Məhkəmə qərarları › İş №e-2(075)-1401/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1401/2022

03.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1401/2022 03.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Oba Market” MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh 8268.31 manat borcun, ilkin mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində haqqın və dövlət rüsumu kimi ödənilmiş 53 manat məblğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2018-ci il tarixli 545-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və iddiaçı təşkilatla cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. xx.xx.2020-ci il tarixli, 131 saylı əmrlə isə Cavabdeh işdən azad edilmişdir. xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə “Oba Şəki 1” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya yoxlamaları nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, bununla əlaqədar tərtib edilmiş eyni tarixli “İnventarizasiya nəticələrinə dair” akta əsasən zərərin ümumilikdə 11385,88 manat məbləğində olduğu məlum olmuşdur. Dəymiş ziyanın 3117.57 manat hissəsi şirkət tərəfindən güzəşt edilmiş, Cavabdeh İddiaçı MMC-yə ümumi qalıq borc məbləği 8268.31 manat təşkil etmişdir. Uzun müddət keçməsinə baxmayaraq sözügedən borc öhdəliyi cavabdeh tərəfindən icra edilməmişdir. Odur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı MMC nümayəndəsi X1 məhkəməyə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Eyni zamanda məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki iclasda iştirak edən İddiaçı MMC nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərərk iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh satıcıkassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2018-ci il tarixli 545-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və iddiaçı təşkilatla cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. xx.xx.2020-ci il tarixli, 131 saylı əmrlə isə Cavabdeh işdən azad edilmişdir. xx.xx.2019-cui il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə “Oba Şəki 1” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya yoxlamaları nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmişdir. Vurulmuş zərərin ümumi məbləği 11385,88 manat olmuş, həmin zərərin 3117.57 manat hissəsi şirkət tərəfindən güzəşt edilmiş, yekun olaraq Cavabdeh İddiaçı MMC-yə 8268.31 manat məbləğində borcu qalmışdır. Ona görə də, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh həmin tarixdə 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə «OBA MARKET” MMC-yə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2018-ci il tarixli, 545-K saylı əmrdən çıxarışdan və əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh həmin tarixdə «OBA MARKET” MMC-yə administrator vəzifəsinə keçirilmişdir. «OBA MARKET” MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Cavabdeh «OBA MARKET” MMCdən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi tam maddi məsuliyyəti ilə üzərinə götürür. Eyni zamanda ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı, ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir. xx.xx.2020-ci il tarixli, 131 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh həmin tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İnventarizasiya yoxlamalarına dair İddiaçı MMC tərəfindən tərtib edilmiş aktlardan görünür ki, Cavabdeh İddiaçı MMC-yə 11385,88 manat çatışmazlığının olması müəyyən edilmişdir. Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 30 iyul 2022-ci il tarixli, MŞŞ/1/-00059 nömrəli ilkin müdiasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiyasında iştirak etmiş, mediasiya xərci olan 50 manat tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması (vaxtında icra edilməməsi, mallrda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu madəsinin 1-ci bəndinin a) yarımbəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyalarının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Göründüyü kimi Cavabdeh «Oba Market” MMC tərəfindən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməsi, ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalması, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmaması, ziyankarlığa qarşı mübarizə aparması, ona etibar edilmiş maddi sərvətərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparması üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh İddiaçı MMC tərəfindən ona etibar edilmiş maddi sərvətlərdən mal çatışmazlığının olması xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli inventarizasiya yoxlamasına dair tərtib edilmiş aktlar da təsdiq edilmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməməklə və iddia ərizəsinə etiraz göndərməməklə həmin aktları və məbləğləri mübahisələndirməmişdir. Həmin aktlar üzrə Cavabdeh İddiaçı MMC qarşısındakı mal çatışmazlığının 11385,88 manat olmasına baxmayaraq iddiaçı təşkilat tərəfindən ümumi dövriyyəni nəzərə alınaraq cavabdehə 3117.57 manat güzəşt tətbiq olunmuş və həmin inventarizasiyanın nəticəsi üzrə cavabdehin iddiaçı təşkilata qalıq borc məbləğinin isə 8268.31 manat təşkil etməsi müəyyən edilmişdir. Odur ki, iddiaçı həmin məbləğin cavabdehdən alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 8268.31 manat ziyan məbləği, mediasiya xərci üçün ödənilmiş 50 manat və ödənilmiş 53 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 8268.31 manat ziyan məbləği, mediasiya xərci üçün ödənilmiş 50 manat və 53 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar