Məhkəmə qərarları › İş №e-2(075)-51/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-51/2025

18.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-51/2025 18.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi, İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra – iddiaçı) İddiaçı vəkili Vəkil, Cavabeh və qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra – cavabdeh) Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ona məxsus fərdi yaşayış evinin yanında cavabdeh tərəfindən inşa edilməkdə olan tikilinin şəhərsalma və tikinti normaları və qaydalarına uyğun olmayan hesab edilməsi və həmin normaları və qaydalarına uyğun tikilməsi öhdəliyinin üzərinə qoyulması, uyğun olmayan hissəsinin cavabdehin vəsaiti hesabına sökülməsi, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat xərcin və ödənilmiş 100.40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə dair iddiası və Cavabdeh İddiaçı qarşı “Şəki şəhəri, Mahmud İsmayılov küçəsindəki ona məxsus torpaq sahəsinə qonşu ərazidə yerləşən İddiaçı məxsus torpaq sahəsindəki tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsini, tikintiyə dair digər müfəssəl qaydaları, normativ tələbləri pozmaqla torpaq sahələri arasında sərhəd funksiyasını yerinə yetirən ortaq divar üzərində inşa edilmiş hissəsinin İddiaçı vəsaiti hesabına sökülməsi, ödənilmiş 100,40 manat dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri Mahmud İsmayılov küçəsində ona məxsus fərdi yaşayış evinin yanında Cavabdeh Bahadır oğlu tərəfindən inşa edilməkdə olan tikilinin şəhərsalma və tikinti normaları və qaydalarına uyğun olmayan hesab edilməsi və həmin tikilinin şəhərsalma və tikinti normaları və qaydalarına uyğun tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmin tikilinin şəhərsalma və tikinti normaları və qaydalarına uyğun olmayan hissəsinin cavabdehin vəsaiti hesabına sökülməsi, həmçinin, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat xərcin və ödənilmiş 100.40 manat dövlət rüsumunun Cavabdeh Bahadır oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndini, 29cu maddəsinin İ-İV bəndlərini, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun” 1-ci maddəsini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 170.2, 180.1, 180.4, 240.1, 240.3-cü maddələrini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1, 69.4, 69.5.1, 69.5.2, 69.5.2-1, 71.2, 72.2, 73.4-cü maddələrini qeyd edərək tələbini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində Şəki şəhəri Mahmud İsmayılov küçəsində 0,06 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi üzərində hüquqları 16 mart 2022-ci ildə ********** nömrə ilə qeydiyyata alınaraq ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan torpaq sahəsində tikilməsi nəzərdə tutulan 3 mərtəbəli fərdi yaşayış evinin memarlıqplanlaşdırma həlli hazırlanmış və şəhərin baş memarı tərəfindən təsdiqlənmiş, tərəfindən fərdi yaşayış evinin inşasına başlanılmışdır. Hal-hazırda tikinti işləri yekunlaşmış, yaşayış evinin daxili hissələrinin təmirinə başlanılmışdır. Bir müddət əvvəl, torpaq sahəsinin qonşuluğunda olan boş torpaq sahəsində, onun fərdi yaşayış evi ilə ara məsafəsi gözlənilmədən tikinti işlərinin aparıldığını görüb, tikinti işlərinin kimin tərəfindən aparılması ilə maraqlandıqda Cavabdeh Bahadır oğlu olmasını bilmişdir. O, həmin şəxsdən tikinti işlərinin dayandırılmasını və müvafiq ara məsafəsi gözlənilməklə tikinti işlərinin aparılmasını xahiş və aidiyyəti qurumlara şikayətlər etmiş, lakin hər-hansı bir müsbət nəticə əldə etməsi mümkün olmamış və şikayətləri də nəticəsiz qalmışdır. Bu səbəbdən müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli 16(075)-18/2024 nömrəli qərardadı ilə ərizəsi təmin edilmişdir. Tikinti işləri müvəqqəti olaraq dayandırılsa da, ancaq aparılmış qanunsuz tikinti sökülməmiş və olduğu kimi qalmışdır. Cavabdeh Bahadır oğlu tərəfindən tikintisi aparılan obyekt onun qanuni sənədlər əsasında inşa etdirdiyi fərdi yaşayış evinə demək olar kı, bitişdirilərək, ara məsafəsi nəzərə alınmadan, tikinti norma və qaydaları, yanğın təhlükəsizliyi normaları gözlənilmədən insanların həyatı üçün təhlükəli vəziyyət yaradılmaqla inşa edilmişdir. Həmçinin, inşa edilmiş qanunsuz tikili yekunlaşacağı təqdirdə birbaşa onun inşa etdiyi fərdi yaşayış evinin pəncərəsinin önünü kəsməklə ondan istifadəni səmərəsiz hala gətirəcəkdir. Yəni faktiki vəziyyətdə Cavabdeh Bahadır oğlunun qanunsuz hərəkətləri nəticəsində o, öz mülkiyyətindən sərbəst şəkildə istifadə edə bilməyəcəkdir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya etiraz verərək göstərmişdir ki, iddia tələbi tam əsassızdır və təmin edilməməlidir. İddiaçının özünün etiraflarına görə, Şəki şəhəri, Mahmud İsmayılov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 16 mart 2022-ci il tarixli ********** nömrəli çıxarışla rəsmiləşdirildikdən sonra üç mərtəbəli fərdi yaşayış evi tikmək məqsədilə həmin torpaq sahəsində inşaat işlərinə başlamışdır. Sözügedən ərazi ilə qonşuluqda, yəni Şəki şəhəri, Mahmud İsmayılov küçəsində yerləşən 0.015 ha torpaq sahəsi isə 2019-cu ildən mülkiyyət hüququ ilə ona məxsusdur. Bu fakt daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 05 dekabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli (reyestr № **********14) çıxarışda öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı inşaat işlərinə başladığı 2022-ci ildə, qonşuluqdakı torpaq sahəsi onun mülkiyətində olmuşdur. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş fotoşəkillərdən aydın görünür ki, özü inşaat norma və qaydalarını kobud şəkildə pozaraq, qarşılıqlı razılaşma əldə etmədən tikintini ortaq divar vasitəsilə həyata keçirmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.36, 69.7.3-cü maddələrinə görə iki qonşu torpaq sahələrinin sərhədində inşa edilmiş divar ortaq divar hesab edilir və obyektlərin tikintisinin həmin divar vasitəsilə həyata keçirilməsi yalnız qarşılıqlı razılaşma əsasında mümkündür. Həmin Məcəllənin 69.2-ci maddəsinə görə ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır və bu məsafəni müəyyənləşdirmək üçün qonşular arasında sərhəd funksiyasını yerinə yetirən ortaq divar koordinatları mühüm əhəmiyyət kəsb edir. Təqdim edilmiş sübutlar açıq şəkildə təsdiq edir ki, tam qanunsuz olaraq həmin divarı öz obyektinin bir elementinə çevirmiş iddiaçı, mülkiyyətindəki torpaq sahəsi üzərində ara məsafəsinə dair riayət etməli olduğu normativ qaydanı kobud şəkildə pozmuş, yol verdiyi nöqsanları aradan qaldırmaq əvəzinə əsassız iddia ilə onun qanunauyğun şəkildə apardığı inşaat işinə əngəl yaratmaq üçün ədalət mühakiməsini öz qərəzli planının realizə vasitəsinə çevirmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi tikinti layihəsində yer almış obyektin sxematik planından da aydın olur ki, obyekti inşa etdirərkən İddiaçı öz torpaq sahəsi üzərində aralarında olan sərhəd (ortaq divar) divarına qədər 2 (iki) metrdən çox ara məsafəsi saxlamalı idi. Lakin, öz layihə şərtlərinə də etinasız yanaşmış, ara məsafəsinə dair müfəssəl qaydalara əhəmiyyət verməmişdir. Mühüm bir fakt da məhkəməyə təqdim olunmuş fotoşəkillərdə öz dolğun təsdiqini tapmışdır. Həmin fotoşəkillərdən aydın göründüyü kimi iddiaçı obyektinin həcmfəza həllində də ciddi nöqsanlara yol vermişdir. Belə ki, obyektinin çıxıntılı pəncərə hissəsini onun mülkiyyətində olan torpaq sahəsinin fəza məkanına çıxarmaqla nəinki ara məsafəsinə dair normativ tələbləri, o cümlədən mülkiyyət hüququnu da kobud şəkildə pozmuşdur. Başqasının mülkiyyət hüququnu pozmaqla insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi yolverilməzdir. İddiaçının bu formada özü üçün insolyasiya və təbii işıqlandırma şəraiti yaratması, onu gələcəkdə həmin şəraitdən məhrum edəcəkdir. Bu barədə o, iddiaçıya dəfələrlə xəbərdarlıq etsə də müsbət nəticə hasil olmamışdır. Onun mənafeyi və qanuni maraqları ilə hesablaşmaq istəməyən iddiaçının mülki münasibətlərdəki fərdiyyətçi mövqeyinin nə dərəcədə hüquqa zidd olduğu aydın şəkildə görünmüşdür. Qeyd olunanlar, həmçinin iş materiallarına əlavə edilmiş sənədlər, fotoşəkillər qeyd-şərtsiz ona dəlalət edir ki, ara məsafəsinə dair normativ tələbi pozan məhz, iddiaçının özü olmuşdur. O, isə tikinti işlərinə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və digər müvafiq normativ aktların tələblərini rəhbər tutaraq (layihəçi "xxxx" MMC tərəfindən işlənilmiş tikinti layihəsi; həmin layihənin şəhərsalma sənədlərinə uyğun olması barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-35-2/2-2718/2023 nömrəli rəyi; Azərbaycan Respublikası FHN DYNX-nin xx.xx.2024-cü il tarixli YTNƏŞ-0016 nömrəli rəyi; Azərbaycan Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli 190 nömrəli rəyi; Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Agentliyinin xx.xx.2023-cü il tarixli, ER-22/1713 nömrəli rəyi; tikinti layihəsinə dair ekspertiza müəssisəsinin rəyi; obyektin tikintisinə Şəki şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli, 02 saylı icazə; tikintiyə icazə barədə Şəki şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli, 9/02 nömrəli xüsusi nişan). sənədlər əsasında başlamış və bu günə qədər görülmüş işləri həmin sənədlərdə təsbit edilmiş inşaat-texniki şərtlərə uyğun qaydada aparmışdır. İddia ərizəsində mübahisə predmeti olan tikinti işlərinin aparıldığını yaxın günlərdə müəyyən etdiyinə, maraqlandıqdan sonra bu işlərin aparıldığının ona bəlli olduğuna dair yalan mülahizələrə yer vermiş iddiaçı, bununla hazırkı işə münasibətdə qeyri-səmimi, qeyri-dürüst mövqeyini açıq-aşkar ortaya qoymuşdur. Belə ki, o, qonşu ərazidə aparılacaq tikinti işləri və onun inşaat-texniki xüsusiyyətləri, o cümlədən həmin işlərin həyata keçiriləcəyi barədə hələ 2022-ci ildə ətraflı məlumatlandırılmış və bununla bağlı etirazının olmadığını notarial qaydada təsdiq olunmuş 17 avqust 2022-ci il tarixli, 8/- 11582 reyestr nömrəli ərizəsində bəyan etmişdir. Hazırkı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etdiyi tarixdə, yəni 2024-cü ilin mart ayının 15-də iddiaçı Bakı şəhəri 18 saylı notariat ofisində imzaladığı 15 mart 2024-cü il tarixli, 8İ-2272 reyestr nömrəli ərizəsində 17 avqust 2022-ci il tarixli, 8/-11582 reyestr nömrəli razılıq ərizəsindən imtina etdiyini, tikinti işlərinin aparılmasına razı olmadığını bəyan etmişdir. Göründüyü kimi hüququn təməl prinsipi olan vicdanlılıq prinsipi ilə uzlaşmayan davranış xəttini seçməklə güvəndiyi əvvəlki rəftarına zidd hərəkət edən iddiaçının qeyri-adekvat mövqeyi hüquqdan sui-istifadə halını yaratmışdır. İstinad etdiyi hüquq normaları, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalşdırdığı hüquqi mövqe, mülki-hüquq münasibətlərinin subyektlərinə qanunla verilmiş hüquqi ixtiyarların hüquqdan sui-istifadə yolu ilə realizəsinin qadağan olduğu qənaətinə gəlməyə əsas vermişdir. Vicdanlılıq, dürüstlük mülki-hüquq münasibətləri üçün qanunla müəyyən edilmiş imperativ bir qaydadır və bu qaydaya riayət etmədən mülki-hüquqi ixtiyarın yaranması mümkünsüzdür. Hüquqdan sui-istifadə etməklə hüquqi ixtiyarını realizə etmək istəyən mülki-hüquq subyektinin bu davranışı onun subyektiv hüququnun əhatə dairəsindən kənarda qalmış sayılır. İddiaçının hüquqdan sui-istifadə halını yaratmış davranışı, onu hazırkı iddia tələbini yürütmək ixtiyarından (hüquqi ixtiyar) məhrum etmişdir. Subyektiv hüququn əsas elementi olan hüquqi ixtiyarını hazırkı məsələyə münasibətdə itirmiş iddiaçının mübahisə predmeti ilə bağlı tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. O, qeyd olunanlara əsaslanaraq, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 24-cü maddəsinin 2-ci bəndini, 25-ci maddəsinin 3-cü bəndini, 26-cı maddəsinin 2-ci bəndini, Mülki Məcəlləsinin 5.3, 16.1, 560.3.4-cü maddələrini, Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.36, 69.7.3, 69.2-ci maddələrini rəhbər tutaraq iddiaçının ona qarşı irəli sürdüyü iddia tələbini tam əsassız hesab etdiyindən, həmin iddiaya etirazını bildirmiş və təmin edilməməsini xahiş etmişdir. Cavabdeh elektron qaydada məhkəməyə qarşılıqlı iddia ərizəsi göndərərək, Şəki şəhəri, Mahmud İsmayılov küçəsindəki ona məxsus torpaq sahəsinə qonşu ərazidə yerləşən İddiaçı məxsus torpaq sahəsindəki tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsini, tikintiyə dair digər müfəssəl qaydaları, normativ tələbləri pozmaqla torpaq sahələri arasında sərhəd funksiyasını yerinə yetirən ortaq divar üzərində inşa edilmiş hissəsinin qarşılıqlı iddia üzrə cavabdehin vəsaiti hesabına sökülməsi, ödənilmiş 100.40 manat dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi 16 aprel 2024-cü il tarixli qərardadla məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, iddianın əsassızlığına dair mötəbər sübutlara istinad edən mülahizələri etiraz ərizəsində dolğun ifadə edərək məhkəməyə təqdim etmişdir. İddiaçının özünün etiraflarına görə, Şəki şəhəri, Mahmud İsmayılov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 16 mart 2022-ci il tarixli ********** nömrəli çıxarışla rəsmiləşdirildikdən sonra üç mərtəbəli fərdi yaşayış evi tikmək məqsədilə həmin torpaq sahəsində inşaat işlərinə başlamışdır. Sözügedən ərazi ilə qonşuluqda, yəni Şəki şəhəri, Mahmud İsmayılov küçəsində yerləşən 0.015 ha torpaq sahəsi 2019-cu ildən mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Bu fakt daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 05 dekabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli (reyestr № **********14) çıxarışda öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı inşaat işlərinə başladığı 2022-ci ildə qonşuluqdakı torpaq sahəsi onun mülkiyətində olmuşdur. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş fotoşəkillərdən aydın görünür ki, o, inşaat norma və qaydalarını kobud şəkildə pozaraq, qarşılıqlı razılaşma əldə etmədən tikintini ortaq divar vasitəsilə həyata keçirmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.36, 69.7.3-cü maddələrinə görə iki qonşu torpaq sahələrinin sərhədində inşa edilmiş divar ortaq divar hesab edilir və obyektlərin tikintisinin ortaq divar vasitəsilə həyata keçirilməsi yalnız qarşılıqlı razılaşma əsasında mümkündür. Həmin Məcəllənin 69.2-ci maddəsinə görə ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır və bu məsafəni müəyyənləşdirmək üçün qonşular arasında sərhəd funksiyasını yerinə yetirən ortaq divar koordinatları mühüm əhəmiyyət kəsb edir. İş materiallarına əlavə edilmiş sübutlar açıq şəkildə təsdiq edir ki, tam qanunsuz olaraq ortaq divarı öz obyektinin bir elementinə çevirmiş İddiaçı, mülkiyyətindəki torpaq sahəsi üzərində ara məsafəsinə dair riayət etməli olduğu normativ qaydanı kobud şəkildə pozmuşdur. Məhkəməyə təqdim etdiyi tikinti layihəsində yer almış obyektin sxematik planından da aydın olur ki, obyekti inşa etdirərkən İddiaçı öz torpaq sahəsi üzərində arada olan sərhəd (ortaq divar) divarına qədər 2 (iki) metrdən çox ara məsafəsi saxlamalı idi. Lakin, öz layihə şərtlərinə də etinasız yanaşmış, ara məsafəsinə dair müfəssəl qaydalara əhəmiyyət verməmişdir. Sözügedən ortaq divarın ağır yükdaşıyıcı konstruksiyanı saxlamaq üçün yararsız olan zəif bünövrəsi İddiaçı məxsus obyektin bütövlükdə etibarlılığını, dayanıqlığını uzun müddət təmin etmək iqtidarında deyil. Bu isə inşa etdirməyi planlaşdırdığı obyektin təhlükəsizliyinə və etibarlılığına, o cümlədən həm ona, həm də İddiaçı məxsus obyektlərdə yaşayacaq, işləyəcək insanların həyat və sağlamlığına təhlükə yaradan ciddi və aradan qaldırılması vacib olan nöqsandır. Torpaq sahələri arasındakı ortaq divarın zəif təməli üzərində ağır yükə səbəb olmuş yükdaşıyıcı konstruksiyanın yerləşdirilməsi heç bir inşaat norma və qaydaları ilə uzlaşmamaqla yanaşı gələcəkdə ciddi qəzaların baş verməsinə də əlverişli zəmin yaratmaqdadır. İstənilən tikinti konstruksiyasının təməlini təşkil edən bünövrə davamlı və etibarlı olmalıdır. Xüsusilə Şəki kimi rütubətli bir rayonda bünövrənin nəmə qarşı izolyasiyası tədbiri obyektin etibarlılığını, dayanıqlığını təmin etmək üçün zəruri şərtdir. Bu baxımdan sözügedən ortaq divarın bünövrəsi heç bir standartlara cavab vermir və belə bir divar böyük obyektin konstruktiv elementi funksiyasını uzun müddət icra edə bilməz. Mühüm bir fakt da məhkəməyə təqdim olunmuş fotoşəkillərdə öz dolğun təsdiqini tapmışdır. Həmin fotoşəkillərdən aydın göründüyü kimi həcm-fəza qaydalarında da ciddi nöqsanlara yol vermiş İddiaçı, obyektinin çıxıntılı pəncərə hissəsini mülkiyyətində olan torpaq sahəsinin fəza məkanına çıxarmaqla nəinki ara məsafəsinə dair normativ tələbləri, o cümlədən mülkiyyət hüququnu da kobud şəkildə pozmuşdur. Bu fakt öz təsdiqini Roma hüququndan miras qalmış və müasir hüququn da fundamental prinsipinə çevrilmiş - “torpaq kimə məxsusdursa, torpağın üstündəki hava məkanı da ona məxsusdur” prinsipində tapmaqdadır. Elmi coğrafi mülahizələrə görə də torpaq sahəsinin üstündəki hava məkanı qarşılıqlı enerji və maddələr mübadiləsi baxımından həmin torpaq sahəsi ilə sıx əlaqədə olduğu üçün onun tərkib hissəsi sayılır. Konstitusiyanın 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətə qəsd konstitusion dəyərləri də qəsdə məruz qoyur. Başqasının mülkiyyət hüququnu pozmaqla insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi yolverilməzdir. İddiaçı bu formada özü üçün insolyasiya və təbii işıqlandırma şəraiti yaratması, onu gələcəkdə həmin şəraitdən məhrum edir. Bu barədə o, dəfələrlə xəbərdarlıq etsəm də müsbət nəticə hasil olmamışdır. Onun mənafeyi və qanuni maraqları ilə hesablaşmaq istəməyən qarşı tərəfin mübahisə predmeti ilə əlaqəli mülki münasibətlərdəki qatı fərdiyyətçiliyindən doğan anti-sosial mövqeyinin nə dərəcədə hüquqa zidd olduğunu Ali Qanunda aydın şəkildə görə bilirik. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 2-ci bəndi hüquq və azadlıqların hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə etdiyini, 25ci maddəsinin 3-cü bəndi dövlətin hər kəsin hüquq və bərabərliyinə təminat verdiyini, 26-cı maddəsinin 2-ci bəndi dövlətin hər kəsin hüquqlarının və azdlıqlarının müdafiəsinə təminat verdiyini bəyan edir. Bu müddəaların formalaşdırdığı konstitusion prinsipə görə - “hər bir insanın hüquq və azadlıqları digər insanların hüquq və azadlıqlarının başlandığı sərhədədək uzanır. Hər bir insanın hüquqlarının həyata keçirilməsi cəmiyyətin digər üzvlərinin həmin hüquqlardan istifadəsini təmin edən hədlərlə məhdudlaşır”. Obyektinin pəncərə hissəsini mülkiyyətində olan torpaq sahəsinə çıxarmaqla qarşı tərəf şəxsi toxunulmazlıq hüququnun da pozulmasına əlverişli zəmin yaratmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə görə hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi həyata müdaxilə etmək qadağandır. İddiaçı yol verdiyi bu nöqsanlar və bu mübahisəyə münasibətdə qərəzli, qeyri-səmimi, qeyri-dürüst mövqeyi mülkiyyətində olan torpaq sahəsində qanuna və digər normativ tələblərə uyğun şəkildə apardığı tikinti işlərini ləngidir, ona mənsub olan əmlakdan istədiyi kimi istifadə etmək imkanlarını məhdudlaşdırır, dövlət tərəfindən tanınan və qorunan digər hüquqlarının realizəsinə ciddi əngəl yaradır. Mülkiyyətindəki torpaq sahəsindəki tikinti işlərinə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsini, layihəçi "xxxx" MMC tərəfindən işlənilmiş tikinti layihəsini, həmin layihənin şəhərsalma sənədlərinə uyğun olması barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-35-2/2-2718/2023 nömrəli rəyini, Azərbaycan Respublikası FHN DYNX-nin xx.xx.2024-cü il tarixli YTNƏŞ-0016 nömrəli rəyini, Azərbaycan Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli 190 nömrəli rəyini, Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Agentliyinin xx.xx.2023-cü il tarixli, ER-22/1713 nömrəli rəyini, tikinti layihəsinə dair ekspertiza müəssisəsinin rəyini, obyektin tikintisinə Şəki şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli, 02 saylı icazəni, tikintiyə icazə barədə Şəki şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli, 9/02 nömrəli xüsusi nişanı rəhbər tutaraq başlamış və bu günə qədər görülmüş işləri həmin sənədlərdə təsbit edilmiş inşaat-texniki şərtlərə uyğun qaydada aparmışdır. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində göstərilən məzmunda izahat vermiş, iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə qarşılıqlı iddianı müdafiə edərək, iddia ərizəsinə etirazda və qarşılıqlı iddia ərizəsində göstərilən məzmunda izahat vermiş, iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş: ********** №-li, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmiş, bununla bağlı 0.40 manat xidmət haqqı tutulmuşdur. Şəki Regional Vəkil Bürosunun 52 nömrəli, 11 mart 2024-cü il tarixli arayışında göstərilir ki, İddiaçı, Vəkil ilə bağladığı xx.xx.2024-cü il tarixli, 121 saylı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilənin şərtlərinə əsasən vəkilə, göstərəcəyi xidmət müqabilində Şəki Regional Vəkil Bürosunun bank hesabına 300 manat ödəniş etmişdir. "xxxx" MMC tərəfindən 2019-cu il tarixdə tərtib edilmiş “Şəki şəhəri, Zərifə Əliyeva ilə Mahmud İsmayılov küçələrinin kəsişməsində tikilməsi nəzərdə tutulan 3 mərtəbəli fərdi yaşayış evinin X1” layihə sənədindən görünür ki, sənəd Şəki Şəhər İcra Hakimiyyətinin Baş Memarı tərəfindən təsdiq edilmişdir. **********57 reyestr nömrəli daşınmaz əmlakən çıxarışından görünür ki, İddiaçı xüsusi mülkiyyətində Şəki şəhəri, Mahmud İsmayılov küçəsində yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.06 ha ölçülü torpaq sahəsi vardır. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il göstərilmiş, daşınmaz əmlakın dövlət reyestrində 117 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2022-ci ildə tərtib edilmiş, A 724438 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, **********57 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətində Şəki şəhəri, Mahmud İsmayılov küçəsində yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.06 ha ölçülü torpaq sahəsi vardır. Planı və ölçünün tərtib edilməsinə əsas Qax rayonu DNK, Alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi, 4ə-206, xx.xx.2022. olmuşdur. ********** №-li, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmiş, bununla bağlı 0.40 manat xidmət haqqı tutulmuşdur. Şəki şəhər İcra Hakimiyyətinin, obyektin tikintisinə 02 saylı, xx.xx.2024-cü il tarixli icazəsindən görünür ki, döngə nöqtələri, kordinatlar, istismar təyinatı və layihə üzrə əsas texniki göstəricilər qeyd olunmuş Şəki şəhəri, Mahmud İsmayılov küçəsində Cavabdeh xüsusi mülkiyyətində olan 0.015 ha torpaq sahəsində, 2 mərtəbəli qeyri-yaşayış (mağaza) obyektinin tikintisinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi-Planlaşdırma Mərkəzi, Ekologiya və X3 X2 Agentliyinin, FHN DYNX-nin, Gigiyena və Epidemologiya Mərkəzinin rəyləri nəzərə alınmaqla icazə verilmişdir. **********14 reyestr nömrəli daşınmaz əmlakən çıxarışından görünür ki, Cavabdeh xüsusi mülkiyyətində Şəki şəhəri, Mahmud İsmayılov küçəsində yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.015 ha ölçülü torpaq sahəsi vardır. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il göstərilmiş, daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2019-cu ildə tərtib edilmiş, A 454944 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, **********14 reyestr nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyətində Şəki şəhəri, Mahmud İsmayılov küçəsində yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.015 ha ölçülü torpaq sahəsi vardır. Planı və ölçünün tərtib edilməsinə əsas Şəki Regional “Asan xidmət” mərkəzi, Alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi, 4ə-2567, xx.xx.2019. olmuşdur. Şəki şəhər İcra Hakimiyyət tərəfindən verilmiş 9/02 nömrəli, xx.xx.2024-cü il tarixli “tikintiyə icazə barədə xüsusi nişan”dan görünür ki, həmin sənəd Cavabdeh, mülkiyyətində olan Şəki şəhəri, Mahmud İsmayılov küçəsində yerləşən 0.015 ha ölçülü torpaq sahəsidə tikintisinə icazə verilmiş 2 mərtəbəli qeyri-yaşayış (mağaza) obyektinə verilmişdir. "xxxx" MMC tərəfindən 2023-cü il tarixdə tərtib edilmiş “Şəki şəhəri, Mahmud İsmayılov küçələrində layihələndirilən 2 mərtəbəli qeyri-yaşayış (mağaza) binasının İşçi Layihə MH - Memarlıq Həlli” sənədindən görünür ki, sənəd Şəki Şəhər İcra Hakimiyyətinin Baş Memarı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi-Planlaşdırma Mərkəzi tərəfindən razılaşdırılb təsdiq edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 17 yanvar 2025-ci il tarixli 10/3856 nömrəli rəyində göstərilir ki, xx.xx.2024-cü il tarixli ekspert vəsatətində qeyd olunan əlavə materiallar (ƏMDX-nin müvafiq mütəxəssi rəyi) Mərkəzə təqdim edilmədiyindən qərardadda ekspert qarşısında qoyulmuş 1, 2 və 3-cü sualların cavablandırılması mümkün olmamışdır. 4-cü sualı üzrə - iddiaçı və cavabdehə məxsus tikililərin mülki iş materiallarında olan (səh.13-24 və səh.61-74) "xxxx" MMC tərəfindən tərtib edilmiş layihə sənədlərinin Şəki Şəhər İcra Hakimiyyətinin Baş Memarı tərəfindən təsdiq edildiyini nəzərə alaraq iddiaçıya və cavabdehə məxsusn tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun inşa edildiyi müəyyən olunur. xx.xx.2024-cü il tarixli ekspert vəsatətində qeyd olunan əlavə materiallar (ƏMDX-nin müvafiq mütəxəssi rəyi) Mərkəzə təqdim edilmədiyindən mübahisə predmeti olan tikililərin yerləşdiyi torpaq sahələrinin sənəd üzrə sərhədlərinin müəyyən edilməsi mümkün olmamışdır. Qeyd olunan səbədən qərardadda ekspert qarşısında qoyulmuş 5-ci və 6-cı sualların cavablandırılması mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. Əlavə Məhkəmə tikinti-texniki ekspertizasının 7 iyul 2025-ci il tarixli 10/1815 nömrəli rəyində göstərilir ki, Mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin mühəndisi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli müvafiq mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən 16 mart 2022ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı adına qeydiyyata alınmış Şəki şəhəri, Mahmud İsmayılov küçəsində ümumi sahəsi 0.06ha torpaq sahəsi və Azərbaycan Rsepublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Cavabdeh Bahadır oğlunun adına qeydiyyata alınmış Şəki şəhəri, Mahmud İsmayılov küçəsində ümumi sahəsi 0.015ha torpaq sahəsi bir biri ilə və tərəflərin faktiki istifadəsində olan torpaq sahələrinin ölçülərinin və koordinatlarının Çıxarışlar və texniki pasportlar ilə üst-üstə düşdüyü müəyyən olunur. Mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin mühəndisi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli müvafiq mütəxəssis rəyinə əsasən mübahisəli tikililərin İddiaçı və Cavabdeh Bahadır oğlunun adına qeydiyyata alınmış, hər birinin özünə aid torpaq sahəsində inşa edildiyi müəyyən olunur. Mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin mühəndisi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli müvafiq mütəxəssis rəyinə əsasən iddiaçının və cavabdehin özlərinə aid torpaq sahəsindən kənara çıxma halının mövcud olmadığı müəyyən olunur. Mülki iş materiallarında olan (səh.13-24 və səh.61-74), "xxxx" MMC tərəfindən mübahisə predmeti olan tikililərə dair tərtib edilmiş “İşçi Layihə” sənədlərinin Şəki Şəhər İcra Hakimiyyətinin Baş Memarı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi- Planlaşdırma Mərkəzi tərəfindən təsdiq edildiyini nəzərə alaraq iddiaçıya və cavabdehə məxsus tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun inşa edildiyi müəyyən olunur. Mübahisə predmeti olan tikililərə dair "xxxx" MMC tərəfindən tərtib edilmiş “İşçi Layihə” sənədlərində həmin tikililərin torpaq sahəsinin sərhədd xəttində inşa edildiyini və iddiaçıya məxsus tikiliyə dair (mülki iş materialları səh.13-24) "xxxx" MMC tərəfindən 2019-cu il tarixdə tərtib edilmiş layihə sənədlərinin Şəki Şəhər İcra Hakimiyyətinin Baş Memarı tərəfindən, cavabdehə məxsus tikiliyə dair (mülki iş materialları səh.61-74) "xxxx" MMC tərəfindən 2023-cü il tarixdə tərtib edilmiş layihə sənədlərinin Şəki Şəhər İcra Hakimiyyətinin Baş Memarı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi-Planlaşdırma Mərkəzi tərəfindən təsdiq edildiyini nəzərə alaraq iddiaçıya və cavabdehə məxsus tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1.1.-ci maddəsinin tələbinə uyğun inşa edildiyi müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. Beləliklə məhkəmə iclasında müəyyən edilənlərdən, ekspertiza rəyləri və mülki işin materiallarında olan sənədlərdən məlum olmuşdur ki, tərəflərin mübahisələndirdikləri hər ikisinə məxsus tikililər, kənara çıxma halı mövcud olmadan özlərinin xüsusi mülkiyyətində olan torpaq sahələrində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbinə və tikinti qaydalarına uyğun inşa edildiyindən həm iddia hə də qarşılıqlı iddia üzrə tələblər əsassızdır və təmin olunmamalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ-İV bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun” 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxsi öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən torpaq sahəsinin özbaşına tutulmasında təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Qeyd olunan qanun normasının tələbindən görünür ki, tərəflərin iddia etdikləri hissədə heç birinin digərinin hüquqlarını pozması halı, xüsusi mülkiyyətlərində olan torpaq sahələrinə müdaxilə müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Məcəllənin 180.3-cü maddəsində təsbit edilmişdir ki, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Qeyd edilən Məcəllənin 180.4-cü maddəsində göstərilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa həmin məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki halda ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. İş üzrə keçirilmiş ekspertizlar üzrə aparılmış tədqiqatların dəyəri ekspertiza mərkəzinin xeyrinə tərəflərdən bərabər qaydada tutulmalıdır. Odur ki, məhkəmə qeyd edilənləri yekunlaşdıraraq hesab edir ki, hər iki tərəfin iddiaları, iddia və qarşılıqlı iddia təmin edilməməli, rədd edilməli, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməli, iş üzrə keçirilmiş ekspertizlar üzrə aparılmış tədqiqatların hər birinın dəyəri 100 manat olmaqla cəmi 200 manat ekspertiza xərcinin 100 manatı İddiaçı, 100 manatı Cavabdeh tutulub Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddia və qarşılıqlı iddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı “ona məxsus fərdi yaşayış evinin yanında cavabdeh tərəfindən inşa edilməkdə olan tikilinin şəhərsalma və tikinti normaları və qaydalarına uyğun olmayan hesab edilməsi və həmin normaları və qaydalarına uyğun tikilməsi öhdəliyinin üzərinə qoyulması, uyğun olmayan hissəsinin cavabdehin vəsaiti hesabına sökülməsi, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat xərcin və ödənilmiş 100.40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Cavabdeh İddiaçı qarşı “Şəki şəhəri, Mahmud İsmayılov küçəsindəki ona məxsus torpaq sahəsinə qonşu ərazidə yerləşən İddiaçı məxsus torpaq sahəsindəki tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsini, tikintiyə dair digər müfəssəl qaydaları, normativ tələbləri pozmaqla torpaq sahələri arasında sərhəd funksiyasını yerinə yetirən ortaq divar üzərində inşa edilmiş hissəsinin İddiaçı vəsaiti hesabına sökülməsi, ödənilmiş 100,40 manat dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. İş üzrə keçirilmiş ekspertizlar üzrə 200 manat ekspertiza xərcinin 100 manatı İddiaçı, 100 manatı Cavabdeh tutulub Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar