Məhkəmə qərarları › İş №e-2(075)-1409/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1409/2025

07.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1409/2025 07.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şəki Regional “ASAN“ xidmət mərkəzində notariat ofisinə qarşı “miras əmlakının faktiki qəbul edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddia tələbi, onunla bağlı izahat və etirazlar: İddiaçı cavabdeh Şəki Regional “ASAN“ xidmət mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 iyun 2000-ci tarixdə Şəki rayonu Qozlubulaq kəndində ölmüş Hacıyeva Münəvvər Bəybala qızından miras qalmış Şəki rayonu Qozlubulaq kəndində yerləşən 1.84 ha torpaq sahəsi üzərində miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək 04 iyun 2000-ci tarixdə Şəki rayonu Qozlubulaq kəndində ölmüş nənəsi Hacıyeva Münəvvər Bəybala qızından miras qalmış Şəki rayonu Qozlubulaq kəndində yerləşən 1.84 ha torpaq sahəsini faktiki qəbul etməsi və əmlak üzərində miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, X14 Xidmət Mərkəzində notariat ofisinə müraciət edərək, mərhum nənəsi Hacıyeva Münəvvər Bəybala qızından qalmış miras əmlakdan ona çatası paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. X14 Xidmət Mərkəzində Notariat Ofisinin 01 may 2022-ci il tarixli qərarı ilə iddiaçının ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. İmtinaya əsas kimi göstərilmişdir ki, miras qoyan şəxslərin qohumluq əlaqəsinin müəyyən edilməsi məqsədi ilə miras qoyanın qızı X2 doğumu barədə məlumat elektron notariat informasiya sistemində aşkar edilməmişdir. Dövlət Arxivinin Şəki filialına verilən sorğuya cavab verilmiş və Hacıyeva Təbiyət Müslət qızının doğumu barədə akt qeydi aşkar edilməmişdir. İddiaçı doğum haqqında şəhadətnaməsində ana qrafasında anasının soyad ad və ata adı ilə Hacıyeva Təbiyət Müslət qızının ölüm haqqında şəhadətnaməsində yazılan soyad ad və ata adı uyğunsulzulğu aşkar edilmişdir. Belə olan halda miras qoyan şəxslə qohumluq əlaqələrinin müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin İddiaçı Hacıyeva Münəvvər Bəybala qızından qalmış miras əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə olan halda notariat hərəkətlərinin aparılması mümkün deyildir. Və bundan imtina edilmişdir. Bundan sonra o, ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxxx 1956cı il tarixdə anadan olmuş Əhmədova (Cəfərova) Reyhan Cəfər qızı ilə 08 may 1993-cü il tarixdə ölmüş Hacıyeva Təbiyət Müslət qızının (anası) və 04 iyun 2000-ci il tarixdə ölmüş Hacıyeva Münəvvər Bəybala qızının (nənəsi) qohum olmaları faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli 2(075)-172/2025 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, xx xxxxxxx 1956-cı il tarixdə anadan olmuş Əhmədova (Cəfərova) Reyhan Cəfər qızı ilə 08 may 1993-cü il tarixdə ölmüş Hacıyeva Təbiyət Müslət qızının (anası) və 04 iyun 2000-ci il tarixdə ölmüş Hacıyeva Münəvvər Bəybala qızının (nənəsi) qohum olmaları faktı müəyyən edilmişdir. Bundan sonra X14 Xidmət Mərkəzində notariat ofisinə müraciət edərək, mərhum nənəsi Hacıyeva Münəvvər Bəybala qızından qalmış miras əmlakdan ona çatası paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. X14 Xidmət Mərkəzində Notariat ofisinə müraciət edərək, yenə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. X14 Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli qərarı ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Əsas kimi qeyd edilmişdir ki, o, mirasın açıldığı andan nə ərizə, nə də faktiki olaraq mirası qəbul etməmişdir. Qanunla müəyyən edilmiş müddət ötürülmüş, mirasın açıldığı vaxtdan altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Bu əsasla ona imtina verilmişdir. Hacıyeva Münəvvər Bəybala qızının mülkiyyətinə JN0033, KOD40412028 nömrəli Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Şəki rayon aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli 59 nömrəli qərarı ilə 1.84 kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Mərhum Hacıyeva Münəvvər Bəybala qızından miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. Məhz buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək bildirdi ki, anası 08 may 1993-cü ildə, nənəsi 04 iyun 2000-ci ildə vəfat etmişdir. Anasından başqa nənəsinin övladı olmamışdır. Nənəsinin ölümündən sonra yeganə vərəsədir. Sözü gedən Şəki rayonu Qozlubulaq kəndində yerləşən 1.84 ha torpaq sahəsi onun istifadəsindədir. O, həmin torpaq sahəsini nənəsinin sağlığından istifadə edir. O, mirası faktiki olaraq qəbul etmişdir. Həmin torpaq sahəsini icarəyə verir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Şəki Regional “ASAN“ xidmət mərkəzində notariat ofisinə məhkəmə bildirişi göndərilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıdakı sübutlara istinad edir: İş materiallarında olan: - Torpağa mülkiyyət hüququna dair JN-0033 nömrəli KOD: 40412028 dövlət aktından görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarı ilə çizgidə göstərilən sərhəd daxilində 1.84 ha torpaq sahəsi Şəki rayonu Qozlubulaq kənd sakini X1 mülkiyyətinə verilmişdir. - Şəki rayonu Cəyirli kənd icra nümayəndəliyi tərəfindən verilmiş 08 iyun 2000-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 04 iyun 2000-ci il tarixdə vəfat etmişdir. - Şəki rayonu Cəyirli kənd icra nümayəndəliyi tərəfindən verilmiş 15 iyun 1993-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 08 may 1993-cü il tarixdə vəfat etmişdir. - Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin notariat hərəkətinin aparılmasından imtina haqqında 01 may 2022-ci il tarixli və 18 aprel 2025-ci il tarixli qərarlarından görünür ki, İddiaçı ərizəsi əsasında qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və faktiki qəbul ilə b ağlı mötəbər sübutlar olmadığından qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. - Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin notariat hərəkətinin aparılmasından imtina haqqında 01 may 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında miras qoyan şəxslə qohumluq əlaqələrinin müəyyən edilə bilmədiyindən, qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və faktiki qəbul ilə bağlı mötəbər sübutlar olmadığından qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. - Şəki Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli 2(075)-172/2025 saylı qətnaməsi ilə 08 may 1993-cü il tarixdə ölmüş X2 xx xxxxxxx 1956-cı il tarixdə doğulmuş İddiaçı anası və 04 iyun 2000-ci il tarixdə ölmüş X1 xx xxxxxxx 1956-cı il tarixdə doğulmuş İddiaçı nənəsi olması hüquqi faktı müəyyən edilmişdir. - Şəki rayonu Cəyirli kənd icra nümayəndəliyi tərəfindən verilmiş 27 sentyabr 2011ci il tarixli vərəsəliyə dair arayışdan görünür ki, X3 04 iyun 2000-ci il tarixdə vəfat etmiş, onun vərəsəsi qız nəvəsi Cabbarova (Əhmədova) Reyhan Cəfər qızıdır. - Şəki rayon qeydiyyat şöbəsinin 12 avqust 2025-ci il tarixli məktubundan görünür ki, “Vətəndaş vəziyyəti aktları” avtomatlaşıdırlmış qeydiyyat informasiya sistemində X1 ailə üzvləri barədə məlumat aşkar edilməmişdir. - Şəki Regional “ASAN“ xidmət mərkəzində notariat ofisinin 11 avqust 2025-ci il tarixli məktubundan görünür ki, “Elektron notariat” avtomatlaşıdırlmış informasiya sistemində X1 adına vərəsəlik işi barədə məlumat aşkar edilməmişdir. - Dövlət Notariat Arxivinin 20 avqust 2025-ci il tarixli məktubundan görünür ki, X1 adına vərəsəlik işi barədə məlumat aşkar edilməmişdir. Şahid qismində məhkəmə iclasında dindidirlmiş X13 ifadəsində göstərdi ki, ərizəçini tanıyır. Onların yaşadığı Şəki rayonu Qozlubulaq kəndində qonşuları olmuşdur. Nənəsi Münəvvər xaladan miras qalan kənddə yerləşən torpaq sahəsi İddiaçı istifadəsindədir və ondan başqa ailə üzvü yoxdur. Şahid qismində məhkəmə iclasında dindidirlmiş X7 ifadəsində göstərdi ki, ərizəçini tanıyır. O, qonşulları olmuşdur. Anası rəhmətlik Təbiyət xala və nənəsi Münəvvər xalanı tanımışdır. Nənədən miras qalan torpaq sahəsi ərizəçinin istifadəsindədir. Şahid qismində məhkəmə iclasında dindidirlmiş X9 ifadəsində göstərdi ki, ərizəçi onun əmisi qızıdır. X5 Şəki rayonu Qozlubulaq kəndində torpaq miras qalmışdır. Həmin torpaq sahəsini 2000-ci illərdə icarəyə götürmüşdür. Orada 2 il ərzində taxıl bitkiləri əkmişdir. Nənəsinin vəfatından sonra həmişədən torpaq sahəsinə İddiaçı sahiblik etmişdir. Hazırda sözügedən torpaq sahəsini onun qardaşı işlədir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı, miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Lakin məhkəmə tərəfindən ilk növbədə iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Məhkəmənin icraatında olan hazırkı mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan Hacıyeva Münəvvər Bəybala qızı 04 iyun 2000-ci tarixdə vəfat etdiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası 11 sentyabr 1964-cü il tarixli Mülki Məcəlləsi tətbiq edilməlidir. Azərbaycan Respublikası 11 sentyabr 1964-cü il tarixli Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən - Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Mirasın qəbulu elə hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddətdə mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakı sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmənin mövqeyi: Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək, qeyd edilən normativ hüquqi aktları, məhkəmə təcrübəsini rəhbər tutaraq hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, işin mübahisəsiz halıdır ki, X3 iddiaçının nənəsidir. X4 ərizəçinin anasıdır. Anası 08 may 1993-cü il tarixdə vəfat etmişdir. İddiaçının anasının ölümündən sonra iddiaçının nənəsi Şəki rayonu Qozlubulaq kəndində yerləşən 1.84 ha torpaq sahəsinə mülkiyyət hüququnu Şəki rayon aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli 59 nömrəli qərarı ilə əldə etmişdir. Nənəsi 04 iyun 2000-ci il tarixdə vəfat etmişdir. Sonuncunun ölümündən sonra da miras qalan torpaq sahəsi yeganə vərəsə kimi İddiaçı Əhməd qızı tərəfindən faktiki qəbul edilmişdir. Nənəsi vəfat etdiyi zaman anası ondan əvvəl ölmüşdür. Məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, iddiaçı mərhum nənəsinin yeganə vərəsəsidir. İddiaçı tərəfindən qəbul edilmiş miras əmlakı vərəsəlik açıldığı vaxtdan ona məxsus hesab olunduğundan həmin əmlaka miras payı tanınmalıdır. Hazırda ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 77, 119, 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. 04 iyun 2000-ci tarixdə Şəki rayonu Qozlubulaq kəndində ölmüş nənəsi Hacıyeva Münəvvər Bəybala qızından miras qalmış Şəki rayonu Qozlubulaq kəndində yerləşən 1.84 ha torpaq sahəsi İddiaçı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin və həmin əmlaka İddiaçı miras payı tanınsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar