Məhkəmə qərarları › İş №e-2(075)-406/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-406/2023

04.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-406/2023 04.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnamənin və alqı-satıqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin 28 dekabr 2021-ci il tarixli, reyestrdə 2V-1017 nömrə ilə qeyd edilən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında verilən şəhadətnamənin etibarsız hesab edilməsi, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi, 28 yanvar 2022-ci il tarixli İPKD4724528A170 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, digər Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi və onun ünvan 1 ünvanı olan daşınmaz əmlaka vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılarkən "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 06 avqust 1978-ci il tarixdə ünvan 2 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda da faktiki yaşayır. X6 29 iyul 2011-ci il tarixdə vəfat etmişdir. Həmin vaxt başı ailə problemlərinə qarışdığından, atasının bacısı X8 vaxtikən adına rəsmiləşdirilmiş ata-baba yurdu haqqında maraqlana bilməmişdir. Şəki rayonuna gəldikdə məlum olmuşdur ki, ata-baba yurdu olan ünvan 4 ünvanı artıq başqa şəxslərin sərəncamındadır. Bu məsələni araşdırmaq üçün ilk öncə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müvafiq sorğu vermiş və məlum olmuşdur ki, X7 qalmış Şəki rayonundakı daşınmaz əmlaka Şəki Regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisinin 28 dekabr 2021-ci il tarixli, 2V-1017 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmiş Cavabdeh4 07 yanvar 2022-ci il tarixdə dövlət reyestrindən çıxarış əldə etmiş və Şəki Regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisində 28 yanvar 2022-ci il tarixli, 4Ə-123 reyestr nömrəli alqı-satqı ilə fərdi yaşayış evi Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Daha sonra Şəki Regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə müvafiq sorğu ilə müraciət edərək sözügedən notariat işini də əldə etmişdir. İş materiallarında olan V-829/2021 vərəsəlik işindən görünür ki, Şəki Regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisinin 28 dekabr 2021-ci il tarixli, 2V-1017 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən bibisi X7 qalmış Şəki rayonundakı daşınmaz əmlaka vərəsəsi Cavabdeh4 təyin edilmişdir. İş materiallarına nəzər salanda o da görürük ki, bibisi tərəfindən Cavabdeh4 daşınmaz əmlak 01 iyul 1999cu il tarixdə Şəki şəhər 1 saylı dövlət notariat kontorunda vəsiyyət edilmişdir. Məlum olduğu kimi bibisi X11 14 oktyabr 1999-cu il tarixdə vəfat etdikdən 22 il sonra vəsiyyət üzrə vərəsə mirası qəbul etmək üçün müraciət etmişdir. Lakin vərəsəlik işinə baxdıqda orada Cavabdeh4 sözügedən əmlaka nə sahiblik etməsi nə də, faktiki idarə etməsi görünmür. Belə olan halda hesab edir ki, notarius konkret olaraq məhkəmənin səlahiyyətlərini mənimsəmiş və müddətin bərpası ilə bağlı qərar olmadan birbaşa həmin şəxsə vərəsəlik şəhadətnaməsi vermişdir. Mübahisəli miras əmlakın faktiki qəbulu ilə bağlı Cavabdeh4 sübutları həmin müddətə aid olmalıdır və yaxud həmin hərəkətlər sonradan baş vermişdirsə, tərəf həmin hərəkətlərin üzrlü səbəbdən vaxtında edilməməsini sübut etməli və mirasın qəbulu müddətinin uzadılmasını xahiş edə bilərdi. Hazırkı işdə cavabdehin mirasın qəbul edilmə müddəti ərzində konkret olaraq hansı hərəkətləri yerinə yetirməklə mirası qəbul etməsi notarius tərəfindən aydınlaşdırılmamışdır. Vərəsəlik işinin göstəriciləri nəzərə alınsa hazırkı iş üzrə nəticənin düzgün olmadığı qənaəti formalaşır. Cavabdeh4 vəsiyyət üzrə mirası 2021-ci ildə qəbul etmişdir. Buna görə də iş materiallarında olan sənədlərlə vəsiyyət üzrə vərəsənin mirası qəbul etməsi, yəni 14 oktyabr 1999-cu ildən 14 yanvar 2000-ci ilədək olan müddətdə miras evə sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlaması sübut olunmur. Həmçinin qeyd edir ki, bibisinin birinci növbə vərəsələrindən heç kim yoxdur və qanun üzrə yeganə qalan 2-ci növbə vərəsəsi kimi onun, mirasın qəbulu müddətini ötürməsi cavabdehin adına verilmiş şəhadətnamənin etibarsız sayılmasını tələb etmək hüququndan məhrum etmir. Ona görə, hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh4, Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin və üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərəzəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mübahisəli evdə bibisi Rəhimə, Dilarə ilə birlikdə yaşamışdır. Rəhimə 1999-cu ildə, atası Səhər isə 2011-ci ildə vəfat etmişdir. Atasıgil 4 uşaq olmuşlar və hamısı da vəfat etmişdir. O, həmin evdə yaşamamışdır. Atası ilə birlikdə Sumqayıt şəhərində yaşamışdır. Bibisi ilə əlaqəsi olmamış, onun xəstə olmasından və yas mərasimindən məlumatı olmamışdır. Sonradan aldığı məlumata görə bibisi həmin evi öz bibisinin qızı Cavabdeh4 vəsiyyət etmişdir. Dilərə 2021-ci ildə vəsiyyət üzrə vərəsəliyi qəbul edib, 2022-ci ildə isə evi Cavabdeh1 satmışdır. O, 2022-ci ildə Şəki şəhərinə gələrkən qeyd etdiyi hallar barədə məlumatlı olmuşdur. Hesab edir ki, mübahisəli ev satılarkən ona da məlumat verilməli idi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisəli evi ipoteka ilə almışdır. Evin sənədləri tam olduğundan, bank ipoteka krediti verərkən heç bir problem yaranmamışdır. Evi alarkən müəyyən etmişdir ki, Dilarə tərəfindən evin dam örtüyü yenilənmiş, evdə müəyyən təmir işləri aparılmışdır. İddiaçı ilə görüşəndən sonra belə bir mübahisənin olduğunu bilmişdir. Hazırda ev, Kapital bankda ipotekadadır. Artıq kredit müqaviləsi üzrə borcunu 1ildir ki ödəyir. Odur ki, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə əvvəlki iclasında iştirak edən Cavabdeh4 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Rəhimə onun dayısının qızıdır. Onu anasından götürərək Rəhimə baxıb böyütmüşdür. Daha sonra Rəhimə qocalarkən ona qulluq etmişdir. Ölməmişdən əvvəl notariusu evə dəvət edərək mübahisəli evi ona vəsiyyət etmişdir. Rəhimə vəfat etdikdən sonra evi təmir etdirmiş və kirayə vermişdir. Daha sonra evi iş üzrə digər Cavabdeh1 satmışdır. İddiaçını tanımır. Səhəri isə 1 dəfə görmüşdür. Rəhimə öləndən sonra 1 dəfə gəlmişdir. Hətta Rəhimə icazə vermədiyindən onun ölümü barədə də Səhərə məlumat verilməmişdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o, Dilarənin qonşusudur. Rəhiməyə Dilarə qulluq etmişdir. Mübahisəli evi də Dilarə təmir etdirmişdir. İddiaçını isə tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, Dilarə onun həm qohumu, həm də qonşusudur. Rəhimə onun atasının əmisi qızıdır. Rəhiməyə Dilarə qulluq etmişdir. Rəhimə vəfat edən zaman iddiaçı və onun atası yasa gəlməmişlər. İş materiallarına əlavə edilmiş 09 avqust 2011-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 29 iyul 2011-ci il tarixdə ölmüşdür İş materiallarına əlavə edilmiş 01 iyul 1999-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X11, ona məxsus Şəki şəhəri, Mənəflər küçəsində yerləşən 17 saylı evini Cavabdeh4 vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş 28 dekabr 2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4, X8 vərəsəsi olmaqla ondan miras qalan ünvan 5 ünvanında yerləşən 40.9 kv.m olan fərdi yaşayış evindən və 0.0275 hektar torpaq sahəsindən tam irs almalıdır. İş materiallarına əlavə edilmiş 07 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışın surətindən görünür ki, Şəki şəhəri, Mənəflər küçəsi ev 17, yeni qaydalarla Şəki şəhəri, G.Vahabov küçəsi ev 51 Cavabdeh4 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş 28 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh4, mülkiyyətində olan Şəki şəhəri, Mənəflər küçəsi ev 17, yeni qaydalarla Şəki şəhəri, G.Vahabov küçəsi 51 nömrəli evi X1. İş materiallarına əlavə edilmiş 28 yanvar 2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Şəki şəhəri, Mənəflər küçəsi ev 17, yeni qaydalarla Şəki şəhəri, G.Vahabov küçəsi 51 nömrəli evi satın almaq üçün X10 19800 manat məbləğində ipoteka krediti verilmişdir. İş materiallarına əlavə edilmiş 04 fevral 2022-ci il tarixdə tərtib edilmiş, texniki pasportun surətindən görünür ki, reyestr nömrəsi **********03-10301 olan Şəki şəhəri, Mənəflər küçəsi ev 17, yeni qaydalarla Şəki şəhəri, G.Vahabov küçəsi 51 nömrəli ev X9 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 18 fevral 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışın surətindən görünür ki, Şəki şəhəri, Mənəflər küçəsi ev 17, yeni qaydalarla Şəki şəhəri, G.Vahabov küçəsi ev 51 X9 mülkiyyətindədir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X11 14 oktyabr 1999-cu il tarixdə vəfat etmişdir. Onun mülkiyyətində Şəki şəhəri, Mənəflər küçəsində 17 nömrəli ünvanda 0.0275 hektar torpaq sahəsində yerləşən 40.9 kv.m olan fərdi yaşayış evi olmuşdur. X2, yəni 01 iyul 1999-cu il tarixdə vəsiyyətnamə tərtib edərək mülkiyyətində olmuş həmin əmlakı Cavabdeh4 vəsiyyət etmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən 28 dekabr 2021-ci il tarixdə Cavabdeh4 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 14 oktyabr 1999-cu il tarixdə ölmüş X8 mülkiyyətində olan Şəki şəhəri, Mənəflər küçəsində 17 nömrəli ünvanda 0.0275 hektar torpaq sahəsində yerləşən 40.9 kv.m olan fərdi yaşayış evinə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 28 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4, mülkiyyətində olan Şəki şəhəri, Mənəflər küçəsi ev 17, yeni qaydalarla Şəki şəhəri, G.Vahabov küçəsi 51 nömrəli fərdi yaşayış evini X1. Bundan sonra İddiaçı əmlakda onun da payının olmasını əsas gətirərək öz payını tələb etmək qərarına gəlmişdir. X8 vəfatından sonra həmin təsərrüfatda Cavabdeh4 qalmışdır. İddiaçı 06 avqust 1978-ci il tarixdə Sumqayıt şəhərindən anadan olmuş və hazırda da həmin şəhərdə yaşayır. İddiaçının X6 da Sumqayıt şəhərində yaşamış və 29 iyul 2011-ci il tarixdə Sumqayıt şəhərində də vəfat etmişdir. Nə İddiaçı, nə də ki, onun atasının mirası qəbul etməmişlər. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtləri stisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və vərəsəlik, o cümlədən bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). -Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. -Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. -Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1243.2 və 1243.3-cü maddələrinə əsasən vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından aslı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1243.2-ci madldəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edəbilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. İş materiallarından göründüyü kimi 14 oktyabr 1999-cu il tarixdə vəfat etmiş X8 birinci növbəli vərəsəsi olmamışdır. Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. İş materiallarından görünür ki, 14 oktyabr 1999-cu il tarixdə ölmüş X7 Şəki şəhəri, Mənəflər küçəsi ev 17, yeni qaydalarla Şəki şəhəri, G.Vahabov küçəsi 51 nömrəli fərdi yaşayış evi miras qalmışdır. Məhkəmə hesab edir ki, X5nın adına həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından mirasın kütləsinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1179-cu maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə yerli özünü idarə orqanı təsdiqləsin. İş materiallarından görünür ki, X5 01 iyul 1999-cu il tarixdə Şəki 1 nömrəli Dövlət Notariat Kontorunda tərtib etdirdiyi vəsiyyətnamə ilə ona məxsus olan bütün əmlakını Cavabdeh4 vəsiyyət etmişdir. O cümlədən, tərəflərin izahatından aydın olur ki, X5nın birinci növbəli vərəsəsi olmamışdır. Yəni İddiaçı atası X5nın birinci növbəli vərəsəsi sayılmır. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. X5 öz əmlaklarını Cavabdeh4 vəsiyyət etdiyindən, İddiaçı və onun atası X3 Rəhimə Məmməd qızının birinci növbə vərəsələri olmadıqlarından, İddiaçı X7 qalmış mirasda məcburi payı yoxdur. Mülki Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. G.Qəhrəmanovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun miras qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il tarixli (Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanmasına dair) Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, miras əmlaka qanunla müəyyən olunmuş qaydada mülkiyyət hüququnu əldə etmiş və onu dövlət qeydiyyatından keçirmiş şəxslərin belə hüququ ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsini daşıyırlar. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi vərəsəlik hüququ Mülki Məcəllədə nəzərdə tutulmuş və qayda olaraq imperativ xarakter daşıyan normalarla müəyyən olunur və bu qaydalardan kənara çıxılması yolverilməzdir, eləcə də, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, 14 oktyabr 1999-cu il tarixdə ölmüş X7 Şəki şəhəri, Mənəflər küçəsi ev 17, yeni qaydalarla Şəki şəhəri, G.Vahabov küçəsi 51 nömrəli fərdi yaşayış evi miras qaldığından, X5 01 iyul 1999-cu il tarixdə Şəki 1 nömrəli Dövlət Notariat Kontorunda tərtib etdirdiyi vəsiyyətnamə ilə ona məxsus olan bütün əmlakını Cavabdeh4 vəsiyyət etdiyindən, mərhum X4 qalmış birinci növbəli vərəsəsi olmadığından, Cavabdeh4 isə mirası faktiki qəbul etdiyindən iddiaçının bu xüsusda, yəni Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin 28 dekabr 2021-ci il tarixli, reyestrdə 2V-1017 nömrə ilə qeyd edilən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında verilən şəhadətnamənin etibarsız hesab edilməsi, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi, 28 yanvar 2022-ci il tarixli İPKD4724528A170 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, digər Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi və onun ünvan 1 ünvanı olan daşınmaz əmlaka vərəsəlik hüququnun tanınması barədə iddiası əsasızdır və təmin olunmamalıdır. İddiaçı mübahisələndirdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və 18 fevral 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışlar və Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən 28 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsidir. Sözügedən çıxarışlar və alqı-satqı müqaviləsi qanunamüvafiq qaydada verildiyindən məhkəmə, iddianın həmin hissədə də təmin edilməməsi qənaətinə gəlmişdir. Belə ki, Şəki 1 nömrəli Dövlət Notariat Kontoru tərəfindən 28 dekabr 2021-ci il tarixdə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qüvvədə olduğu halda, onun əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi hüquqi cəhətdən mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 və 139.3-cü maddələrinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1-146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusuna və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazinə qarşı, Cavabdeh4 Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin 28 dekabr 2021-ci il tarixli, reyestrdə 2V-1017 nömrə ilə qeyd edilən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında verilən şəhadətnamənin etibarsız hesab edilməsi, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi, 28 yanvar 2022-ci il tarixli İPKD4724528A170 nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, digər Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi və onun ünvan 1 ünvanı olan daşınmaz əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusuna və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazinə qarşı, Cavabdeh4 Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin 28 dekabr 2021-ci il tarixli, reyestrdə 2V-1017 nömrə ilə qeyd edilən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında verilən şəhadətnamənin etibarsız hesab edilməsi, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi, 28 yanvar 2022-ci il tarixli İPKD4724528A170 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, digər Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi və onun ünvan 1 ünvanı olan daşınmaz əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar