Məhkəmə qərarları › İş №e-2(075)-233/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-233/2023

03.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-233/2023 03.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məhkəməyə dəvət olunması və ondan iddiaçının xeyrimə 1600 AZN (1000+300+300) məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci ildə Unibank KB ASC-dən 1000 AZN məbləğində (900 AZN nağd krediti və 100 AZN kart krediti) kredit götürüb vermişdir. Cavabdeh həmin krediti özü ödəyəcəyinə söz verməsinə baxmayaraq kredit rəsmiləşəndən indiyənə kimi (3 ay ərzində 300 AZN) kredit borcunu o ödəmişdir. Bundan başqa həmin şəxsə 300 AZN məbləğində də borca pul vermişdir. Aralarında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Buna görə də öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərmişdir ki, Cavabdeh özü bankdan kredit ala bilmədiyi üçün ondan borc pul istəmişdir. Cavabdeh gözdən əlil olduğu üçün, həmçinin cavabdehin uşağı xəstə olduğundan ona yazığı gəlmiş, bankda öz adına 900 AZN nağd krediti və 100 AZN kart krediti götürüb cavabdehə vermişdir. Cavabdeh özünə məxsus olan kartı ona vermişdir. Lakin cavabdeh həmin aydan kart hesabını bağlatdırmışdır. Bildirmişdir ki, o, banka hər ay 65 manat olmaqla, altı ay ödəniş etmişdir. Bundan başqa 104 manat kart hesabına pul vurmuşdur. Cavabdeh bundan əlavə ondan 260 manat borca pul almışdır. Bildirmişdir ki, kredit borcu hələ də davam edir. Kredit borcunu o ödəyir. Göstərmişdir ki, onlar birlikdə gedib bankdan onun adına kredit almışlar. Bu zaman onların yanında Mehman adlı şəxs də olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin İddiaçı 20 dekabr 2022-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq mülki iş üzrə bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-nin 740.2-ci maddəsinə görə isə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. X1 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, X2rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göründüyü kim məhkəmə iclasında iddiaçı bankdan 900 manat nəğd və 100 manat kredit kartı vasitəsilə 1000 manat məbləğində kredit götərərək iddiaçıya verdiyi bildirmişdir. Həmçinin iddiaçı həmin kredit borcundan hər ay 65 manat olmaqla, altı ay ödəniş etdiyi, bundan başqa 104 manat kart hesabına pul köçürdüyünü bildirmiş, həmçinin cavabdehə ayrıca 260 manat borc verdiyi bildirmişdir. Lakin iddiaçı məhkəmə iclasında cavabdehə tələb etdiyi məbləğdə pul verməsi ilə bağlı hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Yəni iddiaçı cavabdehə borcun verilməsi barədə hər hansı qəbz və ya müqaviləni işə əlavə etməmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməklə iddiaya hər hansı münasibət bildirməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, tələblə bağlı etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhz iddiaçı tələb elədiyi 1600 manat borc məbləğinin cavabdehə verilməsi, həmçinin özünün qeyd elədiyi kimi banka ödənilməsini və cavabdeh tərəfindən ödənilməli olmasını sübut etməlidir. İddiaçı tərəfindən isə tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, qeyd edilən hallar digər mötəbər sübutlarla təsdiq edilməmişdir. Beləliklə məhkəmə, iddiaçı tərəfindən iddia tələbini təmin olunması üçün əsas ola biləcək hər hansı bir sübut məhkəməyə təqdim olunmamasını əsas götürərək və iddia tələbinin sübutetmə vəzifəsinin iddiaçının vəzifəsi olduğu barədə mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı iddia tələbi əsaslı deyil, bu səbəbdən də İddiaçı Cavabdeh 1600 AZN məbləğində pul vəsaitinin alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh 1600 AZN məbləğində pul vəsaitinin alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar