Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-195/2025 16.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı payın naturada bölünməsi tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin bölünməsi, həmin fərdi yaşayış evindən və torpaq sahəsindən xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ona düşən 2/3 hissə payın naturada ayrılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmış və məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, subay olmaqla övladları vardır, hazırda ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Mübahisə predmeti olan Şəki şəhəri İsmayıl Osmanlı küçəsi15 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi onların ata yurdudur və hazırda 1/3 hissəsi atası X1 adında qalmış, 2/3 hissəsi isə onun mülkiyyətindədir. Hazırda həmin evdə qardaşı Cavabdeh ailəsi ilə birlikdə yaşayır. Bu səbəbdən həmin payların naturada bölünməsini və xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ona düşən 2/3 payın verilməsini istəmişdir. Atası mirası bölərkən, üç övlad arasında bərabər paylara bölmüş, bacısı X2 da öz payını ona bağışlamışdır. Mərhum atasının adında qalan miras payın hissəsi iş üzrə cavabdeh olan qardaşının payı olmuş, qardaşı onların payının ayrılmasına mane olmaq üçün adına rəsmiləşdirməyib saxlamış, buy olla ona mane olmağa çalışmışdır. Qardaşı həmin mübahisəli mülkdə yaşadığı üçün payını adına rəsmilşdirməklə payçılardan biri olması mülkiyyətçi kimi gözlənti hüququdur. Dəfələrlə məhkəmə işi üzrə cavabdeh şəxs olan qardaşı Cavabdeh ilə mübahisənin həlli üçün danışıqlar aparmağa cəhd etsə də, razılığa gələ bilməmişlər. Odur ki, mülkiyyətində olan həmin evin və torpaq sahəsinin naturada bölünməsi və ona mülkiyyətində olan paya uyğun hissənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, hazırda mübahisə predmeti olan mərhum atasına məxsus olmuş Şəki şəhəri İsmayıl Osmanlı küçəsi15 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evində ailəsi - 3 övladı və arvadı ilə birlikdə yaşamışdır. Ev 2 yataq otağı, bir mətbəx və şüşəbənddən ibarət olmuşdur. Şərait cəhətdən darısqallıq olduğuna görə evin bölünməsi, 2/3 hissəninin bölünüb bacısı İddiaçı verilməsi mümkün olmadığıdan bölünməsi ilə razılaşmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı tərəfindən ona qarşı irəli sürülən iddia tələbinin rədd olunması barədə qərar çıxarmağını xahiş etmişdir. İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri İsmayıl Osmanlı küçəsi, ev 15 (yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin 2/3 hissəsi mülkiyyət hüququ üzrə İddiaçı, 1/3 hissəsi isə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı tərəfindən Cavabdeh göndərilmiş pretenziya məktubunda razılaşma yolu ilə 10 gün müddətində paylı mülkiyyətdə olan əşyanın bölünməsi və 2/3 hissə payının naturada ayrılması və ya 2/3 hissə payının dəyərinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi təklif edilmiş, əks təqdirdə əmlakın bölünməsi, payın naturada ayrılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Şəki Rayon Məhkəməsinin e-2(075)-2538/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı payın naturada bölünməsi tələbinə dair 2(075)-2538/2024 nömrəli mülki iş üzrə mübahisə predmeti olan ünvan 1 (Yeni qaydalarla ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən iddiaçıya aid 2/3 hissə payın naturadan ayrılmasının mümkün olub-olmamasının müəyyən edilməsi məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/9767 nömrəli rəyindən görünür ki, ünvan 1 (Yeni qaydalarla ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən iddiaçıya aid 2/3 hissə payın naturada ayrılması İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1; 2.2; 2,4cü bəndlərində və Məhkəmə Tikinti-X3 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün deyildir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyərək, cavabdehin etirazına və ekspert rəyinə nəzər yetirib iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini diqqətə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbinin qanuni əsası olmadığından rədd olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki şəhəri İsmayıl Osmanlı küçəsi, ev 15 (yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********64-10301 nömrəli çıxarışa əsasən İddiaçı və X1 paylı mülkiyyətlərindədir. Miras qoyan X4 vəfat edəndən sonra oğlu Cavabdeh həmin mülkdə yaşamış və yasaqda davam etmiş, miras mülk 3 vərəsə arasında 1/3 paylara bölmüş, vərəsələrdən biri öz payını iddiaçıya bağışladığından mülkün 2/3 hissəsinə mülkiyyət hüququnu iddiaçı əldə edib mülkiyyət sənədi almış, cavabdehə düşən bir pay hələdə qəbul edilib adına rəsmiləşdirilmədiyi üçün açıq olaraq mərhum miras qoyanın adında qalmışdır. Hazırda həmin ünvanda Cavabdeh həyat yoldaşı və 3 övladı ilə birgə qeydiyyatda olub yaşamaqla öz payını adına rəsmiləşdırib mülkiyyət hüququ əldə etmək gözləntisi mövcuddur. Göründüyü kimi, iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/9767 nömrəli rəyində qeyd edilmişdir ki, həmin ünvanda yerləşən ümumi sahəsi 97.6 metr olan fərdi yaşayış evinə baxış zamanı həmin tikilinin şüşəbənd, mətbəx və iki yaşayış otağından ibarət olmaqla, bir mərtəbdən ibarət fərdi yaşayış evi olduğu müşahidə edilmişdir. Həmçinin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi üç tərəfdən qonşu sahələr, bir tərəfdən isə yol (küçə) ilə əhatə olunmuşdur. Belə ki, mənzillərin (evlərin, tikililərin və s.) tərəflər (mülkiyyətçilər) arasında bölgüsü yalnız təcrid mənzillər şəklində aparılmalıdır. Bölgü zamanı, tərəflərin hər birinin sərəncamında paylar üzrə yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) tikililəri və bu tikililərə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Eyni zamanda, mübahisəli torpaq sahəsinin tərəflər arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır ki, bu bölgü zamanı, tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Tədqiq olunan fərdi yaşayış sahəsinin və yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyəti, yaşayış və yardımçı otaqların planlı yerləşməsi, həmçinin tərkibində olan kommunal xidmətli sahənin (mətbəx) yeganə olması və fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin yalnız bir tərəfdən yol (küçə) ilə əhatə olunduğundan aydın olur ki, sözügedən fərdi yaşayış evindən və həmin yerləşdiyi torpaq sahəsindən 2/3 pay hissənin naturada bölünərək İddiaçı verilməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1; 2.2; 2,4-cü bəndlərində və Məhkəmə Tikinti-X3 Metodlarında qeyd edilənlərə zidd olmaqla yanaşı, mümkün deyildir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə cavabdehin hazırda mübahisə predimetiə mülkiyyət hüququ verən sənədi əldə etməsə də buna heç bir mane olmadığı üçün istənilən vaxt əldə edə biləcəyi real gözlənildiyindən, mübahisənin həlli ilə bağlı qanunauyğun qərar qəbul edilməsi qanuni və əsaslı olmaqla gələcəkdə yeni məhkəmə işləri və baxışlarının və sair lüzumsuzluqların qarşısını almaq məqsədi daşıdığı, heç bir hüquq və mənafeyə toxunmadığından baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı rəydə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Şərh edilənləri yekunlaşdıraraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı payın naturada bölünməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “ünvan 1 (yeni qaydalarla ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin bölünməsi, həmin fərdi yaşayış evindən və torpaq sahəsindən xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ona düşən 2/3 hissə payın naturada ayrılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun cavabdehdən alınaraq ona verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Əhmədov.
Məhkəmə qərarları › İş №e-2(075)-195/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-195/2025
16.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver