Məhkəmə qərarları › İş №e-2(075)-2548/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2548/2025

14.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2548/2025 14.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi ilə, İddiaçı cavabdehlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsinə və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «hərbi xidmətə yararlı hesab edilməsi barədə qərarın etibarsız hesab edilməsi» tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsinə və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «hərbi xidmətə yararlı hesab edilməsi barədə qərarın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri Mülki Prosessual Qanunvericiliyin tələbləri baxımından hüquqi qiymətləndirərək məhkəmə hesab edir ki, ərizənin icraata qəbulundan imtina edilməlidir. Məhkəmə ilk növbədə diqqətə çatdırır ki, hazırda iddia ərizəsi verilən zaman məhkəmə aidiyyəti qaydalarına riayət edilməmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının xahişi inzibati mübahisə predmeti olmaqla inzibati orqanın qərarı mübahisələndirilmişdir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan mübahisələrdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi ərizənin hazırda icraata qəbul edilməsi məhkəmə aidiyyəti qaydalarının pozulmasına gətirib çıxara bilər. Hansı ki, mülki prosessual qanunvericilik və inzibati prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. Konstitusiyasının 62-ci maddəsindən çıxış etməklə Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsində də aidiyyət qaydalarının pozulmasına yol verilməməsi əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 153.2-ci maddəsində iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina əsasları qeyd olunmuşdur. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 153.4-cü maddəsində göstərilmişdir ki, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsində qeyd olunmuşdur ki, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Mülki Prosessual Məcəllənin 114.1 və 114.1.2-ci maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə dövlət rüsumunun geri qaytarılmalı olması nəzərdə tutulur. İddiaçı tərəfindən ödənilən xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 153.3, 153.6, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsinə və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «hərbi xidmətə yararlı hesab edilməsi barədə qərarın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina olunsun və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. İddiaçı tərəfindən ödənilən xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar