Məhkəmə qərarları › İş №e-2(075)-536/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-536/2024

29.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-536/2024 29.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi və kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbiinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən aparılmış 28 noyabr 2023-cü il tarixli 8İ - 21005 № reyestr nömrəli İcra qeydinin ləğv edilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan zaman İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (artırılması) barədə elektron ərizə ünvanlayaraq onunla Cavabdeh1 arasında Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisində bağlanmış 04 may 2022-ci il tarixli, 3M-261 reyestr nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi və Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən aparılmış 28 noyabr 2023-cü il tarixli 8İ - 21005 № reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi (artırılması) barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisində bağlanmış 04 may 2022-ci il tarixli, 3M-261 reyestr nömrəli kredit müqaviləsinə əsasən o, Cavabdeh1 27000 manat borc pul almışdır. Həmin kredit müqaviləsinə əsasən o, həmin borcu xx.xx.2023-cü il tarixinədək ödəməli idi. O, müqaviləyə tam əməl edərək həmin borcu hissə-hissə cavabdehə ödəmişdir. Lakin buna baxmayaraq Cavabdeh1 28 noyabr 2023-cü il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisininə müraciət edərək icra qeydinin aparılmasını xahiş etmiş və Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisininin xüsusi notariusu X3 tərəfindən 28 noyabr 2023-cü il tarixdə icra qeydi aparılmış və reyestrdə 8İ - 21005 № ilə qeyd edilmişdir. Həmin icra qeydində ondan 27000 manatın tutulması qeyd edilmişdir. Lakin Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisininin xüsusi notariusu X3 icra qeydi apararkən həmin kredit müqaviləsi üzrə borcun qaytarılıb-qaytarılmamasını araşdırmamış, o, notariat ofisinə dəvət edilməmiş, həmçinin borc verən tərəfindən ona icra qeydinin aparılacağı barədə bildiriş göndərilməmişdir. Ona görə də hesab edir ki, həmin icra qeydi qanunsuz və əsassızdır və ona görə də ləğv edilməlidir. Belə ki, həmin kredit müqaviləsi üzrə onun cavabdehə heç bir borcu qalmamışdır. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: İddiaçı, cavabdehlər Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin cavabdeh Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddiaçı ilə onun arasında bağlanmış 4 may 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 27000 manat məbləğdə borcu iddiaçıya vermişdir. İddiaçı həmin pul məbləğini 4 may 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin iddiaçı ona olan borcunu qaytarmamışdır. Buna görə də, o, icra qeydinin çıxarılması ilə bağlı Şəki Regional “Asan Xidmət” Mərkəzində notariat şöbəsinə müraciət etmişdir. Notariat hərəkətləri aparılan zaman iddiaçı notariat şöbəsinə gəlməmişdir. Bu günə kimi ona olan borc ödənilməmişdir. İddiçı ona olan borcunu qaytarmadığı üçün onun banka borcu yaranmışdır. İddianı əsassız hesab edir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sübutların tədqiqi: İş materiallarına əlavə ediməklə məhkəmə baxışında tədqiq edilmiş: - 4 may 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı 27000 manat borc pul vermiş, İddiaçı həmin pulu 04 may 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. - İcra qeydinin verilməsinə əsas olmuş “Notariat icra qeydi haqqında ərizə”dən görünür ki, icra qeydinin verilməsinə əsas olan öhdəliyi müəyyən edən sənəd 4 may 2022ci il tarixli kredit müqaviləsidir. Ərizədə göstərilir ki, kredit müqaviləsi üzrə borclunun 27000 manat borc öhdəliyi yaranmışdır. - Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 28 noyabr 2023-cü il tarixli 8İ-21005 reyestr nömrəli icra qeydinin surətindən görünür ki, İddiaçı tələbkar Cavabdeh1 xeyrinə 27000 manat pulun və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. - Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış bildirişdən görünür ki, İddiaçı 4 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə 27000 manat məbləğdə borcunun yarandığı, borcun 20 gün müddətində ödənilmədiyi halda notarius tərəfindən icra qeydinin aparılacağı bildirilmişdir. - Poçt xəbərnaməsinin surətindən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış bildiriş SX 002494330AZ nömrəli xəbərnamə ilə ünvanlanmışdır. - X6 Filialının 4 aprel 2023-cü il tarixli, 05/61 nömrəli məktubundan görünür ki, İddiaçı adına ünvanlanmış SX 002494330AZ saylı məktub Aşağı Göynük PŞ-nın müdiri X1 məlumatına əsasən xx.xx.2023-cü il tarixdə şəxsən ünvançıya çatdırılmışdır. - xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq; “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun; 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 arasında 4 may 2022-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı 27000 manat məbləğdə borc pul vermişdir. Müqavilənin şərtlərinə əsasən İddiaçı borc məbləğini 04 may 2023-cü il tarixədək qaytarmalı olmuşdur. Cavabdeh1 İddiaçı kredti müqaviləsi əsasında borc olaraq aldığı 27000 manat məbləğdə pulu qaytarmadığı üçün bildiriş göndərmiş, lakin borc ödənilmədiyi üçün icra qeydinin çıxarılması ilə bağlı Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə müraciət etmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 28 noyabr 2023-cü il tarixli 8İ-21005 reyestr nömrəli icra qeydinə əsasən İddiaçı tələbkar Cavabdeh1 xeyrinə 27000 manat pulun və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. İddiaçı Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 28 noyabr 2023-cü il tarixli 8İ-21005 reyestr nömrəli icra qeydinin əsassız, olduğunu, onun borc məbləğlərini ödədiyini əsas gətirərək icra qeydinin ləğv edilməsi və kredit müqaviləsinin əsassız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə, Cavabdeh1 icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İş materiallarından görünür ki, Cavabdeh1 icra qeydinin çıxarılması ilə bağlı notariat orqanına müraciət etmədən öncə poçt vasitəsilə SX 002494330AZ nömrəli xəbərnamə ilə İddiaçı bildiriş ünvanlamışdır. Eyni zamanda məhkəmə tərəfindən SX 002494330AZ kodlu, xəbərnaməli məktubun İddiaçı çatdırılması ilə bağlı Şəki rayon Mərkəzi poçtuna sorğu ünvanlanmış, sorğuya cavab olaraq İddiaçı adına ünvanlanmış SX 002494330AZ saylı məktub Aşağı Göynük PŞ-nın müdiri X1 məlumatına əsasən xx.xx.2023-cü il tarixdə şəxsən ünvançıya çatdırılması bildirilmişdir. İddiaçı onun notariat hərəkətlərindən məlumatının olmadığı, borcu qaytardığını bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iş materialları ilə qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya borcun qaytarılması ilə bağlı bildiriş göndərildiyi, eyni zamanda həmin bildirişin iddiaçıya çatdırıldığı öz təsdiqini tapmışdır. Göründüyü kimi, Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisi icra qeydini təsdiq edərkən “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə uyğun olaraq borclunun, yəni İddiaçı məlumatı olmuşdur. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı onunla cavabdeh arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslı deyildir. Belə ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. İddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə tərəflər arasında bağlanmış 04 may 2022-ci il tarixli, 3M-261 reyestr nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, müqavilənin hansı etibarlılıq şərtinin pozulduğunu göstərməmiş və bu barədə hər hansı sənəd iş materiallarına əlavə etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi və kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi” barədə iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi və kredit müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar