Məhkəmə qərarları › İş №e-2(075)-211/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-211/2022

08.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-211/2022 08.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6,3 qram dəyərində atasına məxsus kişi üzüyünün, bu mümkün olmadıqda həmin üzüyün dəyərinin, yəni 500 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 6,3 qram dəyərində atasına məxsus kişi üzüyünün bu mümkün olmadıqda həmin üzüyün dəyərinin, yəni 500 manatın və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iddiaçıya MPM-nin 54-cü maddəsinin tələbləri baxımından onun, yəni İddiaçı əsl iddiaçı X1 ilə əvəz edilməsi barədə yazılı ərizə yazmasını təklif edilmiş, lakin iddiaçı buna razı olmamışdır. Buna görə də məhkəmə işə irəli sürülmüş tələb üzrə baxmışdır. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərmişdir ki, hazırki iş üzrə Cavabdeh onun əmisi qızıdır. 2019-cu il tarixdə əmisi qızı olan hazırkı iş üzrə Cavabdeh kredit almaq üçün banka müraciət etmiş və digər bankda adına kredit olduğu üçün bankın ona kredit ayrırmamasını bildirmiş, lakin bank Nübara başqa şəxsin adına kredit verə biləcəyini ona demişdir. Buna görə də bankdan kredit alıb əmisi qızı Nübara verilməsi üçün onun adına kredit müqaviləsi rəsmləşdirilməsinə razı olmuşdur. Bundan sonra bank əməkdaşları ilə razılaşdıqdan sonra qızıl qoymaq şərtilə əmisi qızı Cavabdeh “Rabitəbank “ ASC-nin Şəki filialından kredit alıb vermişdir. Yəni banka girov kimi qoyulan qızıl əşyalarını Nübar onun adından banka qoymuşdur. Qeyd edilən qızıl əşyalarının bir qismi Nübara, bir qismi isə Nübarın yaxın qohumlarına aid olmuş, Nübar da həmin qızılları onlardan alıb banka girov kimi qoyaraq kredit almağa nail olmuşdur. Həmin qızıllardan biri də mərhum atasına məxsus qızıl üzük olmuşdur. Atasına məxsus qızıl üzüyü anası X1 əmisi qızı Cavabdeh banka girov qoyması üçün vermişdir. Lakin anası üzüyü Nübara verəndə o özü də orada olmuşdur. Nübar da bank qarşısında olan öhdəliyinə görə üzüyü girov müqviləsinə əlavə etmişdir. Cavabdeh isə həmin atasına məxsus qızıl üzüyü bank qarşısında olan öhdəliyini icra etdikdən sonra ona geri qaytaracağını bildirmişdir. Bildirmişdir ki, həmin üzüyü əmisi qızı Nübar Qaflanaya onun anası vermişdir. Nübarın ailəsi ilə aralarında torpaqla bağlı mübahisə olduğundan Nübar iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, onun adından “Rabitəbank “ ASC-nin Şəki filialına 11 fevral 2019-cu il tarixli, SKLMB-4061 saylı “saxlanc gorovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə” dair aktla girov qoyulmuş qızıl-ziynət əşyalarının ondan alınaraq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli, 2(075)-1490/2020 saylı qətnaməsi ilə Cavabdeh iddiası təmin edilmişdir. Girov qoyulmuş bütün qızıl əşyalarının ondan alınaraq Nübara verilməsi qət edilmişdir. Məhz həmin qətnamədə 6.3 qram çəkidə atasına aid olan kişi üzüyünün də Nübara verilməsi qət edilmişdir. Hazırda qeyd edilən üzük Nübardadır. O, həmin üzüyü Nübardan tələb etsə də cavabdeh üzüyü ona geri qaytarmır. Bu səbəbdən məhkməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianı müdafiə edir. Bütün bunları nəzərə alaraq iddianın təmin edilməsini barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında göstərmişdir ki, 2019-cu ilin əvvəllərində ona pul lazım olduğu üçün "xxxx" ASC-nin Şəki filialına müraciət etmişdir. Belə ki, həmin ərəfələrdə o, ev almaq istəmiş, lakin ev almaq üçün pulu çatmamışdır. Bankda ona bildirmişlər ki, adında "xxxx" ASC-də bağlanmış krediti vardır. Buna görə də ona demişlər ki, ona kredit verilməsi mümkünsüzdür. Bu zaman o bank əməkdaşına 134,4 qram qızılı olduğunu, qızılı girov götürüb bu qızıla görə nə qədər kredit vermək mümkündürsə vermələrini xahiş etmişdir. "xxxx" ASC-nin nümayəndəsi ona bildirmişdir ki, digər banka olan krediti bağlamadığı təqdirdə pul verə bilməyəcəklərini, lakin əgər yaxın adamı varsa həmin şəxsin adına qeyd etdiyi qızılları girov kimi qoyub kredit götürə biləcəyini demişdir. Bundan sonra bank əməkdaşının bu təklifini əmisi oğlu İddiaçı demiş, o da etiraz etməyərək razılaşmışdır. Beləliklə o, 134.4 qram qızılını əmisi oğlu İddiaçı adından "xxxx" ASC-yə girov qoymuş və bankdan İddiaçı adından 4380 manat məbləğində kredit götürmüşdür. Bu hadisədən bir müddət sonra İddiaçı atası Elçin Şirinova və bibisi Yeganə Şirinovaya qarşı torpaq sahəsinin naturada bölünməsi tələbi ilə bağlı Şəki Rayon Məhkəməsinə iddia qaldırmışdır. Şəki Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(075)-97/2020 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmişdir. Bundan sonra əmisi oğlu İddiaçı həm ona, həm də atasına qarşı münasibəti dəyişmiş və ona “sənin atan mənə torpaq vermədi, mən də sənin bankdakı qızıllarını sənə qaytarmayacam demişdir”. Əmisi oğlu İddiaçı bu sözləri onda narahatçılıq yaratmış və o, İddiaçı qarşı əmlak tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 25 noyabr 2020ci il tarixli, 2(075)-1490/2020 saylı qətnaməsi ilə onun iddiası təmin edilmiş onun banka İddiaçı adına girov qoyduğu çəkisi 134,4 qram olan qızılların İddiaçı alınaraq ona qaytarılması, həmçinin İddiaçı 30 manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödəmiş olduğu 300 manatın alınaraq ona verilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, Şəki apellyasiya məhkəməsinin qətnaməsi ilə Şəki rayon məhkəməsinin qətnaməsi dəyişilmiş və hüquqi yardım üçün vəkilə ödəmiş olduğu 300 manat məbləğində pul 100 manat məbləğində pulla əvəz olunmuşdur. Lakin qətnamə qanuni qüvvəsini aldıqdan sonra İddiaçı ona 100 manatı qaytarmamışdır. Həmçinin bildirmişdir ki, qeyd edilən kişi qızıl üzüyü hazırda ondadır. Göstərmişdir ki, həmin üzüyü o, Orxandan deyil, Orxanın anası Şirinova Zümrüddən almışdır. Əmisi arvadı Zümrüd üzüyü ona Orxandan xəlvət vermişdir. Yəni üzük ona veriləndə Orxan orada olmamışdır. Orxan məhkəmə qətnaməsi çıxarıldıqdan sonra üzükdən məlumatı olmuşdur. Bildirmişdir ki, o, üzüyü Orxana yox, əmisi arvadı Zümrüdə verəcəkdir. Üzük halhazırda ondadır. Orxan nə vaxt ona olan 100 manat borcunu qaytararsa o da üzüyü Zümrüdə verəcəkdir. Buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(075)-1490/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh məxsus olan, Cavabdeh məxsus olan, İddiaçı adından “Rabitəbank’’ ASC-nin Şəki filialına 11 fevral 2019-cu il tarixli, SKLMB-4061 saylı “saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair’’ aktla girov qoyulmuş əyarı 583, çəkisi 7.4 qr olan 1 ədəd qaşsız kalso, əyarı 583, çəkisi 7.1 qr olan 1 ədəd firuzə komplekt, əyarı 583, çəkisi 5.5 qr olan 1 ədəd zmeyka sep, əyarı 583, çəkisi 3.2 qr olan 1 ədəd kəhraba üzük, əyarı 583, çəkisi 6.3 qr olan 1 ədəd kişi üzüyü, əyarı 585, çəkisi 3 qr olan 1 ədəd çalma kalso, əyarı 585, çəkisi 10.8 qr olan 4 ədəd klonlu seplər, əyarı 583, çəkisi 3.3 qr olan 1 ədəd bilərzik, əyarı 585, çəkisi 4.6 qr olan 1 ədəd kardinal bilərzik, əyarı 583, çəkisi 8.6 qr olan 1 ədəd boyunbağı, əyarı 585, çəkisi 3.8 qr olan 1 ədəd kulon bilərzik, əyarı 585, çəkisi 2 qr olan 1 ədəd qaşlı kulon, əyarı 585, çəkisi 1 qr olan 1 ədəd qaşsız sırğa, əyarı 585, çəkisi 3.3 qr olan 1 ədəd qaşsız üzük, əyarı 585, çəkisi 2 qr olan 1 ədəd qaşlı üzük, əyarı 585, çəkisi 2.1 qr olan 1 ədəd qaşlı üzük, əyarı 585, çəkisi 1 qr olan 1 ədəd xrustal üzük, əyarı 583, çəkisi 4.1 qr olan 1 ədəd qaşlı kalso, əyarı 585, çəkisi 15.3 qr olan 2 ədəd komplektlər, əyarı 583, çəkisi 3.4 qr olan 1 ədəd abadok sırğa, əyarı 583, çəkisi 1.6 qr olan 1 ədəd tək qaş üzüyü, əyarı 583, çəkisi 14.5 qr olan 1 ədəd yoluçqa sep, əyarı 583, çəkisi 17.8 qr olan 2 ədəd yoluçqa bilərzik və əyarı 500, çəkisi 2.7 qr olan 1 ədəd qadın üzüyü İddiaçı ilə "xxxx" ASC-nin Şəki filialı arasında bağlanmış 11 fevral 2019-cu il tarixli, SKLMB-4061 saylı kredit müqaviləsi üzrə borc iddiaçı tərəfindən tam ödənildikdən sonra İddiaçı alınaraq Cavabdeh verilməsi, İddiaçı 30 manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat alınaraq X2 verilməsi qətt edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddənin mənasına görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılmasını tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmadığını sübut etməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı qeyd edilən kişi qızıl üzüyünün nə sahibi, nə də istifadəçisidir. Belə ki, iddiaçı özü məhkəmə iclasında bildirmişdir ki, qeyd edilən üzük atasına məxsus olmuş və anası Z.Şirinova tərəfindən cavabdehə verilmişdir. Həmçinin cavabdeh də öz izahatında bildirmişdir ki, qeyd edilən üzüyü ona iddiaçı deyil, iddiaçının anası, onun isə əmisi arvadı Z.Şirinova vermişdir. Cavabdeh Nübar Qaflanov bildirmişdir ki, üzüyü ona Z.Şirinova verdiyindən üzüyü də onun özünə qaytaracaqdır. Məhkəmə ilk növbədə mülkiyyət hüququnun yaranması əsaslarını və qaydalarını, mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini müəyyən edən qanunvericilik normalarının, həmçinin iddiaçının hazırki tələblə iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması məsələsini nəzərdən keçirilməsini zəruri hesab edir. Aydındır ki, subyektin bu və ya digər şəkildə subyektiv hüququnun olması üçün qanunvericilikdə bü münasibətləri tənzimləyən maddi hüquq norması olmalıdır. Qanunvericilikdə bu və ya digər hərəkətlə əlaqədar imkan müəyyən edilmədikdə subyektiv hüquqların mövcudluğu qeyri-mümkün olur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə hesab edir ki, İddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından hazırki iddianı vermək səlahiyyətinə də malik deyil. İkincisi, məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Bəhs olunanlara əsasən cavabdehin hərəkəti nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından iddia tələbi təmin edilə bilməz. Göründüyü kimi iddiaçı qaytarılmasını tələb olunan əşyanın mülkiyyətçisi olduğunu sübut edə bilmir. Buna görə də iddiaçının qeyd edilən üzüyün Cavabdeh tələb etməkdə sübyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-227, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı 6,3 qram dəyərində atasına məxsus kişi üzüyünün bu mümkün olmadıqda həmin üzüyün dəyərinin, yəni 500 manatın Cavabdeh alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahid İmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar