Məhkəmə qərarları › İş №e-2(075)-244/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-244/2024

06.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-244/2024 06.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi, İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 20000 (iyirmi min) manat məbləğində təmir işləri üçün ödənilmiş pul vəsaitinin, vəkilə çəkilmiş xərclərin əvəzi olaraq 1500 manatın, vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 manatın, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 150 manat miqdarında pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2022-ci ilin sentyabr ayında “İnstagram” sosial şəbəkəsi üzərindən tapdığı “Arch Dreams Təmir” şirkətinə zəng edərək, evinin təmiri üçün müqavilə bağlamaq istədiyini demişdir. Onu Bakı şəhəri, X5 11/2071 ünvanında yerləşən ofislərinə dəvət etmişlər. Özünü şirkətin direktoru kimi tanıdan Cavabdeh onunla birlikdə ona məxsus olan ünvan 2 ünvanına gələrək, mənzilin təmiri üçün 18000 (on səkkiz min) AZN miqdarında vəsait tələb etmişdir. Sonradan mətbəxin təmirini də təmir xərclərinə əlavə edərək, daha 2000 (iki min) AZN məbləği verməyi bildirmişdir. O həmin məbləğlə razılaşmış və evin təmirini “Arch Dreams Təmir” şirkətinə həvalə etmişdir. Göstərilən 20000 (iyirmi min) AZN məbləği o, Raufa şəxsən və onun göndərdiyi, tanışı X2 məxsus olan **********358970 nömrəli "xxxx" ASC-nə məxsus kart hesabına göndərmişdir. Göstərilən kart hesabına xx.xx.2022-ci il tarixdə 7000 (yeddimin) AZN köçürmüşdür. Cavabdeh evin təmirini 1 ay və ya 1 ay yarıma bitirəcəyini bildirmişdir. O, ona bu müddətin təmir üçün kifayət etməyəcəyini və 2 ay müddətinə evi təmir edib təhvil verməyi bildirərək, evin açarını təqdim etmiş və 10 sentyabr 2022-ci il tarixdən təmir işlərinə başlaması ilə bağlı razılığa gəlmişlər. Lakin üzərindən artıq bir ildən artıq müddət keçməsinə baxmayaraq hələ də ev tam təmir edilərək ona təhvil verilməmişdir. Məsələ ilə bağlı Cavabdehlə ona məxsus 055 *** ** ** mobil nömrəsi vasitəsi ilə əlaqə saxlayaraq, dəfələrlə xəbərdarlıq etsə də, hər dəfə ayrı-ayrı bəhanələrlə təmiri başa çatdırmaqdan boyun qaçırmışdır. Sonuncu dəfə isə, əlində pul qalmadığını və pul gəldikcə işləri davam etdirəcəyini bildirmişdir. Cavabdeh ayrı-ayrı vaxtlarda gördüyü təmir işləri standartlara uyğun gəlmir və sökülüb yenidən bərpa edilməsi, təmir edilməsi zərurəti yaranmışdır ki, bu da əlavə xərclərə və vaxt itkisinə səbəb olacaqdır. Bundan əlavə, Cavabdeh müqavilə bağlamaq istədiyini bildirsə də, hər dəfə şirkətin müqavilə hazırladığını və yaxın zamanda müqaviləni təqdim edəcəyini bildirərək, onunla müqavilə bağlamaqdan yayınmışdır. Nəticədə həmçinin vergi ödəməkdən yayınmış və qanunvericiliyin tələbini pozmuşdur. O, İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi veteranıdır. Torpaqların azadlığı uğrunda gedən döyüşlərdə fədakarlığına görə müxtəlif order və medallarla təltif edilmişdir. Müharibədən qayıtdıqdan sonra ailə həyatı qurmaq üçün evini təmir etdirmək qərarına gəlmişdir. Cavabdeh onu yubatması və maddi və mənəvi ziyana salması nəticəsində həm ailə, həm şəxsi həyatında stressiv hallara görə nevroloji xəstəlik tapmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Lakin, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəməyə xx.xx.2024-cü il tarixdə elektron qaydada ərizə ünvanlayaraq iddia ərizəsinə onların iştirakı olmadan baxılıb təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdilər. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2024-cü il tarixli, 10/1625 saylı ekspert rəyinin nəticəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 2T saylı evin, 3 nömrəli mənzili üzrə aparılmış təmir işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 6185 manat (material və işçiliklə birlikdə),o cümlədən tikinti materiallarının dəyəri 1972 manat, əmək haqqının dəyəri isə 4213 manat məbləğində müəyyən olunmuşdur. Tədqiq olunan mənzil üzrə mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir işlərinə sərf olunmalı vəsaitin bazar qiymətlərinə uyun olaraq ümumi dəyəri 3640 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi tərəfindən verilmiş vətəndaş Cavabdeh Rəhim oğlunun izahatının surətindən görünür ki, o, Tahiri 2022-ci il tarixdə sosial şəbəkədə onların səhifələrindən nömrələrini götürürək onlarla əlaqə saxlamışdır. Tahirin evinə baxış keçirərək Tahirlə qiymət barədə söhbət etdikləri zaman 20000 AZN evin təmiri üçün pul istəmişdir. Tahir həmin məbləği təmir işləri edərək hissəli şəkildə ona ümumilikdə 19800 manat pul vermişdir. Onun təmir zamanı ailəsində bəzi problemlər və vəfat edən yaxını olduğundan rayona getmişdir. Rayona getdiyi və işin vaxtını uzatdığına görə ev sahibi narahatçılığını bildirmişdir. Onların arasında müqavilə bağlanmamışdır. Razılaşmaları şifahi şəkildə olmuşdur. Evi təmir etməyə hazırdır və heç bir öhdəlikdən boyun qaçırmır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının və onun etibarnamə üzrə nümayəndəsinin (vəkili) izahatlarını dinləyib məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, tərəflər arasında şifahi olaraq bağlanmış podrat müqaviləsinə əsasən, cavabdeh tərəfindən iddiaçıya məxsus Bakı şəhərində yerləşən fərdi yaşayış evinin təmir edilməsi üçün iddiaçı cavabdeh ilə razılaşdığı 20.000 (iyirmi min) manat ödənilməli olan puldan 19.800 (on doqquz min səkkiz yüz) manat məbləğində pulu qəbul etmişdir. Bu hal iş materiallarına əlavə olunmuş cavabdehin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində verdiyi izahatı ilə təsdiq olunur. Cavabdeh 1 ay ərzində fərdi yaşayış evini təmir edib təhvil verməyi öhdəsinə götürsə də, fərdi yaşayış evində iddiaçı ilə razılaşdığı qaydada təmir işlərini tam olaraq görməmiş və təmiri başa çatdırmamışdır. Göründüyü kimi, cavabdeh şifahi olaraq bağlanmış podrat müqaviləsi ilə nəzərdə tutulan vaxt və qaydada fərdi yaşayış evinin təmir işlərini yekunlaşdırmağı öhdəsinə götürsə də öhdəliyi tam yerinə yetirməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Belə ki, iddiaçı cavabdehə təmir xərcləri üçün ümumilikdə 19.800 (on doqquz min səkkiz yüz) manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən də görünür ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 2T saylı evin, 3 nömrəli mənzili üzrə aparılmış təmir işlərinə sərf olunmuş vəsaitin və yaranmış qüsurların aradan qaldırılması üçün cəmi 16.010 (on altı min on) vəsaitin sərf olunmasını təşkil edir. Yəni, sifarişçi tərəfindən ödənilən 19.800 (on doqquz min səkkiz yüz) manat pulun müqabilində podratçı tərəfindən də, hansı dəyərdə sifarişin yerinə yetirliməsi müəyyən edilməməklə görülmüş işlər nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün də əlavə vəsait tələb olunması müəyyən edilir. Ona görə də, məhkəmə hesab edir ki, yerinə yetirilməyən sifarişə görə ödənilmiş 19.800 (on doqquz min səkkiz yüz) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin “mənəvi zərərin əvəzi olaraq 10.000 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi göstərilən hissədə sübuta yetirilmədiyindən, təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdeh tərəfindən ona 10.000 manat məbləğində mənəvi zərər vurulmasını göstərsə də, lakin məhkəmə araşdırılması zamanı ona cavabdeh tərəfindən hansı qaydada mənəvi zərər vurulmasını təsdiq edən sübutu və ya dəlili məhkəməyə təqdim etməmişdir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X3 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Məhkəmələrə mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutması izah edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 3-cü abzasında mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin Qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X3 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Plenumun Qərarının 11-ci bəndinə əsasən, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. İddiaçı iddia ərizəsində Vəkil Burosuna hüquqi yardım ücün ödədiyi 1500 (min beş yüz) manat pulun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etsə də, o, Vəkil Bürosunun hesabına 1500 manat məbləğində pulun ödənilməsinə dair hər-hansı bir sübut (qəbz,arayış) təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 19.800 (on doqquz min səkkiz yüz) manat pul və 150 (bir yüz əlli) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 19.800 (on doqquz min səkkiz yüz) manat pul və 150 (bir yüz əlli) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar