Məhkəmə qərarları › İş №e-2(075)-394/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-394/2024

24.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-394/2024 24.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 mart 2022-ci il tarixli, reyestrdə 4Ə-424 nömrə ilə qeyd edilmiş AN1039002 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn hüquqi nəticə kimi X1 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış **********92-10301 reyest, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, mərhum ərindən qalan və Şəki rayonu İnçə kəndində yerləşən, xx.xx.2012-ci il tarixdə adına sənədləşdirdiyi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Xəstə olmağı səbəbli mütəmadi olaraq müalicə olunur. Bir müddət əvvəl evdə olduğu zaman ona təqdim olunmuş Şəki Rayon Məhkəməsinin qətnaməsini oxuduqda ona məlum olmuşdur ki, Şəki Rayon Məhkəməsinin (İş № e-2(075)-1452/2023; xx.xx.2023-cü il) qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh İddiaçı Cavabdeh4 mülkiyyətində olan Şəki rayonu İnçə kəndində yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılaraq iddiaçı Cavabdeh4 təhvil verilməsi qət edilmişdir. Bunun nə olması barədə soruşduqda məlum olmuşdur ki, guya o, evini Cavabdeh4 satmışdır. Belə ki, olanlarla bağlı Elşənlə əlaqə saxladıqda, oğlu Qafqazın ona borcu olması səbəbli evi oğlunun onun adına sənədləşdirdiyini, qalan borcunu tam ödəyib qurtarandan sonra evi qaytaracağını bildirmişdir. Alqı-satqı müqaviləsindən onun məlumatı olmamışdır və həmin müqavilə üzrə hər-hansı vəsait əldə etməmiş, o cümlədən onun iradəsinin ziddinə satılmış evin müqabilində hər-hansı bir vəsait ailəsinin ehtiyaclarına sərf edilməsi imkansızdır. Bütün olanlardan sonra, belə ki, xəstəliyindən istifadə edən oğlu Qafqaz və Elşənin əlbir olaraq onu aldadaraq mülkiyyətini əlindən almaq istəmələri ona məlum olan kimi, Şəki Rayon Məhkəməsinin (İş № e-2(075)- 1452/2023; xx.xx.2023-cü il) qətnaməsindən apellyasiya şikayəti verərək, hal-hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, həmin alqı-satqı müqaviləsi bağlanarkən İddiaçı oğlu Cavabdeh2 həmin prosesdə anası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1903 nömrəli etibarnamə əsasında çıxış etmişdir. Həmin etibarnamə iddiaçı tərəfindən oğluna verilərkən iddiaçı notariat kontoruna şəxsən özü gedərək etibarnaməni imzalamış və ona heç bir hədə-qorxu və ya təsir olmamışdır. Həmin etibarnamə ilə iddiaçı oğlu Qafqaza mülkiyyətində olan fərdi yaşayış evinin və digər daşınmaz əmlakların üzərində sərəncam vermək səlahiyyətini vermişdir. Sözügedən fərdi yaşayış evi və 0.30 ha torpaq sahəsinin 0.0654 ha hissəsi satılarkən tərtib edilmiş bölgü sxemindən də iddiaçının xəbəri olmuşdur. Hətta həmin daşınmaz əmlak satılarkən yetkinlik yaşına çatmış ailə üzvlərinin də (o cümlədən gəlininin) razılığı alınmışdır. Belə olan halda iddiaçının evin satılmasından, müqavilənin bağlanmasından necə məlumatı olmaya bilərdi? Göründüyü kimi iddiaçının istinad etdiyi hala dair (müqavilə bağlanarkən məlumatsız olması, aldadılması və s. barədə) iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclaslarında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil izahatlarında bildirmişdir ki, hazırda mübahisələndirilən alqı-satqı müqaviləsi uydurma əqddir. Cavabdeh2lə Cavabdeh4 arasında borc münasibəti olmuşdur. Alqı-satqı müqaviləsi borcun müqabilində bağlanmışdır. Alqı-satqı müqaviləsi formal olaraq bağlanmış, ödəniş bir neçə dəfəyə həyata keçirilmiş, ödənilən pullar elə ASAN Xidmətin binasında Cavabdeh4 geri qaytarılmışdır. Cavabdeh4 tərəfindən prokurorluğa borcla bağlı şikayət olmuşdur. Həmin şikayətdən sonra məsələnin bağlanması üçün alqı-satqı müqaviləsi bağlanmışdır. Prokurorluqda cinayət işinə xitam verildikdən sonra Cavabdeh4 Qafqazın ona borcunu qaytardığını qeyd edir. Necə ola bilər ki, həmin tarixdən sonra yenə borc qaytarılsın. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatlarında bildirmişdir ki, onun Cavabdeh4 borcu olmuşdur. Cavabdeh4 tərəfindən prokurorluğa şikayət edilmişdir. Elşən, o və Məmməd adlı vəkil birlikdə ASAN Xidmət mərkəzinə getmişlər. Əvvəlcə bağışlama müqaviləsi bağlamaq istəmişlər. Lakin bağışlama alınmadığı üçün alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı üzrə ödəniş hissə-hissə olmuşdur. 3500, 4000 və 7000 manat ödəniş olmuş, o, həmin pulları götürüb elə ASAN Xidmətin binasında Elşənə qaytarmışdır. İndi də onun təxminən 10.000 manat borcu mövcuddur. Borcunu qaytaracaqdır. Evin bir hissəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasının səbəbi də məhz borcun dəyəri hissəsində müqavilənin bağlanması ilə bağlıdır. Evin qiyməti 67000 manatdır. Notariusdan xahiş etmişlər ki, borcun məbləği həddində qiymət yazılsın. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul etməyərək izahatlarında bildirmişdir ki, Qafqazla onun arasında borc münasibətinin olması düzdür. Lakin Qafqaz tərəfindən ona olan borc tamamilə ödənilmişdir. O, Qafqazla notariusa elə evi almaq məqsədilə getmişdir. Hər hansı borc müqaviləsi bağlamaq niyyətləri olmamışdır. Qafqaz evi satdığı üçün o evi almaq qərarına gəlmişdir. Bağışlama eləmək istəmişlər, lakin notarius imtina etmişdir. İş prokurorluqda olanda Qafqazın ona 18-19 min manat borcu olmuşdur. Qafqaz demişdir ki, borcun müqabilində evi satacaq. O da almağa razılaşmışdır. Torpağın bir hissəsini almışdır. Çünki hamısının dəyəri çox idi. Dayısı prokurorluqda iş gedərkən təxminən 3000-3500 manat pul vermişdir. Evi alanda onlara demişdir ki, evdə qalmayacaq, satacaqdır. Bu səbəbdən də 6 ay vaxt vermişdir ki, rahat evi boşaltsınlar. Onlar demişlər ki, onlar almaq istəyirlər. O da demişdir ki, almaq istəsələr razılaşar. Qafqaz ona olan borcunu tam qaytarmışdır. Onun Qafqazdan alacağı var idi. Bu prokurorluqda da təsdiqlənmişdir. Qafqaz ona demişdir ki, borcun müqabilində evi pay versin. O da razılaşmışdır. Lakin bağışlama alınmadığı üçün o söhbət də bağlanmışdır. Ola bilər ki, ona Qafqaz ASAN xidmətdə pul qaytarmış olsun. Lakin bu ona olan borcu olmuşdur. Ola bilər ki, Qafqaz evi ona satdıqdan sonra aldığı puldan ona olan borcunu qaytarmışdır. Prokurorluqda borcun qaytarılması barədə ərizəni yazmasının səbəbi o olmuşdur ki, onda Qafqazın borcunu qaytarmasına inam yarandığından belə bir ərizə yazmışdır. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Şəki rayonu, İnçə kəndində 0.30 ha torpaq sahəsində yerləşən 68.6 kv.m yaşayış, 81.6 kv.m yardımçı, 150.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. - İddiaçı (etibarnamə əsasında Cavabdeh2) ilə Cavabdeh4 arasında imzalanmış AN-İ № ******* saylı xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Şəki rayonu, İnçə kəndində yerləşən, 68.6 kv.m yaşayış, 81.6 kv.m yardımçı, 150.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini və 654 kv.m torpaq sahəsini 15000 manata Cavabdeh4 satmışdır. Həmin müqavilənin 5-ci bəndinə əsasən Alıcı Cavabdeh4 ilkin olaraq 3500 manatı satıcı İddiaçı ödəyir, qalan məbləği xx.xx.2022-ci il tarixədək hissə-hissə ödəməyi öhdəsinə götürür. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh4 3500 manatı Cavabdeh2 ödəmişdir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh4 7000 manatı Cavabdeh2 ödəmişdir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh4 4500 manatı Cavabdeh2 ödəmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Şəki rayonu, İnçə kəndində 0.0654 ha torpaq sahəsində yerləşən 150.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi Cavabdeh4 mülkiyyətindədir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(075)-1452/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı qarşı fərdi yaşayış evindən çıxarılma və evin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə iddia tələbi təmin edilmiş, cavabdehlər İddiaçı Cavabdeh4 mülkiyyətində olan Şəki rayonu İnçə kəndində yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılaraq iddiaçı Cavabdeh4 təhvil verilməsi qət edilmişdir. - xx.xx.2022-ci il tarixli Cinayət təqibinə xitam verilməsi barədə qərardan görünür ki, həmin cinayət işi, Cavabdeh2 Şəki rayon İnçə Bələdiyyəsinin sədri olduğu müddət ərzində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq sui-istifadə etməsinə, özgə əmlakını təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə mənimsəməsi və israf etməsinə, həmçinin öz qulluq mövqeyindən istifadə etməklə, təkrarən, dələduzluq yolu ilə pul ələ keçirməsi faktı əsasında xx.xx.2021-ci il tarixdə Şəki rayon prokuroru, ədliyyə müşaviri X2 tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3 və 308.1-ci maddələri ilə başlanılmışdır. Həmin qərardan görünür ki, hazırkı iş üzrə Cavabdeh4 Cavabdeh2 tərəfindən ona vermiş olduğu pulların bir hissəsinin onun tərəfindən mənimsənildiyini bildirmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh4 ərizə verərək Cavabdeh2 Tərəfindən ona vurulmuş ziyanın tamamilə ödənildiyini, sonuncu ilə barışdığını, onun barəsində hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Həmin cinayət təqibinə xitam verilmişdir. - xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Prosessual Məcəllənin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Əqdlərin etibarsız hesab edilməsi əsasları Mülki Məcəllənin 337.1 və 339-350-ci maddələrində göstərilmişdir. İddiaçı əqdin iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtin pozulduğunu iddia edir. Belə ki, iddiaçı ilkin olaraq iddia ərizəsində onun xəbəri olmadan bu müqavilənin bağlandığını, Cavabdeh4 və Cavabdeh2 tərəfindən aldadıldığını bildirmiş, lakin sonradan iddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclaslarında verdiyi izahatlarında alqı-satqı müqaviləsinin borcun müqabilində formal olaraq bağlandığını bildirmişdir. Hazırkı işdə həmin müqavilənin yalan əqd olması tam təsdiq olunur. Belə ki, tərəflərin izahatlarından mübahisəsiz müəyyən olunur ki, 30 mart 2022-ci il tarixli müqavilənin tərtib edilib imzalanmasının yeganə səbəbi Cavabdeh4la Cavabdeh2 arasında borc münasibəti ilə bağlı yaranmış münaqişədir. Belə ki, Cavabdeh4 tərəfindən prokurorluğa müraciət edilmiş, bunun nəticəsi olaraq Cavabdeh2 barəsində cinayət işi açılmış, borcun bir qismi cinayət təqibinin gedişində ödənilmiş, hazırda mübahisələndirilən alqı-satqı müqaviləsi bağlandıqdan bir gün sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh4 tərəfindən Cavabdeh2 barəsində olan şikayət geri götürülmüş, xx.xx.2022-ci il tarixdə isə Cavabdeh2 barəsində aparılan cinayət təqibinə xitam verilmişdir. Cavabdeh2 alqı-satqı müqaviləsi ilə bağlı ona ödənilmiş pulların məhz elə ASAN Xidmət mərkəzində Cavabdeh4 qaytarılması barədə dediklərinə münasibətdə Cavabdeh4 belə bir hal olmuş olsa belə bu Qafqazın ona ödəməli olduğu borc məbləğidir şəklində dedikləri məhkəmədə inam yatarmamışdır. Hər nə qədər məhkəmə baxışı iclasında təqdim edilmiş olsa belə, iddiaçının nümayəndəsi (vəkili) tərəfindən təqdim edilmiş səs yazısında Cavabdeh4 Qafqazın ona hazırda 15.000 borcunun olması barədə dedikləri məhkəmədə daxili inamının formalaşdırılmasında rol oynamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 30 mart 2022-ci il tarixli, reyestrdə 4Ə-424 nömrə ilə qeyd edilmiş AN1039002 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Həmçinin Mülki Məcəllənin 337.3, 337.4, 351.1-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, 30 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsi özüözlüyündə əhəmiyyətsiz əqd olduğuna görə hüquqi nəticələrə səbəb ola bilməz. Ona görə də, həmin müqavilə əsasında Cavabdeh4 adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv edilməlidir. Bununla yanaşı Mülki Məcəllənin 340.2-ci maddəsində göstərilmişdir ki, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə qeyd edir ki, iddiaçı borc münasibətinin tərəfi olmadığından qeyd edilən halın hazırkı iş üzrə tətbiq edilməsi də imkansızdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə hissəsi:

Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia tələbi təmin edilsin. 30 mart 2022-ci il tarixli, reyestrdə 4Ə-424 nömrə ilə qeyd edilmiş AN1039002 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və həmin müqavilədən irəli gələn hüquqi nəticə kimi X1 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış **********92-10301 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış ləğv edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar