Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-777/2022 05.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, Ərizəçi İddiaçı maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun atası 02 sentyabr 1929cu il tarixdə Şəki şəhərində anadan olmuş X3 Doğum şəhadətnaməsində anası olaraq qeyd edilmiş Zülhəccə Əbdülhəmid qızı ilə evin mülkiyyətçilik sənədində qeyd edilmiş X1 əslində eyni şəxs olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Məhkəmə ərizəçinin ərizəsinin geri qaytarılma səbəblərini aşağıdakı bəndlər üzrə izah etmişdir. Belə ki, 1. MPM-nin 152.1.6-ci maddəsind göstərilir ki, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə də iddia ərizəsi geri qaytarılır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 1.2-ci bəndində göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Göründüyü kimi ərizəçi irəli sürüdüyü tələblə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməyərək belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydasına əməl etməmiş, müvafiq icra hakimiyyəti orqanlarının imtina məktubunu almadan ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarını təhlil edərkən müəyyən edərkən ərizəçi İddiaçı X3 övladı, həmçinin onun Zülhəccə Əbdülhəmid qızı və ya X1 hər hansı xətt üzrə yaxın qohumu olması müəyyən edilmir. Belə ki, iş materiallarına doğum şəhadətnaməsi və digər sənədlər əlavə edilsə də həmin sənədlər həm kağız daşıyıcı həm də elektron sistemdə yüklənmiş vəziyyətindən oxunması mümkün deyildir. Məhkəmə hesab edir ki, ərizəçi və ya digər şəxs həmin sənədləri əslindən (orginalından) deyil, həmin sənədlərin çəkilmiş fotoşəkilləri üzərindən elektron kabinetə yükləmişdir. Məhkəmə ərizəçi İddiaçı X4 və digər şəxslərə münasibətdə qohumluq əlaqələrini müəyyən edə bilmədiyindən hesab edir ki, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır.
3. MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi qaytarılır. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddialara görə 100 manat dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi ərizəçinin ərizəsi qiymətləndirilməyən iddialara aiddir və ərizəçi 100 manat dövlət rüsumunu ərizəsinə əlavə etməmişdir.
4. MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçı ərizəsində tələbini göstərməlidir. Belə ki, məhkəmədə iddia icraatı qaydasında mülki işin başlanması üçün əsas olan iddia ərizəsidir ki, onun vasitəsilə fiziki və ya hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və təsdiqi üçün məhkəməyə müraciət edir. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə uyğun olaraq, iddia ərizəsində iddiaçının tələbi, habelə tələbini əsaslandırdığı hallar göstərilməlidir. İddiaçının tələbi dedikdə, onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələb başa düşülür. İddia tələbinin əsaslandırıldığı hallar isə iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlar və hüquq normalarıdır. Məhkəmə həmçinin hesab edir ki, ərizədəki tələb dəqiq və aydın deyil. Belə ki, ərizəçi “mülkiyyətçilik sənədində” dedikdə nəyi nəzərdə tutması məhkəməyə aydın deyil. Məhkəmə ərizəçiyə tövsiyyə edir ki, gələcəkdə yenidən ərizə ilə məhkəməyə müraciət edərkən ərizəsində hansı ünvanda və kimə məxsus olan əmlak barədə tələbini dəqiqləşdirsin. Bütün yuxarıda şərh olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, geri qaytarılmalı, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ ərizəçiyə izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım:
Ərizəçi İddiaçı maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin icraata qəbulundan imtina olunsun. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov