Məhkəmə qərarları › İş №e-2(075)-253/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-253/2024

30.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-253/2024 30.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkinn Fikrət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı cavabdeh X5 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Reyhan Əlipaşa qızından 1/6 hissədən əlavə 30 000 manat təzminat ödənilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, şikayətləri onu və körpələrini Qax uşaq xəstəxanasından oğurlayaraq Şəki Dəlixanasında gizlətdiyinə görədir. Körpə balalarını qəsdən şikəst etmişlər. Şəki Dəlixanasında bir neçə yüz min manatlarla, külli miqdarda maddi və mənəvi zərbələr, zərər-ziyanlar vurmuşlar. Onu və körpələrini Şəki Dəlixanasında gizlətmişlər, əri və qızı Kulikova Marina onu ölümcül döymüşlər, məcburən boşamışlar. Ömrü o vaxtdan vağzallarda, körpülərdə, xarabalıqlarda keçmişdir. Bir dəfə də olsa doğmaları kömək, yardım etməmişlər. Öz doğma atası X1-70 ünvanında yerləşən mirasını İsayeva Hicran Ziyanur qızına 17000 manata satmışlar. 17000 manatdan az da olsa yardım etməmişlər. O hələ də Qax sığınacağındadır. Çox çarəsizdir, çox çətinlikdədir. Ona 6/1 hissədən əlavə cavabdeh Reyhan Əlipaşa qızından əlavə təzminatın alınıb verilməsini istəyir. O bu pulu şikəst olmuş balalarının sağlamlığı üçün xərcləyəcəkdir. Atasının mirası bu il satılmazsa, gələn il yarı qiymətə də satılmayacaq, ona görə ki, cavabdeh Reyhan Əlipaşa qızı hər gün evin bir tərəfini söküb-satır, daşıyır. Şəki şəhərrayon Polis Şöbəsinə bu barədə məlumat vermişdir. Evdə hər gün surətli köhnəlmə gedir. Hal-hazırda o mülkiyyətçidir, vərəsədir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddinın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları; İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 yanvar 2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 05 avqust 2012-ci il tarixdə vəfat etmişdir. 11 iyul 1973-cü il tarixli, 9289/4609 nömrəli (zemelnaya zapis) torpaq qeydinin təsdiq olunmuş surətindən görünür ki, 27-ci rayon, Əkinçilər küçəsi, ev 16 ünvanında yerləşən torpaq sahəsi X9 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 29 oktybar 2023-cü il tarixli məktubdan görünür ki, Reyhan adlı şəxsin onun ev əşyalarını aparması ilə bağlı müraciətinə baxılmışdır. Qaldırılan məsələnin həlli daxili işlər orqanlarının səlahiyyətinə aid olmadığı üçün müraciətində göstərdiyi xüsusatlarla bağlı aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət hüququnun olduğu bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1098.2-ci əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarın 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmənin mövqeyi; Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı cavabdehdən ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməsinin heç bir qanuni əsası yoxdur və ya hər hansı müqavilə şərtlərinə əsaslanmır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir İddiaçı cavabdehdən ona vurulmuş mənəvi zərərin əvəzi kimi 30000 manat pul tələb etsə də məhkəmə iddia tələbini əsaslı hesab etmir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçının hüquqlarının pozulması nəticəsində müəyyən mənəvi sarsıntıya məruz qalması məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddianın təmin edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X5 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh X5 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar