Məhkəmə qərarları › İş №e-2(076)-1964/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1964/2024

01.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1964/2024 01.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “borc pul” tələbinə dair iddia qaldıraraq, cаvаbdеh Cavabdeh 100.000 manat əsas borcun, maddi və mənəvi ziyan kimi 8000 manat pulun, 400 manat dövlət rüsumunun və vəkilə ödənilən 200 manat pulun, ümumilikdə 108.600 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 22 dekabr 2022-ci il tarixdə “kredit müqaviləsi” bağlanmış və Bakı şəhəri 26 saylı notariat ofisində rəsmiləşdirilmişdir. Həmin müqavilənin 1-ci bəndinə əsasən İddiaçı Cavabdeh 100.000 manat borca pul vəsaiti vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən borc alan krediti xx.xx.2023-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin, tərəflərin razılığına əsasən kreditin faizsiz verilməsi şərtləndirilmişdir. Qeyd olunan pul vəsaiti cavabdehə Muğanbank ASC-nin Binəqədi filialında verilmişdir (pulun köçürülməsi ilə bağlı qəbz iddia ərizəsinə əlavə edilmişdir). İddiaçı müqavilədə göstərilən vaxtda pulunu geri istəsə də, lakin Cavabdeh müqavilə şərtlərini pozaraq müxtəlif bəhanələr gətirib pulu geri qaytarmaqdan imtina etmişdir. Azərbaycan Respubkikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunvericiliyə uyğun olaraq hesab edir ki, qeyd olunan müqaviləyə əsasən əgər cavabdeh borcu vaxtında qaytarsaydı bu pulu İddiaçı azından depozit olaraq banka qoyulmuş olardı. Respublikada olan Bank uçot dərəcəsinin hesablanmaqla (2023-cü il üzrə orta hesabla illik uçot dərəcəsi 8% olaraq götürülsə) əldə edilmiş məbləğ 8000 manat olardı. Lakin, cavabdeh borcu qaytarmadığı üçün iddiaçıya 8000 manat ziyan dəymiş olur. Həmin məbləği ümumi məbləğin üzərinə gəlinsə ümumilikdə 100.000+8.000= 108.000 manat olur. İddiaçı hazırki iddia tələbi ilə 30 avqust 2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Dəfələrlə məhkəmə proseslərinə getmişlər, Lakin sonuncu prosesə getmədiklərinə görə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılaraq geri qaytarılmışdır. İddiaçı icraatın təzələnməsi ilə bağlı ərizə ilə müraciət etsə də ərizə təmin edilməmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, İddiaçı xeyrinə Cavabdeh 65000 manat əsas borc, maddi ziyana görə 4000 manat, dövlət rüsumuna görə 400 manat, vəkil xərci olaraq 200 manat pul vəsaitinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh iddiaçı İmran Hüsyenovdan aldığı 100000 manat məbləğində borcdan bir hissəsini ödəmişdir. Hazırda cavabdehin iddiaçıya 65000 manat borcu qalmışdır. Hesab edirlər ki, əsas məbləğ olaraq 65000 manat, gecikdirmə ilə əlaqədar maddi ziyan olaraq 4000 manat, dövlət rüsumu 400 manat və vəkil xidmtə haqqı isə 200 manat cavabdehdən tutulmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Bələ ki, iş materiallarında olan İddiaçı ilə X1 arasında bağlanmış xx.xx.2022ci il tarixli, 3M-117 reyestr nömrəli kredit müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh İddiaçı 100000 (bir yüz min) manat məbləğində borc pul götürmüş, xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 3M-117 reyestr nömrəli kredit müqaviləsi üzrə 100000 (bir yüz min) manat pulu Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusunun "xxxx" ASC-nin Binəqədi Filialında AZ69MUGA**********00032AZM07 nömrəli depozit hesabına köçürtmüşdür. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Məhkəmə baxışında müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanılaraq İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixə kimi qaytarmaq şərti ilə 100000 (bir yüz min) manat pulu borc vermişdir. Cavabdeh borcunu xx.xx.2023-cü il tarixə kimi qaytaracağına söz versə də, həmin borcdan yalnız qismən ödəniş etmiş və iddiaçıya 65000 manat məbləğində borcu qalmışdır. Buna görə də iddiaçı pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 65.000 (altmış beş min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin 4000 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı Cavabdeh hərəkətləri nəticəsində 4000 manat məbləğində maddi ziyan barədə mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, həmçinin iddianın "200 manat vəkil xidmət haqqının cavabdehdən alınması" hissəsini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırkı mülki işin hallarını və iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehdən vəkil xidmət haqqının əvəzi kimi 200 manat pulun alınıb iddiaçıya verilməsini məqsədə müvafiq hesab edir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 400 manat dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc 65.000 (altmış beş min) manat pul vəsaiti, iddia üçün ödənilmiş 400 (dörd yüz) manat və hüquqi xidmət üçün ödənilmiş 200 (iki yüz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar