Məhkəmə qərarları › İş №e-2(075)-1789/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1789/2022

11.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1789/2022 11.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (oğlu) X14, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və Müstəqil tələb irəli sürməyən İİİ şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzrə X32 ilə onun arasında bağlanmış, xx.xx.2005-ci il tarixdə Şəki 2 saylı dövlət notariat kontorunda təsdiq olunmuş ƏN-İ-№ 020679 saylı əqd (etibarnamə) üzrə aqlı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində və torpaq sahəsində mülkiyyət hüququnun tanınmasını, həmin mülkiyyət üzrə cavabdehin adına təqdim olunmuş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, o, xx xxxxx 1940-cı il tarixdə Şəki şəhərində anadan olmuşdur. X24 ünvan 4 saylı mənzildə yaşadığı müddətdən tanımışdır. Sonradan Əkrəm həmin evdən köçərək Bakı şəhərində yaşamağa başlamışdır. Bildirmişdir ki, 27 yanvar 2005-ci il tarixdə mərhum X10 şəhəri 5-ci rayonda yerləşən 16 saylı evini faktiki olaraq ona satmış və aralarında bağlanmış ƏN-İ-№ 020679 saylı etibarnamə əsasında Əzizov Əkrəm həmin mübahisəli evə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Yəni həmin fərdi yaşayış evi faktiki olaraq ona satılmışdır. X2 arasında bağlanmış etibarnamə Şəki 2 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmişdir. Həmçinin 27 yanavr 2005-ci il tarixdə X11 həyat yoldaşı X1 2 saylı dövlət notariat kontoruna ərizə ünvanlayaraq sonuncunun da Şəki şəhəri Vidadi küçəsində yerləşən evin əri X32 tərəfindən özgəninkiləşdirilməsinə, satılmasına dəyişdirilməsinə, bağışlanmasına və ya ipotekaya qoyulmasına razı olduğunu və heç bir tələbi olmadığını bildirmişdir. Həmin evin ona satılması ilə bağlı tərəfindən X25 1000 (bir min) (yeni AZN) manata yaxın pul verilmişdir. Bildirmişdir ki, o, 1000 (bir min) manat məbləğə X15 torpaq sahəsi və uçuq ev almışdır. X32 tərəfindən xx.xx.2005-ci il tarixdə ona verilən etibarnamənin, onun həyat yoldaşı X4 ünvan 2 ünvanlamasının səbəbi faktiki olaraq Əkrəm Əzizov tərəfindən həmin evin ona 1000 (bir min) manata yaxın pula satılması səbəbi olmuşdur. Lakin alqı-satqı zamanı X32 yazılı kağız yazmamışdır. Həmin tarixdən etibarən sözügedən fərdi yaşayış evinə faktiki sahiblik etməyə başlamışdır. Maddi imkanı zəif olduğu üçün, həmçinin qanunları bilmədiyi üçün etibarnamənin tarixinə nəzər yetirməkdə məsuliyyətsizlik etmiş etibarnamənin qüvvədə olduğu müddətdə evi öz adına qeydiyyata aldırmamışdır. 12 dekabr 2006-cı il tarixdə X32 vəfat etmişdir. Bundan sonra o, ünvan 3 ünvanında yerləşən fərdi yaşayı şevinə çıxarış verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 06 fevral 2020-ci il tarixli **********12 nömrəli məktubunda göstərilmişdir ki, onun ərizəsində fərdi yaşayış evinin alqı-satqı əsasında əldə edildiyi göstərilsə də, müraciətdə alqı-satqı müqaviləsi əlavə edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. Belə ki, ərazi idarəsinin arxiv materiallarında sözügedən fərdi yaşayış evinə X25 01 noyabr 1983-cü il tarixli 528 inventar nömrəli texniki pasport və 20 avqust 1991-ci il tarixli 6484/885 nömrəli qeydiyyat vəsiqəsi verilməsi barədə məlumat mövcuddur, lakin alqı-satqı müqaviləsi barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda göstərilmişdir ki, müraicətə 27 yanvar 2005-ci il tarixli ƏN-İ-№ 020679 saylı etibarnamə əlavə edilsə də, etibarnamənin verilmə müddəti bitdiyindən və şifahi məlumat əsasında etibarnamə verən şəxsin vəfat etdiyindən sözügedən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə vahid daşınmaz əmlak kimi qeydiyyatı üçün qanun və ya vəsiyyət üzrə vərəsələrindən biri müraciət etməli və ya məhkəmə qərarı təqdim edilməlidir. Göstərmişdir ki, bundan sonra o, ilk olaraq Şəki şəhəri, Vidadi küçəsində yerləşən torpağı aldığı şəxs X21 vərəsələrini axtarmaq qərarına gəlmiş və onun həyat yoldaşını və ya oğlunu tapıb hazırda düşdüyü vəziyyəti onlara izah etsin. Bir müddət sonra o, cavabdehi çətinliklədə olsa tapmışdır. Lakin cavabdehə bu barədə müraciət etdiyi zaman onun ümumiyyətlə bu evdən məlumatı olmadığını görmüşdür. Bir müddət keçdikdən sonra cavabdeh həmin məsələni araşdırdığını, atasının nəyisə satıb-satmaması barədə məsələnin ona aid olmadığını bildirmişdir. Lakin cavabdeh sonradan ondan 10 000, daha sonra isə 28 000 manat müqabilində həmin torpağı ona sata biləcəyini ona demişdir. Yaranmış vəziyyətdən görünür ki, cavabdeh ona faktiki olaraq satılmış, dəyəri tərəfindən ödənilmiş və 2005-ci ildən faktiki olaraq 17 il müddətində istifadəsində olan torpağı və evi ondan almaq istəyir. Cavabdeh qeyd edilən fərdi yaşayış evinə çıxarış da əldə etmişdir. Gördündüyü kimi mübahisəli evlə bağlı tərəflər arasında alqı-satqı müqaviləsini təsdiq edən 27 yanvar 2005-ci il tarixdə bağlanılmış əqd yazılı formada bağlanmış və notariat orqanı tərəfindən təsdiq olunmuşdur. Bildirmişdir ki, hazırda mübhaisə predmeti olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini 2005-ci ildə cavabdehin atası X25 pul ödəyərək almış və həmin ev və torpaq sahəsi 2005-ci ildən etibarən onun istifadəsindədir. Həmin evin texniki pasportu və qeydiyyat vərəqəsi də ondadır. Əgər həmin fərdi yaşayış evini o, faktiki olaraq almasaydı cavabdehin adına olan texniki pasport və qeydiyyat vərəqəsi onda olmazdı. Bundan başqa 27 yanvar 2005-ci il tarixli ərizədən görünür ki, xx.xx.2005-ci il tarixdə X11 həyat yoldaşı X44 2 saylı dövlət notariat kontoruna ərizə ünvanlayaraq onun da Şəki şəhəri Vidadi küçəsində yerləşən evin əri X32 tərəfindən özgəninkiləşdirilməsinə, satılmasına, dəyişdirilməsinə, bağışlanmasına və ya ipotekaya qoyulmasına razı olduğunu və heç bir tələbinin olmadığını bildirmişdir. Həmçinin Şəki şəhər Bələdiyyəsinin 08 may 2020-ci il tarixli arayışından da görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan X21 adına olan yaşayış evinin 2020-ci ilə qədər torpaq və əmlak vergi borcu yoxdur. Şəki şəhər Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanda X21 adına olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 2005-ci ildən 2022-ci il tarixə kimi hesablanmış vergi borcu etibarnamə əsasında İddiaçı tərəfindən ödənilmiş, 2019-cu ildən 2022-ci ildək vergi ödəyicisinin kodu İddiaçı şəxsiyyət vəsiqəsi əsasında verilmişdir. 27 yanvar 2005-ci il tarixli etibarnamədən görünür ki, X32 ƏN-İ-№ 020679 saylı etibarnamə əsasında özünə məxsus olan Şəki şəhəri 5-ci rayonda yerləşən 16 saylı evini ona sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etibar etmişdir və etibarnamənin qüvvədə olduği tarix xx.xx.2018-ci ilədək müəyyən olunmuşdur. Bundan başqa 08 aprel 2022-ci il tarixli aktdan görünür ki, ünvan 3 saylı fərdi yaşayış evinin qonşuğunda yaşayan şəxslər, yəni X16, X17, X26, X5 və X22 təsdiq edirlər ki, 2005-ci ildən 2022-ci il tarixə kimi ünvan 3 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə faktiki olaraq onun sahibliyində və istifadəsində olmuşdur. Bildirmişdir ki, həmin müddətdə qeyd edilən evdə və onun yerləşdiyi torpaq sahəsində onun tərəfindən tikinti-abadlıq işləri aparılmış, daş hasar çəkmiş, ayaqyolu tikmiş, çöl giriş hissəyə darvaza qoyulmuş və həyətdə hovuz tikilmişdir. Həmçinin 22 dekabr 2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, ünvan 3 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində onun tərəfindən aparılmış tikinti işlərinin dəyəri 9159 manat təşkil edir. Mübahisə predmeti olan ünvan 3 saylı fərdi yaşayış evi və torpaq sahəsi ona məxsus olmasaydı, o, həmin evə 9159 manat dəyərində xərc qoymazdı. Bundan əlavə həmin evə aid torpaq və əmlak vergi borcunu ödəməzdi. Evi və torpaq sahəsini Əkrəmdən etibarnamə əsasında almış, həmin zaman Əkrəmlə aralarında hər hansı yazılı əqd formasında müqavilə bağlamamışlar. Bu gün cavabdeh həmin əmlakın adına olmasından istifadə edərək vəziyyəti öz xeyrinə dəyişib, əsassız varlanmaq istəyir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianı müdafiə edir və hesab edir ki, iddia əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi (oğlu) X29 da iddiaçı olan atası İddiaçı ilə eyni məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, o, xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ailədə 2 bacı bir qardaş olmuşlar. Şəlalə onun böyük, Şəhla isə onun kiçik bacısıdır. Hər iki bacısı hal-hazırda ailəlidir. Anası isə sağdır, lakin yataq xəstəsidir. Belə ki, anası xərçəng xəstəliyindən əziyyət çəkir. Onun mərhum atası X32 27 iyul 1947-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. Bildirmişdir ki, o, 1989-1992-ci illərdə C.Naxçıvanski adına hərbi liseydə təhsil almış, sonradan 1992-1996cı illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil almışdır. 1992-ci illərdə Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonunda döyüşmüşdür. 2007-ci ildə isə ordudan təxris olunmuş, ehtiyyatda olan zabitdir. Göstərmişdir ki, onun mərhum atası X32 2005-ci ildən insut keçirib yataq xəstəsi olmuşdur. 12 iyul 2006-cı il tarixdə isə vəfat etmişdir. Bildirmişdir ki, mübahisələndirilən Şəki şəhəri, 5-ci rayonda yerləşən 16 saylı fərdi yaşayış evi onlara ulu babalarından qalmışdır. Mərhum atası vəfat etməmişdən əvvəl onlara həmin ev barədə hər tərəfli məlumat vermişdir. Atası sağlığında ona bildirmişdir ki, həmin fərdi yaşayış evindən uzun müddət yaxın qonşuları olan Səməd adlı kişi istifadə edir. Belə ki, atası həm insult, həm də paralij xəstəliyindən əziyyət çəkdiyi üçün yataq xəstəsi olmuş özü gedib həmin evə baş çəkə bilməmişdir. O isə hərbiçi olduğu üçün Şəki şəhərinə gedib həmin evə baş çəkə bilməmişdir. Bu səbəbdən atası həmin evə və həyətyanı sahəyə baxılması və torpaqdan əkin üçün üçün yaxın qonşuları olan İddiaçı etibar etmişlər. Bildiyinə görə atası həmin evə baxdığına görə İddiaçı hörmət etmişdir. Onlar qeyd edilən torpaq sahəsində hər hansı tikinti işləri aparmamışlar. Atası vəfat etdikdən sonra ailələrində bir neçə qohumu da vəfat etmiş, həmçinin digər problem işləri olduğunda Şəki şəhərinə gəlib evə nəzarət edə bilməmişlər. Lakin Şəkiyə gələrkən həmişə yolüstü torpaq sahələrinə baş çəkmişdir. Təxminən 5-6 il əvvəl yaxın qohumlarının yas mərasiminə gələrkən Şəki şəhərinə gəlmişlər. Bu zaman görmüşdür ki, İddiaçı onlara məxsus olan fərdi yaşayış evini sökmüşdür. Göstərmişdir ki, bir müddət sonra İddiaçı ona zəng edərək bildirmişdir ki, mərhum atası X10 şəhəri 5-ci rayonda yerləşən 16 saylı fərdi yaşlayış evini 2005-ci ildə 1000 manat məbləğə, yeni AZN-lə ona satmışdır. İddiaçı ondan çıxarış alması üçün sənədlərə qol çəkməyini tələb etmişdir. O, iddiaçıdan evin satılması barədə hərhansı sübut, alqı-satqı müqaviləsini tələb etdikdə, iddiaçının hər hansı sübutu olmamışdır. İddiaçı ona bildirmişdir ki, mərhum atası mübahisəldirilən fərdi yaşayış evinin texniki göstəricilərini və digər sənədlərini ona vermişdir. Ancaq iddiaçının bu məlumatı yalan və absurddur. Mərhum atası iddiaçıya nə evi satmamış, nə də ki, hər hansı sənəd təqdim etməmişdir. Hal-hazırda qeyd edilən fərdi yaşayış evinin bütün sənədləri ondadır. Əgər atası evi iddiaçıya satsaydı, sənədləri də ona verərdi. Bildirmişdir ki, o, Şəki şəhəri 5-ci rayonda yerləşən 16 saylı fərdi yaşayış evinə dəfələrlə getmişdir. Həmin evə baxmaq üçün nənəsi ilə birlikdə də ora getmişlər. Evə getdikləri zaman görmüşdür ki, iddiaçı orada qoyun saxlayır. İddiaçı onlara məxsus olan evi də sökmüşdür. Sadəcə iddiaçının yaşlı olmasını nəzərə alaraq ona hər hansı irad bildirməmişdir. Mərhum atası X32 öz sağlığında həmin torpaq sahəsinin iddiaçıya satılması barədə hər hansı məlumatı ona bildirməmişdir. Hər dəfə atası ilə torpaq barədə danışdıqda, atası ona bildirmişdir ki, həmin torpağı və evi yaxın qonşuları olan Səməd kişiyə tapşırıb, torpağa baxması üçün ona hörmət də etmişdir. Atası həmin topağın sahibinin anası olduğunu və torpağın onlara məxsus olduğunu bildirmişdir. Hesab edir ki, iddia əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 izahat verərək göstərmişdir ki, o, 54 ildir ki, ünvan 6 ünvanında yaşayır. İddiaçı isə həmin məhəllədə yerləşən fərdi yaşayış evində yaşayır. Onunla yaxın qonşudurlar. Bildirmişdir ki, eşitmişdir ki, İddiaçı elə özü ilə qonşuluqda yaşayan Əkrəm adlı şəxsdən torpaq sahəsi almışdır. O, özü Əkrəmi heç vaxt görməmişdir. Səməd həmin həyətdə hovuz tikmiş, həyətə dəmir darvaza qoydurmuş, müxtəlif ağaclar əkmiş, ayaq yolu tikdirmiş və digər işlər görməklə həmin həyəti abadlaşdırmışdır. Göstərmişdir ki, onun həyat yoldaşı ona danışmışdır ki, hazırda İddiaçı yaşadığı evi keçmiş sahibi olan X32 İddiaçı pulla satmışdır. Ancaq evi neçəyə satdığı barədə hər-hansı məlumatı yoxdur. Həmin evdə X21 yaşadığını görməmişdir. Ancaq Tofiqin yaşadığını görmüşdür. Həmin evin alqı-satqısı ilə bağlı olan hər hansı sənəd görməmişdir. O, ümumiyyətlə həmin evdə X24 görməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X6 izahat verərək göstərmişdir ki, o, İddiaçı qardaşının gəlinidir. Bildirmişdir ki, İddiaçı qeyd edilən torpağın və evin al-satqısı ilə bağlı Əkrəm adlı şəxsə 1000 ABŞ dolları məbləğində pul vermişdir. Həmin torpağı alınan zaman baxımsız vəziyyətdə olmuşdur. Sonradan İddiaçı ora torpaq tökdürmüş, həyəti düzəltdirmişdir. Həmin hadisə təxminən 20 il qabaq olmuşdur. Bundan başqa qeyd edilən həyətdə İddiaçı hovuz tikdirmiş, ağac əkmiş həyəti abadlaşdırmışdır. Göstərmişdir ki, o, X24 tanımışdır. Əkrəm həmin həyətə tez-tez gəlib getmişdir. Həmin həyətdə başqa heç kim yaşamamışdır. Qeyd edilən evin və həyətin İddiaçı satılması barədə hər-hansı alqı-satqı müqaviləsi görməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X18 izahat verərək göstərmişdir ki, İddiaçı onun yaxın qonşusudur. Tez-tez Səməd gilə gedib gəlir. Bildirmişdir ki, həmin evə bir iki dəfə Əkrəmin də gəlib-getdiyini görmüşdür. Qeyd edilən fərdi yaşayış evini X32 1000 ABŞ dollarına İddiaçı satmışdır. Evin satılması ilə bağlı İddiaçı X25 1000 ABŞ dolları pul vermişdir. Ancaq həmin tarixi tam dəqiqliyi ilə bilmir. Alqısatqı yay aylarında olmuşdur. Onlar arasında evin alqı-satqısı barədə hər hansı əqd bağlanmamışdır. Sadəcə olaraq İddiaçı X25 1000 ABŞ dolları məbləğdə pul vermiş və onlar halallaşmışlar. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X27 izahat verərək göstərmişdir ki, İddiaçı ilə 40 ildir ki, qonşudurlar. Bildirmişdir ki, o, İddiaçı evində işləmiş, ona köməklik etmişdir. Həmin evin alqı-satqı zamanı, İddiaçı pul verən zaman onların yanında olmamışdır. Sadəcə məlumatı olmuşdur ki, Əkrəm evini və torpağını İddiaçı satılıb. O, həmin evdə tikinti işləri aparmamışdır. Sadəcə əl köməkliyi etmişdir. İşdə olan 30 sentyabr 2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, X30 və X23 vərəsəlik hüququ şəhadətnaməsinə əsasən atalarından miras qalmış Şəki şəhəri, X47 küçəsi ünvanında yerləşən 0.0412 ha torpaq sahəsindən özlərinə düşən 1/3 payı anaları X7 bağışlamışlar. İşdə olan 30 sentyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X21 vərəsələri X9, X30 və X12r. Şəhadətnaməyə əsasən miras verilən əmlak Şəki şəhəri Şəki şəhəri, X47 küçəsi ünvanında yerləşən 0.0412 ha torpaq sahəsindən ibarətdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 27 sentyabr 2021-ci il tarixli, **********29 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, X47 küçəsi ünvanında yerləşən 0.0412 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X21 adına daşınmaz əmlakın dövlət reyestrində 227 nömrəli reyestr kitabının 05 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan 24 sentyabr 2021-ci il tarixli AA 624920 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Şəki şəhəri, X47 küçəsi ünvanında yerləşən 0.0412 ha torpaq sahəsi X21 adına qeydiyyata alınmışdır. İşdə olan 18 iyul 2006-cı il tarixli, AZ-İ seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 12 iyul 2006-cı il tarixdə ölməsi, ölüm haqqında akt qeydləri kitabında 921 nömrə ilə qeyd edilmişdir. İşdə olan 20 oktyabr 2021-ci il tarixli A 654364 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Şəki şəhəri, X47 küçəsi ünvanında yerləşən 0.0412 ha torpaq sahəsi X4 adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 22 oktyabr 2021-ci il tarixli, **********29 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, X47 küçəsi ünvanında yerləşən 0.0412 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 227 nömrəli reyestr kitabının 05 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan 21 oktyabr 2021-ci il tarixli, 01/12249 nömrəli daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışın surətindən görünür ki, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Şəki şəhəri, X47 küçəsi ünvanında yerləşən 0.0412 ha torpaq sahəsinə qiymətləndirmə işləri aparılmış və həmin torpaq sahəsinin 21 oktyabr 2021-ci il tarixinə olan bazar dəyəri 10300 manat olması müəyyən edilmişdir. İşdə olan 23 noyabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X9 mülkiyyətində olan Şəki şəhəri, X47 küçəsi ünvanında yerləşən ümumi sahəsi 0.0412 ha olan torpaq sahəsini Cavabdeh bağışlamışdır. İşdə olan 27 yanvar 2005-ci il tarixli, ƏN-İ 020679 nömrəli etibarnamədən görünür ki, X32 etibarnamə əsasında mülkiyyətində olan Şəki şəhəri, 5-ci rayonda yerləşən 16 saylı evə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqında 02 aprel 2022-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh şikayəti əsasında başlanmış HK-1/421 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 13 dekabr 2021-ci il tarixli, **********29 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, X47 küçəsi ünvanında yerləşən 0.0412 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 227 nömrəli reyestr kitabının 05 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan 10 dekabr 2021-ci il tarixli A 662738 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Şəki şəhəri, X47 küçəsi ünvanında yerləşən 0.0412 ha torpaq sahəsi Cavabdeh adına qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 17 mart 1975-ci il tarixli doğum haqqında akt qeydindən görünür ki, xx xxxxxx 1975 il təvəllüdlü Cavabdeh atası X32, anası X8r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş X4 Şəki şəhəri Dövlət Notariat konturuna ünvanladığı 27 yanvar 2005-ci il tarixli ərizədən görünür ki, X1 şəhəri, X47 küçəsi ünvanında yerləşən evin özgəninkiləşdirilməsinə, satılmasına, dəyişdirilməsinə, bağışlanılmasına və ipotekaya qoyulmasına razı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirməsinə dair paportdan görünür ki, Şəki şəhəri, Vidadi küçəsində yerləşən 6 nömrəli ev Vəzifə Zəkəryə qızının və X21 mülkiyyətində olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 20 avqust 1991-ci il tarixli, 528 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Şəki şəhəri, 5-ci rayon Vidadi küçəsi ünvanında yerləşən 16 saylı fərdi yaşayış evi X21 adına qeydiyyata alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 08 may 2020-ci il tarixli 396 saylı arayışdan görünür ki, ünvan 10 ünvanda qeydiyyatda olan X21 adına olan yaşayış evinin 2020-ci ilə qədər torpaq və əmlak vergisi borcu yoxdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 21 aprel 2022-ci il tarixli, 419 saylı məktubdan görünür ki, ünvan 11 ünvanda X21 adına olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 2005-ci ildən 2022-ci ilə kimi hesablanmış vergi borcu etibarnamə əsasında İddiaçı tərəfindən ödənilmişdir. Həmçinin 2019-cu ildən 2022ci ilədək vergi ödəyicisinin kodu İddiaçı şəxsiyət vəsiqəsi əsasında verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 08 aprel 2022-ci il tarixli aktdan görünür ki, 2005-ci il tarixdən 2022-ci il tarixədək Şəki şəhəri, 5-ci rayon Vidadi küçəsində yerləşən 16 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə faktiki olaraq İddiaçı sahiblik etmiş və onun istifadəsində olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Kristal-MM tərəfindən verilmiş 22 dekabr 2021-ci il tarixli, 1001/21 saylı rəydən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış sahəsində aparılmış tikinti işlərinin 22 dekabr 2021-ci il tarixinə olan bazar dəyəri 9159 manat təşkil edir. Məhkəmə biavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi tərəflər arasındakı hüquq münasibəti xx.xx.2005-ci il tarixdə yaranmışdır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 01 noyabr 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinəəsasən əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında əqdin notarial formasına riayət edilməməsinin nəticələri iləəlaqədar Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Yuxarıda sadalanan maddi hüquq normalarının və Konstitusiya Məhkəməsi Plenumunun şərh olunan qərarları əqdin etibarlı hesab edilməsi üçün əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Göründüyü kimi iddiaçı mübahisə predmeti olan ev və torpaq sahəsi ilə bağlı cavabdehlə aralarında bağlanmış hər hansı yazılı müqaviləni məhkəməyə təqdim etməmişdir. Bununla da o Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmiş “əqdin özü qanuna zidd olmamalı” və “onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır” prinsiplərinə əməl etməmişdir. İddiaçı məhkəməyə xx.xx.2005-ci il tarixli etibarnamə təqdim edərək həmin torpaq və evin cavabdeh tərəfindən ona satılmasını iddia etmişdir. Lakin MM-nin 362.1-ci maddəsinə əsasən etibarnamə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Bu isə qanunvericiliyə müvafiq olaraq hər hansı əqdi və ya alqı-satqı müqaviləsi hesab edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Azərbaycan Respublikası Müki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı qeyd edilən mübahisəli torpaq sahəsi ilə bağlı cavabdehin vəfat etmiş atası X32 ilə öz aralarında olan hər hansı yazılı əqdi məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə atasından qalma torpaq sahəsini qanunvericiliyin tələblərinə uyğun olaraq anasının adına rəsmləşdirərək həmin torpağa dair çıxarıpş almışdır. Sonradan cavabdehin anası həmin torpağı öz övladı olan oğluna, yəni hazırkı Cavabdeh bağılamış və cavabdeh də həmin bağışlama əsasnda çıxarış almışdır. Buna görə də məhkəmə hesab edir ki, həmin çıxarışın etibarsız olması ilə bağlı hər hansı hüquqi əsaslar da mövcud deyildir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Bütün yuxarıda şərh edilənlərə qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evi üzrə X32 ilə onun arasında bağlanmış, xx.xx.2005-ci il tarixdə Şəki 2 saylı dövlət notariat kontorunda təsdiq olunmuş ƏN-İ-№ 020679 saylı əqd (etibarnamə) üzrə aqlı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, ünvan 13 ünvanda yerləşən fərdi yaşayış evində və torpaq sahəsində onun mülkiyyət hüququnun tanınması, həmin mülkiyyət üzrə cavabdehin adına verilmiş (təqdim olunmuş) çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edilmədiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzrə X32 ilə onun arasında bağlanmış, xx.xx.2005-ci il tarixdə Şəki 2 saylı dövlət notariat kontorunda təsdiq olunmuş ƏN-İ-№ 020679 saylı əqd (etibarnamə) üzrə aqlı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində və torpaq sahəsində onun mülkiyyət hüququnun tanınması, həmin mülkiyyət üzrə cavabdehin adına verilmiş (təqdim olunmuş) çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı dövlət büdcəsinə ödədiyi 100 manat məbləğində dövlət rüsumu xərci onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar