Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-61/2025 05.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilərək xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şəki şəhəri, Səməd Vurğun küçəsində yerləşən 22A saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC 30 may 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında Şəki şəhəri, Səməd Vurğun küçəsində yerləşən 22A saylı fərdi yaşayış evini alaraq, tam mülkiyyət hüququ əldə etmişdir (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli, **********4 qeydiyyat nömrəli çıxarış). Hal-hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus fərdi yaşayış evindən istifadəsi və qeydiyyatda qalması bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və bankın mülkiyyətində olan fərdi yaşayış evi üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən cavabdehlərin bankın mülkiyyətində olan fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməlidir. İşdə iştirak edən şəxslərin mövqeyi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarına əlavə edilmiş: - 30 may 2017-ci il tarixli hərracın nəticələri haqqında yekun protokolun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti X4 məxsus ünvan 1 ünvanında yerləşən mənzili 17850 manata almışdır. - 30 may 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin təsdiq edilmiş surətindən görünür ki, X1 şəhəri, Səməd Vurğun küçəsi, ev 22A ünvanında yerləşən mənzili ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti 17850 manata almışdır. - Şəki Rayon Məhkəməsinin 12 avqust 2010-cu il tarixli, 2(075)-810/2010 saylı qətnaməsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X6 arasında bağlanmış 05 oktyabr 2007-ci il tarixli, 03 saylı kredit müqaviləsi üzrə X3 banka olan 60000 (altmiş min)manat məbləğində əsas kredit borcu və 6022 (alti min iyirmi İkİ) manat faiz borcu, cəmi 66022 (altmış altı min iyirmi iki) manat məbləğində kredit borcu və bank tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu ünvan 3 ünvanında yaşayan cavabdeh X2 tutularaq banka ödənilməsi, borc məbləğinin cavabdehlərdən tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinin təmin edilməsi üçün tələb ilk növbədə kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi ipoteka qoyulmuş və mülkiyyət hüququ üzrə X5 məxsus olan Şəki şəhəri, Səməd Vurğun küçəsində istifadədə olan 0.01419 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, Surayə İsgəndər qızına məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsində istifadədə olan 0.044 hektar torpaq sahəsində yerləşən 23 A nömrəli, 5 mərtəbəli binanın birinci girişinin beşinci mərtəbəsində yerləşən 104,05 kvadrat metr ümumi, 75.5 kvadrat metr yaşayış sahəsindən ibarət 5 otaqlı, 10 nömrəli mənzillərə yönəldilməsi və həmin mənzillərin açıq hərrac yolu ilə satılması qət edilmişdir. - 23 aprel 2024-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 1 ünvanında Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında 0.0142 ha torpaq sahəsində yerləşən 46.5 m2 fərdi yaşayış evi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. - Şəki ŞRPŞ-nin 18 dekabr 2024-cü il tarixli mətubundan görünür ki, xx.xx.1985-ci ildə Şəki şəhərində anadan olmuş Cavabdeh1 xx.xx.2012-ci ildən, xx.xx.1986-cı ildə Şəki şəhərində anadan olmuş Cavabdeh2 isə xx.xx.2013-cü ildən ünvan 2-da qeydiyyatdadır. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Kapital Bank” ASC 30 may 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında Şəki şəhəri, Səməd Vurğun küçəsində yerləşən 22A saylı fərdi yaşayış evini alaraq, tam mülkiyyət hüququ əldə etmişdir. (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli, **********4 qeydiyyat nömrəli çıxarış). Hazırda İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şəki şəhəri, Səməd Vurğun küçəsində yerləşən 22A saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsini xahiş edir. İş materialları ilə müəyyən edilir ki, Şəki Rayon Məhkəməsinin 12 avqust 2010-cu il tarixli, 2(075)-810/2010 saylı qətnaməsinə əsasən borc məbləğinin cavabdehlərdən tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinin təmin edilməsi üçün tələb ilk növbədə kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi ipoteka qoyulmuş və mülkiyyət hüququ üzrə X5 məxsus olan Şəki şəhəri, Səməd Vurğun küçəsində istifadədə olan 0.01419 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı mənzilə yönəldilməsi və həmin mənzilin açıq hərrac yolu ilə satılması qət edilmişdir. xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.2012-ci ildən, xx.xx.1986-cı ildə Şəki şəhərində anadan olmuş Cavabdeh2 isə xx.xx.2013-cü ildən ünvan 2-da qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarında bu nəticəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, ilk növbədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evin əvvəlki mülkiyyətçisi olmuş X3 ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” 27 may 2008-ci il tarixli qərarında göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-in 228.5-ci maddəsində əks olunmuş “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş “mülkiyyətçinin razılığı” yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Həmin müddəanın belə şərhi mülkiyyətçinin Konstitusiyanın 13 və 29-cu maddələrində təsbit olunmuş təminat və hüquqlarını pozmur. İş materialları ilə müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisə predmeti olan mənzil ipoteka ilə yüklü edildikdən və tutulmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəmə qətnaməsi qəbul edildikdən sonra həmin mənzilə qeydiyyat düşmüşlər. Həmçinin həmin şəxslərin evin əvvəlki mülkiyyətçisinin ailə üzvləri olması müəyyən edilmədiyi kimi, evin mülkiyyətçisi ilə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında yazılı müqavilə bağlamalarına dair də hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mülki Məcəllənin 228-ci maddəsinə əsasən mübahisəli mənzildən istifadə hüquqları da mövcud deyil. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mübahisəli mənzildən istifadə hüquqları olmadığından iddia tələbinin təmin edilməsi üçün əsaslar da mövcud deyil. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilərək xitam verilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-61/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-61/2025
05.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver