Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1897/2024 29.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 15 iyun 2022-ci il tarixində № ÖM/03919 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN:xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 baş inək, 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlamasının natura şəklində Agentliyə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 15 iyun 2022-ci il tarixində № ÖM/03919 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 2764-2156 və 2229 birka nömrəli 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlaması natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 15 iyun 2022-ci il tarixində № ÖM/03919 nömrəli aktla vətəndaş Cavabdeh “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı MMQF əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2024-ci il 10 yanvar tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 2764-2156 və 2229 birka nömrəli 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlaması aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 2024-cü il 15 may tarixli 3-17-2/2-Ə-27632/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 3 baş inəyin 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlamasının natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir. Belə ki, işin faktiki halları üzrə yaranan mübahisənin məhkəmədənkənar həlli məqsədi ilə Agentlik tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək ya aktivlərin geri qaytarılması və ya dəymiş zərərin əvəzinin ödənilməsi təklif olunsa belə, cavabdeh bu müraciətə münasibət bildirməmiş və nəticə etibarilə tərəflər arasında olan mübahisənin həlli məqsədilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh, iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, onunla X3 arasında bağlanılmış müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 3 ədəd inək verilmişdir. Lakin ona təhvil verilmiş mal-qara qoca və xəstə olmuşdur. Müqavilənin bağlanmasının üzərindən 6 ay keçdikdən sonra müqavilə üzrə ona təhvil verilmiş mal-qaranın və yemlərin monitorinqi həyata keçirilmişdir. Lakin müqavilənin bitmə tarixində keçirilməli olan monitorinq həyata keçirilməmişdir. Agentlik tərəfindən xx.xx.2023cü il tarixdə keçirilməli olan monitorinq xx.xx.2024-cü il tarixdə həyata keçirilmişdir. Agentlik tərəfindən verilən heyvanlarda bruselyoz xəstəliyi olmuşdur. Hətta bu heyvanlara qulluq edən yoldaşı bu səbəbdən ağır xəstəlik keçirmişdir. Agentlik tərəfindən verilən heyvanlardan başqa həyətində heyvan olmamışdır. Qeyd olunan xəstəlik ona təhvil verilən heyvanlardan yayılmışdır. Tərəfindən həmin heyvanların sağaldılması üçün müxtəlif növ dərman vəsaitlərindən istifadə olunmuşdur. 1-ci qrup 2 övladı var və yoldaşı heyvanlardan yayılan xəstəlikdən əziyyət çəkir. Bu səbəbdən həmin heyvanları 2023-cü noyabrında birini 200 manata ümumilikdə 600 manata sataraq 3 ədəd qoyun almışdır. Həmin sağlam heyvanlar hal-hazırda tərəfindən saxlanılır və artım göstərmiş 3 ədəd quzu da mövcuddur. İlk növbədə X4 ilə onun arasında bağlanılmış müqavilə 1 il müddətinə bağlanmışdır. Lakin Agentlik tərəfindən akt 2024-cü ilin 10 yanvar tarixində tərtib edilmişdir. 2023-cü il 15 iyun tarixində keçirilməli olan monitorinq 2024-cü ilin 10 yanvar tarixində həyata keçirilmişdir. Bu müddətdə isə artıq müqavlənin müddəti bitmişdir. Bu səbəbdən tərəfindən müqavilə üzrə öhdəliklər pozulmamışdır. Qeyd olunan halları nəzərə alaraq iddia ərizəsinin rədd edilməsini xahiş edir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən ona verilən inəkləri 1 il 7 aydan sonra satmışdır. İddiaçı bir il ərzində gəlib baxmalı olduğu halda baxmamışdır. Yoldaşı həmin inəklərdən xəstəliyə yoluxmuşdur. O, həmin xəstə heyvanlara baxdıqca maddi ziyana düşürdü. Sübutların tədqiqi: İş materiallarında olan: - Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/ÖM/03919 nömrəli müqavilənin 2.2-ci bəndində qeyd edilmişdir ki, Filial tərəflər arasındakı təhvil-təslim aktında göstərilən Əmlakı bu Müqavilə ilə müəyyən edilmiş qaydada Özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 (bir) il müddətində sözügedən Əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən Filial özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, Əmlak təhvil-təslim aktı əsasında Özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Həmin müqavilənin 3.2.1-ci bəndinə əsasən müqavilə müddəti ərzində monitorinqin keçirilməsi üçün əmlakın yerləşdirildiyi məkana daxil olmaq və özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyəti ilə tanış olmaq Filialın hüququdur. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş Əmlaka bu Müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin Əmlakdan təyinatı üzrə itifadə etmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməlidir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən bu Müqavilə 1 (bir) il müddətinə bağlanır və Tərəflər arasında imzalandıqdan sonra qüvvəyə minir. - Tərəflər arasında imzalanmış “Özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 3 yaşa qədər 3 baş inək, 400 kq qarışıq yem və 65 ədəd yem (ot və yonca qarışığı) cavabdehə təhvil verilmişdir. - “Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin yekun monitorinqi”nə dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, iddiaçının əməkdaşları tərəfindən aparılmış monitorinqin nəticəsi olaraq 3 baş inək, 400 kq yem və 65 ədəd otvə yonca qarışığının olmadığı müəyyən edilmişdir. - İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı özünəməşğulluğun təşkili məqsədilə istifadəyə verilmiş əmlakın 30 iş gnü ərzində Agentliyə geri qaytarılmasını xahiş etmiş, əks halda məhkəməyə müraciət edəcəklərini bildirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünəməşğulluğun təşkili Qaydası”nın: 8.1. Agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları MAS-a daxil etməlidir. 8.2. Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi ildə ən azı iki dəfə foto və ya videoçəkilişdən istifadə etməklə aparılır. 8.3. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. 8.4. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan 1 (bir) il müddətində üzrlü səbəb olmadan istifadə etmədiyi aşkar edildikdə, özünüməşğulluğa cəlb olunmuş şəxs həmin əmlakı Agentliyə qaytarmalı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə özünüməşğulluğa kömək göstərilməsi məqsədilə 3 baş inək, 400 kq qarışıq yem və 65 ədəd yem (ot və yonca qarışığı) təhvil verilmişdir. Tərəflər arasında bağlanmış müqavilə şəxslərinə əsasən cavabdeh yuxarıda qeyd edilənləri bir il müddətinə biznes-plna uyğun olaraq istifadə etməli, bir il müddətində iddiaçı həmin fəaliyyətin monitorinqini aparmalı idi. Cavabdeh, iddiaçı tərəfindən monitorinqin gec aparıldığını, heyvanları bir il yeddi ay keçdikdən sonra satdığını bildirir. Qanunvericiliyin, həmçinin tərəflər arasında imzalanmış müqavilənin yuxarıda qeyd edilən tələblərindən görünür ki, agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi aparılır və mçüqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. İş materiallarından da göründüyü kimi iddiaçı müqavilə üzrə üzrərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, müqavilənin 3.2.1-ci bəndinə zidd olaraq müqavilə müddəti bitdikdən sonra monitorinqi həyata keçirərək akt tərtib etmişdir. Belə olan halda məhkəm hesab edi ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
Nəticə hissəsi:
Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Kamran Musayev