Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1744/2023 22.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Qurbanova Tahirə Əliovsət qızının iştirakları ilə, İddiaçı cavabdehlər Qurbanova Tahirə Əliovsət qızı və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Apelyasiya Məhkəməsinin 05 aprel 2019-cu il tarixli 2(107)-494/2019 saylı icra vərəqəsi üzrə onun Qurbanova Tahirə Əliovsət qızına ödəməli olduğu 3200 manat borcun silinməsi, tərəfindən ödənilmiş həmin pulun ondan alınaraq ona verilməsi, 52 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi üçün xidmət haqqının cavabdeh Qurbanova Tahirə Əliovsət qızından alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ildə Qurbanova Tahirə Əliovsət qızı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,dələduzluq yolu ilə əldə edilmiş 3200 manat nağd pulun cavabdeh İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli, 2(075)- 4155/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, ondan 1600 manat pul alınaraq Qurbanova Tahirə Əliovsət qızına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Qurbanova Tahirə Əliovsət qızının iddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödədiyi 30 manat rüsumunun özünə aid edilməsi qət olunmuşdur. Həmin qətnamədən narazı qalan iddiaçı Qurbanova Tahirə Əliovsət qızı apelyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli, 2(075)-4155/2018 nömrəli qətnaməsinin ləvğ edilməsini və iddiasının tam təmin edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli, 2(107)- 494/2019 saylı qətnaməsi ilə iddiaçı Qurbanova Tahirə Əliovsət qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli, 2(075)-4155/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməsi, ondan 3200 (üç min iki yüz) manat borc pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq Qurbanova Tahirə Əliovsət qızına ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli, 2(107)-494/2019 saylı qətnaməsi icraya yönəldilmişdir. Qeyd edilən mülki işdən də göründüyü kimi tələbkar Qurbanova Tahirə Əliovsət qızının ondan tələb etdiyi pul bank borcudur. Belə ki, iddiaçı Qurbanova Tahirə Əliovsət qızı həmin mülki iş üzrə iddia ərizəsində iddia tələbini belə əsaslandırmışdır ki, o, 2014-cü il tarixdə evlərinə gələrək vəziyyətinin yaxşı olmaması və ona təcili pul lazım olmasını bildirmiş, ona köməklik etməsini xahiş etmişdir. O isə öz növbəsində bankdan faizlə kredit götürmüş və həmin pulu hazırkı iş üzrə cavabdeh Şəki rayonu Kiş kənd sakini İddiaçı vermişdir. Sonradan "xxxx" ASC-dən 500 manatlıq “Plastik kart” və 100 manatlıq “Gümüş kart” alaraq cavabdehə vermişdir. Bir müddət sonra öyrənmişdir ki, cavabdeh mövcud borclar üzrə heç bir ödəniş etmir. Cavabdehdən bunun səbəbini soruşduqda yaxın vaxtlarda ödəməyə başlayacağını bildirmişdir. Bu barədə dəfələrlə onunla söhbəti olmuşdur. Lakin cavabdeh banka olan borcu ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyi icra etməmişdir. Sonradan ona məlum olmuşdur ki, borc öhdəliyi icra edilmədiyindən banka olan borc faizlərlə birlikdə 3200 manat təşkil edir. Ona görə də Baharla birlikdə notariusa gedərək ondan iltizam almışdır. Bilindiyi kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə xarici valyutada olan kreditlər üzrə ödənişlərin əvvəlki məzənnə ilə ödənilməsi ödənilmiş artıq məbləğlərin isə kompensasiya yolu ilə qaytarılması nəzərdə tutulmuşdur. Qurbanova Tahirə Əliovsət qızının kredit müqaviləsi həmin fərmanın təsir dairəsinə düşmüş və Qurbanova Tahirə Əliovsət qızına bir müqavilə üzrə 195.18 manat, digər müqavilə üzrə 468.42 manat kompensasiya hesablanmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının elektron sistemindən əldə etdiyi cədvələ əsasən Qurbanova Tahirə Əliovsət qızının "xxxx" ASC dən aldığı kredit üzrə 01 mart 2019-cu il tarixinə 663.60 manat kompensasiya hesablandığı, həmin kredit müqaviləsi üzrə 1327.19 manat borcunun qaldığı qeyd edilmişdir. Lakin halhazıradək onun pensiyaslndan tutulmalar olur və o bununla bağlı Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə müraciət etdikdə ona bildirdilər ki, tutulma Şəki rayonu İcra və Probasiya Şöbəsinin qərarına əsasən həyata keçirilib. O bununla bağlı Şəki rayonu İcra və Probasiya Şöbəsinə müraciət etdikdə na bildirdilər ki, Qurbanova Tahirə Əliovsət qızına olan kredit borcuna görə tutulma olmuşdur. Buna görə də o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, cavabdeh Qurbanova Tahirə Əliovsət qızı onun üçün "xxxx" ASC-dən 1000 manat məbləğində ABŞ dolları ilə kredit götürmüş və hesabında ABŞ dolları ilə pul olan birkart kartını ona istifaə etmək üçün vermişdir. Kredit borcu üzrə 5 ay boyunca ödəniş etmişdir. Sonradan dollar qalxdığı üçün borcu ödəyə bilməmişdir. Borcu ödəyə bilmədiyi üçün cavabdehə 3200 manat borcu olması barədə iltizam vermişdir. Bundan sonra Tahirə Qurbanova pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərarı ilə ondan 3200 manat pulun aınıb Tahirə Qurbanovaya verilməsi qət edilmiş və icra şöbəsi tərəfindən həmin pul təqaüdünə yönəldilərək tam olaraq ödənilmişdir. Bir müddət sonra Qurbanova Tahirə Əliovsət qızının kredit müqaviləsi üzrə borcu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının təsir dairəsinə düşdüyünə görə silinmişdir. Belə olan halda hesab edir ki, cavabdeh ondan əsassız yerə pul almışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Qurbanova Tahirə Əliovsət qızı izahat verərək bildirdi ki, iddianı qəbul etmir. O, "xxxx" ASC-dən 1000 manat məbləğində ABŞ dolları ilə kredit götürərək və hesabında ABŞ dolları ilə pul olan birkart kartını cavabdehə istifadə etməsi üçün vermişdir. İddiaçı kredit borcu üzrə 3 ay boyunca ödəniş etmişdir, sonradan o mövcud borclar üzrə heç bir ödəniş etməmişdir. Sonradan ona məlum olmuşdur ki, bankdan götürdüyü borc faizlərlə birlikdə 3200 manat təşkil etmişdir. Bundan sonra İddiaçı ona 3200 manat borcunun olması barədə iltizam vermişdir. İddiaçı ona olan borcunu ödəmədiyindən məhkəməyə müraciət etmiş və məhkəmənin qərarı ilə ondan 3200 manat pulun alınıb ona verilməsi qət edilmişdir. Bundan sonra həmin pul məbləği icra şöbəsi tərəfindən iddiaçının pensiyasından tutularaq 3200 manat məbləğində borc tam şəkildə ödənilmişdir. Odur ki, iddia əsassız olduğundan, təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli, 2(075)-4155/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, ondan 1600 manat pul alınaraq Qurbanova Tahirə Əliovsət qızına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Qurbanova Tahirə Əliovsət qızının iddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödədiyi 30 manat rüsumunun özünə aid edilməsi qət olunmuşdur. Apellyasiya Məhkəməsinin 2 (107)-494/2019 saylı, 23 yanvar 2019-cu il tarixli qətnaməsindən görünür ki, Qurbanova Tahirə Əliovsət qızı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli, 2(075)- 4155/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməsi, ondan 3200 (üç min iki yüz) manat borc pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq Qurbanova Tahirə Əliovsət qızına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin 2 (107)-494/2019 saylı, 23 yanvar 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı 3200 (üç min iki yüz) manat borc pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq Qurbanova Tahirə Əliovsət qızına ödənilməlidir. Problemli kreditlərin kompensasiyası məlumatlarından görünür ki, Qurbanova Tahirə Əliovsət qızının "xxxx" ASC dən aldığı kredit üzrə 01 mart 2019-cu il tarixinə 663.60 manat kompensasiya hesablanmış, həmin kredit müqaviləsi üzrə 1327.19 manat borcu qalmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324-cü maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. maddəsinə əsasən, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 405-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 406.1. maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.3. maddəsinə görə, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 407 maddəsinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, tərəflərin izahatını dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan, tərəflərin verdiyi izahatlarından, eləcə də iş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin qərarı və qərarda olan xx.xx.2016-cı il tarixli iltizamdan müəyyən olunur ki, İddiaçı 2014-cü ilin avqust ayında Qurbanova Tahirə Əliovsət qızından 3200 manat borc pul almış, həmin borcu bütövlükdə 2016-cı ilin oktyabr ayının axırınadək ödəməyi öhdəsinə götürmüşdür. İşin bu halı onu deməyə əsas verir ki, Qurbanova Tahirə Əliovsət qızı bankdan pul götürərək İddiaçı borc vermiş, İddiaçı isə həmin borcu 2016-ci ilin axırlarına kimi ödəməyi öhdəsinə götürmüş və bununla bağlı iltizam imzalamışdır. Buradan da göründüyü kimi, İddiaçı hazırkı iş üzrə cavabdeh Qurbanova Tahirə Əliovsət qızından pul vəsaiti almaq hüququna malik olduğu kimi üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə dair vəzifələrin də daşıyıcısı olmuşdur. Buna görə də İddiaçı cavabdeh Qurbanova Tahirə Əliovsət qızından həmin borcun geri qaytarılmasını tələb etməsi əsassızdır. Beləliklə, iddiaçı cavabdehlə onun arasında iddia tələbində göstərilən pul məbləği ilə bağlı borc müqaviləsinin bağlanmasını və qeyd etdiyi pul məbləğini cavabdehə verməsinə dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək qeyd edilən sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərci olan 52 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdehlər Qurbanova Tahirə Əliovsət qızı və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə qarşı “pul tələbi” barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 52 manat dövlət rüsumu İddiaçı aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1744/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1744/2023
22.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver