Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-849/2024 14.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı “Azsığorta» ASC-nin Cavabdeh qarşı «subroqasiya tələbinin təmin edilməsi barədə” iddia ərizəsi üzrə mülki işə Şəki rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya tələbi üzrə vurulmuş zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1570 (min beş yüz yetmiş) manat pul və dövlət rüsumu üçün ödənilmiş 35,70 (otuz beş manat yetmiş qəpik) manat, ümumilikdə, 1605,7 (min altı yüz beş manat yetmiş qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü ildə, saat 21.00-da ərazisində İddiaçı ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış Cavabdeh tərəfindən idarə edilən “Hyundai Sonata” minik markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobil “QAZ 3110” markalı, ** GO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sonuncu nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “QAZ 3110” markalı, ** GO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə 1570 (bir min beş yüz yetmiş) manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Şəki ŞRPŞ-in DYPB-in tərtib etdiyi “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa və “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 272 nömrəli protokola əsasən Cavabdeh nəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar "xxxx" ASC tərəfindən cavabdehə pretenziya məktubu göndərilsə də, bu günədək ASC-ə iş üzrə hər hansı ödəniş daxil olmamışdır. İddiaçı “Azsığorta» ASC məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin xx.xx.2024-cü il tarixdə Cəmiyyət tərəfindən məhkəmə elektron qaydada ərizə göndərilərək məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdeh xx.xx.2024-cü ildə məhkəməyə iddia tələbinə iddia müddətinin tətbiq edilməsi və iddianın təmin edilməməsi barədə ərizə göndərərək iddia tələbini qəbul etmədiyi, iddiaçı tərəfindən məhkəməyə verilən iddia ərizəsində qeyd edilən tələb üzrə iddia müddəti ötürüldüyünü, bu səbəbdən də hazırki iş üzrə məhkəməyə verilən iddia ərizəsində iddia müddətinin tətbiq edilərək məhkəmə tərəfindən iddia tələbi rədd edilməli olduğunu bildirmiş və ərizəsini onunla əsaslandırmışdır ki, tələb 2014-cü ildə baş vermiş avtoqəza nəticəsində ortaya çıxan ziyanla əlaqədar olmuş və bu ziyan tələbi ilə bağlı iddiaçı tərəfindən ona son olaraq xx.xx.2015-ci ildə pretenziya məktubu göndərilmiş, daha sonra isə hazırki tələblə bağlı xx.xx.2018-ci ildə iş Şəki Rayon Məhkəməsinin icraatına verilmişdir. Uzun sürən məhkəmə araşdırmasından sonra Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(075)-2155/2018 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin ona (cavabdeh X1) qarşı 1570 manat sığorta ödənişi və 30 manat məbləğində dövlət rüsumu tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçı "xxxx" ASC-nə izah edilmişdir ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilmək hüququna malikdir. Lakin "xxxx" ASC həmin vaxtdan 5 il 2 ay keçməsinə baxmayaraq hər hansı bir hərəkət etməmiş, borcu hər hansı bir şəkildə tələb etməmiş, bununla da iddia verilməsi üçün qanunvericiliklə müəyyən edilən və tələb edilən 3 illik müddəti ötürmüşdür. (Qeyd edilənlərə sübut olaraq Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(075)-2155/2018 saylı Qərardadı və iddia ərizəsinə əlavə edildiyi qeyd edilən xx.xx.2015-ci il tarixli Pretenziya məktubu ərizəsinə əlavə edilmişdir). Beləliklə iddia tələbi üzrə müddətin başlanılma tarixi Şəki Rayon Məhkəməsinin qərardadının qəbul edildiyi xx.xx.2018-ci il hazırki iddianın qaldırıldığı tarix isə xx.xx.2024-cü ildir və 3 illik iddia müddəti xx.xx.2021-ci ildə bitmiş hesab edilməlidir. Lakin iddiaçı bu müddəti ötürmüşdür. Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Ona görə də yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiaçı "xxxx" ASC-nin ona qarşı ümumilikdə 1605,70 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması tələbinə dair iş üzrə iddiaçının iddiasına iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Lakin xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən məhkəməyə elektron qaydada ərizə göndərilərək məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin ərizələrini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş; 16 mart 2014-cü il tarixli, 272 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunun surətindən görünür ki, Cavabdeh yüngül dərəcəli sərxoş olmuşdur. 29 may 2014-cü il tarixli dəymiş zərərin hesabatından görünür ki, “QAZ 3110” markalı, ** GO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1570 manat maddi zərər dəymişdir. 21 aprel 2014-cü il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2014-cü il tarixində, saat 21.00-da ərazisində Cavabdeh tərəfindən idarə edilən “Hyundai Sonata” minik markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobil X9 tərəfindən idarə edilən “QAZ 3110” markalı, ** GO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq, nəticədə sonuncu nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. AA seriyalı, 792181 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, “Hyundai Sonata” minik markalı, (buraxılış ili 1996, rəngi tünd qəhvəyi., Ban-KMHCF21FPTU587466, tip-Sedan) ** RV *** dövlət qeydiyyat nişanlı minik avtomobil Cavabdeh adına qeydiyyata alınmışdır. 17 iyun 2014-cü tarixli 4008 saylı ödəniş tapşırığına əsasən “Azsığorta» ASC tərəfindən X2 hesabına 1570 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. AB seriyalı 817035 nömrəli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Sonata” minik markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobil “Azsığorta» ASC-də xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilə qədər “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmışdır. “Azsığorta» ASC-nin 02 iyun 2014-cü il tarixli sığorta aktına əsasən iddiaçı tərəfindən zərərçəkən X3 avtomobilinin zədələnməsi ilə əlaqədar zərərçəkən və ya təyin etdiyi statusunda olan X4 1570 manat sığorta ödənişi verilmişdir. BYP seriyalı, 964179 nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2014-cü ildə, saat 21-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq nəqliyyat vasitəsini idarə edərkən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində qarşı hərəkət zolağına çıxaraq yolun kənarında dayanmış “QAZ 3110” markalı, ** GO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çırpılmışdır. Yoxlama nəticəsində aşkar olunmuşdur ki, sürücü Cavabdeh nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. 16 may 2015-ci il tarixli məktubun surətindən görünür ki, Subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar "xxxx" ASC tərəfindən Cavabdeh pretenziya məktubu göndərilmişdir. Reyestrdə 7e-12/14379 nömrəsi ilə qeyd edilmiş 25 oktyabr 2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, X8 AA seriyalı, 851414 nömrəli şəhadətnamə əsasında ona məxsus olan “QAZ 3110” markalı, (buraxılış ili 2000, Ban-311000Y0363194, tip-Sedan) ** GO *** dövlət qeydiyyat nişanlı minik avtomobilini xx.xx.2018-ci il tarixinədək nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi X6 və X7 etibar etmişdir. Subroqasiya hüququna Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 936-cı maddəsində leqal anlayış verilmişdir. Belə ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-nin 373-cü maddəsinin tələbinə əsasən ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti isə 3 il təşkil edir. Subroqasiya hüququnun qanunvericilikdə nəzərdə tutulmuş yaranması şərtlərinə nəzər salmaqla, həmin hüquqa qeyd olunan müddətlərdən hansının tətbiq edilməli olduğunu aydınlaşdırmaq mümkündür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 25-ci maddəsində icbari sığorta növləri üzrə subroqasiya hüququnun yaranma əsasları təsbit edilmişdir. Eləcə də həmin qanunun 63.1-ci maddəsində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sürücünün yol-nəqliyyat hadisəsi yerindən yayınmasına görə subroqasiya hüququnun əlavə əsası da müəyyən edilmişdir. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 25.1-ci bəndinə əsasən, sığortalanmış avtomobilə dəymiş zərərin əvəzini ödəmiş sığortaçı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə edə bilər. Subroqasiya hüququndan istifadə etməklə sığorta şirkətinin zərər vuran şəxsə qarşı verdiyi iddia üzrə tərəflər arasındakı mübahisəli hüquqi münasibətləri sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Ona görə də bu növ öhdəliklərdən irəli gələn tələblərə müqavilə tələbləri üzrə münasibətlərə şamil edilən 3 illik iddia müddəti deyil, zərər vurmadan əmələ gələn münasibətlərə aid olan ümumi iddia müddəti tətbiq edilməlidir. Avtonəqliyyat vasitələrinin könüllü sığortası növü üzrə subroqasiya hüququ həmin avtomobilə zərər vurmasına səbəb olmuş şəxslərə, onların mülki məsuliyyətini sığortalamış sığortaçıya qarşı istifadə olunur. Ona görə də sığortaçı şirkət ilə iş üzrə cavabdeh arasındakı münasibətlər sığorta müqaviləsindən deyil, zərər vurmadan (deliktdən) doğan öhdəlik münasibətləridir. Çünki zərərvuran şəxslə sığortaçı arasında bağlanan hər hansı müqavilə bağlanmayıb. Bu növ öhdəliklərdən irəli gələn tələblərə isə ümumi iddia müddəti şamil edilir və MM-in 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə subroqasiya hüququ bilavasitə sığortalıya və sığorta olunana qarşı yönəlir. Mövcud hüquq münasibətləri isə sığorta müqaviləsinə əsaslanır. Bu halda ümumi iddia müddəti tətbiq olunmalıdır. İcbari avtonəqliyyat sığortası növü üzrə subroqasiya zərər vurmanı ehtiva etmir. MM-də təsbit edilən subroqasiyaya verilmiş anlayış yalnız könüllü sığorta növləri üzrə subroqasiya hüququnun məzmununu ehtiva edir və bu anlayış birtərəfli xarakter daşıyır (baxmayaraq ki, sığorta hüquq münasibətləri üçün ümumi müddəaların anlayışı Mülki Məcəllədə verilmişdir). İcbari sığorta növü üzrə isə təkcə zərər subroqasiyanı şərtləndirmir, əlavə şərtlərin mövcudluğu (idarə etmə hüququnun olmaması, yol-nəqliyyat hadisəsi yerindən yayınma, sərxoş (spirtli içki, narkotik vasitə, psixotrop maddədən istifadə) vəziyyətdə avtomobil idarə etmə) subroqasiya hüququnun yaranması üçün əsasdır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, bu növ öhdəliklərdən irəli gələn tələblərə müqavilə tələbləri üzrə münasibətlərə şamil edilən 3 illik iddia müddəti deyil, zərər vurmadan əmələ gələn münasibətlərə aid olan ümumi iddia müddəti tətbiq edilməlidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının iddiasına iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə cavabdehin gətirdiyi əsasların heç bir hüquqi əsası yoxdur və iddia əsaslı olduğundan təmin edilməlidir. MM-nin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-nin 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilən Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin “zərərvurmuş şəxsə qarşı reqress hüququ” adlanan 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Buna görə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində zərərçəkmişə vurulmuş zərərin əvəzi 1570 (min beş yüz yetmiş) manat həcmində pul vəsaiti “Azsığorta» ASC tərəfindən sığortalının avtomaşının təmiri üçün ödənildiyindən iddiaçı təşkilatın MM-nin 1096-cı, 1097.1-ci və 1114-cü maddələrinin tələblərinə əsasən, Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 1570 manat pul və 35,70 manat dövlət rüsumu, ümumilikdə, 1605,70 (min altı yüz beş manat yetmiş qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hazırkı iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və ona görə də təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1570 manat pul və 35,70 manat dövlət rüsumu, ümumilikdə, 1605,70 (min altı yüz beş manat yetmiş qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ceyhun Əhmədov.
Məhkəmə qərarları › İş №e-2(075)-849/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-849/2024
14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver