Məhkəmə qərarları › İş №e-2(075)-2832/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2832/2025

29.12.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2832/2025 29.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X3 11 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonunun Bolludərə bələdiyyəsi tərəfindən dövlət büdcəsinə olan ümumilikdə, Dövlət Sosial Müdafiə Fonduna olan 24432,67 manat, İşsizlikdən sığorta fonduna olan 0 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxx 1962-ci il, Doğulduğu yer - Azərbaycan, Şəki; Çayqaraqoyunlu kəndi, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Şəki rayonu Turan Bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 24432,67 manat, İşsizlikdən sığorta fonduna 0 manat olmaqla, ümumilikdə 24432,67 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********712700, xx.xx.2025-ci il tarixli **********714100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs Şəki rayonu, Turan Ə/D, Turan qəsəbəsi ünvanında yaşayır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı, elektron qaydada ərizə göndərərək, işə onları iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Maraqlı şəxs onun Bolludərə Bələdiyyəsinə yeni sədr təyin edildiyini, bir neçə bələdiyyənin birləşərək Bolludərə Bələdiyyəsinin yaradıldığını, borcun digər bələdiyyələrə aid olduğunu bildirərək ərizənin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: İş materiallarında olan: - Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1962-cı il tarixdə Şəki rayonu, Çayqaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Maraqlı şəxs Şəki rayonu, Turan Ə/D, Turan qəsəbəsində qeydiyyatdadır. - Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü yerli özünüidarəetmə orqanlarının fəaliyyəti olan Şəki Rayonunun Turan Bələdiyyəsi vergi ödəyicisi qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Şəki rayonunun Turan Bələdiyyəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli **********341700 nömrəli bildirişə əsasən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 29008,28 manat, maliyyə sanksiyaları üzrə 180 manat, faizlər üzrə 7837,29 manat məbləğində borcun 5 gün müddətində ödənilməsi tələb olunmuş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Şəki rayonunun Turan Bələdiyyəsinin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, vergi ödəyicisinin məcburi dövlət sosial sığorta haqları üzrə ödənilməmiş borcu mövcuddur. - xx.xx.2025-ci il tarixli “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” xəbərdarlıqdan görünür ki, Şəki rayonunun Turan Bələdiyyəsinin məcburi dövlət sosial sığorta haqqı üzrə və işsizlikdən sığorta haqqı üzrə ümumilikdə 37627,27 manat borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Mülki Prosessual Məcəllənin 355-7.1-ci maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Mülki Prosessual Məcəllənin 355-7.3-cü maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Mülki Prosessual Məcəllənin 355-7.5-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan Şəki rayonu Turan bələdiyyəsi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları üzrə borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən borcun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 15 gün müddətində ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu Şəki rayonu Turan Bələdiyyəsinin borcunun ödənilməsini təmin etmək məqsədilə icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, vergi ödəyicisi olan Şəki rayonu Turan Bələdiyyəsi tərəfindən dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna olan olan borcların ödənilməsini təmin etmək üçün icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Şəki rayonu Turan Bələdiyyəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 24432,67 (iyirmi dörd min dörd yüz otuz iki manat altmış yeddi qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Şəki rayonu Turan Bələdiyyəsinin icra orqanının rəhbəri olan Maraqlı şəxs (Doğulduğu tarix - xx xxxx 1962-ci il, Doğulduğu yer - Azərbaycan, Şəki; Çayqaraqoyunlu kəndi, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) barəsində ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar