Məhkəmə qərarları › İş №e-2(075)-149/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-149/2025

12.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-149/2025 12.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı5, X3, İddiaçı2, İddiaçı1, İddiaçı7, X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən və torpaq sahəsindən çıxarılma, evin və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçılar İddiaçı4, İddiaçı5, X3, İddiaçı2, İddiaçı1, İddiaçı7, X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən, mülkiyyətində olan, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş fərdi yaşayış evindən və 0.25 hektar həyətyanı torpaq sahəsindən cavabdehlərin çıxarılması, həmin evin və torpağın boşaldılaraq onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mülkiyyətlərində Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi mövcuddur. Göstərilən evə və həyətyanı torpaq sahəsinə xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış hazırlanmışdır. Həmin çıxarışda ev tam mülkiyyət hüququ ilə iddiaçılardan İddiaçı4 adına, 0.25 ha həyətyanı torpaq sahəsi isə ümumi birgə mülkiyyət kimi bütün iddiaçıların adına qeydiyyata alınmışdır. Bundan sonra ailə başçısı olan İddiaçı4 fərdi yaşayış evinin müvafiq hissələrini digər iddiaçılara hədiyyə vermişdir. Hal-hazırda həmin bağışlanma müqaviləsi əsasında İddiaçı4 adına çıxarış hazırlanmışdır. Digər iddiaçıların adına da çıxarışlar hazırlanır. Qeyd edilən ev və həyətyanı torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilərək istifadə olunur. Cavabdehlər həmin evdə ailə başçıları olan iddiaçılar İddiaçı4 və İddiaçı5 rahat yaşamalarına və digər iddiaçıların həmin evə gəlmələrinə imkan vermirlər. Dəfələrlə cavabdehlərə evdən və torpaq sahəsindən çıxmalarını təklif etsələr də onlar həmin evdən və torpaq sahəsindən çıxmırlar. Odur ki, qeyd edilənləri nəzərə alaraq həmin şəxslərin evdən və torpaq sahəsindən çıxarılmaları tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Ailənin 2 qız və 2 oğlan övladı olmaqla hər biri ailəlidir. Yalnız digər övladlardan fərqli olaraq Cavabdeh1 ailəsi ilə birlikdə iddiaçılara məxsus evdə yaşayır. İddiaçıların dediklərinə görə Cavabdeh1 və arvadı onları mülkiyyətlərində olan evə getməyə və ata-anasını görməyə, onlara qulluq etməyə icazə vermirlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 valideyinlərini təhqir edir və hədələyirlər. Xəstə anaya köməklik etmirlər. Hətta bir dəfə ana eyvandan yıxılaraq ayağı qırılmışdır. Həmin vaxt cavabdehlər nəinki ona yardım etməmişlər, əksinə onun fəryadını qonşuların eşitməməsi üçün televizorun səsini yüksəltmişlər. Cavabdehlərin həmin evdə yaşamalarına heç bir mənəvi, hüquqi və digər əsaslar mövcud deyil. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(075)-149/2025 saylı qərardadı ilə hazırkı iddia tələbinə iddiaçılar İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən, mülkiyyətlərində olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi” hissəsində xitam verilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh1 iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ailənin iki qız və iki oğlan övladı olmaqla hər biri ailəlidir. Yalnız digər övladlardan fərqli olaraq X2 ailəsi ilə birlikdə iddiaçılara məxsus evdə yaşayır. İddia ərizəsində qeyd edilənlərin hamısı boş cəfəngiyatlardır. Həmin sözügedən mübahisəli evdə doğulub boya-başa çatmış, hazırda da həmin evdə yaşayır. Həyat yoldaşı Cavabdeh2 ilə 2006-cı ildə qeyri-rəsmi ailə həyatı qurmuş və o, həmin mübahisəli evə gəlin gəlmişdir. Cavabdeh2 ilə 18 mart 2008-ci il tarixində Baş Kəldək kənd icra nümayəndəliyində nikahlarını rəsmiləşdirmiş və o, həmin evə pasport qeydiyyatına alınmışdır. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X9 adlı uşaqları olmuşdur. O, həyat yoldaşı və uşaqları həmin evdə qeydiyyatdadırlar. Valideyni onları evdən çıxarmaq istəməsi kənar təsirlərlə bağlıdır. Belə ki, o, özünə aid torpaq sahəsində dəfələrlə fərdi yaşayış evi tikdirmək istəmiş, hər dəfə də atası tərəfindən buna etiraz edilmişdir. Buna səbəb kimi də onun evin kiçik oğlu olmağı və buna ehtiyac olmadığını göstərmişdir. Birgə yaşadıqları dövrdə avtomobil, traktor, kotan, səpin aqreqatı almışlar. Xeyli sayda mal-qaraya baxmışlar. Hər il xeyli sayda mal-qara, qoyun-quzu yetişdirib satmış, ev tikintisi aparmış, bir sözlə birgə təsərrüfat aparmışlar. Bütün bunlarda onun və həyat yoldaşının zəhməti vardır. Lakin atası tərəfindən hazırkı iddianın qaldırılması kənar təsirlərin nəticəsidir. Hazırda isə onların ev tikmək üçün heç bir vəsaiti yoxdur. İddia təmin olunarsa, o və ailəsi çöldə yaşamaq məcburiyyətində qalacaqlar. Göründüyü kimi onun çıxarılmağı tələb edilən həmin sözügedən evə istifadə hüququ vardır. Digər cavabdeh – həyat yoldaşı Cavabdeh2 sözügedən həmin evdən çıxarılması hissəsində iddia tələbinin təmin edilməsi isə iki azyaşlı övladlarının analarından ayrı salınmasına, ana qayğısından ayrı yaşamasına səbəb olacaqdır ki, bu da yaşayış yeri valideynlərinin yanı olan azyaşlı uşaqların ailədə yaşamaq və tərbiyə almaq hüquqlarından məhrum olmasına səbəb olacaqdır. Bundan başqa hələ 2023-cü ilin axırlarında İddiaçı4 ona və həyat yoldaşı Cavabdeh2 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 22.025.2024-cü il tarixli 2(075)- 233/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Hazırda atası, anaSİ, bacı və qardaşları birləşərək ONA qarşı əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı4 qəsdən, qərəzli olaraq guya əvvəlki iddiadan fərqli tələb, tərəf və əsas üzrə iddia qaldırmaq məqsədilə torpaq sahəsinin və evin bir hissəsini digər bacı və qardaşlarına və anasına bağışlamışdır. Qanunun tələbindən də göründüyü kimi mülkiyyətçinin dəyişməsi istifadə hüququnun xitamına səbəb olmur. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Sübutların tədqiqi: İş materiallarında olan: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Şəki rayonu, Baş Kəldək kəndində yerləşən 110.8 kv.m. fərdi yaşayış evi İddiaçı4 xüsusi mülkiyyətindədir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********72-10301 nömrəli xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Şəki rayonu, Baş Kəldək kəndində yerləşən 110.8 kv.m. fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsi iddiaçılar İddiaçı4, İddiaçı5, X3, İddiaçı2, İddiaçı1, İddiaçı7, X1 xüsusi mülkiyyətindədir. - Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Kəldək Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 194 nömrəli arayışında qeyd edilir ki, Cavabdeh1 həqiqətən ailəsi ilə birgə atası İddiaçı4 məxsus Baş Kəldək kəndində olan fərdi yaşayış evində yaşamasına baxmayaraq 06 nömrəli təsərrüfatbaşına kitabın 86 nömrəli səhifəsində adına 443 saylı təsərrüfat qeydə alınmışdır və həmin təsərrüfatda aşağıdakı ailə üzvləri yaşayır. Cavabdeh2 – arvadı, X11 – qızı, X9 – qızı. - xx.xx.2008-ci il tarixli, AZ-İ № 373165 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X4 arasında 18 mart 2008-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Pirəmmədova soyadı verilmişdir. - 21 aprel 2008-ci il tarixli, AZ-İİ № 075448 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 06 mart 2008-ci il təvəllüdlü X5 atası Cavabdeh1, anası Cavabdeh2dır. - 03 may 2010-cu il tarixli, AZ-İİ № 444623 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 11 yanvar 2010-cu il təvəllüdlü X6 atası Cavabdeh1, anası Cavabdeh2dır. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçılar tərəfindən iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Ailə Məcəlləsinin: 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. “Uşaq hüquqları haqqında” Kongvensiyanın: 1-ci maddəsinə əsasən hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədləri üçün uşaq sayılır, bir şərtlə ki, həmin uşaq barəsində tətbiq edilən qanuna görə o, yetkinlik yaşına daha əvvəl çatmış olmasın. 9-cu maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər bir-birindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin müəyyən edimiş halları ondan ibarətdir ki, cavabdehlər İddiaçı4 oğlu və gəlinidir. Onlar 2008-ci ildə ailə həyatı qurmuş və İddiaçı4 məxsus Şəki rayonu Baş kəldək kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. Cavabdehlərin birgə nikahından iki övladları anadan olmuş və hazırda həmin uşaqlar yetkinlik yaşına çatmamışlar. İşin mübahisəsiz halıdır ki, Cavabdeh1 qeyd edilən fərdi yaşayış evinə istifadə hüququ var, ona kompensasiya verilməklə fərdi yaşayış evindən çıxarılması barədə iddia tələbi Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(075)-233/2024 saylı qətnaməsi ilə təmin edilməmiş, hazırda Cavabdeh1 istifadə hüququna xitam verilməsi halı müəyyən edilməmişdir. Belə olan halda Cavabdeh1 fədi yaşayış evindən çıxarılması barədə iddia tələbi də təmin edilə bilməz. Digər Cavabdeh2 evdən çıxarılmasına münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən hissədə iddia tələbinin təmin edilməsi iddiaçıların arzuladığı məqsədə çatmağına nail olmağa imkan vermədiyi kimi, iki azyaşlı övladın analarından ayrı salınmasına, ana qayğısından ayrı yaşamasına səbəb olacaqdır ki, bu isə yaşayış yeri valideynlərinin yanı olan azyaşlı uşaqların ailədə yaşamaq və tərbiyə almaq hüquqlarından məhrum olmasına səbəb olacaqdır. Valideynlərin qayğısından yararlanmaq uşaqların hüququ olduğu kimi, uşaqların təlim-tərbiyəsi ilə onların şəxsiyyət kimi formalaşmasını və inkişaf etməsi üçün zəruri şəraitin yaradılması təmin etmək valideynin borcudur. Ailə münasibətləri davam etdiyi müddətdə bu vəzifə valideynlər tərəfindən birgə həyata keçirilir. İddia tələbinin “cavabdehlərin torpaq sahəsindən çıxarılmaları, evin və torpaq sahəsinin boşaldılaraq iddiaçılara təhvil verilməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi torpaq sahəsi həmin fərdi yaşayış evinin həyətyanı sahəsidir. Həmin evdə yaşayan şəxslərin həyətyanı sahədən istifadə etmələri də qaçılmazdır. Evdən çıxarılma barədə iddia tələbi təmin edilmədiyi üçün “cavabdehlərin torpaq sahəsindən çıxarılmaları, evin və torpaq sahəsinin boşaldılaraq iddiaçılara təhvil verilməsi” hissəsində də iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı5, X3, İddiaçı2, İddiaçı1, İddiaçı7, X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən və torpaq sahəsindən çıxarılma, evin və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası təmin edilməməlidr. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçılar İddiaçı5, X3, İddiaçı2, İddiaçı1, İddiaçı7, X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən və torpaq sahəsindən çıxarılma, evin və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar