Məhkəmə qərarları › İş №e-2(075)-1387/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1387/2023

19.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1387/2023 19.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəriyəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 onun müalicəsi üçün başqalarından borca aldığı 46.000 (qırx altı min) manat məbləğində pulun ondan alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 29 iyun 2008-ci il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində rəsmi nikah bağlamaqla ailə qurmuş və 2022-ci ilədək bir ailədə ər-arvad kimi yaşamış, birgə nikahlarından iki oğul və bir qız övladları anadan olmuşdur. Cavabdehlə nikahda olduqları dövrdə normal ailə münasibətləri ilə yaşamaqla onun və övladlarının hər gür qayğısına qalmış, ailəsi ilə normal şərait yaratmışdır. Lakin onun ailə başçısı kimi hər cür qayğısını qiymətləndirməyən Cavabdeh nümunəvi ailə münasibətlərini getdikcə pisləşdirməyə başlamış, o bu vəziyyətə uzun müddət dözərək ailə münasibətlərini bərpa etməyə çalışsa da bu nəticə verməmiş, bir ailədə ər-arvad kimi yaşamaqları mümkünsüz olmuş və cavabdehin özünün iddiası əsasında nikaharı Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə birgə nikahları dövründə, yəni 2019-cu ilin yaz fəsli başlayanda onda müntəzəm olaraq kəskin baş ağrıları başlamışdı, bu səbəbdən də onun səhhəti, əhvali-ruhiyyəsi getdikcə pisləşirdi. O həyat yoldaşı, ailə başçısı, insan kimi cavabdehin bu vəziyyəti barədə Azərbaycanda aidiyyəti poliklinikaya və xəstəxanaya müraciət etməyi məqsədǝmüvafiq hesab etməmiş və uçota aldırmamışdır, eyni zamanda tanış həkim yoldaşlar cavabdehin baş ağrılarını İsrail dövlətində və ya Türkiyə Respublikasında bu sahə üzrə daha savadlı həkimlərin olduqlarını bildirərək, müalicə etdirməsini məsləhət bilmişlər. Həmin vaxt maddi imkanı zəif olduğuna görə tanışı Şəki şəhər sakini Cəfər Ağanıyevdən xahiş edərək borca 26.000 (iyirmi altı min) manat, digər tanışı Bakı şəhər sakini Marat Tağızadədən isə 20000 (iyirmi min) manat məbləğində borca pul almış və 2019-cu ilin aprel ayında cavabdehi birinci dəfə İsrailə, iyul ayında isə Türkiyə Respublikasına aparmış, birinci dəfə bir ay, ikinci dəfə isə təxminən üç ay onu hər iki ölkədə müalicə etdrimiş, hər iki ölkədə müalicə xərclərini, üstəlik dava-dərman, yemək, yaşamaq xərclərini, həmin ölkələrə gedib-gəlmək üçün yol xərclərini ödəmişdir. Borca pul aldığı tanışlarının hər ikisi pulu ona 6 ay müddətinə vermişdilər. Cavabdeh özü də söz vermişdir ki, onu müalicə etdirəndən sonra bu müddət ərzində birlikdə düzəldib borclarını qaytaracaq. Lakin müalicə olunub sağaldıqdan sonra cavabdeh heç bir köməklik göstərmədiyinə görə, o isə əlinə gələn vəsaiti ailənin ümumi problemlərinə sərf etdiyinə görə anışdıqları vaxtda tanışları Cəfər Ağanıyevdən və Marat Tağızadədən aldığı cəmi 46000 manat məbləğində borclarını qaytara bilməmişdir. Həmin şəxslər ona borca verdikləri pullarını bu gün də tələb edir, onu məhkəməyə, polisə verəcəkləri ilə hədələyir, telefonla zəng edir, evinə gəlir, səs-küy salırlar, rahatlığını əlindən almışlar. Cavabdeh isə ər-arvad olduqları vaxt onun hər cür qayğısına qaldığına, borca pul alıb onu başqa dövlətə aparıb müalicə etdirərək sağaltdırmağına heç bir dəyər verməmiş, ona qarşı bu cür münasibətini qiymətləndirməmiş, ailələrinin dağılmasına səbəb olmuşdur. Halbu ki, cavabdeh həmin vaxt baş ağrılarından dura bilmir, onu müalicəyə aparmağını ara vermədən xahiş edir, yalvarır, borcu qaytarmağa kömək edəcəyinə söz verirdi. O yalnız 1000 (bir min) manatdan bir qədər artıq əmək haqqı almaqla cavabdehlǝ birgə nikahlarından anadan olmuş üç azyaşlı uşaqlarının qayğısına qalır, həm də onlara hər ayda 330 manat məbləğində aliment ödəyir, özünün, valideynlərinin yaşamaları üçün hər ayda xeyli vəsait xərcləməli olur, cavabdeh Zəminə Abdülhəmidova isə birgə nikahları dövründə onun köməkliyi ilə düzəldiyi işdə işləməklə kifayət qədər əmək haqqı alır və qazanc əldə edir, maddi cəhətdən heç bir çətinlik çəkmir. Buna baxmayaraq dəfələrlə o ondan müalicəsi üçün özünün də tanıdığı Cəfər adlı şəxsdən və tanımadığı Marat adlı şəxsdən borca aldığı cəmi 46000 manatı könüllü olaraq qaytarmağını xahiş etsə də bundan qəti imtina edir, həmin borcu onun özünün qaytarmalı olduğunu çox insafsızcasına və heç bir məsuliyyat hiss etmədən bildirir, bununla da onun hüququnu pozur. Ona görə də məcburiyyət qarşısında məhkəmədə hazırkı iddianı qaldırmaqda özünü haqlı sayaraq məhkəmə müdafiəsi hüququndan istifadə etməli olmuşduur. Hazırda cavabdeh onun borca pul alıb müalicə etdirməyinin nəticəsində sağlamdır, nikahlarının pozulmaqla onlar ayrıayrı yad adamlarıq. Digər bir tərəfdən nikahda olsa da həmin dövrdə belə qanunla onun qarşısında onu həmin xəstəlikdən müalicə etdirməyə borclu olmağı barədə heç bir öhdəliyi olmamışdır, bu barədə aralarında heç bir müqavilə, saziş olmamışdır. Ona görə də cavabdeh onun müalicəsinə xərclənmiş yuxarıda göstərilən məbləğdə pulu könüllü olaraq qaytarmaqdan imtina etdiyindən bu məbləğ ondan məhkəmə qaydasında tutulmalıdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsini müdafiə edərək bildirdi ki, İddiaçı cavabdehlə 29 iyun 2008-ci il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Onların birgə nikah dövründə cavabdehin başında ağrılar yaranmışdır. İddiaçı yoldaşını müalicə etdirmək üçün xarici ölkələrə aparmaq qərarına gəlmişdir. Bunun üçün iddiaçı Cəfər və Marat adlı şəxslərdən 46000 manat məbləğində borc pul almışdır. Borcu Cəfərdən 2019-cu ilin aprel ayında, Maratdan isə mart ayında almışdır. Müalicədən sonraq borclarını qaytaracağına söz vermişdir. Onun müalicəsi üçün xərclədiyi 46000 manat məbləğində pulu ondan dəfələrlə qaytarmasını tələb etsə də, o bundan imtina etmişdir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, iddianı qəbul etmir. Qarşı tərəfin tələb etdiyi borcun necə və haradan yaranması barədə Cavabdeh heç bir məlumatı yoxdur. Ümumiyyətlə bələ bir borcun mövculuğuna inanmırlar. Hər iki tərəfin imkanları olduqca yaxşı olub. Onların belə bir borcun alınmasına ehtiyyacları yoxdur. Bundan başqa iddiaçı həmin pulun cavabdehin xarici ölkələrdə müalicəsi üçün xərclədiyini və bunun üçün 2 ay müddətinə İsrailə və Türkiyəyə getdiklərini bildirir. Lakin Cavabdeh xarici pasportunun surətindəndə aydın olur ki, o 16 aprel 2019-cu il tarixdən 23 aprel 2019-cu il tarixədək xaricdə olmuşdur. Buda iddianın əsassız olduğunu sübut edən dəlillərdən biridir. Bundan əlavə qarşı tərəf Cavabdeh müalicə alması ilə bağlı və yaxud xəstəliyinin olması ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X5 izahat verərək bildirdi ki, qızının baş ağrıları hələdə davam edir. Lakin onun başqa bir xətsəliyi yoxdur. İsrailə müalicə üçün yox, ziyarətgaha and içmək üçün getmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Azad onun qohumudur. Yoldaşının baş ağrıları olduğundan xarici ölkədə müalicə olunması üçün 40-50 min məbləğində borc istəmişdir. Bundan sonra ona 2019-cu ilin aprel ayında bir il müddətinə 26000 manat məbləğində borc vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Azad onun dostudur. Onu 2007-ci il tarixdən tanıyır. 2019-cu ilin mart ayında ona yoldaşında xəstəlik olduğunu və xaric aparmalı olduğunu bildirmişdir. Bunun üçün ondan borc istəmiş və o da 20000 manat məbləğindən borc vermişdir. Borcu 4-5 aya qaytaracağını bildirmişdir. Lakin bugünə kimi borcundan heç bir ödəniş etməmişdir. İşin halları İş materiallarına əlavə edilmiş Cavabdeh xarici pasportunun surətindən görünür ki, o, 16 aprel 2023-cü il tarixdə İsrail dövlətinə getmiş və 23 aprel 2023-cü il tarixdə qayıtmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı xarici pasportunun surətindən görünür ki, o, 16 aprel 2023-cü il tarixdə İsrail dövlətinə getmiş və 23 aprel 2023-cü il tarixdə qayıtmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. 33.1-ci maddəsinə əsasən ər arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.2-ci maddəsinə əsasən Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının tanışları olan şahidlər tərəfindən iddiaçıya cavabdehin müalicəsi üçün borc verdiklərini bildirsələr də, həmin pulun iddiaçıya verilməsiə dair borc müqaviləsinin bağlandığını və cavabdehə 26000 manat və 20000 manat məbləğində pulun borc kimi verildiyini, eləcə də cavabdehin hal-hazırda onlara borcu olduğunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişlər. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Bundan başqa, iddiaçı 46.000 (qırx altı min) manat məbləğində pulun birgə nikah dövründə cavabdehin müalicə xərclərinə xərcləndiyini bildirir. Qanunun şərh olunan müddəalarına görə bu xüsusat iddiaçı tərəfindən sübut edilməlidir. İddiaçı tərəf qeyd edilən məbləğdə pulun iddiaçının müalicəsinə sərf edilməsinə dair heç bir sübut (ödəmə qəbzləri, tibbi müayinələr, dərman vəsaitlərinin alınmasına dair çeklər və.s) iddia ərizəsinə əlavə edilməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının 46.000 (qırx altı min) manat pulun cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddiası əsaslı hesab edilə bilməz. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X2 qarşı onun müalicəsi üçün başqalarından borca aldığı 46.000 (qırx altı min) manat məbləğində pulun alınıb ona ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu İddiaçınnun özünə aid edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh X2 qarşı onun müalicəsi üçün başqalarından borca aldığı 46.000 (qırx altı min) manat məbləğində pulun alınıb ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar