərcləməklə cəmi 150 manat da pul xərcləmişdir. Cavabdeh pulunu dediyi vaxtda vermədiyi üçün 29 avqust 2024-cü il tarixdə Bakıya getmiş, Cavabdeh zəng eləmiş, o, zənglərə cavab vermədiyi üçün DİN-nin 102 xidmətinə zəng eləmiş və cavabdehdən şikayət etmişdir. Onu polis bölməsinə dəvət edib, izahatını almışlar, cavabdehi 2024-cü ilin sentyabr ayının 9-na kimi tapa bilmədikləri üçün o vaxta kimi Bakıda kirayədə qalmış və yenə də onun 180 manat pulu çıxmışdır. Sonra cavabdehlə görüşəndən sonra ona pulunu hər ay hissə-hissə ödəyəcəyini dediyi üçün evə qayıtmış, cavabdeh onun pulunu vermədiyi üçün 2025-ci ilin fevral 09-da yenidən Bakıya getmiş, fevral ayının 13-nə kimi yenə də Bakıda qalmış və 4 günə 80 manat xərci çıxmışdır. Həmçinin o, Lənkərandan Bakı şəhərinə getmək üçün və Bakı şəhərində olarkən cavabdehin axtarışı zamanı taksilərə ümumilikdə 300 manat pulu çıxmışdır. Odur ki, o hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə, hazırki iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən bu iddianı təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda iddia tələbi təmin edilməməlidir. Beləliklə məhkəmə, iddiaçı tərəfindən iddia tələbini təmin olunması üçün əsas ola biləcək hər hansı bir sübut məhkəməyə təqdim olunmamasını əsas götürərək və iddia tələbinin sübutetmə vəzifəsinin iddiaçının vəzifəsi olduğu barədə mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

Nəticə hissəsi:

Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar