Məhkəmə qərarları › İş №e-2(075)-144/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-144/2025

02.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-144/2025 02.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki şəhəri A.Cuma küçəsi 25-də qeydiyyatda olan Cavabdeh 15847 (on beş min səkkiz yüz qırx yeddi) manat məbləğində əsas borcun və əvvəlcədən ödənilmiş 137.54 manat (bir yüz otuz yeddi manat 54 qəpik) dövlət rüsumunun, cəmi 15984.54 manat (on beş min doqquz yüz səksən dörd manat 54 qəpik) pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(075)-2/2024 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, cəza çəkməsinin başlanğıcının 16 fevral 2024-cü il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxs (mülki iddiaçı) İddiaçı mülki iddiasının baxılmamış saxlanılması, İddiaçı tərəfindən mülki iddianın verilməsi üçün ödənilmiş 137.54 manat məbləğində dövlət rüsumunun ona qaytarılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(107)-229/2024 saylı qərarı ilə təqsirləndirilən şəxs Cavabdeh müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 1(075)-2/2024 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə təqsirləndirilən şəxs Cavabdeh ayrı-ayrı vaxtlarda ittiham aktında qeyd edildiyi kimi etibardan sui-istifadə etməklə və aldatma yolu ilə Koreya Respublikasından “Hyundai-İX35” markalı avtomobil gətirəcəyi vədi və sonrakı tarixlərdə cərəyan edən proseslərlə bağlı xx.xx.2022-ci il tarixdə 10000 manat, xx.xx.2022-ci il tarixdə 10000 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixlərdə birbaşa və ya dolayısı ilə pul vəsaiti götürmüşdür. Sözügedən vəsaitlərin götürülməsi iş materialları, tərəflərin izahatı və ittiham aktı ilə sübut olunur və mübahisəsizdir. Baş vermiş bu əmələ görə Şəki şəhəri A.Cuma küçəsi 23-də qeydiyyatda olan Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə o, zərərçəkmiş şəxs qismində tanınmışdır. İş üzrə təqsirləndirilən şəxs Cavabdeh verilmiş yuxarıda qeyd olunan vəsaitlərin bir qismi bankdan ailə üzvlərinin hesabına aldığı kreditlərlə ödənilmişdir və hazırda da həmin kreditlər üzrə ödəniş aparır. Ona görə də Cavabdeh cinayət əməli nəticəsində ona 35847 manat həcmində maddi ziyan dəymiş, onun bir qismi ayrı-ayrı vaxtlarda, o cümlədən 7000 manat, 4000 manat, 3000 manat, 6000 manat olmaqla, 20000 manat ödənildiyindən hazırda maddi ziyanın qalıq məbləği 15847 manat təşkil edir. Belə ki, Cavabdeh cinayət əməlli nəticəsində mənə 35847 manat həcmində maddi ziyanın yaranma mənbəyi aşağıdakı kimi olmuşdur: - Birinci dəfə Cavabdeh xx.xx.2022-ci il tarixdə qardaşı X4 vasitəsilə aldığı 10000 manat qardaşı X4 ilə Azərbaycan Beynəlxalq Bankı ASC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli BPM**********89 saylı kredit müqaviləsi hesabına verilmişdir. Sözügedən müqavilənin mart ayından oktyabr ayınadək zərərin bir qismini ödədiyindən bankın kredit üzrə hesabladığı və ona ödətdirdiyi 807 manat faiz borcu hazırkı mübahisənin təsir dairəsinə düşür. Eyni zamanda Cavabdeh X4 vasitəsilə aldığı 10000 manat vəsait tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 02-03-22 saylı beh müqaviləsi ilə verilmişdir. Həmin müqavilənin 2-ci bəndinə tərəflər imperatif qaydada razılaşmışdırlar ki, Cavabdeh müqavilə şərtlərini icra etmədiyi halda ona ödənişin 10000 manat behin 2 qatı məbləğində vəsait tərəfə ödənilməlidir. İş materiallarından da göründüyü kimi Cavabdeh aldatma yolu ilə 10000 manat məbləği götürməsinə əsas olmuş xx.xx.2022-ci il tarixli beh müqaviləsinin şərtlərini yerinə yetirmədiyindən əsas məbləğlə bərabər əlavə 10000 manat ödəməlidir. Beləliklə, xx.xx.2022-ci il tarixlə bağlı epizodda Cavabdeh ona beh müqaviləsi ilə ondan aldığı 10000 manatı, həmin müqavilənin 2-ci bəndinə əsasən 10000 manatı, tərəfindən pulun verilməsi üçün bankdan alınmış xx.xx.2021-ci il tarixli BPM**********89 saylı kredit müqaviləsinin mart ayından oktyabr ayına kimi ödədiyi 807 manat faiz borcu, cəmi 20807 manat zərəri ödəməlidir. - İkinci dəfə Cavabdeh xx.xx.2022-ci il tarixdə birbaşa ondan aldığı 10000 manat tərəflər arasında Bakı 19 saylı notariat ofisində bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən verilmişdir. Sözügedən müqavilənin təsdiq edilməsi və sənədləşmə işləri üçün dövlət rüsumu olaraq cəmi 150 manat tərəfindən ödənilmişdir. Beləliklə xx.xx.2022-ci il tarixlə bağlı epizodda Cavabdeh notariat qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən 10000 manatı və həmin müqavilənin təsdiq edilməsi ilə bağlı dövlət rüsumlarının əvəzi olaraq 150 manat, cəmi 10150 manat zərəri ödəməlidir. - Üçüncü dəfə Cavabdeh xx.xx.2022-ci il tarixdə bir başa ondan aldığı (terminal vasitəsilə) 300 manat icarə adı altında aldatmışdır. Ona görə də xx.xx.2022-ci il tarixlə bağlı epizodda Cavabdeh 300 manat zərəri ödəməlidir. - Dördüncü dəfə Cavabdeh xx.xx.2022-ci il tarixdə aldığı 4000 manat anam X2 ilə Uni Bankı KB ASC ilə bağlanılmış xx.xx.2021-ci il tarixli 1803nkSHEKb/21 saylı kredit müqaviləsi hesabına verilmişdir. Sözügedən müqavilənin mart ayından oktyabr ayınadək zərərin bir qismini ödədiyindən bankın kredit üzrə hesabladığı və ona ödətdirdiyi 590 manat faiz borcu hazırkı mübahisənin təsir dairəsinə düşür. Beləliklə, xx.xx.2022-ci il tarixlə bağlı epizodda Cavabdeh məndən aldığı 4000 manatı, tərəfindən pulun verilməsi üçün bankdan alınmış xx.xx.2021-ci il tarixli 1803nkSHEKb/21 saylı kredit müqaviləsinin mart ayından oktyabr ayına kimi ödədiyi 590 manat faiz borcu, cəmi 4590 manat zərəri ödəməlidir. Nəticə etibarilə iş üzrə təqsirləndirilən şəxs Cavabdeh zərərçəkən şəxs kimi mənə birinci dəfə xx.xx.2022-ci il tarixli epizodla bağlı 20807 manat, ikinci dəfə xx.xx.2022-ci il tarixli epizodla bağlı 10150 manat, üçüncü dəfə xx.xx.2022-ci il tarixli epizodla bağlı 300 manat, dördüncü dəfə xx.xx.2022-ci il tarixli epizodla bağlı 4590 manat, ümumilikdə isə 35847 (otuz beş min səkkiz yüz qırx yeddi) manat vurduğu zərəri ödəməlidir. Keçən müddət ərzində isə Cavabdeh ayrı ayrı vaxtlarda 7000 manat, 4000 manat, 3000 manat, 6000 manat olmaqla, 20000 manat ödənilmişdir. Ödənilən vəsait yalnız birinci epizodda xx.xx.2022-ci il tarixldə Cavabdeh ona vurduğu 20807 manat hissəsini ödəmiş, həmin borcdan da bank faizi olan 807 manat qalıq olaraq qalmışdır, Beləliklə Cavabdeh mülki iddia qaydasında tələb olunan borc məbləği 15847 manat (35847 m – 20000 m = 15847) təşkil edir və həmin borcun içərisi aşağıdakılardan ibarətdir: 1. 807 manat (birinci dəfə xx.xx.2022-ci il tarixdəki epizodda olan 20807 manatın qalıq hissəsi (20807 m – 20000 m = 807 m)); 2. 10150 manat (ikinci dəfə xx.xx.2022-ci il tarixdəki epozodda olan borc məbləği); 3. 300 manat (üçüncü dəfə xx.xx.2022-ci il tarixdəki epozodda olan borc məbləği); 4. 4590 manat (dördüncü dəfə xx.xx.2022-ci il tarixdəki epozodda olan borc məbləği). nəticədə tələb olunan borc məbləği (dəymiş ziyan) 15847 manat (807 m + 10150 m + 300 m + 4590 m) təşkil edir. Hazırda mülki iddianın verilməsi üçün tələb olunan 137.54 manat dövlət rüsumu tərəfindən ödənilmişdir. Beləliklə 15847 manat əsas borc və 137.54 manat dövlət rüsumu Cavabdeh alınaraq ona ödənilməlidir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 izahat verərək bildirdi ki, beh müqaviləsi əsasında cavabdehə 10.000 manat pul verilmiş, həmin müqavilədə icra olunmadığı halda behin iki qat qaytarılması nəzərdə tutulmuşdur. Daha sonra onun vasitəsilə Anara 10.000 manat pul vermişlər. Bu borc müqaviləsi əsasında verilmişdir. Borc müqaviləsinin bağlanması üçün 115 manat rüsum ödənilmişdir. Daha sonra 4000 manat və 300 manat pul verilmişdir. Pulun 15.000 manat hissəsini bankdan kredit alaraq vermişlər. Həmin kreditin onlar pul Anarda olduğu müddətdə bank faizi 807 və 590 manat təşkil etmişdir. Anar bu puldan onlara 20.000 manat qaytarmışdır. Beh müqaviləsini pozduğu üçün verəcəyi 10.000 manat ödənilməmişdir. Beləliklə, 15812 manat borc yaranmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, iddiaçı ona 24300 manat pul vermişdir. Həmin puldan 20000 manatını özünə qaytarmışdır. Halhazırda cəzasın çəkir. İddianın 10000 manatla bağlı olan hissəsini ümumiyyətlə qəbul etir. Qalan nə ziyan çəkibsə əlindən gələni edəcəkdir ki, köməklik göstərsin. Sübutların tədqiqi: - Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(075)-2/2024 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, cəza çəkməsinin başlanğıcının 16 fevral 2024-cü il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxs (mülki iddiaçı) İddiaçı mülki iddiasının baxılmamış saxlanılması, İddiaçı tərəfindən mülki iddianın verilməsi üçün ödənilmiş 137.54 manat məbləğində dövlət rüsumunun ona qaytarılması qərara alınmışdır. - Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(107)-229/2024 saylı qərarı ilə təqsirləndirilən şəxs Cavabdeh müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 1(075)-2/2024 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı 10.000 manat pulu cavabdehə 28.06.202-ci il tarixdə qaytarmaq şərtilə vermişdir. Müqavilənin bağlanması üçün 115 manat rüsum ödənilmişdir. - xx.xx.2022-ci il tarixli daxili beh müqaviləsinə əsasən X4 ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli 02-03-22 saylı Beh müqaviləsindən görünür ki, Amil Alxaslı tərəfindən avtomobil alışı üçün 10.000 manat pul "xxxx" MMC-nin direktoru Cavabdeh ödənilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən müqavilə icra olunmadığı təqdirdə həmin məbləğin iki qatı X3 ödənilməlidir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Prosessual Məcəllənin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(075)-2/2024 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmdən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Həmin hökmə əsasən cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 24300 manat ziyan vurulduğu, həmin məbləğdən 20.000 manatının geri qaytarıldığı müəyyən edilmişdir. Hazırda iddiaçı beh müqaviləsi əsasında verilmiş 10.000 manat pulun əvəzinin, ödənilməmiş 4300 manatın, borc müqaviləsinin bağlanması üçün notariusa ödənilmiş 150 manatın və cavabdehə ödəniş edə bilmək üçün kredit götürməsi səbəbindən həmin kredit üçün ödədiyi 590 və 807 manatın ona ödənilməsini xahiş edir. Cavabdeh 4300 manat borcunun qaldığını etiraf edir. Beh müqaviləsi üçün 10.000 manatın geri qaytarılmasını qəbul etmir. Kredit üzrə faizlərin ödənilməsinə münasibətdə isə əgər onun təqsiri ucbatından ziyanlıq vurulubsa ödəyəcəyini bildirir. Mülki Məcəllənin 21.2-ci maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). İddiaçı tərəfindən cavabdehə ödənilmiş məbləğdən 4300 manatın ödənilməmiş qalması iş materialarına əlavə edilmiş məhkəmə hökmü və tərəflərin izahatları ilə təsdiq edilir. Məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi 150 manat notarial xərcin tutulması hissəsində də qismən əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş borc müqaviləsijndən görünür ki, iddiaçı tərəfindən 115 manat ödəniş edilmişdir. Belə olan halda həmin hissədə də iddia tələbi təmin edilməlidir. 590 manat və 807 manat banka ödənilmiş faiz borclarının tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin zərərin məhz cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması, cavabdehin həmin zərərin vurulmasında təqsirli olması öz təsdiqini tapmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin beh müqaviləsi üzrə 10.000 manatın tutulması hissəsinə münasibətdə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daxili beh müqaviləsindən görünür ki, müqavilə hüquqi şəxslə Amil Alxaslı arasında bağlanmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia cavab verməli olan şəxsə qarşı qaldırılmadığı kimi, iddia tələbi buna hüququ olmayan şəxs tərəfindən irəli sürülmüşdür. Belə olan halda iddia tələbi 10.000 manat beh məbləğinin qaytarılması hissəsində də təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 64,15 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4415 (dörd min dörd yüz on beş) manat pul və 64,15 (altmış dörd manat on beş qəpik) ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar