Məhkəmə qərarları › İş №e-2(075)-1469/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1469/2025

01.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1469/2025 01.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 1600 (bir min altı yüz) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36 (otuz altı) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə bir müddət bir yerdə işləmiş, onunla səmimi, möhkəm dostluq münasibətləri olmuşdur. Daha sonra cavabdeh maddi vəziyyətinin pis olduğunu, pula ehtiyacı olduğunu bildirmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə bankdan 3500 manat məbləğində kreditə pul vəsaiti götürmüş, xx.xx.2023-cü il tarixdə cavabdehə olan inam, etibarından dolayı ona ilkin olaraq 1200 manat məbləğində borc pul vermiş, daha sonra isə ayrı-ayrı vaxtlarda ona 400 manat məbləğində borc pul vermişdir. Sonuncu pulu "xxxx" MMC tərəfindən kredit götürməklə ona vermişdir. Cavabdeh tez bir zamanda borcunu qaytaracağını bildirsə də, verdiyi vədə əməl etməmiş, borcu qaytarmamış, ödəməkdən boyun qaçırmışdır. Borc məbləği ödənilmədiyi üçün iddiaçı dəfələrlə borcu ödəməsini tələb etsə də, cavabdeh heç bir əhəmiyyət verməmişdir. İddiaçı cavabdehin sözügedən hərəkətləri ilə bağlı DİN 102 xidmətinə zəng vuraraq şikayət etmiş, həmin şikayət üzrə araşdırma Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində aparılmışdır. Araşdırma zamanı cavabdeh təhqiqatçı tərəfindən polis bölməsinə çağırılsa da, ora gələrək izahat verməkdən boyun qaçırmışdır. AR DİN SŞPİ 1-ci Polis Bölməsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli, 581/2-X-2756 № li məktub ilə mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Odur ki, tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, bu danışıqlar heç bir fayda verməmiş, ona görə də iddiaçı tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 bildirmişdir ki, iddiaçı onun bacısıdır. İddiaçı ilə cavabdeh iki il birlikdə işləyiblər, onlar iş yoldaşı olublar. Aralarında yaranmış etibara əsasən iddiaçı cavabdehə borc pul verib, cavabdeh pulu qaytaracağını bildirsə də, pulu qaytarmamışdır. Nümayəndə əlavə etdi ki, borcun qaytarılması ilə bağlı şəxsən özü də cavabdelə telefon əlaqəsi saxlamış, cavabdeh puilu qaytaracağını bildirmişdir, hətta cavabdehin qardaşının arvadı da söz vermişdir ki, cavabdeh pulu qaytaracaq. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, onun cavabdehlə telefon əlaqəsi zamanı cavabdehin borcu qaytaracağını təsdiq edən sübut yoxdur, cavabdehin qardaşının arvadını məhkəmə iclasına şahid qismində dəvət edə bilməz, tərəflər arasında şəxsi münasibətlərin olması barədə onun məlumatı yoxdur. Nümayəndə sonda məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddiaçı cavabdehə hər hansı borc pul verməmişdir, iddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Əksinə cavabdeh ona pul vermişdir. Bundan başqa, iddiaçı ilə cavabdeh əvvəlcə iş yoldaşı olmuşlar, sonradan aralarında şəxsi münasibətlər yaranmış, cavabdeh bir müddət sonra iddiaçıdan ayrılmaq qərarına gəlmişdir. İddiaçı polisə müraciət etməmişdən öncə tərəflər arasında dəfələrlə sosial şəbəkədə yazışmalar olsa da, iddiaçı bir dəfə də olsun borcdan bəhs etməmişdir, yazışmaların məzmunu şəxsi xarakterli olmuşdur. Cavabdehin nümayəndəsi və vəkili məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İşin halları İş materiallarında olan: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli, 581/2-X-2756 № li məktubdan görünür ki, İddiaçı müraciətinə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsində baxılmış, müraciətdə heç bir hüquq pozuntusu və ya cinayət tərkibi aşkar edilmədiyindən toplanmış material PB-in dəftərxanasında işə alınmış, müraciətdə qeyd olunan xüsusatlar barədə mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququ qeyd edilmişdir. ********** nömrəli xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 416974*****6456 kartından 1200 manat məbləğində vəsait 524375*****4106 nömrəli karta mədaxil edilmişdir. **********4 nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ****1909 kartından 30 manat məbləğində vəsait ****4106 nömrəli karta mədaxil edilmişdir. Kartdan köçürmə adlı xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ***8522 nömrəli karda****4106 nömrəli karta 80 manat məbləğində vəsait köçürülmüşdür. Kredit məlumatları adlı qəbzdən görünür ki, xx.xx.2023-xx.xx.2027-ci illəri əhatə edən kredit müqaviləsi üzrə ödənilmiş ümumi borc məbləği 2.578,95 manat, ödənilməmiş borc məbləği 3.425,77 manat təşkil edir. Cavabdehin vəkilinin təqdim etdiyi sosial şəbəkədən əldə edilmiş çıxarışlardan görünür ki, İddiaçı istifadəsində olan mobil nömrələrdən Cavabdeh göndərdiyi xx.xx.2023cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli mətn məzmunlu mesajlarda hər hansı pul məbləğindən bəhs edilmir, mətnlərin məzmunu bir qayda olaraq şəxsi münasibətlər zəmnindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan, tərəflərin məhkəmə iclasında verdiyi izahat və iş materiallarında olan materiallardan müəyyən olunur ki, iddiaçı cavabdehə borc pul verməsinin təsdiq edən, iş üzrə tərəflər arasında borc münasibətlərini isbat edən hər mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi müxtəlif tarixli qəbzlərə əsasən vəsaitlərin kim tərəfindən kimin hesabına göndərilməsi, göndərilmiş vəsaitlərin hansı məqsədlə göndərilmiş olması, kredit müqaviləsinin tərəflərinin kimlərdən ibarət olması, həmin kreditin hansı səbəbdən əldə edilməsi məlum olmamaqla yanaşı, məhkəmə iclasında tədqiq edilmiş sosial şəbəkədəki yazışmalarda iddiaçının cavabdehdən pul məbləğini tələb etməsi müəyyən edilmir. Beləliklə, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, hazırki iddia üzrə tələb rədd edildiyindən ödənilmiş 36 (otuz altı) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar