Məhkəmə qərarları › İş №e-2(075)-165/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-165/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-165/2023 01.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 562 manat 0.23 qəpik pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin ərizəsi əsasında Bakı Kommersiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-2(113)-4211/2022 saylı qərardadı ilə cavabdeh "xxxx" MMC, əsl Cavabdeh ilə əvəz edilmiş və iş aidiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə gödərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixində "xxxx" ASC ilə X3 arasında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən BA 529878 saylı sığorta şəhadətnaməsi ilə sığorta müqaviləsi bağlanmış və ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi sığorta təminatına alınmışdır. xx.xx.2015-ci il tarixində su axıntısı baş vermiş və sığortalanan əmlaka ziyan vurulmuşdur. "xxxx" ASC tərəfindən adıçəkilən ünvanda yerləşən yaşayış sahəsinə dəymiş zərərlə bağlı 562 manat 0.23 qəpik sığorta ödənişi verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, sığorta şirkəti olaraq onlar baş vermiş sığorta hadisəsi üçün ödəniş etmişlər. Bundan sonra sığortalının həmin ödənişi bank hesabından götürüb-götürməməsinə sığorta şirkəti cavabdehlik daşımır. Ona görə də, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, bina 2014-cü ildə tikilib istismara 2019-da verilib. Həmin binada onun mənzili təmirsiz olduğundan orada yaşamamışdır. Qonşusu Taleh, öz evinin eyvanını pəncərə ilə bağlayaraq mənzilə birləşdirmişdir. Ona görə də, onun evinin eyvanına yağan yağı suları ondan aşağıda Talehə məxsus olan və bağlanaraq evə birləşdirilmiş eyvana sızmışdır. Həmin hadisədən evvəllər xəbəri olmamışdır. Taleh vəfat etdiyindən həmin hadisə barəd onun həyat yoldaşından soruşmuş, o da, divarların nəmlədiyini demişdir. Hətta Talehin həmin ödənişin almağı da şübhəlidir. Həmin hadisədə onun heç bir günahı yoxdur. Ona görə də, sözügedən hadisədən 7 ildən artıq müddət keçdiyindən iddia müddəti tətbiq edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 18 noyabr 2015-ci il tarixli arayışın surətindən görünür ki, "xxxx" MMC-nin inşa etdiyi binada X2 məxsus mənzilə yuxarı mərtəbədə yaşayan qonşudan su axmış və mənzilə ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş əmlakın qiymətləndirilməsi barədə 135 nömrəli rəyin surətindən görünür ki, Bakı şəhəri, Yeni Yasamal rayonu, Bünyadzadə küçəsi ev 15, 559 nömrəli mənzilə su axması nəticəsində 813 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş 30 noyabr 2015-ci il tarixli, sığorta aktının surətindən görünür ki, BA 529878 nömrəli sığorta şəhadətnaməsi üzrə X1 mənzilinə dəymiş maddi zərərə görə 813 manat müəyyən edilmiş, 250.77 manat azadolma məbləği çıxılaraq sığortalıya 562.23 manat ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 30 noyabr 2015-ci il tarixli 7738 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən 562.23 manat sığorta ödənişi X1 "xxxx" ASC-nin Sabirabad filialına ödənilmişdir. İş üzrə qanuni qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(075)-165/2023 saylı qərardadı ilə "xxxx" ASC tərəfindən 562.23 manat məbləğində sığorta ödənişinin "xxxx" ASC-nin Sabirabad filialında X2 məxsus AZ84BRES**********3820687201 nömrəli hesaba köçürülüb-köçürülməməsi, əgər köçürülmüşdürsə həmin məbləğin nə vaxt və kim tərəfindən nəğdləşdirilməsi barədə məlumatlar "xxxx" ASC-dən alınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 03 may 2023-cü il tarixli, 1945 nömrəli cavab məktubuna əlavə edilmiş qəbzlərdən görünür ki, 30 noyabr 2015-ci il tarixli 562.23 manat məbləğində pul X1 "xxxx" ASC-nin Sabirabad filialındakı hesabına daxil olmuşdur. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 22 avqust 2015-ci il tarixdə "xxxx" ASC ilə X3 arasında BA 529878 saylı sığorta şəhadətnaməsi ilə sığorta müqaviləsi bağlanmış və ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi sığorta təminatına alınmışdır. 15 noyabr 2015-ci il tarixdə Cavabdeh məxsus mənzildə su axıntısı baş vermiş və sığortalanan əmlaka ziyan vurulmuşdur. "xxxx" ASC tərəfindən yaşayış sahəsinə dəymiş zərərlə bağlı 562,23 manat sığorta ödənişi verilmişdir. Hazırda iddiaçı həmin məbləğin subroqasiya qaydasında cavabdehdən alınaraq ödənilməsini xahiş etmişdir. Cavabdeh isə qeyd edilənləri qəbul etməyərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci mаddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür. “Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21 və 23-cü mаddələrinin şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 31 mаy 2002-ci il tаrixli qərаrının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsinin müddəаlаrı yаlnız reаl zərərin, hаbelə əldən çıxmış fаydаnın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci madddəsinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 15.1-ci maddəsinə görə icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qanunun 15.3-cü maddəsinə görə əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: - zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; - zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər; - zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər; - sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi sığortaçı tərəfindən təmin edilməlidir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Həmin Qanunun 20.1-ci maddəsinə görə əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. Həmin Qanunun 23.1.6-cı maddəsinə görə sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində sığorta hadisəsi baş vermişdir və iddiaçının ödədiyi ödənişi cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, sığorta müqaviləsi üzrə ümumi iddia müddəti tətbiq edilir ki, həmin müddət də on il təşkil edir. Odur ki, iddiaçı iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 562.23 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 562.23 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar