Məhkəmə qərarları › İş №e-2(075)-1658/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1658/2024

03.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1658/2024 03.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7493 (yeddin min dörd yüz doxsan üç) manat məbləğində pulun, eləcə də, tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, hazırkı iş üzrə Cavabdeh bir müddət əvvəl tanımışdır. Belə ki, cavabdeh ilə eyni restoranda işləmiş və zaman keçdikcə aralarında münasibət yaranmış, məhz cavabdeh bu münasibətdən istifadə edərək ondan borc pul istəmişdir. Cavabdehin adını əvvəlcə İlyas olaraq bilmişdir, çünki cavabdeh bütün ətrafına özünü İlyas kimi tanıtmışdır. Cavabdeh çətin vəziyyətdə olduğunu və təcili pul lazım olduğunu bildirmiş, o isə ona etibar edərək adına kreditə pul məbləği götürərək ona verə biləcəyini söyləmişdir. Bu səbəbdən də "xxxx"a kredit verilməsi üçün müraciət etmiş və aralarında müqavilə nömrəsi GTKR6687260B243 olan kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən 24 ay müddətinə 22.3 % dərəcəsi ilə 6.000 (altı min) manat məbləğində kredit ayrılmış, faiz məbləği isə əsas borcdan əlavə 1493 manat 94 qəpik müəyyən edilmişdir. Cavabdeh pulu 1 ay müddətində faizlə birlikdə qaytaracağını və həmin vaxtadək də aylığı özünün ödəyəcəyini bildirmişdir. Qeyd edir ki, cavabdeh tərəfindən ona ödənilməli olan məbləğ 7493 manat 94 qəpik təşkil edir. Lakin Cavabdeh verdiyi vədlərə əməl etməmiş, qərəzli olaraq pulu ödəməkdən boyun qaçırmışdır. Cavabdeh pulu aldığını inkar etmir, bununla bağlı cavabdehə məxsus səs yazıları və yazışmalar da vardır. Belə ki, cavabdeh səs yazısının birində özü ona verilən pulun kredit götürülərək ona verildiyini və ödəməli olduğunu etiraf edir. Həmçinin ailə üzvləri ilə danışıq zamanı onu polisə verəcəklərini bildirdikdə onlara polislə maraqlandığını, bu məsələnin mülki xarakter daşıdığını və polisə heç bir aidiyyətinin olmadığını bildirərək bir növ onları hədələmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Tək çıxış yolu məhkəmədir. Hesab edir ki, mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir və ədalətli məhkəmə araşdırması ilə cavabdehdən 7493 manat 94 qəpik məbləğində pul və 100 manat məbləğində dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. xx.xx.2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən etiraf edərək bildirmişdir ki, iddiaçıdan 5000 manat borca pul almış, bundan əlavə borc məbləğindən iddiaçının qardaşı tərəfindən 550 manat və 270 manat ödəniş həyata keçirilmişdir. Borc məbləğini 6045 manat olaraq qəbul edir. Lakin faiz borcunu qəbul etmir. Belə ki, iddiaçının tələb etdiyi qalan məbləğ kredit borcu ödənilmədiyi təqdirdə ödənilməli olan faiz məbləğidir. Sübutların tədqiqi: İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli GTKR6687260B243 saylı kredit müqaviləsinə əlavə ödəniş qrafikindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 24 ay müddətinə illik faiz dərəcəsi 22,3 faiz olmaqla 6000 manat məbləğində kredit verilmişdir. - Cavabdeh xx.xx.2023-cü il tarixində verdiyi əlyazmadan görünür ki, xx.xx.2023-cü il tarixində X2 8000 (səkkiz min) manat pul almışdır. Aldığı məbləği 2024-cü il iyul ayının 7-ə qədər qaytaracağını öhdəsinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 97 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Hazırkı işdə Mülki Məcəllənin 739.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. İddiaçı bildirmişdir ki, xx.xx.2024-cü il tarixli GTKR6687260B243 saylı kredit müqaviləsinə əsasən ona bank tərəfindən 24 ay müddətinə 22.3 % dərəcəsi ilə 6.000 (altı min) manat məbləğində kredit ayrılmış, faiz məbləği isə əsas borcdan əlavə 1493 manat 94 qəpik müəyyən edilmişdir. O cavabdehə 6000 borc vermiş, cavabdeh pulu 1 ay müddətində faizlə birlikdə qaytaracağını və həmin vaxtadək də aylığı özünün ödəyəcəyini bildirmişdir. Lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Məhkəmə iclasında cavabdeh 6045 manat borcunun olduğunu qəbul etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi iddiaçı tərəfindən cavabdehə verilmiş və hazırda ödənilməli olan məbləğlə bağlıdır. İddiaçının gələcəkdə ödənilməli olan faiz məbləğini cavabdehdən tələb etməsi əsassızdır. Bu səbəbdən də iddia tələbi qismən, 6045 manat borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 80,45 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6045 (altı min qırx beş) manat pul və 80,45 (səksən manat qırx beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar