Məhkəmə qərarları › İş №e-2(076)-2892/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2892/2024

23.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2892/2024 23.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddaçı: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı cavabdehin uşağın müalicəsi üçün əlavə xərclərə cəlb edilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin uşağın müalicəsi üçün əlavə xərclərə cəlb edilməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehin 28 sentyabr 2018–ci il tarixdə doğulmuş Cahid adlı uşağın müalicəsi üçün əlavə xərclərə cəlb edilərək hər ay 250 manat sabit pul məbləğində vəsaitin və ödənilmiş 55 manat mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs Cavabdeh ilə faktiki olaraq evlənməklə, xx.xx.2016–cı il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan 28 sentyabr 2018–ci il tarixdə Cahid adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmış, bundan sonra uşaq iddiaçının yanında qalmışdır. Hazırda Cahid adlı uşağın səhhətində ciddi problemlər vardır, bunun üçün uşağa uzun müddətli müalicə lazımdır. Təmsil etdiyi şəxs uşağın müalicəsinə hər ay yüksək məbləğdə pul xərcləyir və həmin müalicə ilə bağlı xərclər mütəmadi şəkildə artmaqda davam edir. Mövcud vəziyyətdə təmsil etdiyi şəxs azyaşlı uşağın müalicə pulunu, habelə digər zəruri ehtiyaclarını ödəməkdə tək başına çətinlik çəkir. Belə ki, onun hər hansı gəliri və ya gəlir gətirən əmlakı yoxdur. İddiaçı fərdi əməklə məşğul olur və cüzi qazanc əldə edir. Cavabdeh isə qadın salonunda işləyir, kifayət qədər yüksək gəlir əldə edir. Bu səbəbdən cavabdehin uşağın müalicəsi üçün əlavə xərclərə də cəlb olunmasını istəyir. Odur ki, iddianın təmin edilərək, cavabdehin 28 sentyabr 2018–ci il tarixdə doğulmuş Cahid adlı uşağın müalicəsi üçün əlavə xərclərə cəlb edilərək hər ay 250 manat sabit pul məbləğində vəsaitin və ödənilmiş 55 manat mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016–cı il tarixdə rəsmi nikah bağlanmışdır. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 28 sentyabr 2018–ci il tarixdə Cahid adlı uşaqları doğulmuşdur. İşdə olan Şəmkir Mərkəzi Rayon Xəstəxanası tərəfindən verilmiş xx.xx.2020–ci il tarixli göndərişdən görünür ki, 28 sentyabr 2018–ci il təvəllüdlü Cahid adlı uşaq müayinə və müalicə üçün Bakı şəhəri X1 göndərilmişdir. İşdə olan Bakı şəhəri X2 tərəfindən verilmiş xx.xx.2020–ci il tarixli tibbi çıxarışdan görünür ki, 2018–ci il təvəllüdlü Cahid adlı uşağa “qıcolma tutulmaları, inkişafın geri qalması” diaqnozu qoyulmuşdur. İşdə olan Mərkəzi Klinika tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli tibbi arayışdan görünür ki, 2018–ci il təvəllüdlü Cahid adlı uşağa “əqli geriliyin digər formaları, Aktivlik diqqət pozuntusu, davranış pozuntusu” diaqnozu qoyulmuş, aparılan müalicədə qeyd edilmişdir ki: “Kəllə–beyin sinirləri normal dəyərləndirildir. Çox hərəkətlidir. Diqqəti dağınıqdır. Sümüküstü vətərə refleksləri canlı alınır. Psixi və nitq inkişafı yaşına uyğun deyil”. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, 28 sentyabr 2018–ci il təvəllüdlü Cahid adlı uşaq xx.xx.2024–cü il tarixdən "xxxx" neyro psixoloji mərkəzində psixoloji problemin həlli üçün malicə alır. İşdə olan Şəmkir Mərkəzi Rayon Xəstəxanası Keçili kənd həkim məntəqəsi tərəfindən verilmiş xx.xx.2024–ci il tarixli göndərişdən görünür ki, 28 sentyabr 2018–ci il təvəllüdlü Cahid adlı uşaq “Davranış pozuntusu, əqli geriliyin digər formaları” diaqnozu ilə 2019–cu ildən müxtəlif klinikalarda müalicə almış, hazırda eyni diaqnozla müalicələri davam edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər faktiki olaraq evlənməklə, xx.xx.2016–cı il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan 28 sentyabr 2018–ci il tarixdə Cahid adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaq iddiaçının yanında qalmışdır. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayaraq maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib– keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Məhkəmə, iş materiallarını hərtərəfli və obyektiv araşdırdıqdan sonra hesab edir ki, iddiaçı azyaşlı uşağı üçün əlavə vəsait tələb etməkdə haqlı deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1–ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2–ci maddəsində göstərilmişdir ki, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. İşin hallarından görünür ki, iddiaçı yanında qalmış uşağın müalicəsi üçün cavabdehin əlavə xərclərə cəlb edilməsini xahiş etsə də, uşağın həqiqətən müayinə və müalicəsinə vəsait xərcləməsi barədə mötəbər sübutları iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, iddiaçı ərizəsinə müxtəlif tarixli reseptləri əlavə etsə də, həmin reseptlərin tarixlərinin köhnə olması müəyyən edilməklə yanaşı, həm də iddiaçı tərəfindən həqiqətən həmin dərman vasitələrinin alması müəyyən edilməmiş, bununla bağlı ödəniş qəbzləri ərizəyə əlavə edilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, Mərkəzi Klinika tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli tibbi arayışda 2018–ci il təvəllüdlü Cahid adlı uşağa “əqli geriliyin digər formaları, Aktivlik diqqət pozuntusu, davranış pozuntusu” diaqnozu qoyulsa da, aparılan müalicədə qeyd edilmişdir ki: “Kəllə–beyin sinirləri normal dəyərləndirildir. Çox hərəkətlidir. Diqqəti dağınıqdır. Sümüküstü vətərə refleksləri canlı alınır. Psixi və nitq inkişafı yaşına uyğun deyil”. Bu hal isə uşağın səhhətində ciddi problemlərin olması və onun müalicəyə ehtiyacı olmasını halını istisna edir. Göründüyü kimi iddiaçı hazırki vaxtadək uşağın həqiqətən müayinə və müalicəsinə vəsait xərcləməsi, eləcə də, bundan sonrakı dövrdə də həmin müalicə üçün zəruri vəsaitə ehtiyac olması barədə mötəbər mənbədən əldə edilmiş sübutları məhkəməyə təqdim etməmiş, formal mülahizə şəkildə əsassız iddia qaldırmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia əsassızdır, iddiaçı açıq–aşkar qanunla ona verilmiş hüquqdan sui–istifadə etməyə cəhd edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin, iddianın “ödənilmiş 55 manat mediasiya xidmət haqqının cavabdehdən tutulması” hissəsinə qiymət verərək, hesab edir ki, iddia tələbi rədd edildiyindən həmin mediasiya xərci, habelə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı cavabdehin uşağın müalicəsi üçün əlavə xərclərə cəlb edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu və mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar