Məhkəmə qərarları › İş №e-2(075)-973/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-973/2024

11.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-973/2024 11.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3880 manat borcun və ödədiyi dövlət rüsumu olan 59,40 (əlli doqquz manat qırx qəpik) pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh illərdir ki, tanıyır. Həmişə aralarında səmimi münasibət olmuşdur. Cavabdeh daima ona bir böyük kimi hörmətlə yanaşmışdır. 2022-ci ildə cavabdeh ondan bir böyük kimi kömək istəmişdir. Belə ki, tikinti materialı almağa pulu olmadığı üçün tikinti işlərinin yarımçıq qaldığını bildirərək pula ehtiyacı olduğunu bildirmiş və taxta, armatur, mismar almaq üçün ona müəyyən müddətə borc pul verməyi xahiş etmişdir. Cavabdehi tanıdığından və ona tikinti işinin dayanmaması üçün təmənnasız yardım etmək məqsədiylə ona lazım olan materialları almaq üçün yardım edəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehə lazım olan tikinti materiallarının, taxta 5/20, taxta 5/12, taxta 5/10, taxta 2.5/10, armatur 12, mismar 70 - 200 olmaqla cəmi dəyəri olan 3835 manatı və əlavə yol və fəhlə pul ödədikdən sonra, cavabdeh ona 3880 manat borclu olması barədə qəbz yazıb imzalamış, aldığı malların siyahısı və dəyəri barədə qaiməni və qəbzi ona verərək, ona olan borcunu qaytaracağına yazılı surətdə kənd sakinləri olan şahidlər Rüfət Yusifov, Ramin Aslanov, Telman Yusifov, Ehtibar Məmmədov və Murad Asurbekovun yanında söz vermişdir. Müəyyən olunan müddət keçdikdən qısa müddət sonra cavabdehə pulu qaytarmağı tələb etsə də, hər dəfə borcunu qaytaracağına söz versə də, nəticəsi olmamışdır. Cavabdeh onun xoş niyyətindən istifadə edib, yaşlı olduğundan istifadə edərək pulunu mənimsəyib və öz xoşu ilə qaytarmaq istəmir. Dəfələrlə cavabdehlə əlaqə saxlayaraq yaxşılığı müqabilində 70 yaşlı şəxsi aldatmamağı, borcunu qaytarmağı cavabdehdən tələb etsə də, borcunu qaytarmaq niyyətinin olmadığını görüb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, qaimə ilə əlyazma arasında olan fərq fəhlə pulu və maşın pulu ilə bağlıdır. İş üzrə şahidlər əlyazmanın cavabdeh tərəfindən yazıldığını təsdiq edirlər. Hesab edir ki, iddia tələbi əsaslıdır. İddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Cavabdeh tərəfindən yazılmış əlyazmada qeyd edilmişdir ki, Səlimov X1 sakini Qırxbulaq kənd ərazisində yerləşən tikinti materiyallar mağazasından 3880 manat dəyərində mal almış və həmin pulu İddiaçı borcludur. Həmin pulu 15 yanvar tarixinə kimi ödəmədiyi təqdirdə aldığı malı geri qaytaracaqdır. xx.xx.2022-ci il tarixli, 1417 saylı qaimədən görünür ki, taxta 5/20/4mt dəyəri 588 manat, armatur 12 Bakı dəyəri 220 manat, taxta 5/15/6mt dəyəri 1.182,60 manat, taxta 5/10/6mt dəyəri 1029 manat, taxta 2,5/10,6 mt dəyəri 780 manat, mismar 70---200 rus dəyəri 34,50 manat olmaqla, malların cəmi dəyəri 3834,90 manat təşkil edir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Hazırkı işdə Mülki Məcəllənin 567-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə pulunu sonradan ödəmək şərti ilə taxta 5/20, taxta 5/12, taxta 5/10, taxta 2.5/10, armatur 12, mismar 70 – 200 olmaqla, cəmi dəyəri 3834,90 manat olan tikinti materialları satılmışdır. Eyni zamanda iddiaçı tərəfindən fəhlə və materialların daşınması üçün əlavə ödənişlər edilmişdir. Borc yazılı şəkildə cavabdeh tərəfindən imza olunmaqla təsdiq edilmişdir. Cavabdehin əlyazmasında onun iddiaçı 3880 manat borcunun olması öz təsdiqini tapmışdır. Beləliklə, işin hallarını və qanunvericiliyin qeyd edilən normalarını əsas tutaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən 59,40 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3880 (üç min səkkiz yüz səksən) manat və 59,40 (əlli doqquz manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar