Məhkəmə qərarları › İş №e-2(075)-470/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-470/2022

28.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-470/2022 28.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı «atanın razılığı olmadan uşağın xarici ölkəyə aparılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icazəsi olmadan 24.06.2006-cı il təvəllüdlü X2 ölkədən getməsinə icazə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Rasim oğlu ilə arasında olan nikah 06 mart 2015-ci il tarixdə pozulmuş və birgə nikahdan olan 2 övladı onun himayəsində saxlanmışdır. Oğlu hazırda yetkinlik çatmış, qızı Təhminə isə 16-cı yaşına daxil olub. Qızı təhsilini Türkiyədə davam etdirmək istəyir. Lakin cavabdeh, yəni atası Cavabdeh uşağın təhsilinə mane olur və onun getməyinə icazə vermir. Aralarında olan mübahisəni başqa cür həll edə bilmədiyi üçün qanunvericiliyin tələblərinə əməl edərək ilk növbədə mediasiyaya müraciət etmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün bu barədə 11 dekabr 2021-ci il tarixli müvafiq arayış verilmişdir. Bundan sonra məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada iş materiallarına əlavə edilərək məhkəmə iclasında tədqiq edilmiş: Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 24 iyun 2006-cı il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. Nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah 06 mart 2015-ci il tarixdə pozulmuş, bu barədə akt qeydləri kitabında 49 nömrəli qeyd aparılmışdır. Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 11 dekabr 2021-ci il tarixli, 2021-008125 nömrəli ilkin müdiasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiyasında üzrlü səbəbdən iştirak edə bilməsə də, mediasiya xərci olan 50 manat tərəfindən ödənilmişdir. X4 tərəfindən verilmiş məlumatdan görünür ki, X3 repetitor kimi onun yanında YÖS imtahanlarına hazırlaşır. Şəki şəhər 12 saylı tam orta məktəbin direktoru tərəfindən verilmiş 14 aprel 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, X3 məktəbin 10-cu sinfində təhsil alır. Bacarıqlı və tərbiyəli şagirddir. Humanitar elmlərə marağı var və YÖS imtahanlarına hazırlaşır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili)nin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan 24 iyun 2006-cı il təvəllüdlü X3 anasının yanında saxlanılmışdır. Hazırda 24 iyun 2006-cı il təvəllüdlü X1 təhsil almaq istədiyindən İddiaçı uşağın təhsil alması üçün onu xarici ölkəyə aparmaq istədiyini, uşağın yetkinlik yaşına çatmadığını, cavabdehin buna razılıq verməməsini qeyd edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməyərək iddiaya münasibət bildirməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə 24 iyun 2006-cı il təvəllüdlü X2 yaşının 10 yaşdan yuxarı olmasını, uşağın maraqlarına toxunacaq halları nəzərə alaraq məhkəmə araşdırılması zamanı 24 iyun 2006-cı il təvəllüdlü X2 fikrinin nəzərə alınmasını zəruri hesab etmişdir. Bu səbəbdən də 24 iyun 2006-cı il təvəllüdlü X2 məhkəmə iclasında müəllim (pedaqoq) Eldar Balayevin iştirakı ilə dindirilmişdir. Dindirilmə zamanı 24 iyun 2006-cı il təvəllüdlü X3 öz fikrini sərbəst ifadə edərək bildirmişdir: 15 yaşı var. Hal-hazırda anası ilə qalır. Atası əvvəllər onlarla yad kimi olsa da maraqlansa da, onun xaricdə oxumaq istədiyini bildikdən sonra ümumiyyətlə ünsiyyəti kəsmişdir. Özü dərslərini yaxşı oxuyur. Hüquq fakültəsinə qəbul olmaq istəyir. Bir neçə ildir ki, YÖS imtahanları vermək üçün repetitor yanına gedir və göstəriciləri yaxşıdır. Bir müddət sonra həmin imtahanı vermək üçün Türkiyə Respublikasına getməlidir. Atası xarici pasport almasına razılıq versə də, ölkədən çıxış-girişinə və təhsilinə mane olur. Düşünür ki, buna səbəb anası ilə aralarında olan anlaşılmazlıqlardır. Lakin bu hallar onun təhsilinə təsir göstərməməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətlərində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideyinlərini tanımaq və onların qayğısından istifadə etmək, uşaqların maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər öz uşaqlarının hüquq və mənafelərini müdafiə etməlidirlər. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Valideynlik hüquq və vəzifələrinə» dair Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 19-ci maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı (uşaqları) sağlam böyütməli, ümumbəşər və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 11.1-ci madəsinə əsasən bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Həmin Məcəllənin 11.2-ci madəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 13 saylı qərarının: 7.14. Analoji işlərə baxılarkən mübahisənin keçmiş ər-arvad arasında barışmaz şəxsi münasibətlərdən irəli gələrək bir-birinə qarşı təsir vasitəsi kimi istifadə olunmasının qarşısı alınmalıdır. Bunun üçün hər bir tərəfin uşağın mənafeyindən çıxış etməsi ilə bağlı diqqətəlayiq hallar aydınlaşdırılmalıdır. Uşağın ölkə hüdudlarından kənara getməsi hüququndan istifadə etməsinə razılıq verməyən valideynin uşaqla ailə əlaqələrinə xüsusi diqqət yetirilməlidir. 7.16. Odur ki, məhkəmələr tərəfindən nikahda olan və ya nikahda olmayan şəxslərin analoji iddialarına baxılarkən, işdə olan sübutlara ölkəni tərk etmək üçün icazəni verməyən valideyn ilə uşaq arasında həqiqi münasibətlər, ünsiyyət, uşağın ictimai-sosial həyatında onun rolu, valideynlik vəzifələrinin yerinə yetirilib-yetirilməməsi, yaxud aliment ödəməklə kifayətlənməsi kimi halların mövcudluğu baxımından qiymət verilməli, uşağın həyatında faktiki heç bir rol oynamayan valideynin səfərin uşağın mənafeyinə zidd olması ilə bağlı konkret sübutlara əsaslanmayan etirazı əsassız hesab edilməlidir. 7.17. Uşağın digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edən valideyn iddia ərizəsində uşağın ölkə hüdudlarından kənara çıxarılmasının məqsədi ilə bağlı (uşaqların xarici ölkələrdə daha etibarlı və düzgün müalicə almaları, eləcə də onların dünya görüşlərinin artırılması, xarici dövlətlərdə yaşayan qohumları ilə əlaqələrin bərpa və inkişaf etdirilməsi, təhsil alması, istirahətinin təşkili və.s) aydın mövqe sərgiləməlidir. Belə ki, bu qaydaya riayət edilməklə verilən iddia tələbi uşağın xarici ölkəyə aparılmasının onun mənafeyinə uyğunluğunu yoxlamağa imkan verir. 7.18. Bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, İİİ hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir. 7.19. Bu baxımdan, uşağın himayəsində olduğu valideynlə xarici ölkəyə çıxarılmasına etiraz edən tərəf belə səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübut etdiyi təqdirdə iddianın təmin olunmasından imtina edilə bilər. 7.25. Uşağın sağlamlığının qorunması məqsədi ilə xarici ölkədə təxirəsalınmaz şəkildə tibbi müayinə və müdaxilənin həyata keçirilməsinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin xətti ilə xaricdə keçirilən beynəlxalq idman yarışlarında, habelə gələcəkdə xaricdə ali təhsil alması məqsədi ilə keçirilən imtahan və müsabiqələrdə iştirakının zəruri olduğu hallarda, uşağın ölkədən gedə bilməməsi onun hüquqlarının sonradan qorunmasının mümkün olmayacağı, və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ilə nəticələnmə ehtimalı böyük olduğundan, iddianın ümumi şəkildə icazənin verilməsi məzmununda verildiyi halda məhkəmələr müvəqqəti təminat tədbiri qismində uşağın qeyd edilən məqsədlə konkret müddətdə bir valideynin razılığı olmadan getməsinə icazə verilə bilərlər. Məhkəmələr mübahisənin həllinədək uşağın məhdud şəkildə minimal səfər müddətində müvəqqəti olaraq valideynlərindən biri və yaxud beynəlxalq yarışlarla bağlı komandanın tərkibində təkbaşına getməsinə (valideynin birinin razılığının olduğu halda) icazənin verilməsindən ibarət müvəqqəti təminat tədbiri ilə bağlı vəsatətə baxılarkən, təxirəsalınmazlıqla bağlı yuxarıda qeyd edilən əsasların olmasına dair ilkin sübutların mövcudluğuna qiymət verməlidirlər. Məhkəmə iddiaçı tərəfin məhkəməyə uşaqların xaricə aparılması zərurəti ilə bağlı təqdim etdiyi sübutları nəzərdən keçirərək belə qənaətə gəlir ki, uşağın atası Cavabdeh icazəsi olmadan anası İddiaçı ilə birlikdə xaricə aparılması məqsədəmüvafiqdir. Belə ki, 24 iyun 2006-cı il təvəllüdlü X3 gələcəkdə xaricdə ali təhsil alması məqsədi ilə keçirilən imtahanda iştirakı zəruridir və cavabdehin buna maneə yaratması uşağın təhsil hüququnu pozur. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilərək 24 iyun 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək atası Cavabdeh icazəsi olmadan xarici dövlətlərə sərbəst gedib-gəlməsinə icazə verilməlidir. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azəbaycan Respublikasının MPM-nin 216-220, 222.2 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 24 iyun 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək atası Cavabdeh icazəsi olmadan xarici dövlətlərə sərbəst gedib-gəlməsinə icazə verilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar