Məhkəmə qərarları › İş №e-2(075)-474/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-474/2022

11.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-474/2022 11.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı “şəxsin vəfat etməsi” hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Aşağı Göynük kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış atası X2 19.07.2021-ci il tarixdə vəfat etməsi fakının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən ərizəçi İddiaçı qızı ərizəni müdafiə edərək göstərmişdir ki, atası X8 19 iyul 2021-ci il tarixdə Şəki rayonu Aşağı Göynük kəndində ürək tutmasından vəfat etmişdir. Atası vəfat edən zaman təxminən 70 yaşı olmuşdur. Həmin vaxt atasının ölümü ilə əlaqədar icra nümayəndəliyi tərəfindən arayış da verilmişdir. Bundan sonra o, Şəki Rayon Mərkəzi X5 şəxsə atasının ölümü haqqında tibbi şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin atasının şəxsiyyət vəsiqəsi itdiyi üçün ona ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Bununla bağlı Şəki Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən ona imtina məktubu verilərək, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Buna görə də onlar hazırki ərizə ilə atası X2 19 iyul 2021-ci il tarixdə vəfat etməsini təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şəki rayon qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X3 göstərmişdir ki, o, Şəki rayonu üzrə Dini İcmanın üzvü, həmçinin Şəki rayonu, Aşağı Göynük kənd imamının müavini vəzifəsində işləyir. Bildirmişdir ki, X4 uzun illərdi ki, kəndlərindən tanıyır. Şirinov Aydın 19 iyul 2021-ci il tarixdə Aşağı Göynük kəndində vəfat etmişdir. X2 yas mərasimlərində iştirak etmiş, onun 3, 40 və 52 mərasimlərini şəxsən özü idarə etmiş və onu kənd qəbiristanlığında dəfn etmişlər. Göstərmişdir ki, pandemiya ilə əlaqədar yas mərasimləri məhdud şəkildə keçirilmiş, 3 mərasimində başsağlığına gələnlər nisbətən çox olmuş, digər mərasimlərdə isə yalnız yaxın qohum-əqraba iştirak etmiş və özü orada dualar oxumuşdur. X2 19 iyul 2021-ci il tarixdə Aşağı Göynük kəndində vəfat etməsini təsdiq etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X6 göstərmişdir ki, o, Şəki rayonu, Aşağı Göynük kəndində yaşayır. X1 onların qonşusu olmuşdur. O, 19 iyul 2021-ci il tarixdə vəfat etmişdir. Bildirmişdir ki, X8 uzun sürən xəstəlikdən əziyyət çəkmişdir. 3 gün yas mərasimi kemirilmiş. Pandimeya ilə əlaqədar olaraq yas mərasimində az adam iştirak etmişdir. Onların yaxın qonşusu olduğu üçün mərhumun dəfn mərasimində də o da iştirak etmişdir. Dəfn mərasimini molla Tofiq İbrahimov aparmışdır. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tələbi əsaslıdır. Belə ki, işdə olan Şəki şəhər İHB-nin Aşağı Göynük kənd nümayəndəliyi tərəfindən verilmiş 12 avqust 2021-ci il tarixli, 452 nömrəli arayışdan görünür ki, Şəki rayonu, Aşağı Göynük kəndində qeydiyyatda olan X1 19 iyul 2021-ci il tarixdə Şəki rayonu, Aşağı Göynük kəndində yaşadığı evdə vəfat etmişdir. İşdə olan 12 dekabr 1974-cü il tarixli, İİ-ЖГ 473895 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxx 1974-cü il təvəllüdlü İddiaçı atası X8, anası X7. İşdə olan Şəki-RMX tərəfindən ünvanlanmış 14 oktyabr 2021-ci il tarixli, 515/2 saylı məktubdan görünür ki, şəxsiyyət vəsiqəsinin əsli təqdim olunmadığı üçün X1nun adına “Ölüm haqqında tibbi şəhadətnamənin” yazılması üçün təqdim edilmiş sənədlər qəbul olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ünvanlanmış 06 noyabr 2021-ci il tarixli, 579/2 saylı məktubdan görünür ki, vəfat edən şəxs X2 şəxsiyyət vərəqəsinin əsli təqdim edilmədiyi üçün Aydın Şirinovun adına “Ölüm haqqında tibbi şəhadətnamənin” verilməsi mümkün olmamışdır. İşdə olan Şəki rayon Qeydiyyat şöbəsi tərəfindən ünvanlanmış 22 dekabr 2021-ci il tarixli, 05/q-5242/15 saylı məktubdan görünür ki, Şəki rayon Qeydiyyat şöbəsində X2 ölümünün qeydə alınması mümkün olmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, X8 ərizəçi İddiaçı atasıdır. Ərizəçinin atası X8 19 iyul 2021-ci il tarixdə Şəki rayonu Aşağı Göynük kənd ərazisində vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, 1951-ci ildə Şəki rayonunda anadan olmuş X2 19 iyul 2021-ci il tarixdə Şəki rayonu, Aşağı Göynük kəndi ərazisində vəfat etməsi faktı müəyyən edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 1951.X.X-ci il tarixdə Şəki rayonunda anadan olmuş X2 19 iyul 2021-ci il tarixdə Şəki rayonu, Aşağı Göynük kəndi ərazisində vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar