Məhkəmə qərarları › İş №e-2(075)-497/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-497/2023

25.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-497/2023 25.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı: İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi və İİİ Şəxs Maraqlı şəxs qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Regional “Asan” xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən müddət üçün vaxtında ödənilməmiş 40000 manat borcun Maraqlı şəxs xeyrinə tutulmasına dair xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şəki Regional “Asan” xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən müddət üçün vaxtında ödənilməmiş 40000 (qırx min) manat borcun məndən Maraqlı şəxs xeyrinə tutulması barədə icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən Şəki Rayonu üzrə İcra və Probasiya şöbəsindən gələn xəbərdarlıqdan sonra icra qeydindən məlumatlı olmuşdur və xx.xx.2023-cü il tarixdə surətini əldə etmişdir. İcra qeydindən şikayət vermək hüququ izah edilmədiyindən, icra qeydini məhkəmə qaydasında mübahisələndirməsi barədə müddəti ötürməmişdir. İcra qeydini əsassız və qərəzli hesab edir. Tələbkarın əsaslandırılmamış ərizəsi əsasında, borcun qaytarılıb-qaytarılmamasını yoxlamadan notarius tərəfindən icra qeydi verilmişdir. Ona görə də hesab edir ki, X4 xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən müddət üçün vaxtında ödənilməmiş 40000 manat borcun tutulması barədə xx.xx.2022-ci il tarixli icra qeydi əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məznununa uyğun izahat verərək göstərmişdir ki, İddiaçı 40000 manat məbləğində borc götürmüşdür. Borcunu tam qaytarmasa da, müəyyən məbləğlərdə ödənişlər etmişdir. İddiaçı tərəfindən edilən ödənişlər icra qeydində nəzərə alınmamışdır. Hesab edir ki, həmin icra qeydi ləğv olunmamlı və yenidən araşdırılmalıdır. Bildirmişdir ki, iddiaçının məlumatı icra qeydi çıxdıqdan sonra olmuşdur. Onların hal-hazırda edilmiş ödənişlərlə bağlı sübutları yoxdur. İddiaçı 40000 və 50000 manat borc götürmüşdür. 70000 manata yaxın ödəniş etmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi və İİİ Şəxs Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, İİİ Şəxs Maraqlı şəxs məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 18 oktyabr 2022-ci il tarixli icra qeydindən görünür ki, İddiaçı Maraqlı şəxs xeyrinə 40000 manat məbləğində pul vəsaitinin tutulması təklif edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 15 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinə əlavə müqavilədən görünür ki, İddiaçı Maraqlı şəxs xeyrinə 40000 manat məbləğində pul vəsaitini xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçının, onun nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarının 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarının 162-ci bəndinə əsasən İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. 170-1. İcra qeydinin aparılması ilə əlaqədar notariusa müraciət edildikdə, notarius icra qeydinin aparıldığı əqd üzrə öhdəliklərin icra intizamını mənfi xarakterizə edən neqativ məlumatı bu Təlimatın 7-ci hissəsinin on altıncı abzasının məqsədləri üçün “Elektron notariat” informasiya sisteminə daxil edir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməmiş və tələbkar belə bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iş materiallarına bildirişin göndərilməsi ilə bağlı xəbərnamə əlavə edilsə də, həmin xəbərnamə məhz İddiaçı tərəfindən şəxsən imzalanmamışdır. Həmin xəbərnamə başqa bir şəxs Cumayev Mürsəl adlı şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddiaçının onunla yaşayan belə bir ailə üzvü olmadığını bildirmişdir. Həmçinin X4 xidmət mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən Təlimatın 162-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq əsassız olaraq icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Notariat ofisi yalnız kredit sazişinə əsaslanmaqla həmin Kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş, 18 oktyabr 2022-ci il tarixli, 8İ- 15596 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş, 18 oktyabr 2022-ci il tarixli, 8İ-15596 reyestr nömrəli icra qeydi ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar