Məhkəmə qərarları › İş №e-2(075)-225/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-225/2024

06.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-225/2024 06.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şəki regional «ASAN xidmət» mərkəzinin notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı cavabdeh Şəki regional «ASAN xidmət» mərkəzinin notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin 8İ-16545 nömrəli xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv olunması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Şəki filialı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış X2 müqaviləsinə, əsasən illlk 22% və 24% şərti ilə nağd və kart kredit xətti ayrılmışdır. Kredit götürdüyü müddətdən xx.xx.2023-cü il tarixədək banka 4300 manata yaxın və kredit kart üzrə 600 manat yaxın pul ödəmişdir, bu barədə əlimdə qəbzlər vardır. O, kredit götürdükləri zaman, “Şəki Rayon Mərkəzi Xəstəxanası”nda işləmiş, sonradan qanunsuz olaraq işdən azad edilmişdir. Bundan sonra Şəki Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxs tərəfindən onun işdən azad olunmağı barədə verdiyi 10 mart 2023-cü il tarixli, PHŞ-6-71/3-1-6/2023 saylı əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunmağı barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(075)-1154/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı işdən azad edilməsi barədə cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin verdiyi 10 mart 2023-cü il tarixli, PHŞ-6-71/3-6/2023 saylı əmri ləğv edilmiş, İddiaçı, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdə işə bərpa edilməsi qət edilmişdir. Cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs isə qətnamənin qanuni qüvvəsini almaması üçün Şəki Rayon Məhkəməsinin qətnaməsindən əsassız şikayətlər verməkdədir. Şəki Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(075)-1154/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmiş, lakin xx.xx.2023-cü il tarixində Şəki Apellyasiya Məhkəməsi Şəki Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlayaraq onun məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdə işə bərpa edilməsi qət edilmişdir. Göründüyü kimi o borcunu ödəməkdən qərəzli olaraq yayınmır, işsiz olduğu üçün borcu ödəyə bilmir. Bank və notariat kontoru isə onun düşdüyü çətin vəziyyətdən istifadə edərək icra qeydini İcra və Probasiya şöbəsinə göndərmişdir. Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin 8İ-16545 nömrəli xx.xx.2023-cü il tarixli icra qeydi əsasında Abşeron icra şöbəsinin icra məmuru Elşən Ziyəddinovun icraata başlamaq haqqında qərar qəbul edərək ona könüllü icra üçün 10 gün vaxt vermişdir. Nə notariat ofisindən nə də ki, bankdan ona bildiriş gəlməmişdir. Halbu ki, qanununda tələbindən göründüyü kimi tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Lakin ona bildiriş göndərilməmişdir. Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin 8İ- 16545 nömrəli xx.xx.2023-cü il tarixli icra qeydi barədə ona yalnız Şəki rayon icra və Probasiya şöbəsində məlum olmuşdur. Bundan sonra Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət edərək, ona icra qeydinin təqdim edilməsini xahiş etsə də, ona yalnız həmin qeydən çıxarış verilmişdir. Bank bu günə kimi onun kredit borcunu həddindən artıq şişirtmiş və onun tərəfindən banka nə qədər pul ödənilməsini gizlədir. Banka onun borcu var, lakin bank borcu şişirtmiş, şişirdilmiş faiz və cərimə pulu hesablamışdır. Bankın tələb etdiyi pul olduqca şişirdilmiş məbləğdir. Hesab edir ki, notariat kontorunun icra qeydi qanunsuzdur ona görə də ləğv edilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirdi ki, cavabdeh ilə onun arasında kredit sazişi bağlanmış, həmin kredit sazişinə əsasən Bank tərəfindən kredit verilmişdir. İcra qeydi tərtib edilməmişdən əvvəl bank tərəfindən ona tələblə bağlı icra qeydinin aparılacağı barədə bildiriş göndərilməmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 09 sentyabr 2023-cü il tarixli 8İ-16545 reyestr nömrəli icra qeydi barədə Şəki rayon icra və Probasiya şöbəsində məlum olmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Şəki regional «ASAN xidmət» mərkəzinin notariat ofisi məhkəməyə ərizə göndərərək, məhkəmə iclaslarının onların nümayəndəsinin iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. İşin halları; İş materiallaarına əlavə ediməklə məhkəmə baxışında tədqiq edilmiş.; Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 09 sentyabr 2023-cü il tarixli 8İ-16545 reyestr nömrəli icra qeydinin surətindən görünür ki, İddiaçı tələbkar "xxxx" ASC-nin xeyrinə 6328.79 manat pulun və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. İcra qeydinin verilməsinə əsas olmuş “Notariat icra qeydi haqqında ərizə”dən görünür ki, icra qeydinin verilməsinə əsas olan öhdəliyi müəyyən edən sənəd 23 sentyabr 2021-ci il tarixli, BPM**********52 nömrəli kredit müqaviləsidir. Ərizədə göstərilir ki, kredit müqaviləsi üzrə borclunun 5697.98 manat əsas borcu, 630.59 manat faiz borcu olmaqla, ümumilikdə 6328.97 manat borcu vardır. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC X1 Filialı tərəfindən Elçin Biabaniyə ünvanlanmış 27 fevral 2024-cü il tarixli, ŞRPF 05/34 nömrəli məktubdan görünür ki, SS815679098AZ saylı məktubun sistem üzərində heç bir qeydiyyatı olmadığından cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC X1 Filialının 04 mart 2024-cü il tarixli, ŞRPF 05/37 nömrəli məktubdan görünür ki, SS815679098AZ saylı məktubun sistem üzərində heç bir qeydiyyatı olmadığından cavablandırılması mümkün olmamışdır. Tətbiq edilən hüquq “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun; 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında kredit sazişi bağlanmış, həmin kredit sazişinə əsasən Bank tərəfindən iddiaçıya kredit verilmişdir. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən, onun bank qarşısında borcu yaranmışdır. "xxxx" ASC isə iddiaçının kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən 09 sentyabr 2023-cü il tarixdə müvafiq icra qeydi verilmişdir. Məhkəmə qeyd edir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilməmişdir. Qanunvericiliyin tələbinə görə, cavabdeh "xxxx" ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olduğu halda, həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin göndərilməsini, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən göndərilmiş “Notariat icra qeydi haqqında ərizə”də icra qeydinin verilməsi üçün əsas olan borcluya göndərilmiş bildirişin poçt qəbzinin nömrəsi SS815679098AZ kimi göstərilsə də, məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X1 Filialı tərəfindən göndərilmiş 27 fevral 2024-cü il tarixli cavab məktubundan görünür ki, SS815679098AZ saylı məktubun sistem üzərində heç bir qeydiyyatı aparılmamışdır. Göründüyü kimi, cavabdeh Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisi icra qeydini təsdiq edərkən, mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı borclunun məlumatlı olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, tələbkardan borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi tələb etmədən icra qeydini təsdiq etmiş və bununla da “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərini pozmuşdur. Beləliklə məhkəmə hesab edir ki, icra qeydinin təsdiq edilməsi zamanı qanun pozuntusuna yol verildiyindən, iddia təmin edilməli, Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş 09 sentyabr 2023-cü il tarixli, 8İ-16545 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş 09 sentyabr 2023-cü il tarixli, 8İ-16545 reyestr nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar