Məhkəmə qərarları › İş №e-2(075)-667/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-667/2023

15.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-667/2023 15.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində MN ******* nömrəli protokol əsasında tətbiq edilmiş İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 700 AZN məbləgində tətbiq edilən inzibati tənbeh vermə haqqında MN ******* qərarın əsassız və qanunsuz oldugundan ləgv edilməsini xahiş etmişdir. İş materiallarından və iddia ərizəsi formasında tərtib edilmiş mətnin məzmunundan görünür ki, İddiaçı, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat məbləgində inzibati cərimə edilməsi barədə 27 may 2022-ci il tarixli, MN ******* nömrəli qərardan şikayət vermək istəmişdir. Lakin şikayət ərizəsini lüzum olmadığı halda elektron məhkəmə informasiya sistemi vasitəsi ilə, həm də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə iddia icraatı qaydasında verərək prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə qeyd edir ki, barəsində qərar qəbul edilmiş fiziki şəxs olaraq İddiaçı onun barəsində qəbul edilmiş qərardan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərini əsas götürərək iddia ərizəsi formasında deyil, İnzibati Xətalar Məcəlləsinin tələbləri qaydasında şikayət formasında müraciət etməlidir. Həmçinin məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 120.1.3-cü maddəsinə əsasən səlahiyətli orqanın qərarından məhkəməyə verilən şikayət –şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon məhkəməsinə verilir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı eyni qaydada Balakən Rayon Məhkəməsinə müraciət etmiş, və həmin məhkəmənin 24 iyun 2022-ci il tarixli, 2(019)-663/2022 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmişdır. Lakin İddiaçı qərardadda göstərilən nöqsanları aradan qaldırmamış və yenidən eyni əsaslarla Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Müəyyən etdim ki, ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin normalarının tələbləri pozularaq tərtib edilmişdir. Buna görə də, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, İddiaçı göstərilən nöqsanları aradan qaldıraraq, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş 27 may 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənberh vermə haqqında qərardan məhkəməyə şikayət verə bilmək hüququ izah edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1, 149, 151, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı göstərilən nöqsanları aradan qaldıraraq, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş 27 may 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənberh vermə haqqında qərardan məhkəməyə şikayət verə bilmək hüququ izah edilsin. Qərardaddan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar