Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-75/2023 05.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi; Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş JN-276, KOD-40404068 nömrəli dövlət aktı üzrə Şəki rayonu Aqrar İslahat Komissiyasının 09 sentyabr 2000-ci il tarixli, 06 saylı qərarına əsasən Şəki rayonu İkinci Biləcik kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmış 1,13 hektar torpaq sahəsinin yaxşılaşdırması üçün çəkdiyi xərclərin əvəzi olaraq 12400 manatın və 128 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılarkən İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş JN-276, KOD-40404068 nömrəli dövlət aktı üzrə Şəki rayonu Aqrar İslahat Komissiyasının 09 sentyabr 2000-ci il tarixli, 06 saylı qərarına əsasən Şəki rayonu İkinci Biləcik kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmış 1,13 hektar torpaq sahəsinin dəyəri olan 4611 manat pul vəsaiti, torpaq sahəsinin yaxşılaşdırması üçün çəkdiyi xərclərin əvəzi olaraq 1446 manat pul vəsaiti və əldən çıxmış faydanın əvəzi olaraq 6336 manat pul vəsaiti olmaqla ümumilikdə 12400 manat pul vəsaitinin və 128 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarına əsasən Cavabdeh və onun ailə üzvlərinə birlikdə Şəki rayonu İkinci Biləcik kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 1,13 hektar pay torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən JN-276, KOD 40404068 nömrəli dövlət aktı verilmişdir. Cavabdeh ailə üzvlərinin razılığı ilə həmin torpaq sahəsini ona 3000 manata satmışdır və o, həmin məbləği Cavabdeh tam şəkildə ödəmişdir. Həmin vaxtdan qeyd edilən torpaq sahəsi onun islifadəsindədir. O, həmin torpaq sahəsində bir çox yaxşılaşdırma işləri aparmışdır. Yaxşılaşdırma işlərinə 12400 manat xərc çəkmişdir. Yaxşılaşdırma işləri kimi həmin torpaq sahəsini kol-kosdan təmizləmiş, torpaq sahəsinin ortasından çıxaraq torpağı yararsız hala salan qrunt sularının axmasının qarşısını almış, həmin torpaq sahəsinin kənarlarını bağlamış, torpaq sahəsinə uzaq məsafədən su çəkdirmişdir. Torpaq sahəsinin tam yararlı vəziyyətə gətirilməsi üçün həmin torpaq sahəsindən 50 maşın daş yığıb tullatmış və həmin torpaq sahəsinə kənardan gətirərək 45 maşın peyin tökmüşdür. Qeyd edilən torpaq sahəsinin ona satılması ilə bağlı Cavabdeh və ailə üzvləri gələcəkdə heç bir narazılıqlarının olmayacaqlarını bildirmişlər Lakin həmin vaxt aralarında notarial qaydada müqavilə bağlanmamışdır. Hazırda isə həmin torpaq sahəsini adına sənədləşdirə bilmir. Hesab edir ki, qeyd edilən torpaq sahəsinin satılması ilə bağlı onunla cavabdeh arasında bağlanmış alqı-satqı əqdi etibarlı sayılmalı və bununla bağlı aralarında alqı-satqı əqdi bağlanmış hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh mübahisəli torpaq sahəsini Nərimə Kərimlinin vasitəsi ilə ona satmışdır. Belə ki, cavabdeh, mübahisəli torpaq sahəsini Nərminə Kərimliyə satmış, sonuncu da cavabdehdən aldığı torpaq sahəsi ilə ona məxsus torpaq sahəsini dəyişmişdir. Həmin vaxt cavabdehlə onun arasında mübahisəli torpaq sahəsinə dair cavabdeh tərəfindən torpağın ona satılması ilə bağlı vəkalətnamə verilmişdir. Həmin torpaq sahəsi 2022-ci ilin oktyabr ayına kimi onun istifadəsində olmuşdur. Həmin vaxtdan sonra cavabdeh torpaq sahəsinə çıxarış alaraq onu torpaqdan çıxarmışdır. İddia ərizəsində qeyd etsə də, 50 maşın daşın təmizlənməsi hissəsində iddianı müdafiə etmir, daş təmizlənməmişdir. Lakin torpaq sahəsi kol-kosdan təmizlənmiş, iki tərəfdən kanal çəkilmiş, su arxı çəkdirmiş, hər il 2-3 dəfə olmaqla 17 il boyunca peyin tökdürmüşdür. Ona görə də, cavabdehdən aldığı torpaq sahəsinin dəyərini, torpağın yaxşılaşdırılmasına çəkdiyi xərcləri və artıq bir il müddətində həmin torpaqdan istifadə edə bilməməsi səbəbindən əldən çıxmış faydanın əvəzinin alınaraq ona verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, mübahisəli torpaq sahəsi iki hissədən ibarət olmaqla, hər iki hissə iddiaçının istifadəsində olmuşdur. Torpaq sahəsi iddiaçıya satılmamışdır, pulsuz olmaqla iddiaçının qudası vasitəsi ilə iddiaçıya 3 illik icarəyə verilmişdir. Vəkalətnaməni o, yazmamışdır. O və ailə üzvləri boş kağıza imza atmışlar. Başısoyuqluq edib hazırkı vaxtadək torpaq sahəsini iddiaçıdan tələb etməmişdir. İddiaçı torpaq sahəsini kollardan təmizləməmişdir. Lakin su arxı çəkdirmiş, qrunt suları üçün 2 tərəfdən kanal çəkdirmişdir. Lakin torpağın kənarları bağlanmış, həmçinin peyin töküldüyünü görməmişdir. Əgər tökülmüşdürsə də, iddiaçının öz istifadəsi üçün tökülmüşdür. İddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş torpağa mülkiyyət hüququna dair JN-275 KOD 40404068 nömrəli dövlət aktının surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarına əsasən X2 Şəki rayonu Birinci Biləcik kəndi ərazisindən 0.40 hektar pay torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş torpağa mülkiyyət hüququna dair JN-276 KOD 40404068 nömrəli dövlət aktının surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarına əsasən Cavabdeh və onun ailə üzvlərinə birlikdə Şəki rayonu Birinci Biləcik kəndi ərazisindən 1,13 hektar pay torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş 29 noyabr 2007-ci il tarixdə təsdiq edilmiş vəkalətnamənin surətindən görünür ki, Cavabdeh ailə üzvlərinin razılığı ilə JN-276 KOD 40404068 nömrəli dövlət aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.88 hektarını və JN-275 KOD 40404068 nömrəli dövlət aktına əsasən mərhum atası X1 mülkiyyətinə verilmiş torpaq sahəsindən 0.04 hektarı olmaqla, cəmi 0.92 hektar torpaq sahəsini İddiaçı birdəfəlik olaraq satmışdır. İş materiallarına əlavə edilmiş Şəki rayonu X3 tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli, 09 nömrəli arayışın surətindən görünür ki, 2007-ci il tarixdə Biləcik kənd İcra nümayəndəliyi tərəfindən təsdiq edilmiş vəkalətnamə əsasənında İddiaçı satılmış torpaq sahəsinin vergisi 2007-ci ildən etibarən İddiaçı üzərinə hesablanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 29 iyun 2022-ci il tarixli qiymətləndirmə rəyinin surtindən görünür ki, torpaq sahəsinin yaxşılaşdırılması üçün görülən işlərin təqribi dəyəri 12400 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmənin sorğusuna Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 21 iyul 2023-cü il tarixli cavab məktubundan görünür ki, Şəki rayonu ikinci Bilcik kəndi ərazisində yerləşən JN-276 saylı ********* saylı Dövlət Aktına əsasən verilmiş torpaq sahəsində yaxşılaşdırma işləri aparılmış və sahədə cari ildə əkin aparılmamışdır. Torpaq sahəsi kol-kosdan təmizlənmiş, sağ və yuxarı hissə olmaqla iki tərəfdən kanal çəkilmişdir. Torpaq sahəsinə suvarma məqsədi ilə arx çəkilməmişdir. Qrunt sularının qarşısının alınması məqsədilə iki tərəfə kanal çəkilmişdir. Qeyd olunan ərazidə daşın təmizlənməsi müşahidə olunmamışdır. Bu barədə İddiaçı sahədən daşın təmizlənmədiyi barədə ərizə ilə müraciət etmişdir. Sahəyə peyin verilməsi məqsədilə görülən işlərin üzərindən uzun müddət keçdiyi üçün (fermer əraziyə peyini birdəfədə deyil, hər il müəyyən miqdarda verdiyini bildirmişdir) verilmiş peyinin miqdarının müəyyən edilməsi mümkün olmamışdır. Görülən işlərin həcmini və hansı tarixdə aparılmasını müəyyən etmək mümkün olmadığından nə qədər vəsaitin sərf olunduğunu hesablamaq mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmənin sorğusuna Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli cavab məktubundan görünür ki, torpaq sahəsində yaxşılaşdırma işləri aparılmış və sahədə cari ildə əkin aparılmamışdır. Torpaq sahəsinin kənarları kol-kosdan təmizlənmiş, sağ və aşağı hissə olmaqla iki tərəfdən kanal çəkilmişdir. Qrunt sularının qarşısının alınması məqsədilə iki tərəfə kanal çəkilmişdir. Qeyd olunan sahəyə və qonşuluqdakı sahələrə baxış keçirilmiş qonuş sahələrdə də daş müşahidə olunmamışdır. Ərazi tam olaraq torpaqdan ibarətdir. Bu səbəbdən 50 maşın daşın yığılması mümkün deyil. Sahəyə peyin verilməsi məqsədilə görülən işlərin üzərindən uzun müddət keçdiyi üçün verilmiş peyinin miqdarının müəyyən edilməsi mümkün olmamışdır. Görülən işlərin həcmini və hansı tarixdə aparılmasını müəyyən etmək mümkün olmadığından nə qədər vəsaitin sərf olunduğunu hesablamaq mümkün olmamışdır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarına əsasən Cavabdeh və onun ailə üzvlərinə birlikdə Şəki rayonu Birinci Biləcik kəndi ərazisindən 1,13 hektar pay torpaq sahəsi ayrılmışdır. Həmçinin Şəki rayonu Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002ci il tarixli, 06 saylı qərarına əsasən X2 Şəki rayonu Birinci Biləcik kəndi ərazisindən 0.40 hektar pay torpaq sahəsi ayrılmışdır. Cavabdeh ailə üzvlərinin razılığı ilə həmin torpaq sahələrinin 0.92 hektar hissəsini 2007-ci il tarixli vəkalətnamə əsasında iddiaçıya satmışdır. İddiaçı 2007-ci il tarixdən 2022-ci il tarixədək mübahisəli torpaq sahəsini yaxşılaşdırmış və istifadə etmişdir. Cavabdeh 2022-ci ildə mübahisəli torpaq sahəsinə öz adına çıxarış alaraq iddiaçını həmin torpaq sahəsindən çıxarmışdır. Ona görə də, iddiaçı cavabdehin mülkiyyətində olan, ona satılmış və hazırda yenidən cavabdehə qaytarılmış mübahisəli torpaq sahəsinin dəyərinin, həmin torpaq sahəsinin yaxşılaşdırması üçün çəkilmiş xərclərin və əldən çıxmış faydanın əvəzi olaraq ümumilikdə 12400 manatın cavabdehdən alınaraq ona verilməsi barədə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında rəsmi qaydada alqı-satqı müqaviləsi bağlanmasa da, üçüncü şəxslərin vasitəsi ilə torpaq sahəsini iddiaçıya satmışdır. Cavabdeh qeyd edilənləri inkar etsə də, bu hallar tərəflər arasında bağlanmış vəkalətnamə ilə sübuta yetirilir. İddiaçı da, öz növbəsində həmin torpaq sahəsini qeyrirəsmi özününküləşdirərək yaxşılaşdırmış və uzun müddət istifadə etmişdir. Məhkəmə, onun və ailə üzvləri tərəfindən boş kağıza imza atılması ilə bağlı Cavabdeh izahatına tənqidi yanaşır. Belə ki, cavabdeh məhkəmə iclasında torpaq sahəsini 3 illik olmaqla iddiaçıya (iddiaçının qudasına) icarəyə verildiyini qeyd etmişdir. Lakin həmin vaxtdan, yəni 2007-ci ildən torpaq sahəsinin iddiaçının istifadəsindən geri alınmasına, yəni 2022-ci ilədək 15 il ötməsinə baxmayaraq bu müddət ərzində iddiaçıdan torpaq sahəsini geri tələb etməmişdir. Odur ki, cavabdehin qeyd etdiyi xüsusatlar məhkəmə tərəfindən inandırıcı hesab edilmir. Məhkəmə iddia tələbinin torpaq sahəsinin alınması və yaxşılaşdırılması ilə əlaqədar çəkilmiş xərclər hissəsinə Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı regional Ekologiya və təbii Sərvətlər İdarəsi və "xxxx" MMC tərəfindən rəylərlə qarşılıqlı münasibət bildirərək qeyd edir ki, torpaq sahələrinin alınması üçün ümumilikdə 4611 manat (3080+1531=4611), həmin torpaq sahələrinin hamarlanmasına 33 manat, kollardan təmizlənməsinə 198 manat, qrunt sularının qarşısının alınması və torpağın suvarılması üçün arx çəkilməsinə 240 manat olmaqla, həmin işlərə ümumilikdə 471 manat məbləğində xərc çəkilməsi müəyyən olunur. İddia tələbinin torpaq sahəsinə peyin səpilməsi, yonca toxumunun səpilməsi, əkilməsi ilə bağlı hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, qeyd edilən işlər bir dəfəyə deyil, iddiaçı tərəfindən istifadə edilərkən hər il olmaqla görülmüş və görülən işlərin bəhrəsi, yəni əkilən toxumun, eyni zamanda həmin əkin məhsulunun cücərməsi üçün səpilən peyinin qarşılığı olaraq əmələ gəlmiş məhsul məhz iddiaçının özü tərəfindən yığılaraq mənfəət əldə edilmişdir. Ona görə də, həmin hissələrdə görülmüş işlərin dəyəri cavabdehdən tələb edilə bilməz. Məhkəmə, həmçinin iddia tələbinin torpaq sahəsinin daşlardan təmizlənməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı özü məhkəmə iclasında torpağın daşlardan təmizlənmədiyini etiraf etmiş, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mütəxəssləri tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsinin daşlardan təmizlənmədiyi, ümumiyyətlə buna lüzum olmadığı müəyyən olunmuşdur. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbinin əldən çıxmış fayda hissəsinə tənqidi yanaşaraq, qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarının yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulduğunu qeyd etmişdir. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Məhkəmə qeyd edir ki, iddiaçı 2022-ci ilədək mübahisəli torpaq sahəsini əkibbecərmişdir. Cavabdeh tərəfindən həmin torpaq sahəsi 2022-ci ilin axırlarına yaxın iddiaçının istifadəsindən alınmış, həmin ilin sentyabr ayında da iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi torpaq sahəsi iddiaçının istifadəsində olan dövrlərdə o, torpaqdan istədiyi kimi istifadə etmişdir. Cavabdeh tərəfindən torpaq sahəsi onun istifadəsindən alındıqdan sonra isə o, dərhal məhkəməyə müraciət etmişdir. Həmin dövr ərzində də ona dəymiş zərər barədə tutarlı əsas gətirməmiş, cavabdeh tərəfindən ona ziyan vurulması nəticəsində, itirdiyi və adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərinin məbləğini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5082 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 128 manat məbləğində dövlət rüsumunun 52.46 manatı cavabdehə, 75.54 manatı isə iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş JN-276, KOD-40404068 nömrəli dövlət aktı üzrə Şəki rayonu Aqrar İslahat Komissiyasının 09 sentyabr 2000-ci il tarixli, 06 saylı qərarına əsasən ayrılmış 1,13 hektar torpaq sahəsinin dəyəri olan 4611 manat və torpaq sahəsinin yaxşılaşdırması üçün çəkilən xərclərin əvəzi olaraq 471 manat, ümumilikdə 5082 manat məbləğində pul, 52.46 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 75.54 manatı iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-75/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-75/2023
05.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver