Məhkəmə qərarları › İş №e-2(075)-455/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-455/2025

20.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-455/2025 20.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinn dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1073 (bir min yetmiş üç manat) məbləğində pulun və ödədiyi dövlət rüsumu 31 (otuz bir) manat tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Şəki şəhərinin mərkəzində yerləşən mağazada qadın paltarı satışı ilə məşğuldur. Cavabdeh uzun müddətdir ki, müştəri kimi tanıyır. Cavabdeh bir neçə dəfə mağazasından alver etməklə etibar qazanmış, etibarından sui-istifadə etmiş və ondan son 1 (bir) il ərzində müxtəlif vaxtlarda 1073 (bir min yetmiş üç) manatlıq nisyə qadın paltarı almışdır. Bir ildir ki, aldığı paltarların pulunu ödəməkdən boyun qaçırır. Hər dəfə telefon danışıqlarında, whatsapp yazışmalarında borcunu qaytaracağını bildirsə də, borcu qaytarmır və borcu qaytarmaqdan boyun qaçırır. Məcbur qalıb, Şəki rayon Polis şöbəsinə 15 avqust 2024-cü il tarixdə Cavabdeh barəsində şikayət ərizəsi ünvanlamış. Şəki rayon Polis şöbəsi xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bildirmişdir ki, qaldırılan məsələ daxili işlər orqanlarının səlahiyyətinə aid olmadığı üçün ərizədə göstərilən xüsusatlarla bağlı aidiyyatı üzrə mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququ vardır. Daha sonra o, Şəki rayon Polis şöbəsinə Cavabdeh polisin aldığı izahatın surətinin ona təqdim olunması ilə bağlı ərizə ilə müraciət etmişdir. Onun izahatı təqdim edilmədi. Şifahi olaraq ona bildirildi ki, məhkəmənin sorğusu əsasında cavabdehin izahatı məhkəməyə təqdim ediləcəkdir. Şəki rayon Polis şöbəsinin əməkdaşının dediyinə görə, Cavabdeh polis şöbəsində verdiyi izahatda borcunu etiraf etmiş, qısa zamanda ona olan borcunu qaytaracağını bildirmişdir. Cavabdeh borcu etiraf edir, borcu qaytaracağını bildirir amma qaytarmır. Müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınır. Bu səbəbdən də, məhkəməyə müraciət edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qəbul edir. İddiaçı 1073 manat dəyərində qadın paltarları almışdır. İmkanının olmaması səbəbindən borcunu qaytara bilməmişdir. Əgər vaxt verilərsə borcunu tam olaraq qaytaracaq. İşin halları; İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Şəki ŞRPŞ-nin xx.xx.2024-cü il tarixli 14/2024 nömrəli məktubundan görünür ki, Cavabdeh sizə olan borcunun ödəməməsi barədə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmənin mövqeyi; Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında olan razılıq əsasında iddiaçı tərəfindən cavabdehə 1073 (bir min yetmiş üç) manatlıq nisyə qadın paltarı satılmışdır. İddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh iddiaçıdan aldığı qadın paltarının dəyəri olan 1073 manatı ödəməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında qadın paltarının cavabdehə verilməsinə dair yazılı müqavilə bağlanmış olmasa da, cavabdehin məhkəmə iclasında verdiyi izahatı 1073 manat dəyərində qadın paltarının iddiaçı tərəfindən cavabdehə verilməsini, əvəzində cavabdehin həmi pulu qaytaracağına dair öhdəliyi üzərinə götürməsini təsdiq edir. Belə olan halda avabdeh nisyə olaraq aldığı geyim əşyalarının dəyərini iddiaçıya qaytarmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1073 (bir min yetmiş üç manat) məbləğində pulun və ödədiyi dövlət rüsumu 31 (otuz bir) manat pul alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-227, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 1073 (bir min yetmiş üç manat) məbləğində pulun və ödədiyi dövlət rüsumu 31 (otuz bir) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar