Məhkəmə qərarları › İş №e-2(075)-1529/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1529/2024

26.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1529/2024 26.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı olmaqla digər iddiaçının etibarnamə üzrə nümayəndəsi İddiaçı1 Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 (iki min beş üç) manat pulun, dövlət rüsumu kimi ödənilmiş 45 manat dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqının alınaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X10 onun atası olub. Atası xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Mərhum atası Cavabdeh ilə yaxın münasibətdə olmuş və buna görə də Sənan 2023-cü ilin yanvar ayında atasından 1000 manat borc pul almışdır. Həmin vaxtı Sənan atasına söz vermişdir ki, borcu biçindən sonra yəni 2023-cü ilin iyun ayında qaytaracaq. Həmçinin atası sahibkar olmaqla kənd təsərrüfatı ilə məşğul idi. Mərhum atası buğda və arpa əkirdi. 2023-cü ildə atası əkin sahələrinin gübrələnməsi üçün gübrə almışdı, lakin həmin gübrəni əkin sahələrinə səpdikdən sonra gübrənin bir qismi artıq qalmışdı. 2023-cü ilin aprel ayında Cavabdeh mərhum atasına müraciət edərək onda artıq qalmış gübrəni almaq istədiyini bildirmiş və həmin artıq qalmış gübrəni atası 1500 manata nisyə Cavabdeh satmışdır. Həmin vaxtı Sənan atasına bildirmişdir ki, biçindən sonra yəni 2023cü ilin iyun ayında gübrəni pulunu ödəyəcək. Lakin Sənan biçindən sonra həmin pulu mərhum atasına qaytarmadı, atam isə xx.xx.2023-cü il tarixdə vəfat etdi. Atasının vəfatından sonra 2500 manat pulu Cavabdeh dəfələrlə tələb etsələr də o, müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yaymışdır. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı olmaqla digər iddiaçıların etibarnamə üzrə nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək bildirdi ki, kənd təsərrüfatı ilə məşğul olurlar. Sənan atasının dostu olub. O, atasından toxum götürüb daha sonra isə ona 30 kisə gübrə vermişlər. Sənana verilən 30 kisə gübrənin qiyəmti 1500 manat özlərinin digər 1000 manat isə bibisi X2r. Borcun qaytarılması barədə cavabdehə dəfələrlə xəbərdarlıq etmişdir. Bütün bunları nəzərə alaraq iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh izahat verərək bildirdi ki, Salehdən 1000 manat borc pul aldığını, bundan başqa 15 kisə də, siltron kübrəsini bir torbası 38 manata almışdır. Lakin borcunun əvəzində 150 hektar torpaq sahəsini onlara əkin üçün istifadəyə vermişdir. Ümumi qeyd olunanlara əsasən iddianı qəbul etmir. Əvvəlki məhkəmə iclasında İddiaçı2 etibarnamə üzrə nümayəndəsi X8 izahat verərək bildirdi ki, Saleh onun qaynatası olmuşdur. Sənanla qaynatasının əvvəllər münasibətləri olmuşdur. Sənan qaynatası Salehdən 1000 manat istəyəndə o, pulu bacısı Nübardan alıb vermişdir. Əvəzində isə ya borcu qaytaracağını ya da ki arpa verəcəyini bildirmişdir. Lakin heç birini etməmişdir. Daha sonra qayınatası Saleh əkin mövsümündə artıq qalmış 30 yeşik gübrəni ona bir yeşiyi 50 manatdan olmaqla vermiş, lakin pulu qaytaracağına söz versə də, ancaq 1500 manat pulu qaytarmamışdır. Dəfələrlə aralarında telefon danışığı vasitəsi ilə pulu istəsə də borcunu indiyə kimi qaytarmamışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dəvət olunmuş X9 izahat verərək bildirdi ki, iddiaçılar qardaşının oğlu və qızıdır. O, kənd təsərrüfati ilə məşğul olduğundan hər il ona arpa lazım olur. Bu səbəbdən mərhum qardaşı Saleh ona dostu Sənanın 1000 (min) manat borc pul axtardığını əgər pulu verərsən qarşılığında arpa verəcəyini bildirmişdir. O da arpaya ehtiyacı olduğundan 1000 (min) manatı qardaşı oğlu Talehə vermişdir ki, aparıb Sənana versin. Taleh pulu Sənangilin evinin qarşısında maşında aparıb Sənana vermişdir. Bundan sonra Sənan ona nə arpanı nə də borc pulu qaytarmışdır. Daha sonra o dəfələrlə borcunu qaytarmağı barədə xəbərdarlıq etsə də heç bir nəticə olmamışdır. Sonra o Sənanın atasının aptekə getmiş borcun qaytarılmasını Sənanın atasına demişdir. Atası isə yaxın günlərdə borcun qaytarılacağına söz vermiş, lakin yenə borcu qayıtmamışdır. Bundan sonra o, ərizə ilə sahə rəisinə müraciət etmiş, lakin məsələ ilə əlaqədar məhkəməyə müraciət olunmağı bildirmişlər. Əvvəlki məhkəmə iclasında şahid qismində dəvət olunmuş X15 izahat verərək bildirdi ki, iddiaçıları kənd sakini kimi tanıyır. 2023-cü il aprel ayının əvvəli Sənan Salehdən 30 kisə gübrə aldı. Həmin gübrələri Sənanın danışdığı zil maşınına yükləmişlər. Saleh ona və Kənana yükləməyə görə hər birinə 15 manat olmaqla cəmi 30 manat pul verdi. X12 telefonla danışdığını və borcunu istədiyini eşitmişdir. Əvvəlki məhkəmə iclasında məhkəmə iclasında şahid qismində dəvət olunmuş X11 izahat verərək bildirdi ki, iddiaçılar onun həmkəndlisidir. 2023-cü ilin aprel ayının əvvəli Sənan Salehdən 30 kisə gübrə almış bu səbəbdən həmin gübrələri Sənanın danışdığı zil maşınına Elbəy ilə birlikdə yükləmişlər. Saleh ona və Elbəyə yükləməyə görə hər birinə 15 manat olmaqla cəmi 30 manat pul vermişdir. İşin halları; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Aqroservis ASC tərəfindən X4 ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-22-13/2-Z-65-170/2024 nömrəli məktubdan görünür ki, ammonium nitrat gübrəsinin 1 tonunun satış qiyməti 860 manat, 780 manat və daha sonra isə 570 manat olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki rayonu Sarıca Polis X1 ünvanladığı xx.xx.2024-cü il tarixli 3-13-109.1/2-M-364/24 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli olunan müraciət mülki xarakter daşıdığından məhkəməyə müraciət edilməsi tövsiyyə olunur. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Qayabaşı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixli vərəsəlik arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6 vərəsələri İddiaçı3, İddiaçı2, X7 və İddiaçı1dur. Azərbaycan Respublikası Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 326126 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 1091.1-ci maddəsinə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1154-cü maddəsinə əsasən Miras qoyanın mirasa daxil olmayan qeyri-əmlak hüquqlarını vərəsələr qanunda nəzərdə tutulan qaydada həyata keçirə və müdafiə edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla cavabdehin İddiaçının vəfat etmiş atasından 1000 manat məbləğində pulu və 15 kisə siltron kübrəsi aldığı müəyyən olunur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, iddiaçının atası mərhum X10 ilə cavabdeh arasında pul məbləğlərinin cavabdehə verilməsinə dair yazılı müqavilə bağlanmış olmasa da, cavabdehin məhkəmə iclasında verdiyi izahatı 1000 manatın və 15 kisə kübrənin iddiaçıların atası tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pul məbləğlərinin verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi və və kübrənin verilməsi üçün isə nisyə alğı satqı müqaviləsi üzrə iddiaçının tələbi ilə həmin pul məbləğlərinin ödənilməmiş hissəsini ona qaytarmalıdır. Həmçinin iddiaçılar mərhumun vərəsəsi sayıldıqlarından cavabdehdən borc pulu tələb etməkdə haqlıdırlar. Məhkəmə baxışı zamanı isə cavabdeh iddia tələbində göstərilən pul məbləğinin və 15 kisə olan kübrənin əvəzi olaraq izahatında bildirdiyi 150 hektar torpaq sahəsini iddiaçının istifadəsinə verməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı pul tələblərinə baxılarkən, iddianın 1000 manat tələbi hissəsində ilk öncə iddiaçıların bu iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş üzrə İddiaçı1, şahid X3 izahatlarından və iş materiallarında olan X14 şəhər Rayon Polis Şöbəsinə etdiyi müraciət üzrə aparılmış araşdırmadan məlum olur ki, cavabdehdən tələb olunan pulun 1000 manat hissəsi Nübar Mehdiyeva tərəfindən Cavabdeh qardaşı vasitəsilə borc verildiyi və həmin pulun Nübar Mehdiyevanın olduğu üçün ona qaytarılması tələb edilmişdir. Belə olan halda iddiaçıların cavabdehdən həmin pulun qaytarılmasını tələb etmək üçün subyektiv hüquqları olmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 1500 (min beş yüz) manat məbləğində pul və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu alınaraq İddiaçı1 verilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 (otuz beş) manat alınaraq İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar