Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-335/2024 28.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10691 (on min altı yüz doxsan bir) manat məbləğində ödənilməmiş pulun, 1305 (min üç yüz beş) manat məbləğində cərimə (dəbbə) pulunun və 535 (beş yüz otuz beş) manat gecikdirilmiş vaxt üçün faiz borcunun, ümumilikdə 12531 (on iki min beş yüz otuz bir) manat borc məbləğinin, 128 (yüz iyirmi səkkiz) manat ödənilmiş dövlət rüsumunun və vəkil xidmətləri üçün ödənilmiş 600 (altı yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək “X1” və “X2” hotellərində otaqlarda qonaq qismində qalaraq hotel xidmətlərdən istifadə etmiş, göstərilən xidmətlərin əvəzinin bir hissəsini ödəsə də, qalan borcunu bu günə kimi ödəməmişdir. Bütün məbləğlər və həmçinin qidalanma daxil olmaqla istifadə edilmiş xidmətlər “X1”nun 66 nömrəli kassirin elektron sisteminin çıxarışında və “X2”nun “Nasirova Naila/70” nömrəli kassirin elektron sistemindən çıxarışında qeyd olunmuşdur. “X1”nun 66 nömrəli kassirin elektron sisteminin çıxarışına əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “X1” hotelinin xidmətlərindən istifadə edəcəyi ilə bağlı qeydiyyat bölməsində (“reception”da) şəxsiyyət vəsiqəsi məlumatları qeydə alınmış, xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2023-cü il tarixədək 27 gün ərzində gecəsi 60 AZN olan otaqlardan birindən və xx.xx.2023-cü il tarixdə gecəsi 60 AZN olan otaqlardan ikisindən (№ 414 və № 203) istifadə edərək toplam 28 gecəlik otaqdan istifadə haqqı olaraq 1680 AZN, xx.xx.2023-cü il tarixindən xx.xx.2023cü il tarixədək hoteldə yediyi yeməklərin toplam məbləği olan 2235.4 AZN, masaj xidmətindən istifadəyə görə 120 AZN olmaqla, cəmi 4035.4 AZN məbləğdə borcu yaranmışdır. “X2”nun “Nasirova Naila/70” nömrəli kassirin elektron sistemindən çıxarışına əsasən isə, Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “X2” hotelinin xidmətlərindən istifadə edəcəyi ilə bağlı qeydiyyat bölməsində (“reception”da) şəxsiyyət vəsiqəsi məlumatları qeydə alınmış, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək gecəlik haqqı 80 AZN olan otaqların birindən 60 gün istifadə edərək toplam 4800 AZN, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hoteldə yediyi yeməklərin və sifariş etdiyi alkoqollu içkilərin toplam məbləği olan 1856.3 AZN olmaqla, cəmi 6656.3 AZN məbləğində borcu yaranmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli sazişin 1.1 və 1.2-ci maddələrinə əsasən cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçının işlətdiyi hoteldə qonaq qismində qaldığı dövr üzrə 8700 AZN yaranmış borcunu ödəməyi və eləcə də cavabdeh həmin müqavilə tarixindən sonrakı dövr üçün hoteldə qonaq qismində qaldığı dövrdə gündəlik tarifə uyğun olaraq yaranacaq borcunu 10 gündən çox gecikdirməməklə ödəməyi öhdəsinə götürmüşdür. Sazişin 2.1-ci bəndinə əsasən cavabdeh 05 oktyabr 2023-cü il tarixinədək 8700 AZN borcu iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Sazişin 4.2-ci bəndinə əsasən, cavabdeh həmin saziş üzrə müəyyən edilən məbləği vaxtında və ya tam ödəmədikdə, öhdəliyin gecikdirildiyi hər gün üçün iddiaçı ödənilməyən məbləğinin 1 % həcmində cavabdehdən cərimə tələb edə bilər. Cərimənin ödənilməsi həmin saziş üzrə öhdəliklərin icrasından azad etmir. Cavabdeh sazişin 1.2-ci bəndinin tələblərini pozaraq heç bir ödəniş etmədiyindən xx.xx.2023-cü il tarixdə doğruluğu hər iki tərəfin imzası ilə təsdiq edilərək üzləşmə aktı tərtib olunmuşdur. Həmin üzləşmə aktına əsasən, Cavabdeh hər iki hoteldə gecələmə və qidalanmaya görə İddiaçı xx.xx.2023-cü il tarixə qədər olan borcu ümumilikdə 10 696.3 AZN təşkil edir. xx.xx.2023-cü il tarixli sazişin 4.2-ci bəndinə görə cavabdeh həmin saziş üzrə müəyyən edilən məbləği vaxtında və ya tam ödəmədikdə, öhdəliyin gecikdirildiyi hər gün üçün iddiaçı ödənilməyən məbləğinin 1 % həcmində cavabdehdən cərimə tələb edə bilər. Belə olan halda ödənişin gecikdirildiyi 15 gün üçün cərimə məbləği 1305 AZN təşkil edir. Cavabdeh, iddiaçıya olan 10696.7 AZN ödənilməmiş borcuna illik 5 % hesablanmaqla ümumi məbləğdən əlavə faiz ödəməlidir. Nəticədə cavabdehin gecikdirilmiş vaxt üçün faiz borcu 535 AZN təşkil edir. İşdə iştirak edən şəxslərin mövqeyi: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi elektron qaydada ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı (kreditor) ilə Cavabdeh (borclu) arasında imzalanmış xx.xx.2023-cü il tarixli sazişin 1.1-ci bəndindən görünür ki, borclu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək kreditorun işlətdiyi hoteldə qonaq qismində qaldığı dövr üzrə yaranmış 8700 manat borcunu ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndində qeyd edilmişdir ki, borclu bu müqavilə tarixindən sonrakı dövr üçün hoteldə qonaq qismində qaldığı dövrdə gündəlik tarifə uyğun olaraq yaranacaq borcunu 10 gündən çox gecikdirməməklə ödəməlidir. 2.1-ci bəndində qeyd edilmişdir ki, borclu, xx.xx.2023-cü il tarixədək 8700 manat borcu kreditora ödəyir. 4.2-ci bəndinə əsasən borclu bu saziş üzrə müəyyən edilən məbləği vaxtında və ya tam ödəmədikdə, öhdəliyin gecikdirildiyi hər gün üçün kreditor, ödənilməyən məbləğin 1 % həcmində borcludan cərimə tələb edə bilər. Cərimənin ödənilməsi bu saziş üzrə öhdəliklərin icrasından azad etmir. 5.2-ci bəndinə əsasən tərəflər arasında meydana gələn mübahisələr 10 gün müddətində danışıqlar vasitəsi ilə həll edilməzsə, mübahisə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq şəkildə məhkəmə qaydasında baxılacaq. - Tərəflər arasında imzalanmış 30 sentyabr 2023-cü il tarixli üzləşmə aktından görünür ki, X1 üzrə ödənilməyən gün sayı 28, hər gün üçün qiymət 60 manat, qidalanmaya görə 2360 manat, cəmi 4040 manat, X2 üzrə ödənilməyən gün sayı 60, hər gün üçün otaq qiyməti 80, qidalanmaya görə 1856,3 manat, cəmi 6656.3 manat, yekun (hər iki otel üzrə) 10696.3 manat təşkil edir. - “X1”nun invoys məlumatlarından görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cü il tarixədək olan müddətdə qalmaq haqqı 1680 manat təşkil etmişdir. - “X1”nun invoys məlumatlarından görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qidalanma haqqı 2355,40 manat təşkil etmişdir. - “X2”nun informasiya hesabından görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində qalmaq haqqı 4800 manat təşkil etmişdir. - “X2”nun informasiya hesabından görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində qidalanma haqqı 1856,3 manat təşkil etmişdir. - İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı 10691 manat əsas, 1305 manat dəbbə pulu, 535 manat (illik 5 faiz borcu) faiz, cəmi 12531 manat borcun 10 gün ərzində ödənilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən “Fides” vəkil bürosuna 600 manat ödəniş həyata keçirilmişdir. - ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 128 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsionə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin halları ondan ibarətdir ki, cavabdeh iddiaçının işlətdiyi “X1” və “X2” otellərində qalmış və xidmətlərdən (qidalanma və s.) istifadə etmişdir. Tərəflər arasında xx.xx.2023-cü il tarixli saziş və xx.xx.2023-cü il tarixli üzləşmə aktı imzalanmış, cavabdeh iddiaçıya 10696.3 manat borcu olduğunu qəbul etmişdir. Hər nə qədər üzləşmə aktında 10696.3 manat borcun olması qeyd edilsə də, borcun olmasını təsdiq edən informasiya məlumatlarından (çıxarışlardan) görünür ki, ümumi borc məbləği 10.691,7 manat təşkil edir. İddiaçı da məhz 10.691 manat məbləğin tutulmasını xahiş etmişdir. İddiaçı tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli sazişin 5.2-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya qaydasında müraciət edilsə də nəticəsiz qalmışdır. Tərəflər arasında bağlanmış sazişə və üzləşmə aktına, informasiya məlumatlarına, Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi 10691 manat pulun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. 1305 manat cərimə məbləğinin tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli sazişin 4.2-ci bəndinə əsasən cərimə məbləğinin tutulması barədə iddia tələbi əsaslı olsa da Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni tərəflər arasında bağlanmış sazişdə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdehin borc məbləğini, borcun yaranma tarixini, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən tələb edilən dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, 500 manat manat məbləğində müəyyənləşdirilməlidir. İddia tələbinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, borcun yarandığı xx.xx.2023-cü il tarixdən hesablanmaqla geri qaytarılmayan 10691 manat borcun illik beş faizi hesablanmaqla, xx.xx.2023-cü il tarixdən qətnamə qəbul edilən xx.xx.2024-cü il tarixə qədər 265 manat faiz məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, MPM-in 119.1 və 121.1-ci maddələrinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 124.37 manatı, həmçinin hüquqi yardım üçün ödədiyi məbləğin 300 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh 10691 (on min altı yüz doxsan bir) manat əsas borc, 500 (beş yüz) manat dəbbə pulu, 265 (iki yüz altmış beş) manat faiz borcu, cəmi 11456 (on bir min dörd yüz əlli altı) manat borc, 124.37 (yüz iyirmi dörd manat otuz yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi və 300 (üç yüz) manat hüquqi xidmət xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-335/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-335/2024
28.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver