Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-671/2024 25.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7700 (yeddi min yeddi yüz) manat borc məbləği, eləcə də 97 (doxsan yeddi) manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, əvvəllər tanıdığı Cavabdeh xx.xx.2021-ci il tarixdə mobil telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq ona 1500 manat borc pul lazım olduğunu və qısa zamanda qaytaracağını bildirmişdir. O, əvvəl Samirəyə pul verməyə tərəddüd etsə də o, həmin günü müxtəlif saatlarda ona zəng edərək ona köməklik etməyini xahiş etmişdir. O da onun xahişini nəzərə alıb ona 1500 manat borca pul vermişdir. Bir müddət sonra Samirə aldığı borcdan 500 manatını ona geri qaytarmışdır. xx.xx.2022-ci il tarixdə Samirə mobil telefon vasitəsilə yenidən ona zəng edərək oğlunun xəstəliyi üçün ona 1300 manat da borca pul verməyini xahiş etmişdir. O da tərəddüd etməmiş və ona borca 1300 manat pul vermişdir. Həmin gündən bir müddət sonra Samirə aldığı borc məbləğindən 600 manatı qaytarmışdır. Daha sonra Samirə xx.xx.2022-ci il tarixdə ona zəng edərək dolana bilmədiyini və iş yoldaşlarına faizə pul verərək əldə etdiyi gəlirdən onun borcunu qaytaracağına söz verərək, ondan əlavə olaraq 1500 manat borca pul istəmişdir. O da qeyd edilən tarixdə ona 1500 manat borca pul vermişdir. Samirə bir müddət sonra aldığı borc məbləğindən 400 manatını qaytarmışdır. Daha sonra da Samirə ondan əlavə olaraq xx.xx.2023-cü il tarixdə 2500 manat da borc pul istəmiş, o da əvvəl aldığı borclarını qaytarmasına dəstək olmaq üçün ona həmin tarixdə 2500 manat borca pul vermişdir. Bundan sonra Samirə xx.xx.2023-cü il tarixdə 300 manat pulu geri qaytarmışdır. xx.xx.2023-cü il tarixdə Samirə yenidən ona zəng edərək ona 1700 manat da pul lazım olduğunu demiş, o da ona əlavə olaraq 1700 manat borc pul vermişdir. Samirə bir müddət sonra ona aldığı borclardan 500 manat qaytarmışdır. Hətta ona bildirmişdir ki, “Elçin narahat olma sən mənə çox yaxşılıqlar etmisən, qull haqqını yemək olmaz, son qəpiyinə qədər sənə olan borcumu qaytaracam” Bundan sonra xx.xx.2023-cü il tarixdə o, yenidən ondan əlavə olaraq 1500 manat borca pul istəmişdir. Ona qeyd edilən məbləği, yəni 1500 pulu ona həmin tarixdə borc olaraq vermişdir. Bir müddət Samirə ona olan borclarını qaytarmadığı üçün onunla aralarında dəfələrlə telefon danışıqları olmuşdur. Samirə hər dəfə telefon danışıqlarında ona olan borclarını başqa şəxslərə faiz olaraq verdiyini və həmin şəxlər pulları ona qaytarmadığından o, bu səbəbdən ona olan borclarını verə bilmədiyini bildirmişdir . Hətta bildirmişdir ki, ondan aldığı borc pulların 3500 manatını onunla birlikdə işələyən Kəmalə adlı şəxsə faiz olaraq vermişdir. O isə ona bildirmişdir ki, “sənin kimə hansı qaydada pul verməyin mənim üçün maraqlı deyil. Mən sənə etibar edərək və sənin sosial vəziyyətin ağır olduğundan sənə dəstək üçn borc pul vermişəm.” Ümumilkdə Samirəyə hissə-hissə 10000 manat borca pul vermiş, o isə verdiyi borc məbləğlərindən ona 2300 manatını geri qaytarmışdır. Samirənin hal-hazırda ona olan borcu 7700 manat təşkil edir. Borc pulu aldığını əks etdirən faktlar cavabdehlə onun arasında olan danışıqlarda və eyni zamanda ona əvvəl hüquqi yardım göstərəcək vəkil X1 arasında aparılan telefon danışıqlarında öz əksini tapmışdır. Həmin səs yazılarını CD diskə köçərərək sübut növü olaraq məhkəməyə təqdim edəcəkdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən etiraf edərək bildirmişdir ki, Elçini neçə illərdir tanıyır. İddia oluna pulun hamısı ona aid deyil. 3200 manat Kəmalə xanıma vermişdir. 1000 manat Elnarə xanıma, 2500 manat öz puludur, 400 manat birində, 300 manat isə başqa birindədir. Bu adamlar Elçinə nə qədər pul ödəyiblər. O, Elçinə demişdir ki, səbrli ol, pullarını ödəyəcəklər. Lakin Elçin məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 97 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Hazırkı işdə Mülki Məcəllənin 739.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə borc pul verilmiş, cavabdeh isə borcu qismən etiraf edərək qaytaracağını bildirir. İddiaçı iddia tələbinin əsası kimi tərəflər arasında olan söhbətin səs yazısını təqdim etmişdir. Həmin səs yazısı məhkəmə iclasında dinlənilmiş, cavabdeh məhkəmə iclasında da etiraf etdiyi kimi iddiaçıya 7400 manat borcunun olmasını bildirmişdir. İddiaçı isə cavabdehin ona 7700 manat borcunun olmasını sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən, 7400 manat borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 94 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 7400 (yeddi min dörd yüz) manat borc və 94 (doxsan dörd) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-671/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-671/2024
25.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver