Məhkəmə qərarları › İş №e-2(076)-2137/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2137/2024

18.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2137/2024 18.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 6.557 manat məbləğində pulun və vəkil xidməti üçün ödənilmiş 300 manat məbləğində pulun alınması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli 2(076)–2623/2021 saylı qətnaməsi ilə 28 dekabr 2020– ci il tarixli 600819–251031/6 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh və ondan müştərək qaydada əsas kredit borcu üzrə 6.228,83 (altı min iki yüz iyirmi səkkiz manat səksən üç qəpik) manat, faiz borcu üzrə 1.333,62 (bir min üç yüz otuz üç manat altmış iki qəpik) manat olmaqla, cəmi 7.562,45 (yeddi min beş yüz altmış iki manat qırx beş qəpik) manat məbləğində pulun və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Həmin iş üzrə cavabdeh kredit alan, o isə zamin olmuşdur. Cavabdeh sonradan işdə olmadığından icra sənədinə əsasən ondan 8.057,42 manat vəsait tutulmuş, icra ödənişi olaraq icra şöbəsinə 300 manat nağd şəkildə pul ödəmişdir. Cüzi bir hissəsini qaytarsa da, cavabdehin ona 6.557 manat borcu qalmışdır. Odur ki, 6.557 manat məbləğində pulun və vəkil xidməti üçün ödənilmiş 300 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, onun nümayəndəsi Nümayəndə və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişlər. Bununla belə iddiaçının nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli 2(076)–2623/2021 saylı qətnaməsindən görünür ki, 28 dekabr 2020–ci il tarixli 600819–251031/6 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada əsas kredit borcu üzrə 6.228,83 (altı min iki yüz iyirmi səkkiz manat səksən üç qəpik) manat, faiz borcu üzrə 1.333,62 (bir min üç yüz otuz üç manat altmış iki qəpik) manat olmaqla, cəmi 7.562,45 (yeddi min beş yüz altmış iki manat qırx beş qəpik) manat məbləğində pulun və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. İşdə olan 28 dekabr 2020–ci il tarixli zaminlik müqaviləsindən görünür ki, cavabdeh İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2020–ci il tarixli 600819–251031/6 saylı kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 952 saylı Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli 510 nömrəli arayışdan görünür ki, Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra sənədinə əsasən İddiaçı əmək haqqından 8.057,42 manat tutularaq "xxxx" ASC–yə köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə işdə olan sənədlərin müqayisəli təhlili nəticəsi ilə müəyyən etdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 28 dekabr 2020–ci il tarixli 600819–251031/6 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə illik 23 faiz ödəmək şərtilə 6.320 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi İddiaçı ilə bank arasında zaminlik müqaviləsi bağlanmış və o, zamin durmuşdur. Lakin borclu Cavabdeh öhdəliyinə lazımınca əməl etməmiş və banka olan borcunu tam şəkildə ödəməmiş, nəticədə cavabdehin banka borcu yaranmışdır. Cavabdeh banka olan borcunu ödəmədiyindən iddiaçı zamin kimi banka 8.057,42 manat pul ödəmişdir. Cavabdeh həmin pulun bir hissəsini iddiaçıya qaytarsa da, qalan 6.557 manatı qaytarmamışdır. Nəticədə iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.1–ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2–ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi iddiaçının tələb etdiyi həcmdə, yəni 6.557 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki–Prosessual Məcəlləsinin 217.4–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki–Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin yaranmış borcunu zamin qismində banka ödəməsi sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası əsaslı hesab edilərək təmin edilməli və Cavabdeh 6.557 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə, həmçinin iddianın “vəkilə ödənilmiş xərcin əvəzi olaraq 300 manat məbləğində pulun cavabdehdən tutulması”na dair hissəsini də əsaslı hesab edir. Belə ki, işdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı xx.xx.2024–cü il tarixdə Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Nümayəndə hesabına 300 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 121–ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə olan halda məhkəmə hesab edir ki, iddianın “vəkilə ödənilmiş xərcin əvəzi olaraq 300 manat məbləğində pulun cavabdehdən tutulması” hissəsi təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki–Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki–Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 6.557 (altı min beş yüz əlli yeddi) manat məbləğində pul və vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində vəkil xidmət haqqı alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar