Məhkəmə qərarları › İş №e-2(075)-814/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-814/2025

08.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-814/2025 08.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “tikilinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, eyni əməli 2-ci dəfə törətməsilə sökdüyü, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin divarının öz hesabına bərpa edilməsi vəzifəsinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması ilə Cavabdeh1 məcburi psixatrik müalicəyə göndərilməsi ilə onların iddiaçıya vurduqları mənəvi əzabların əvəzi olaraq 1000 (min) manat məbləğində təzminatın ödənilməsinin iş üzrə birinci Cavabdeh2 üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində, ********** sayla qeydə aldığı, **********63 reyestr saylı Çıxarışa görə, ünvan 1 ünvanında yerləşən, 0,06 ha torpaq sahəsi, iş üzrə İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsinə qonşuluqda, yəni ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, iş üzrə cavabdeh, xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.2024-cü il tarixində, yuxarıda qeyd edilən torpaq sahəsi ətrafında tikilmiş divarı sökərək, iş üzrə iddiaçıya külli miqdarda maddi ziyan vurmuş və bundan əlavə sökdüyü divarın arxasında yerləşən iddiaçıya məxsus torpaq sahəsinə iddialı olmasını da, Şəki ŞRPŞ TB-yə verdiyi izahatında da təsdiq etmişdir. Belə ki, yaşadığı torpaq sahəsinin qaynı Cavabdeh2 məxsusluğu ilə, həmin ərazidə ev tikəcəyini bildirmişdir. Əlavə məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsində, hələ hazırkı iş üzrə iddiaçıya satılmamışdan qabaq da, iş üzrə ikinci Cavabdeh1 eyni hərəkətləri, həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçisinə qarşı da etmiş və əvvəlki mülkiyyətçinin iddiası ilə Şəki Rayon Məhkəməsi 2(075)-535/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə, Cavabdeh1 sökdüklərinin öz hesabına bərpa edilməsi vəzifəsinin onun üzərinə qoyulmasını qət etmişdir. Həmin məhkəmədə, iş üzrə birinci Cavabdeh2 tərəf kimi cəlb edilməmişdir. İş üzrə iddiaçı belə bir qənaətə gəlmişdir ki, iş üzrə ikinci cavabdeh, iş üzrə birinci cavabdehin təhriki ilə, adı yuxarıda qeyd edilən konflikti yaratmışdır. Belə ki, iş üzrə birinci cavabdeh, psixi cəhətdən xəstə olan iş üzrə ikinci cavabdehin yaşadığı evin mülkiyyətçisidir və iş üzrə iddiaçıya məxsus ərazinin zəbt edilməsində maraqlıdır. İş üzrə cavabdehlərlə qarşılıqlı razılaşma ilə, sökdükləri divarın bərpa edilməsi üçün, aparılan uzunmüddətli bütün danışıqlar, heç bir nəticə verməmiş və ona görə də məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehlər, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalr da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında Cavabdeh1 onun yeznəsi (bacısının həyat yoldaşı) olduğunu, torpaq sahəsinin bacısına məxsus olduğunu, formal olaraq onun adında olduğunu, Cavabdeh1 psixi durumunun yerində olmadığını, bu səbəbdən belə hərəkətlərə yol verdiyini bildirərək qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - 06 mart 2024-cü il tarixli, HK-1/170 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü ildə ünvan 3 ünvanında yaşayan X1 ŞRPŞ-yə ərizə ilə müraciət edərək, təxminən 1 həftə əvvəl qonşuluqda yaşayan Şamil adlı şəxsin torpaq sahəsinin hasarını sökərək ona maddi ziyan vurması barədə məlumat vermişdir. Daxil olmuş məlumat əsasında hadisə yerinə baxış keçirilmiş, sahənin fotoşəkilləri çəkilmiş və müvafiq protokol tərtib edilərək materiala əlavə edilmişdir. Hadisə yerinə baxış zamanı torpaq sahəsinin hasarının sökülməsi müəyyən edilmişdir. Nəticədə Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. - Kristal MM tərəfindən 06 mart 2024-cü il tarixli, 1101/24 nömrəli mütəsəssi rəyinə əsasən 06 mart 2024-cü il tarixə dəymiş zərərin təqribi dəyəri 1400 (bir min dörd yüz) manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışdan görünür ki, Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən 0,06 ha yaşayış məntəsi təyinatlı torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ 13 aprel 2022-ci ildə, ********** nömrə ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən 0,055 ha yaşayış məntəsi təyinatlı torpaq sahəsi üzərində Cavabdeh2 xüsusi mülkiyyət hüququ 19 aprel 2011-ci ildə, ********** nömrə ilə qeydiyyata alınmışdır. - Şəki Rayon Məhkəməsinin 05 may 2011-ci il tarixli, 2(075)-535/2011 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X2 əmlak hüquqları bərpa edilərək, Cavabdeh1 Kamil oğlunun özbaşına sökdüyü torpaq sərhəddindəki mərzin və evin hissəsinin bərpası vəzifəsi Cavabdeh1 Kamil oğlunun üzərinə qoyulması və mütəxəssislərin iştirakı ilə həyətyanı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllənin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclası zamanı tərəflərin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi zamanı aydın oldu ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışdan görünür ki, Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən 0,06 ha yaşayış məntəsi təyinatlı torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ 13 aprel 2022-ci ildə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı ilə qonşu olan, iş üzrə cavabdehlərdən Cavabdeh2 qohumu (yeznəsi) – digər Cavabdeh1 tərəfindən torpaq sahəsinin hasarı sökülmüşdür. İşin bu halları işdə olan sənədərlə yanaşı, iddiaçının və Cavabdeh2 öz ifadəsi ilə də təsdiq edilir. Yaranmış vəziyyətdə İddiaçı məhkəmədə iddia qaldıraraq əmlak hüquqlarının bərpa edilməsini, Cavabdeh1 Kamil oğlunun özbaşına sökdüyü torpaq sərhəddindəki hasarın bərpası vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iş materiallarını yuxarıda qeyd edilən qanunvericilik normaları ilə qarşılıqlı olaraq tədqiq edərək belə nəticəyə gəlir ki, iddiaçı və Cavabdeh2 mülkiyyətlərində olan torpaq sahələrinin sərhəddində yerləşən hasar Cavabdeh1 Kamil oğlu tərəfindən özbaşına olaraq söküldüyündən, həmin hasarın bərpa edilməsi vəzifəsi də sonuncunun üzərinə qoyulmalıdır. Belə ki, iddia tələbi İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin divarının öz hesabına bərpa edilməsi vəzifəsi Cavabdeh1 üzərinə qoyulmalıdır. Məhkəmə, iddia tələbinin Cavabdeh1 məcburi psixatrik müalicəyə göndərilməsi hissəsinə münasibətdə qeyd edir ki, Şəxsin psixiatriya stasionarına qeyrikönüllü yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi, habelə psixiatriya müəssisəsinin rəhbəri tərəfindən şəxsin yaşadığı yer üzrə və ya müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur və işə xüsusi icraat qaydasında baxılır. Məhkəmə, iddia tələbinin iddiaçıya vurduqları mənəvi əzabların əvəzi olaraq 1000 (min) manat məbləğində təzminatın ödənilməsinin iş üzrə birinci Cavabdeh2 üzərinə qoyulması hissəsinə münasibətdə qeyd edir ki, yuxarıda da göstərildiyi kimi, məhkəmə tərəfindən Cavabdeh2 qeyd edilən hasarın sökülməsində hər hansı təqsiri müəyyən edilmədiyindən ondan mənəvi zərərin tutulması barədə iddia tələbi də təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə hissəsi:

Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin divarının öz hesabına bərpa edilməsi vəzifəsi Cavabdeh1 üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh1 100 (yüz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar