Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-32/2024 12.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı əşyanın müqaviləyə uyğun əvəz edilməsi və ya pulun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İşin halları İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş lazımi keyfiyyətli olmayan əşyanın (telefonun) müqaviləyə uyğun əşya ilə (telefonla) əvəz olunması, əks təqdirdə əşya üçün (telefon üçün) ödənilmiş 720 manat pul məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin Şəkidə yerləşən 2 saylı mağazasından dəyəri 720 manat olan “A-52 Samsung (A525/128 gb Black)” telefonu almış və 6 ay ərzində hər ay 120 manat olmaqla telefonun dəyərini ödəyib qurtarmışdır. Yeddinci ayda telefon enerji (zaryadka) yığarkən qaralıb qalmış və telefonun ekranı açılmamışdır. Həmin telefonu heç bir ustaya göstərmədən telefon aldığı mağazaya gətirmiş və onlara bununla bağlı məlumat vermişdir. Orada ona telefonu qarantiya kağızı ilə birlikdə onlar servis xidmətlərinə aparılmasını bildirmişlər. O da telefonu aparıb servis xidmətinə təhvil vermişdir. Servisdə telefona baxaraq qutusuna qoymuşlar və qarantiya kağızı ilə qəbul edib, ona telefonu Mingəçevir şəhərində yerləşən “Samsung” telefonlarının təmiri şirkətinə göndərəcəklərini və nəticəsi barədə məlumat verəcəklərini bildirmişlər. Bununla bağlı ona xx.xx.2022-ci il tarixli servisdə xidmət qəbzini də vermişlər. Bundan sonra o dəfələrlə "xxxx" MMC-nin baş ofisinə ərizə ilə müraciət edərək lazımi keyfiyyətli olmayan əşyanın (telefonun) müqaviləyə uyğun əşya ilə (telefonla) əvəz olunmasına, əks təqdirdə əşya üçün (telefon üçün) ödədiyi pul məbləğinin geri qaytarılmasına köməklik edilməsini xahiş etmişdir. Axırıncı dəfə isə tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə müraciət edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Hətta cavabdeh tərəfindən müraciətlərinə rəsmi cavab da verilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən ona keyfiyyətsiz, mühüm qüsurlu telefon verilmişdir. Halbuki, müqaviləyə görə cavabdeh ona keyfiyyətli, heç bir qüsuru olmayan əşyanı (telefonu) verməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh tərəfindən ona müqaviləyə uyğun, lazımi keyfiyyətli əşya verilməmiş, cavabdeh öz öhdəliyini icra etməmiş, istehlakçı olaraq onun hüquqlarını pozmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh "xxxx" MMC tərəfindən göndərilmiş 06 iyun 2024-cü il tarixli etiraz ərizəsindən görünür ki, iddia ərizəsində qeyd olunur ki, telefonu heç bir ustaya göstərmədən telefon aldığı mağazaya gətirmiş və onlara bununla bağlı məlumat vermişdir. İddiaçı aldığı mobil telefonda zəmanət müddətində nasazlıq yarandığı halda, başqa ustaya deyil, zəmanət talonunda göstərilən servis mərkəzinə təqdim etməlidir. Başqa ustaya göstərmədiyini qeyd etməsi hansı marağa söykəndiyi məlum deyil və hesab edir ki sübutsuz deyilən fikir həqiqəti əks etdirməyə bilər. İddiaçı iddia tələbində iddaçının aldığı mobil telefonun nasazlığı ilə bağlı qeyd edir ki, yeddinci ayda telefon enerji (zaryadka) yığarkən qaralıb qalmış və telefonun ekranı açılmamışdır. Ona görə də Mağazaya və mağazanın təklifi ilə mobil telefonu servis xidmətinə təhvil vermiş və xidmət tərəfindən ona qəbz də verilmişdir. Bundan sonra isə telefondan heç bir məlumat ala bilməmişdir. İddia tələbi bununla yekunlaşmışdır. İddia tələbi ilə tanış olarkən belə fikir anlaşılır ki, iddiaçının aldığı telefonda istehsal qüsuru baş vermiş və görə də servis xidmətinə təhvil vermiş, sonra isə telefon qaytarılmamış, eyni zamanda heç bir məlumat da verilməmişdir. Göstərilən səbəblərə görə iddia tələbini əsassız hesab edərək, etirazlarını bildirirlər. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2021-ci il rixdə BL610015 saylı Nisyəsatış müqaviləsi bağlanmış və iddiaçı müqavilə şərtinə uyğun olaraq 06 ay mülddətində ayda 120 manat ödəyərək "Samsung A525 4/128gb Black" markalı mobil telefonu almışdır. iddiaçı xx.xx.2022-ci il tarixdə servis xidmətinə müraciət edərək, telefon enerji (zaryadka) yığarkən qaralıb galdığını və telefonun ekranı açılmadığı barədə məlumat vermişdir. Telefonu servis xidmətinə təhvil vermişdir. Servis xidmətinin mobil telefonu təhvil alarkən iddiaçıya servis xidməti qəbzi təqdim etmiş və qəbz gözlə görünən nöqsanlar qeyd edilmişdir. Həmin qəbz iddiaçı tərəfindən iş materiallarına əlavə edilmişdir. Qəbzdən görünür ki, mobil telefon təlivil alınarkən üzərində zədələr və cızıqlar olmuşdur. Bundan sonra Servis xidməti tərəfindən mobil telefonda yoxlama aparılmış və xx.xx.2022-ci il tarixli texniki rəy verilmişdir. "X1" MMC-nin xx.xx.2022-ci il tarixli texniki rəyində göstərilir ki, qeyd olunan mobil telefonun batareyası şişib, korpusda cızıqlar, ləkələr və sürtürmələr vardır. Mobil telefona keçirilmiş müayinənin nəticəsi olaraq, qeyd edilmişdir ki, telefona mütəxəssis tərəfindən texniki baxış keçirildi və müəyyən edildi ki, batareykaya kənar müdaxilə olunub və yaranan qüsur zədələnmə nəticəsində yaranıb. Ona görə də ödənişli xidmət göstərilə bilər. Telefonun nasazlığı barədə servis mərkəzi tərəfindən iddiaçıya məlumat 18 iyul 2023-cü il tarixində iddiaçı verilmişdir. Servis rəyindən sonra Azərbyacan Respublikası lqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmişdir. Müraciətinin məzmunu ondan ibarət olmuşdur ki, servis xidmətinin ona təqdim etdiyi cavabdan, yəni mobil telefona kənar müdaxilə olması ilə razı deyildir, ona görə də mobil telefonun yeni ilə əvəz edilməsi və yaxud ödədiyi pul məbləğini qaytarılmasına kömək göstərilməsini xahiş etmişdir. Tərəflərindən rəyə əsaslanaraq rəyin məzmununa uyğun rəsmi cavab verilmişdir. "X1" MMC-nin rəyi əsaslı olmaqla yanaşı, hazırki günə kimi qüvvədədir. Hesab edir ki, tərəflərindən mütəxəssis rəyin əsaslanmaqla malın dəyişdirilməməsi, iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməməlidir. Odur ki, şərh olunanlara əsasən, Məhkəmədən İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı "Əşyanın müqaviləyə ğun əşya ilə əvəz edilməsi və ya əşya üçün ödənilmiş pul məbləğinin qaytarılması" tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.2021-ci il tarixdə alğısatqı müaviləsi əsasında “A-52 Samsung (A525/128 gb Black)” markalı telefon almışdır. Həmin telefon üçün satıcı tərəfindən zəmanət verilmişdir. Telefonu yükləyici vasitəsi ilə yükləməyə qoyduqda, durduq yerə telefonun ekranı qaralmışdır. "xxxx" MMC-nə müraciət etdikdə telefonun təmiri üçün servis xidmətinə təqdim olunmasını bildirmişlər. Bundan sonra servis xidmətinə müraciət etmiş, telefonun təmir olunub ona göndəriləcəyini demişlər. Lakin 3 gün sonra ona Bakı şəhərindən bir xanım zəng edərək, telefonun qutusu olmadan, açıq şəkildə gəldiyi üçün təmir edə bilməyəcəklərini qeyd etmişlər. Bundan sonra o, bununla bağlı şikayətlər etmiş, lakin telefonda qüsurların onun təqsiri ucbatından yarandığını, ona məhkəmə müraciət etmək hüququnun olması bildirilmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları "xxxx" MMC tərəfindən verilmiş 02 sentyabr 2022-ci il tarixli, 926/22 saylı məktubdan görünür ki, servis mərkəzi tərəfindən aparılan texniki baxış zamanı cihaza kənar müdaxilənin edildiyi müəyyən edilmişdir, müvafiq hal isə zəmanət şərtlərinə daxil olmadığına görə ödənişsiz servis xidmətinin göstərilməsi mümkün deyildir. Müvafiq mala dair vətəndaşa servis xidməti yalnız ödənişli əsaslarlar göstərilə bilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin "xxxx" MMC-nə ünvanladığı vətəndaş müraciətləri haqqında 01 fevral 2023-cü tarixli, 3-21-1/2-1498/2023 saylı məktubundan görünür ki, bundan öncə, vətəndaş İddiaçı "xxxx" mağazasından aldığı telefonun qüsurlu olması ilə bağlı Dövlət Xidmətinə daxil olmuş xx.xx.2022-ci il tarixli M-394 nömrəli müraciətinin araşdırılması çərçivəsində Dövlət Xidməti tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli AİBNDX-10/09-5/2511 nömrəli sorğu məktubunda vətəndaş tərəfindən sözügedən məhsul təmirə verildikdən sonra şirkətin əməkdaşı tərəfindən onunla telefon əlaqəsi saxlanılaraq məhsulun öncədən başqa usta tərəfindən təmir edildiyi əsas gətirilməklə 400-500 manat ödəniş tələb edilməsi ilə bağlı hissəyə tərəflərindən Dövlət Xidmətinə göndərilmiş xx.xx.2022-ci il tarixli məktubla münasibət bildirilməmiş, bu səbəbdən qeyd olunan halların təkrar araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlarla əlaqədar, istehlakçının şikayətinin əsaslarını nəzərə alaraq "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərini rəhbər tutaraq qaldırılan məsələyə zərurət yarandığı təqdirdə vətəndaşın iştirakı ilə baxıb, qanunamüvafiq tədbirlərin görülməsini və nəticəsi barədə məlumatın, həmçinin malın təkrar müayinə edilməsinə dair sənədin (akt, texniki rəy və s.) surətinin beş iş günündən gec olmayaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsini xahiş etmişlər. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. "xxxx" MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı 15 fevral 2023-cü il tarixli, 162/23 saylı məktubundan görünür ki, müştərinin "xxxx" mağazasından aldığı məhsulu ("Samsung" markalı mobil telefon) ilə bağlı şikayət artıq 926/22 saylı, 2 sentyabr 2022-ci il tarixli məktubla tərəflərindən cavablandırılmışdır. Həmin məktubda məhsula kənar müdaxilə olunduğu (satıcının təyin etdiyi səlahiyyətli servis tərəfindən olunmayan istənilən müdaxilə kənar müdaxilə hesab olunur) və nəticədə məhsulda qüsur yaranmış olduğu qeyd edilmiş və bununla bağlı texniki rəy təqdim edilmişdir. Bu hal zəmanət şərtlərinə daxil olmadığı üçün məhsulun ödənişli əsaslarla təmir oluna biləcəyi müştəriyə bildirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İddiaçı ünvanladığı vətəndaş müraciətləri haqqında 22 fevral 2023-cü tarixli, 3-21-1/2-2906/2023 saylı məktubundan görünür ki, "xxxx" mağazasından aldığı telefonun qüsurlu olması haqqında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. Müraciəti ilə bağlı aparılmış araşdırma zamanı "xxxx" MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 926/22 nömrəli məktubda aparılmış müayinə zamanı iddia etiyi qüsurun kənar müdaxilə nəticəsində malın zədələnməsindən yarandığı bildirilmiş və texniki rəyin surəti Dövlət Xidmətinə təqdim edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nın 5.58-ci bəndinə əsasən malda aşkar edilən qüsurların səbəbləri ilə əlaqədar satıcı və istehlakçı arasında mübahisə yarandıqda, satıcı əmtəənin ekspertizasını öz hesabına həyata keçirməlidir. İstehlakçı ekspertizanın nəticələrini məhkəmə qaydasında mübahisələndirə bilər. Əlavə olaraq "xxxx" MMC-nin mövqeyi ilə razılaşmadı təqdirdə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki icraat qaydasında aidiyyəti üzrə məhkəmədə iddia qaldırmaq, eyni zamanda, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının 14.0.8-ci maddəsinə əsasən, müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət etmək hüququ olduğu bildirilmişdir. BL610015 saylı nisyə satış müqaviləsinə 1 saylı əlavədən görünür ki, İddiaçı götürdüyü əşyanın dəyərini hər ay hissə-hissə ödəməklə 6 ay müddətinə qaytarmalı olmuşdur. “X2” MMC-nin 13 iyun 2022-ci il tarixli texiniki rəyindən görünür ki, “A52 Samsung” markalı telefonda yaranan qüsur batareykaya kənar müdaxilə olunub və zədələnmə nəticəsində yaranıb. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2024-cü il tarixli ekspert rəyindən görünür ki, telefonun arxa səthində, həmçinin video-kamerasında bərk predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik cızıqlar, sürtünmə izləri vardır (ehtimal ki, həmin izlər istismar nəticəsində yaranmışdır). Telefonun iç hissəsində olan düzbucaqlı formalı plastikbənzər materialdan hazırlanmış batareya şişərək qabardığı üçün öz ilkin vəziyyətini itirmişdir. Batareyanın şişməsi nəticəsində telefonun arxa qapağı gövdəyə birləşmə yerlərindən qoparaq ayrılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3-cü maddəsinə əsasən əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 587.2-587.2.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə:
1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin;
2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 588.1- ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.
Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin;
14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi; Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı cavabdeh "xxxx" MMCdən xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən 720 manat olan “A-52 Samsung (A525/128 gb Black)” markalı telefon almış, aldığı telefonun pulunu müqaviləyə uyğun olaraq hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin İddiaçı cavabdeh "xxxx" MMC-nin bu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmədiyini, ona lazımi keyfiyyətli olmayan əşyanın satıldığını bildirərək, əşyanın (telefonun) müqaviləyə uyğun əşya ilə (telefonla) əvəz olunması, əks təqdirdə əşya üçün (telefon üçün) ödənilmiş 720 manat pul məbləğinin cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Göründüyü kimi mobil telefonun keyfiyyəti ilə bağlı belə bir mübahisə vardır. Çünki iş materiallarından görünür ki, İddiaçı telefonda qüsurların olması ilə bağlı "xxxx" MMC-nə müraciət etmişdir. Telefon "xxxx" MMC-nin servisi tərəfindən aparılan texniki baxış zamanı cihaza kənar müdaxilənin olunduğunun müəyyən edildiyi, müvafiq hal isə zəmanət şərtlərinə daxil olmadığına görə ödənişsiz servis xidmətinin göstərilməsi mümkün olmadığı və müvafiq mala dair vətəndaşa servis xidməti yalnız ödənişli əsaslarla göstərilə biləcəyi İddiaçı bildirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı "xxxx" MMC-dən hissə-hissə ödəniş şərtilə aldığı telefonda istehsalat qüsuru olduğunu, telefonu aldığı ilk gündən bir sıra problemləri olduğunu və problemlərin telefonun normal istifadəsinə mane olduğunu bildirdiyindən məhkəmə tərəfindən telefonda istehsalat qüsuru olub-olmadığını müəyyən etmək məqsədilə ekspertiza təyin edilmiş, verilmiş ekspert rəyində telefonun arxa səthində, həmçinin video-kamerasında bərk predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik cızıqlar, sürtünmə izləri olduğu (ehtimal ki, həmin izlər istismar nəticəsində yarandığı), telefonun iç hissəsində olan düzbucaqlı formalı plastikbənzər materialdan hazırlanmış batareyanın şişərək qabardığı üçün öz ilkin vəziyyətini itirdiyi, batareyanın şişməsi nəticəsində telefonun arxa qapağı gövdəyə birləşmə yerlərindən qoparaq ayrıldığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşmış və belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli alğısatqı müqaviləsinə əsasən "xxxx" MMC-dən alınmış telefonda istehsalat qüsuru olmamış, telefon İddiaçı satılarkən malın keyfiyyəti ilə bağlı qanunla müəyyən edilmiş tələblər pozulmamışdır. Beləliklə, "xxxx" MMC satıcı kimi keyfiyyətli əşya satmaq vəzifəsini düzgün yerinə yetirmiş, alıcıya lazımi keyfiyyətdə olan əşya vermişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı cavabdeh "xxxx" MMC tərəfindən verilmiş lazımi keyfiyyətli olmayan əşyanın (telefonun) müqaviləyə uyğun əşya ilə (telefonla) əvəz olunması, əks təqdirdə əşya üçün (telefon üçün) ödənilmiş 720 manat pul məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi barədə iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
Qət etdi:
İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı cavabdeh "xxxx" MMC tərəfindən verilmiş lazımi keyfiyyətli olmayan əşyanın (telefonun) müqaviləyə uyğun əşya ilə (telefonla) əvəz olunması, əks təqdirdə əşya üçün (telefon üçün) ödənilmiş 720 manat pul məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Elşən Vəliyev.